– Bəli! Bəs sənin əqidən nə olub? Bu qədər ki, onun yolunda əziyyətlər çəkmisən, yəqin ki, taleyinə lə’nət oxuyursan.
– Yox, cavan oğlan. Biz bütün insanları kamilliyə çatdırmaq istəyirdik– Mürşidimizin buna görə diri-diri dərisini soydular. O, uf demədi. Öz əqidəsinə qurban getmək kamillikdir. Mən də həmçinin. Amma sən heç nəyə qurban getmədən hökmdar taxtına çıxmaq, çıxan kimi də kimlərisə qurban vermək üçün indidən fikirləşib tədbir tökürsən.
Qoca başını divara söykəyib gözlərini yumdu. Titrək, quru dodaqları vird eləməyə başladı. Rüstəm Mirzə onun dediklərinə qulaq asırdı.
– Axır ki, mənə ən ağır cəzanı verdilər. Bu altmış ildə gördüklərim toy-bayram imiş. Nə böyük əzablar verirsən mənə, ulu tanrı. Əcəl, gəl çıx, Əzrayıl, gözümü yollarına dikmişəm.
Rüstəm Mirzə elə bildi ki, qoca onun halına acıyır. Ona görə özünə ölüm arzulayır ki, kənc şahzadənin əzablarını görməsin.
– Qoca, – deyə dilləndi. – Özünə ölüm arzulama, həyat şirindi. Bir dəfə gün işığına çıxsan, dünyanı görsən, axar sulara, dərin göylərə baxsan, ölüm fikrini özündən uzağa qovarsan. İnandırıram səni, tezliklə mənim zəncirlərim qırılacaq, onların yerinə hökmdar bazubəndi taxılacaq. Bax o vaxt səni azad eləyib saraya apararam. Mənə vəzirlik eləyərsən. Görürəm ki, savadlı, müdrik adamsan. Özün da adam görməmisən, fitnələrdən, fəsadlardan uzaqsan. Düz yol göstərərsən.
Qoca gözlərini açıb qarşısındakı qartalbaxışlı, daralınlı, yoğunbiləkli gənc şahzadəyə baxmaq istəmirdi. Onun əqidəsinə görə insan kamilləşdikcə qan-qadadan, dava-qırğından uzaq olmalıdır. Bu qan-qan deyən şahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi.
– Sən məni xilas edə bilməzsən.
– Hökmdar istədiyini eləyə bilər.
– Yox, hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də elə buna çalışırsan. Onsuz da mən azadam. Cismani olaraq zindandayam, ruhən isə buludlar kimiyəm. Biz “ənəlhəq” demişik.
Rüstəm Mirzə istehza ilə güldü.
– Ənəlhəq! Haq, məndədi, əstəğfürullah, Allah mənəm. Bu xam xəyaldı. O şöhrətə, yə’ni Allah olmaq niyyətinə hələ heç kim çatmayıb və heç vaxt da çatmayacaq. Çingiz Xaqan da belə bir xəyala düşmüşdü. Nə oldu sonu? Fi’ron da özünü Allah sayırdı. Siçan kimi suda boğulub öldü. Əstəğfürullah, onların allahlığa qalxmaq iqtidarı daha çox idi. Çünki yer üzünün allahı idilər. Amma gücsüz, yaşının hamısını zindanda keçirmiş qocanın allahlıq iddiası gülünc deyilmi? Bax, bizi üz-üzə zəncirləyiblər. Birimiz allahlıq, o birimiz hökmdarlıq arzusundayıq. Görək kimin arzusu, niyyəti həqiqətdir? Sənin, ya mənim!
Onun qocanı ələ salmaq, gülünc vəziyyətdə qoymaq niyyəti öz tə’sirini göstərdi.
– Adi şeyləri qarışdırırsan. Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb ruhən bu yüksəklikdə dayana bilirsə, yer üzündəki xeyir əməllər onun iradəsindən asılıdırsa, o haqdır!
Rüstəm Mirzə deyəsən onu yavaş-yavaş başa düşməyə çalışırdı. Amma qəbul edə bilmirdi.
– Tutaq ki, kamilsən, haqqa çatmısan. Biləklərin zəncirdə olarkən, onda sənin xeyirxah əməllərin kimə lazımdır? Səsin ki, heç yerə çatmır. Bu isə allahlıqdan çox uzaqdır. Sən acizsən. Bizim dövrümüzdə aciz insan nə qədər kamil olsa da güclülərin ayağı altında qalıb məhv olacaq.
– Söhbət tək məndən getmir. Dünyadakı insanların hamısını kamil görmək istəyirik. Hökmdardan tutmuş qula qədər.
Rüstəm Mirzə ürəkdən qaqqa çəkib güldü.
– Bax, bu əsl allahlıq iddiasıdır. Onların hamısını kamil eləmək ya Allahın ağlına gəlməyib, ya da ağlına gəlsə də bacarmayıb. Yox, mən hürufi olmaq istəməzdim. Bir şey mə’lumdur ki, hamı Allah ola bilməz. Hamı qul, yaxud hökmdar olmağa qadir deyildir. Yox, sizin əqidəniz bu dünya üçün deyil. O dünyada, orada da kamillərlə nadanları ayırıblar. Kamillər cənnətdə, cahillər cəhənnəmdə.
– Yox, kamillər cəhənnəmdə, cahillər cənnətdə.
Hava qaralmışdı. Qapının kilidi şaqqıldadı. Zindanban içəri girib hərəsinin yanına bir saxsı parçda su, onun da üstündə bir əl boyda arpa çörəyi qoydu. Heç bir söz demədən çıxdı və qapını bağladı. Qapı açılıb-örtüləndən sonra elə bil içəri qatı zülmət çökdü.
Sultan Yaqub öləndən sonra onun yerinə keçə biləcək övladı Şirvanşah Fərrux Yasarın bacısından olan oğlu Bəysunqur idi. Süleyman Bicanoğlunun qızından hələ dünyaya övlad gəlməmişdi. Lap bələkdə qızı da olsa onu Sultan taxtına çıxarardı. Çünki sarayın ən hörmətli, ən qüdrətli adamı Süleyman Bicanoğlu olmuşdu. O, Şeyx Heydəri öldürəndən sonra Şirvanşahın da yaxın, e’tibarlı adamı olmuşdu. Sarayın ikinci məşhur şəxsiyyəti Əbih Sultan sayılırdı. O, Uzun Həsənin vaxtından hökmdarlarla qohum olmaq niyyətində olsa da baş tutmamışdı. Amma Diyarbəkrdəki qohum-əqrabalarının çoxluğu, onun qoşun toplamaq, sərkərdəlik bacarığı yüksək qiymətləndirilirdi. Rüstəm Mirzənin də qəsdinin üstünü o açmış, tərəfdarlarını qılıncdan keçirib özünü Əlincə qalasına saldırmışdı. Bundan sonra yerini daha isti, daha möhkəm hesab eləyirdi.
Bəysunqura atasının Bağdaddan gətirib oğluna xoca təyin etdiyi alim Müzəffərəddin yenə də dərs keçir, din tarixini, siyasət əsaslarını, riyaziyyatı, poeziyanı, coğrafiyanı və başqa elmləri tədris eləyirdi. Atasının ölümünə qədər müəlliminin yanına şagirdi gedirdisə, Sultan taxtına oturandan sonra müəllim onun yanına gəlir, baş əyir, əlini öpürdü. Bəysunqur müəlliminin onun qarşısında torpağı öpməyinə icazə vermirdi. Bu gün xoş bir hava idi və “Səkkiz behişt” sarayının Yaqut otağında Bəysunqur müəllimi ilə məsləhətləşirdi.
– Ayrı ölkələrdən Sultan sarayına gələn elçiləri nə ilə heyrətə salmaq olar, xoca Müzəffərəddin?
– Taxtın, tacın qiyməti, onların üstündəki daş-qaş. Sonra hökmdar sarayının taxtını qoruyan daş-qaşla bəzənmiş silah qurşayan qırx nəfər həbəş qul. Saray ə’yanlarının geyimləri, sarayın bəzək-düzəyi... Böyük vəzir Nizamül-mülk dövlətin qüdrətinin təcəssümünü bunda gerürdü. Bundan əlavə zəmanənin böyük şairi bu sarayda olarsa, onun hörməti daha da arta bilər, sultanım.
– Xoca Müzəffərəddin, hərəmxana da hökmdarın qüdrətini, zövqünü tə’yin edər. Ölkəmizdə millətlər də çoxdur. Onların qızları barəsində o ağıllı kitablarda nə yazılıb?
Sifətinə hələ tük gəlməmiş, taxta oturandan hələ heç bir iş görməyən bu on yaşlı uşaq dəbdəbə və hərəmxana rahatlığı barəsində düşünürdü. Xoca Müzəffərəddin onun bu fikrini uşaq marağı, erkən şöhrətpərəstlik, ya da böyük gələcəyi olan qüdrətli bir fatehin onun qəlbindəki ilk qığılcımları hesab etdi. Amma bu təzahürün hansına aid olduğunu dərk edə bilmədi. O, şagirdinin sualına mükəmməl cavab verməli idi.
– Böyük hökmdar, hind qızlarının beli incə, şəvə saçları uzun, əqlləri isə bir o qədər gödək olur. Məkkə qızlarının şəkər dili, zə’rif dəriləri, naz-qəmzələri və ağılları çox məşhurdur. Onlar qısqanclığın, bədxahlığın nə olduğunu bilməzlər.
– Türk qızları necə?
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу