– Dədə bəy, qalanı üzük qaşı kimi araya almalıyıq. Yoxsa, uşaqlar əldən çıxar. Onları xilas edə bilməsək bizim başladığımız iş heç bir nəticə verməyəcək.
Səkinə xalanın cürə sazı İsmayılı ovsunlamışdı. Tez-tez özünü onun yanına verir, çaldırır, qulaq asır, özü çalmaq öyrənirdi. Səkinə ona dastanlar danışır, bu dastanlar qurtarmaq bilmir, İsmayıl da elə hey qulaq asmaq istəyirdi. Amma səsi yox idi. Oxumurdu, çalırdı, sözlərini deyir, yenə çalırdı.
– Rəhmətlik atam sağ olaydı, oxuyaydı, onda bilərdin aşıq nədi, atam-anam.
– Səkinə xala, Ruhani çaldınız ha, sonra sözlərini niyə demədiniz?
– Çünki o şair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi?
– Elə bu havaların hamısı yanğılıdı.
Səkinə sazı döşünə basıb mizrabı cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin ahəngi doldurdu. İsmayıla elə gəldi ki, bəs daş divarlar da cingildədi, cana gəldi, səs verdi. İsmayıl otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaşdı. Bu hava onu heyran eləmişdi. Ürəyini dağa döndərmişdi.
Sultanəli də gəlib qardaşı ilə yanaşı dayandı. Balaca qardaş qeyri-ixtiyari sağ qolunu onun kürəyinə qoyub qucaqladı, sifətini onun qoluna söykəyərək iri, ağıllı gözlərini bu sehrli səslər verən saza dikdi.
Elə bil qabaqda bir atlı çapırdı. Yuxarı qaldırdığı qılıncından odlu şimşəklər çaxırdı. Günəşin zərrələri qılıncın iti tiyəsində doğram-doğram olub hər zəri bir tərəfə uçurdu. Ağ at elə bil qanad açmışdı. Yox, heç bir qartal belə hündürdə, belə həvəslə, can-dildən, ildırım kimi uça bilməz. O, qarşısına çıxan qayaları da yıxardı. At üstündəki adam bir anlığa başını geri qaytardı. Sifəti gün kimi alışıb yandı. Onun dodaqlarından nə’rə qopdu.
– Oğullarım, ürəkli olun, arxamca gəlin, açın bu yolları.
Amma atlı nə qədər çapırdısa onlardan uzaqlaşa bilmirdi. Çünki onların özləri də at belində idilər, irəli şığıyırdılar.
Qarşıdakı atlının yolu üstünə alova bürünmüş köz dağı çıxdı, Savalana oxşayırdı. Yolundan dönmədi, atı bu dağın üstünə sürdü. At dördnala dağın başına qalxdı. Nallarından qucaq-qucaq çınqı tökülürdü. Köhlən bu alovda yanmırdı, onun rənginə boyanmışdı, al rəngə düşmüşdü. Ancaq sür’əti azalırdı. O birdən-birə qabaq ayaqlarını yerə vurub dayandı. Zirvəyə çatmışdı. Atlı əmud keçirdiyi qolunu qaldırıb əlini qaşlarının üstünə qoydu. Burdan hər yer görünürdü. Buradan yaşıl düzənlər, diş-diş dağlar, burulğanlı çaylar...
Musiqi kəsildi.
– Bu havaya deyirlər: “Misri”. Səkinə xalanın səsi onu ayıltdı.
– Çal, Səkinə xala, çal.
Saz yenə dilə gəldi.
Elə bil qayalardan, mamırların göz yaşından duru sular süzüldü, qotur, daş teştlərdən gur axınla tökülüb şəlalə oldular. Meşələr çiçək açdı. Quşlar min bir səslə oxumağa başladılar. Düzənlərdə yovşanlar yaşıl otlar arasında boz-bənövşəyi rəngə çaldılar. Onların dibindən bənövşələr qalxdı. Bənövşənin iyi yovşan iyinə qarışdı. Yovşanların üstündən ceyran sürüləri ox kimi süzüb keçdi, torağayları hürküdüb göylərə qaldırdılar. Torağayın nəğməsi zirvələrdə eşidildi. Firuzə rəngli dağların başında pambıqdan ağ buludlar topa-topa dayanmışdı. Torağay səsi o buludları firuzə dağların başından ayırdı. Buludlardan ağ yağışlar yağmağa başladı. Elə yağdı ki, o yağışla, meşələrin çiçəklərinin ləçəklərini şəlaləyə tökdü. Çaylarda çiçəklərin ləçəkləri axmağa başladı.
– Bu havaya “Dübeyti” deyirlər, atam-anam.
İsmayıl qardaşlarının qolundan tutdu.
– ”Misri”ni eşitdiniz də?
– Eşitdik.
– Onunla dağı yıxmaq olar?
– Olar.
– Bu qalanı necə? – Onlar Sultanəliyə elə baxdılar ki, sanki hər şey qardaşından asılı idi. İmkan versə “Misri” qalanın daşını daş üstə qoymazdı.
Oturdular. Səkinə xala da sakitcə çəkilib getdi. Araya dərin sükut çökdü. Bu sükutu hardansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra başını xalçanın üstünə qoyub diqqətlə qulaq asmağa başladı.
– Nə olub, – deyə sazın sehrli tə’sirindən qurtarmayan İsmayıl təəccüblə qardaşının hərəkətinə baxdı və yavaşcadan:
– Yerin altından səs gəlir. – dedi.
Doğrudan da səs yerin altından gəlirdi.
Bığlı qaya çapan külüngü var gücü ilə qayaya çırpırdı. Daş isə onun sözünə baxmırdı. O, qayanın yarısını birdəfəyə qoparmaq istəyirdi. Amma oradan xırda qəlpələr düşürdü.
Neçə vaxt idi ki, burada işləyirdilər. Ondan başqa da adamlar vardı. Heç biri də qayanı nə üçün deşdiklərini bilmirdilər. Əmr eləmişdilər, onlar da yerinə yetirirdilər. Amma çapar hamıdan çox can yandırırdı. Onun qulağına çatmışdı ki, ağqoyunluların bütün xəzinəsi burada gizlədilib. Onu tutanlar da quldurlar və həramilərdir. Lağım atıb xəzinəni aparmaq istəyirlər. Söz vermişdilər ki, kim xəzinəyə çatsa, öz ağırlığı qədər qızıl verib evinə buraxacaqdılar. Ona görə də hamıdan çox işləyirdi.
Bax indicə külüng daşı yarıb keçəcəkdi, qızıllar oradan başıma töküləcək. Xəzinədə qızıllar qum kimi oyulacaq, tökülüb əvvəl dizimə, sonra qurşağıma, döşümə, xirtdəyimə çıxacaq. Qoymaram. Oradan bir qızıl düşən kimi yerinə suvaq çəkib yolu çevirəcəm başqa səmtə. Sonra bunların əlindən qurtararam. Quldurun ömrü uzun olmaz. Onları ələ verən kimi qayıdıb buradakı qızılları siçovul kimi yavaş-yavaş daşıyaram.
Yaxşı bəs onları ələ verəndə açıb xəzinəyə atılan lağımı deməyəcəklər? Desələr hər şey əldən çıxar. Belə yerdə xəbərçilik mənə heç bir xeyir verməz. Onları bir-bir aradan götürərəm. Xəzinəni bir ilə, bir il nədi, lap bir aya yox, bir həftəyə daşıyıb gizlədərəm e’tibarlı yerdə. Ondan sonra ye də, nəsilbənəsil. Oğlanlarımı evləndirərəm, qızlarımı ərə verərəm. Arvadların sayını artıraram, düzəldərəm hərəmxana. Yaşa da şah kimi.
Bu vaxt külüng daşı deşib keçdi. O, sevindiyindən bir an dayandı. Bədənindən axan isti təri soyuq tər əvəz elədi. Tez o tərəf-bu tərəfə baxdı. Lap uzaqda, lağım əyilən yerdə məş’əl yanırdı. Yanında da heç kəs yox idi. O, külüngü çəkib çıxartdı. Gözünü lingin yerinə dikdi. Oradan şırıltı ilə çirkab axıb üz-gözünə töküldü. Çapar qalanın rahatxanasını vurub deşmişdi.
Dünya nədi hədərdi,
Ömür gəldi-gedərdi,
Ürək xırda, qəm böyük,
Hara yığım bu dərdi.
Köhnə börkünü boynunun ardına itələyən Cibo Səfər nazik, cır səslə oxuyurdu. Çarıqlarını boynundan asıb yalın ayaqlarını sallayıb mindiyi uzunqulağın yerişiylə yırğalayırdı. Bezdən tikilən şalvarın dizləri süzülmüşdü, dizinin gözü görünürdü. Qabaq dişləri salamat olsa da, arxa dişləri töküldüyündən ovurdları batmışdı. Köhnə köynəyinin yaxasından sinəsindəki ağ tüklər görünürdü. O, əlini torbasına atıb çörək çıxartmaq istədi, gördü ki, lavaşın qırın-qırtısı qalıb. Xırım-xırdanı ovcuna yığıb ağzına atdı. Uzunqulağı döyəclədi. Amma eşşəyi də özü gündə idi. Palanı cırıq, özü qoca. Qaşqasına da dəmrov düşüb tüklərini tökmüşdü.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу