–Hansı dəliyə dürtülmüşdün? – deyə soruşdum. – Ən azı on dəfə səni çağırdım!
–Aşağıda, qazanxanada idim, – Maqda soyuqqanlı halda dedi. – Bax, gör nə hala gətirmisən xalçamı?
–Bu xalça sənin olduğu qədər həm də mənimdir, – deyə cavab verdim. – Həqiqətən istəyərək xalçanı çirkləndirmədim, amma qapının ağzında ayaqaltı yoxdursa neyləyə bilərəm!
–Qapının ağzında ayaqaltımı yoxdur? Əlbəttə var.
–Orada ayaqaltı-zad yoxdur! – deyə qətiyyətlə qışqırdım. – Zəhmət olmasa get öz gözlərinlə gör!
Amma o, qapının önünə çıxmağı heç düşünmürdü də.
–Əgər Else ayaqaltını qoymağı unudubsa, ayaqqabılarını çox rahatlıqla girişdə də çıxara bilərdin.
Heç olmasa ayaqqabını bura, xalçanın üstünə elə yöndəmsiz halda atmalı olmazdın!
Hirsimdən səsim qısılmışdı, təəccüblə ona baxırdım.
–Bəli, – dedi, – bax yenə susursan. Kimsə səni günahlandırdıqda həmişə susursan. Halbuki sən dayanmadan məni günahlandırırsan. .
Bu sözlərində doğru heç bir şey yox idi, yenə də soruşdum:
–Nə vaxt günahlandırdım səni?
–Elə indi, – dərhal dedi, – birincisi, günortadan sonra Else icazəli olduğu üçün özüm qazanxanaya gedib baxmağa məcbur olduğumdan sən səsləyəndə gəlmədiyim üçün günahlandırırsan; ikincisi də
ayaqaltı qapının qarşısında yox imiş. Mən bütün bu işlərin arasında Elsenin hər xırda-para işlərinə də
nəzarət edə bilmərəm axı.
Özümü yığışdırdım, ürəyimdə Maqdanı hər məsələdə haqsız sayırdım, amma əvəzində:
–Dalaşmayaq, Maqda, – dedim. – Xalçanı istəyərək çirkləndirmədiyimə inanmalısan.
–Sən də inan ki, – hələ də olduqca sərt şəkildə dedi, – nə istəyərək səni bağırtdım, nə də istəyərək gözlətdim.
Bu sözündən sonra susdum. Axşam yeməyinə qədər ikimiz də yenə özümüzə hakim idik, hətta aramızda danışa biləcəyimiz yaxşı bir mövzu belə açıldı. Birdən ağlıma bir zamanlar kiminsə hədiyyə
etdiyi bir şüşə qırmızı şərab gəldi. İllərdir zirzəmidə olan şərabı götürdüm. Bu düşüncənin haradan ağlıma gəldiyini doğrudan da bilmirdim. Bəlkə də barışmağımızın gətirdiyi hiss ilə bu axşamı xaç suyuna salma və ya nişan kimi qeyd etməyi düşünmüş ola bilərdim. Maqda da bu işə çox təəccübləndi, amma yenə də təsdiqləyirmişcəsinə gülümsədi. Bu axşam şərabın dadı mənə turş gəlmədiyi halda sadəcə bir yarım qədəh içdim. Getdikcə şən bir halda Maqdaya mənim əhvalımı korlayan işlərimdən danışdım. Amma əlbəttə, problemlərimdən danışmadım, əksinə uğursuzluqlarımı uğura çevirərək danışdım. Maqda uzun müddətdir göstərmədiyi bir maraqla məni dinlədi. Aramızdakı yadlaşmanın kökündən ortadan qalxdığı qənaətinə gəldim; sevincimdən ona özünə gözəl bir şey, paltar, üzük ya da istədiyi hər hansı bir şeyi alması üçün yüz mark verdim.
2
Sonradan öz-özümdən o axşam həqiqətən sərxoş olub-olmadığımı soruşdum. Əlbəttə, deyildim, nə Maqda, nə də mən heç bir şey sezməmişdik. Amma, yenə də o axşam həyatımın ilk sərxoşluğunu yaşadım. Nə ləngər vurmuş, nə də dilim dolaşmışdı. Bu kif iyli stəkan yarım şərab mənim kimi ayıq bir insana təsir edə bilməzdi. Bunun əvəzində spirtli içki bütün dünyamı dəyişdirmişdi. İçki sanki Maqda
ilə aramızda heç bir yadlaşma və davanın olmadığını göstərmiş, işlə bağlı çətinliklərimi uğurlara çevirmişdi; həm də elə uğurlar ki, məni Maqdaya yüz mark verdirəcək həddə gətirmişdi. Bəlkə böyük məbləğdə pul deyildi, lakin mənim vəziyyətimdə olan bir adam üçün yenə də kiçik hesab edilməyəcək bir məbləğ idi. Ertəsi gün səhər oyanıb qapının önünə qoyulması unudulan ayaqaltıdan Maqdaya verdiyim yüz marka qədər arada baş verən bütün hadisələri yenidən fikrimdə canlandırdıqda, ona qarşı davranışımın utancverici olduğunu anladım. Onu işimin vəziyyəti haqqında təkcə səhv məlumat verərək yanıltmaqla qalmamış, bu yanıltmanı sözlərimə aldanması üçün vermiş olduğum pulla gücləndirmişdim. Hüquqi baxımdan bu vəziyyət çox yaxşı bir “aldatma” kimi dəyərləndirilə bilərdi, amma hüquq heç də mühüm deyildi; mühüm olan insani davranış idi, bu baxımdan da qorxunc dərəcədə çirkin idi. Evliliyimiz ərzində ilk dəfə Maqdanı bilə-bilə aldatmışdım, nə üçün? Durduğum yerdə nə üçün onu aldatdım? İndiyə qədər etdiyim kimi, yenə bu məsələdə susa bilərdim. Kimsə
danışmağa məni məcbur etmədi. Kimsəmi? Xeyr, spirtli içki idi bunu mənə etdirən, işin fərqinə vararaq içkinin necə bir yalançı olduğunu, dürüst bir insana necə yalan dedirtdiyini tam mənasıyla qavradığım zaman artıq bir daha bir damla belə spirtli içki içməyəcəyimə, hətta aradabir içdiyim bir stəkan pivədən də imtina edəcəyimə and içdim.
O səhər ağlımı başıma yığıb bir axşam əvvəl Maqda ilə aramızda yaranan isti havanı qorumağa, bir daha hər hansı bir incikliyə, ya da dava-dalaşa gətirib çıxarmamağa and içmişdim. Halbuki aradan sadəcə bir neçə gün keçmiş, biz yenidən davalarımıza başlamışdıq. Ağla sığacaq bir şey deyildi; evliliyimizin on dörd ili az qala heç bir dava-dalaşsız davam etmiş və indi on beşinci ildə çəkişmədən dura bilmirdik. Bəzən çox gülünc səbəblərə görə mübahisələrimiz olurdu. Sanki hansı səbəblə olursa olsun, müəyyən zamanlarda dava eləməyə məcbur idik. Dava da insanın tez alışdığı və artıq onsuz yaşaya bilmədiyi bir zəhər kimi idi. Əvvəllər vasvasılıqla nəzakətimizi qorumağa çalışır və əlimizdən gəldiyi qədər davaya səbəb olan mövzudan yayınaraq qarşılıqlı fərdi incitmələrdən çəkinməyə
çalışırdıq.
Kiçik xidmətçi qız Elsenin varlığı da davranışlarımızın ifrat həddə çatmasına maneə törədirdi.
Onun hər şeylə çox maraqlandığını və eşitdiklərini başqalarına da danışdığını bilirdik. O zamanlar şəhərdə hər hansı bir adamın problemlərimi və aramızdakı dava-dalaşları öyrənməsi mənim üçün təsəvvür edilməyəcək dərəcədə qorxunc bir şey olardı. Amma çox qısa müddət sonra insanların haqqımda danışmaları və düşüncələri mənim üçün heç dərd olmamağa başladı, daha pisi, özümə qarşı bütün hörmətmi itirdim.
Maqda ilə az qala hər gün dalaşmağa alışdığımızı demişdim. Əslində bunlar qoz qabığını doldurmayacaq qədər sadə şeylərə görə xırda-para mübahisələr, gərəksiz, qarşılıqlı sözatmalar şəklində olur və bu, durmadan aramızda meydana gələn gərginliyi bir az olsun azaldırdı. Bu qədər il Maqda ilə elə gözəl bir evlilikdən sonra bu cür davaların başlaması olduqca çirkin, təəccübləndirici bir vəziyyət idi. Sevərək evlənmişdik. O zamanlar ikimiz də kiçik bir məmurduq. Əllərimizdə bir çanta ilə
işə gedib-gəlirdik. İndi düşünürəm ki, o yoxsulluq içində keçən ilk evlilik illərimiz necə də gözəl idi!
Maqda evin idarə olunmasında tayı-bənzəri olmayan bir qadın idi. Bəzi həftələri on markla başa vurar, yenə də krallar kimi yaşayardıq. Daha sonra Maqdanın köməyi ilə təkbaşımıza bir iş qurmaq üçün cəsarət və böyük bir həyəcanla çalışdığımız illər başladı. Bacarırdıq, ilahi, o zamanlar hər şeyin öhdəsindən gəlirdik. Bir iş görmək istədikdə sadəcə ona əl atmağımız, iş və səylərimizi ona doğru yönəltməyimiz müvəffəqiyyətə çatmağımız üçün bəs edirdi; yaxşı baxılmış bir çiçək kimi açır, meyvələrini verirdi. . O qədər istəməyimizə rəğmən uşağımız olmadı. Maqda bir uşaq salmışdı və
Читать дальше