Qalaya dönən yerdə, köhnə dəyirmanın yanına çatanda gördü ki, cinə-şəyatinə oxşayan bir məxluq dayanıb. Vecinə də almadı. Yanından keçib getmək üçün yalın dabanlarını uzunqulağın yanlarına vurdu. Amma gördü yox, cin-şayətin onun başı ilə oynayır, “toqquş” deyib uzunqulağı saxladı.
– Bura bax, sən cinsənsə, mən də şayətin kimi bir şeyəm. Biz bir-birimizin dilini bilərik. Əgər bu yazıq heyvanı hürkütmək istəyirsənsə, keç sol tərəfinə, çünki sağ gözü kordu.
Salmanı gülmək tutdu.
– Ay bəni adəm, haradan gəlib, hara gedirsən?
– Ey Məhəmməd hümməti, uzaqdan gəlib uzağa gedirəm.
– Hansı uzaqdan, hansı uzağa?
Cibo Səfər eşşəkdən düşüb çarıqlarını palanın üstünə atdı. Yaxınlaşıb onunla yanaşı dayandı. Elə özü də Salmana oxşayırdı. Geyimdə, boy-buxunda.
– Sənə adam dilində salam verim, ya cin-şayətin ləfsində?
– Hansında istəsən.
– Əssəlamün əleyküm. Cin dili bilmirəm.
– Əleyküm əssalam. Hardansan?
– Şamaxıdan gəlirəm, gedirəm Məkkə ziyarətinə. Gedim, getməyim?
Salman ona baxdı, eşşəyinə baxdı, üst-başına, yalın ayaqlarına baxdı.
– Ay adəm övladı, niyə ayaqyalınsan?
– Çarığı geysəm, qurban olduqlarımın ziyarətinə çatanda ayaqyalın qalaram. Ziyarətə gələn o qədər məxluqun içində deyirsən adam kimi çarıqlı-patavalı, adam şəklində olsam pis olar? – Cibo Səfər gəlib Salmanın yanında, daşın üstündə oturdu.
– Eşşəyin belində çarığın cırılacaq?
– Eh, ay qadan alım, bu eşşəyin bu gündən sabaha çıxmağa ümidi var ki? Mən naxoşlayanda o məni aparır, o naxoşlayanda mən onu.
Salman onun zarafatından ciddiləşdi.
– Dərdli adama oxşayırsan. – Cibo Səfər bu sözdən sonra onun sir-sifətinə baxdı. Gördü ki, əməllicə-başlıca adama oxşayır.
– Dərd? Bəxtəvərlikdən danışırsan. Dərd elə bir sərvətdir ki, o padşahlarda, var-dövlət əlindən üzülənlərdə olar. Mən lüt-üryanın biriyəm. Yeməyə çörəyim də yoxdur. Nəyin dərdini çəkəcəyəm.
Eşşək yolun soluna, çayın qırağına çıxıb otları, qurumuş, toz basmış qart yarpızları qırpırdı.
– Bir ora bax, özgə vaxt bəyənmirik. Suyu gör necə ustuplu içir. Deyirəm ay qardaş, Allah niyə məni də beləcə qanmaz bir heyvan yaratmayıb? O eşşək kimi işləyirik, yük çəkirik, döyülürük, söyülürük, yenə dözürük. Eh, insan olmaq da bir köpəkoğluluq deyilmiş.
– Elə demə. İnsan yer üzünün əşrəfidi. Ziyarətə gedirsən. O yuxarıdakı kişinin xoşuna gəlməz.
– Bu sözü elə yuxarıdakı kişi dedirdir də. Biz hamımız onun iradəsindən asılı deyilikmi?
Salman qalxıb xaraba dəyirmana getdi. Əlində bir bağlama ilə qayıtdı.
– Al, götür.
– Allah sənə uzun ömür əta eləsin.
Bu vaxt lağımın ağzından zəncirləri cingildəyən məxluq özünü çaya atdı. Elə bil meşənin min bir ətri çəkildi. Salman tez özünü çaya tərəf atdı. Bığlarından çapara oxşayan adam quduz it dəymiş kimi özünü ordakı daşlara, sel gətirmiş kötüklərə sürtürdü. Cibo Səfər iki barmağı ilə burnunu sıxıb Salmana dedi:
– Bu da yer üzünün əşrəfi insan. Boğazacan, yox lap təpəsinə kimi zibilin içindədi.
– O insandı bəyəm? Biz insandan danışdıq.
Cibo Səfər gördü ki, xaraba dəyirmandan da adamlar çıxır. Eşşəyini minib sürə-sürə Salmana dedi:
– Salamat qal.
Gün əyiləndə, axşam namazının vaxtı çatanda Cibo Səfər eşşəyi saxlayıb düşdü. Heyvanı otlamağa buraxdı, özü də canamazını çıxarıb açdı, palçıq möhürünü qara dəsmalın ortasına qoydu. Çayda dəstəmaz aldı, qayıdıb üzünü qibləyə tutdu, əllərini göyə qaldırdı.
Günortadan bəri Cibo Səfəri bir ac canavar izləyirdi. Cibo Səfərlə işi yox idi, tamahından qotur, kor uzunqulaq keçirdi. İndi əlinə girəvə düşmüşdü. İnsanın əyilib qalxdığını görüb kolluqdan çıxdı, uzunqulağa tərəf cumdu. Eşşək də canavarı görüb anqıra-anqıra ona tərəf götürüldü. Elə bil canavarı yox, çoxdan bu dünyadan köçmüş anasını görmüşdü. Canavarla uzunqulaq üz-üzə gəldilər və...
Cibo Səfər bunu hiss elədi. Amma namazını yarımçıq qoyub batin eləmək fikrinə düşmədi. Amma dili namazın duasını vird eləsə də ürəyində ayrı şey deyirdi: “Ey ulu tanrı, axı mən sənə nə pislik eləmişəm? Nə də eləyə bilərəm? Əlimdən nə gəlir ki. Bir yazıq adamam, var-dövlətdən vur-tut bir ulağım vardı. Dedim onun köməyilə müqəddəs yerlərə gedib çıxaram. Səni ziyarət eləyərəm. Geri qayıtmağa onsuz da ümidim yox idi. Ölüb qarışacaqdım qurban olduqlarımın torpağına. Axırıncı ümidimi-pənahımı da əlimdən aldın. O yırtıcı canavar sənə məndən əziz oldu? Kimə danışsam, deyəcəklər bəs tanrı səni imtahana çəkir, sınayır, görsün sən onun yolundan dönməyəcəksən? Dönüb neyləyəsiyəm, dönməyib neyləyəsiyəm. Tanrı bu dünyada mənə cənnəti də göstərib, cəhənnəmi də. Cənnəti beş gün görmüşəmsə, elə ömrümün hamısı cəhənnəmdə keçib. İkisinə də dözmüşəm. Hər ikisinə də mənim bu pis sifətim öyrəşib. Mən bu dünyada da, o dünyada da dəvəsi ölmüş ərəbəm”.
Dədə bəy yoldan keçirdi. Canavarın uzunqulağı parçalamasını da, cır-cındırlı kişinin namazını batin elədiyini də görürdü. Alapaçanı saxlayıb tamaşa eləyirdi.
Cibo Səfər canamazını yığışdırıb qalxanda Alapaçanı onun yanına sürdü.
– Axşamın xeyir, müsəlman qardaş.
– Hər vaxtın xeyir.
– Bu nə işdi sənin başına gəldi?
Cibo Səfər altdan yuxarı padşah görkəmli adama baxdı. Ürəyindən keçirtdi: “Tanrı mənnən gizlənpaç oynayır. Bu gələn ya Əzrayıldı, ya Cəbrayıldı. Ayrısı ola bilməz. Ziyarət yerinə çatmağa heç bir ümid yoxdu. Ömrüm də eşşəyimin ömrü kimi burada tamammış. Elə yaxşı oldu, heç olmasa sözümü deyərəm”.
– Bura bax; ağam məni barmağına dolayıb?
Dədə bəy onun sözünə təəccüb elədi.
– Ağan kimdi?
– Ağanı mən sənə tanıdacam? Mənnən çox zillət çəkən yox. Bu günnən onun ziyarətinə gedirəm. Xoşuna gəlmirəm, alsın canımı. Xoşuna gəlirəmsə, qoysun adam kimi gedim ziyarətimi eləyim. Mən onnan tay-tuş ola bilmərəm. Mənnən niyə gizlənpaç oynayır?
Dədə bəy onu indi başa düşdü.
– Şükür elə. Ağam bir yandan bağlayanda, bir yandan açır. Məni sənin köməyinə yetirib. Bəlkə də xeyir elə bundadı.
Cibo Səfər yəqin elədi ki, bu elə Əzrayılın özüdü. Üzünü qibləyə çevirdi.
– Əşədü la illəha illəllah, əşədü Məhəmmədin Rəsul illah, əşədü... hə, al canımı nə gözdüyürsən. Yoxsa öləndə də mənə əzab verəcəksən.
Dədə bəyi gülmək tutdu:
– A kişi, əstəğfürullah de. Mən Əzrayıl deyiləm. Qalx, gedək. Mənə qonaqsan.
O, altdan yuxarı baxdı, inanmadı ki, bu padşah görkəmli adam onu qonaq aparır.
“Sənin birliyinə inanmayan namərddi. Olubsan, varsan, olacaqsan”. – dedi. Canavarın uzunqulağı parçaladığı tərəfə getdi.
– Hara belə?
– Çarıqlarımı axtarıram. Canavar onları da yeməyibsə, götürüm. Qonağı ayaqyalın aparmayacaqsan ha.
Dədə bəy Alapaçanı sürüb onun qabağını kəsdi.
– Əlini bəri ver görüm.
– Cibo Səfərin əli Dədə bəyin iri əllərinin arasında yoxa çıxanda o artıq atın tərkindəydi.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу