Vilyam Şekspir
ROMEO VƏ CÜLYETTA
İngilis dilindən tərcümə edəni: Sabir Mustafa
Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. «Öndər nəşriyyatı», Bakı, 2004, 736 səh.
Eskal — Verona hersoqu
Paris — gənc zadəgan, hersoqun qohumu
Montekki,
Kapuletti — ıkı duşmən aılənın başcıları
Kapulettinin əmisi
Romeo — Montekkinin oğlu
Merkusio — Hersoqun qohumu, Romeonun dostu
Benvolio — Montekkinin qardaşı oğlu, Romeonun dostu
Tibalt — ledi Kapulettinin qardaşı oğlu
Lorenso,
Covanni — Fransiskan rahibləri
Baltazar,
Samson — Romeonun nökəri
Qreqori — Kapulettinin nökərləri
Piter — Cülyettanın dayəsinin nökəri
Abram — Montekkinin nökəri
Əczaçı
Üççalğıçı
Merkusionun və Parisin nökərləri
Ledi Montekki Montekkinin arvadı
Ledi Kapuletti Kapulettinin arvadı
Cülyetta Kapulettinin qızı
Cülyettanın dayəsi
Verona şəhər əhli, hər iki ailənin qohumları, kişilər və qadınlar, maska taxmış adamlar, keşikçilər və xidmətçilər.
Xor.
Hadisələr Verona və Mantuyada cərəyan еdir.
Xor gəlir
Хоr.
Veronada iki nəcib ailə
Köhnə ədavətlə alışdı, yandı.
Paxıllıq təzədən döndü gur selə,
Əllər qana batdı, qana bulandı.
Düşmən nəsillərdə cütqoşa ulduz
Verdi ürəyini saf məhəbbətə.
Onların taleyi dönük, uğursuz,
Həlaki son qoydu bu ədavətə.
Nakam aşiqlərin müdhiş ölümü,
Bədbəxt ataları titrədən fəsad,
Ağır peşimançılıq, bəxtin zülmü
Alar vaxtmızı ikicə saat.
Əgər tamaşaya diqqəт versəniz,
Səhvsiz göstərməyə çalışarıq biz.
Xor gedir
Veronada bir meydan. Qılınc və qalxan qurşamış Samson və Qreqori gəlirlər.
Samson.Qreqori, bax ha, biz buradan kömür aparmayacağıq.
Qreqori.Yox, canım, onda biz alçalıb kömürçü olarıq ki!
Samson.Mən demək istəyirəm ki, əgər onlar qanımızı qaraltsalar, biz qanıqara getməyəcəyik, qılınclar işə düşəcək.
Qreqori.Hə, dostum, nə qədər sağsan, başım dik tut.
Samson.Mən coşdum, qurtardı, kim gəldi, fərqi yoxdu, tez vururam.
Qreqori.Ancaq bir əngəli var, tez vursan da, səni tez coşdurmaq çox çətin məsələdir.
Samson.Montekki nəslinin hətta iti də məni hirsləndirib coşdura bilər.
Qreqori.Coşmaq yerindən tərpənmək deməkdir. İgidlik isə yerində dayanmaqdır. Birdən yerindən tərpənəndə dabanına tüpürüb əkilərsən, ha…
Samson.Əgər o nəslin iti məni acıqlandırıb coşdursa, yerimdə möhkəm dayanacağam. Montekkilərdən olan hər bir kişinin və ya qızın önündə divar olsa belə, bir həmlədə yerindən götürəcəyəm.
Qreqori.Bu göstərir ki, sən zəif bir qulsan, çünki yalnız zəiflər divara sığınırlar.
Samson.Bu doğrudur. Qadınlar zəif olduqları üçün həmişə divara qısılırlar. Buna görə mən do Montekkilərin kişilərini divardan atacaq, qızlarını isə divara qısacağam.
Qreqori.Bir de görüm, ağalarımız vuruşur, yoxsa onların nökərləri biz, hə?
Samson.Mənim üçün hamısı birdir. Bu gün necə bir yırtıcı vəhşi olduğumu hamıya göstərəcəyəm. Kişilərə divan tutacaq, qızlara qarşı amansız olacağam. Mən onların başını kəsəcəyəm.
Qreqori.Qızların başını?
Samson.Hə, qızların başını və ya onların bəkarət mücrüsünü. Necə istəyirsən, elə də başa düş.
Qreqori.Qoy onu hiss edənlər başa düşsün.
Samson.Onlar mənim dayanmaq qabiliyyətimi yaxşı hiss edirlər. Bilirlər ki, necə gözəl bir vücudam.
Qreqori.Yaxşı ki, balıq deyilsən. Balıq olsaydın, ancaq durna balığı olardın. Cəld tərpən, qılıncını hazır tut. Odur, iki nəfər Montekkinin evindən buraya gəlir.
Abram və Baltazar daxil olurlar.
Samson.Elə bil ki, qılıncı sıyırmışam. Sən aranı qat, dalında durmuşam.
Qreqori.Necə? Dalımda daldalanıb qaçırsan?
Samson.Sən məndən qorxma.
Qreqori.Yox bir, mən səndən qorxuram?!
Samson.Elə edək ki, qanun bizim tərəfimizdə olsun.
Qoy davanı birinci onlar başlasınlar.
Qreqori.Onların yanından keçəndə mən ağızburnumu əyəcəyəm. Qoy istədikləri kimi də yozsunlar.
Samson.İstədikləri kimi yox, cəsarət etdikləri kimi.
Mən onlara dil çıxardacağam. Onlar buna dözsələr, rüsvay olacaqlar.
Abram.Siz bizə dil çıxardırsınız, cənab?
Samson.Mən öz dilimi çıxardıram, cənab.
Abram.Siz bizə dil çıxardırsınız, cənab?
Samson (Qreqoriyə yavaşca). Hə, desəm, qanun bizim tərəfimizdə olarmı?
Qreqori (Samsona yavaşca). Yox.
Samson.Yox, cənab. Mən dilimi sizə çıxarmıram. Dil mənimdir, istəyirəm, çıxardıram.
Qreqori.Siz dava axtarırsınız, cənab?
Abram.Mən? Xeyr, cənab.
Samson.Əgər dava axtarırsınızsa, mən sizin hüzurunuzda hazır. Mənim ağam sizin ağanızdan əskik adam deyil.
Abram.Artıq da deyil.
Samson.Nə deyirəm, cənab.
Qreqori (Samsona yavaşca). De ki, artıqdır. Odur, ağamızın qohumlarından biri buraya gəlir.
Samson.Artıqdır, cənab.
Abram.Yalan deyirsiniz.
Samson.Kişisiniz, qılıncınızı çəkin. Qreqori, göstər onlara öz güclü zərbəni (Vuruşurlar).
Benvolio daxil olur.
Benvolio.
Saxlayın qılıncı, durun, axmaqlar,
Nə iş tutursunuz, heç bilirsiniz?!
Onların silahlarını qılıncla vurub salır.
Tibalt gəlir.
Tibalt.
Necə? Vuruşursan gədəgüdəylə,
Benvolio, bəri dön, ölümünə bax!
Benvolio.
Vuruşuram yalnız barışıq üçün.
Qılıncı qına qoy, ya da qılıncla
Kömək et, onları aralayaq biz.
Tibalt.
Vuruşub, danışma, gəl, barışıqdan,
Cəhənnəmə, bütün Montekkilərə,
Bir də sənə nifrət etdiyim kimi,
Mən nifrət edirəm barışığa da.
Hazırlaş, al, gəldi, qorxağın biri.
Vuruşurlar.
Hər iki nəslin tərəfdarları gəlib vuruşanlara qoşulurlar.
Sonra şəhərlilər əllərində dəyənək və balta daxil olurlar.
Şəhərliər.
Vurun, kötəkləyin, döyün bunları, Ölsün Montekkilər,
Kapulettilər!
Kapuletti əynində xalat ledi Kapuletti ilə gəlir.
Kapuletti.
Bu nə qalmaqaldır? Ehey, cəld olun,
Uzun qılıncımı gətirin mənə!
Читать дальше