– Məndən bərk yapış, qorxursansa gözlərini yum.
“Yox, bu nə Əzrayıldı, nə də Cəbrayıl. Dirilik suyunun sahibi Xızr peyğəmbərdi. O kişidi mənim kimi darda qalanların köməyi. O kişidi günahsızların pənahı”. Bu fikirləri deyəndə gözlərini yummuşdu və fikir onu aparmışdı. Həm yollar yorğunuydu, həm də öz-özünə danışmağın aşinası. Alapaçanın da yorğa yerişi onu yırğaladı. Fikrəmi getdi, yuxumu gördü, bir də eşitdi ki, “Xızr peyğəmbər” ona deyir:
– Çatdıq.
Gözlərini açdı. Bir güclü əl onu götürüb yerə qoydu. Gördü ki, ətrafında beş-altı qurdboğan, boynu xaltalı it var ki, hər biri bayaqkı canavarın beşini bir göz qırpımında parçalayar. Amma heç biri hürmür, ona toxunmur, bəlkə də bir az mehriban baxırlar.
– Çəkilin, – deyən kimi itlərin hərəsi çəkilib bir tərəfə getdi. Onun qabağında cavan, nazik bığlı bir oğlan dayandı.
– Dədə, bu kimdi?
– Qonaq. Allahın ən əziz bəndəsi. Paltar gətir, elə geyindir ki, bəy balası kimi.
Bayaqdı Mustafa Cibo Səfəri götürdü. Gözünü açanda özünü yaşıl əbanın içində gördü. Dəvə rəngli yun parçadan şalvar, qara məstlər. Özünə baxdı, gözünü yenə göylərə qaldırdı.
– Ey tanrı, sənə inanmayana min lə’nət.
Qaranlıq düşmüşdü. Dədə bəy Cibo Səfərlə alaçıqda üz-üzə oturmuşdular. Aralarında saxsı çıraq yanır, hərəsinin kölgəsini iki dəfə böyüdüb arxa tərəfə salırdı.
– Deyirsən Şamaxıdansan?
– Hə, başına dönüm. Olmusanmı?
Dədə bəy Şeyx Heydərlə Şamaxıya getmiş, şəhəri tutmuşdu da. Amma boynuna almadı.
– Görməmişəm. Deyillər gözəl şəhərdi. Yaxşı bazarı var.
– Kiminə cənnətdi, kiminə cəhənnəm.
– Nə iş görürdün?
– Sənətkaram. Bu çıraqlardan düzəldirdim. – O çırağı götürdü, baxdı. Barmağını çırağın altına sürtdü, – mənim çırağımdı. Mən düzəltmişəm.
– Yaxşı çıraqdı. Mən bunu Ərdəbildən almışam... Yaxşı, Səfər kişi, niyə bu kökdəsən?
– Eh, ay bəy, aləmi bəzər, özü lüt gəzər deyiblər. Şamaxı bazarında dükanım vardı. O qoca ulaqla gedib gil gətirirdim, çıraq düzəldirdim, ocaqda bişirirdim. Satırdım. Usta da çox idi, çıraq da. Qiyməti də bir şey deyil. Uşaqlarım da çox idi. On bir uşaq. Dükanımın yanında ev tikmişdim. Güc-bəla ilə dolandırırdım. Zəlzələ, bəy, zəlzələ Allahın elə bir bəlasıdı ki, ondan yaxa qurtarmaq da çətin işdi. On bir uşaq da, arvad da, sonsuz bacım da evin altında qaldılar. Bir gün qazdım, meyitlərini çıxartdım. Gecə yarısı zəlzələ başlamışdı. Mən çıraq bişirirdim. Ayaq üstəydim. Gördüm divarlar laxladı, özümü atdım çölə. Yer nənniyə dönmüşdü. Özümü evə çatdırana qədər neçə yerdə yıxıldım, durdum. Evi görmədim. Divarlar balalarımın üstünə yatmışdı. Dəli kimi oldum, havalandım. Səhərə qədər qazdım. Bütün şəhər yerlə-yeksan olmuşdu. Səhər baxdım ki, Gülüstan qalasına heç nə olmayıb. Dili qurtlu kimi dedim ki, bəs zəlzələ də varlıyla kasıbı ayırır. Onun bir daşı düşməyib, bizim bir daşımız daş üstündə qalmayıb. Tez qaçıb şəhər rəisinin ovcuna qoydular. Balalarımı torpağa tapşırmamış, özümü zindana saldılar. Yalan demişəm, ay başına dönüm? Düz söz yerimir də. Başıma min oyun, müsibət açdılar.
– Şirvanşah Fərrux Yasar hələ durur?
– Ona nə olasıdı ki, zülmü də ərşi əladadı, Allahın yanında hörməti də ondan bir baş da hündürdədi. Bu Ərdəbildən Şeyx Heydər gəlmişdi. Camaat, yə’ni mənim kimi kasıb-kusub dedi ki, bu dəfə haqqına əncam çəkəllər. Qaçdı gizləndi qalada. Ona nə olacaqdı ki, yenə mənim kimi kasıb-kusub başını, qolunu, qıçını verdi.
Dədə bəy gördü ki, Səfər elə onlara lazım olan adamdı. Gələcəkdə işlər görə bilər. Öz yanında saxlamağa qərar verdi. Hələ Hüseyn Lələ bəyin deməyinə görə o tərəflərə yenə də səfərə gedəcəklər. Onda bu adamın onlara köməyi dəyə bilərdi.
– Qoçaq adamsan. Allah səndən üz döndərib, sən hələ də ondan üz döndərmirsən. Doğrudan da müsibətlər görmüsən.
– Bilirsən səni niyə götürdüm?
– Yox.
– Vur-tut bir eşşəyini canavar dağıdırdı, sən də namazını pozmurdun. Dedim gör Allahın necə sadiq bəndəsidi ey. Elə ona görə sənə yazığım gəldi. Götürüb gəldim. Bəs ziyarətə niyə tək gedirsən? Yolları tanımırsan, eşşəyin e’tibarsız, özün ac-susuz.
– Zəvvara qoşulanların hamısı atları kişmiş yeyən kişiləriydi. Məni oturub gözləməyəcəkdilər. Bir mənzil gəldik. Sonra mənə dedilər ki, sən yolda qalsan da, sənin əvəzindən də ziyarət eləyərik. Məni çölün düzündə tək qoyub çapıb getdilər. Mən də onların acığına qayıtmadım. Dedim mən bu əziyyətlə ki, gedirəm, mənim həccim sizinkindən müstəcəb olacaq. Belə.
– Gəl sənə Ərdəbildə bir dükan düzəldim, ev alım, evləndirim, otur işini gör. Çıraq düzəlt, sat.
– O borcun altından mən çıxa bilmərəm.
– Yavaş-yavaş verərsən.
– Bəlkə verə bilmədim.
– Onda ana südü kimi halal eləyərəm. İşləyərsən, qazanarsan, ziyarətə getməyə pul-para yığarsan. Bəlkə elə o vaxt mən də getdim. Bir yerdə gedərik ziyarətə.
Ağ atın qanadları yandı. Buludların arasından alovlana-alovlana düşdü. O düşdüyü kövşən də od aldı. Yerdən qara toz duman kimi qalxdı. Nə ağ at göründü, nə də qırmızı paltarlı süvari.
Aləmşahbəyim bayaq durna qatarından ayrılan tək durnanı seyr eləyirdi. Həmin tək durna dönüb ağ, qanadlı at oldu. Alışıb yananda, ayaqyalın, başıaçıq kövşənə tərəf qaçmağa başladı. Kövşənə çatmamış dəmirtikanlığa düşdü. Dəmirtikanlar yetişib torpaq rənginə düşmüşdü, topuğu xal-xallı, xınalı ayaqlarını didib-dağıdırdı. Səmərqənd kağızı kimi ağ topuqlarını yaralayır, qanına qəltan eləyirdi. Qan narıncı, xoş rəngli xınanın da rəngini dəyişdi.
Amma o, ağrı hiss eləmirdi. Var kücü ilə qaçır, dəmirtikanlar ayağına daha dərindən batırdı. Bir azdan ayaqlarında dəmirtikandan başmaqlar vardı.
Göydən hərlənə-hərlənə ağ bir lələk düşürdü. Aləmşahbəyim onu yerə çatmağa qoymadı, göydə tutdu. Elə bildi ki, ağ atın yanan qanadından ayrılıb.
Yox, bu yaşıl, mavi, qırmızı rənglə parlayıb yanan durna lələyi idi. Başını qaldırıb gördü ki, durnaların səfi pozulub. Biri-birilərinə qarışıb, qarışıq səslər çıxardırlar. Şirin avazları da yadlarından çıxıb.
– Ay durnalar, bu lələyi göndərmisiniz dərdlərimi yazım? Qanadlarınızla dərdim yazılsa səfiniz heç vaxt düzəlməz. Ah-naləm sizə çatsa heç vaxt oxumazsınız. Göz yaşımdan o kağıza bir damcı düşsə bulaqlardan içməyə bir damcı şirin su da tapmazsınız. Lələyi tulladı, lələk uça-uça harasa getdi. O, yerdən qalxan qara burulğana tərəf yeridi.
Birdən səs eşitdi: “Ana”-dedilər. Döndü. Gördü ki, qayanın başında üç dar ağacı qurulub. Biri böyük, biri ortancıl, biri kiçik. Hara getsin, hara üz tutsun? Qabaqdakı burulğanamı, yoxsa arxadakı dar ağaclarınamı?
Bir də gördü ki, burulğandan bir adam çıxdı. Başdan ayağa ağ örtüyə bürünmüşdu. Sifəti də ağ örtüyün arxasında idi. Ona tərəf gəlirdi. Aləmşahbəyim quruyub qaldı. Ağ paltarlı onun yanından keçib qayalara özünü yetirdi. Ağ örtüyün altından bir ağ qılınc çıxartdı, dar ağaclarını doğradı. Sonra ağ libasın rəngi dəyişdi. O, qırmızı paltara büründü. Qollarını açıb Aləmşahbəyimə tərəf gəldi. Dəmirtikanlığa çatanda dayandı və qollarını ona tərəf uzatdı.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу