Çaparı da həmin lağımın ağzına gətirdilər. Salman dedi:
– Bu təzə peşən də çaparlıq kimidi. Ancaq burada xəbəri sonra eşidəcəklər. Götür külüngü.
– Öldürürdünüz, elə işıqlı dünyada öldürəydiniz də.
– Çox danışma, iş görmək lazımdı. Lələ Salmana göstərişlərini verdi.
– Bunun dalınca bir neçə gündən sonra gələrlər. Hələ vaxt var. Amma yolu gözdən qoymayın. Lağımdakı işlərə də göz yetir. Mən də sabah qayıdacam. Hüseyn Lələ bəy başına əmmamə qoydu, əbasını dəyişdi, belinə yaşıl qurşaq sarıdı. Dəyirmanın arxasında, meşədə bağlayıb ağzını sarıdıqları yabını mindi. Salman yabının yüyənindən tutub dedi:
– Lələ, səni tək yola salmağa mənim haqqım yoxdu. Hər tərəf quldur-qaçaqdı. Allah göstərməmiş sənin başına bir iş gəlsə onda bizim başımıza nə gələcəyindən xəbərin varmı. Ya mən də gedirəm, ya da özün də qal.
– Salman, işimiz çoxdu. Qalaya gələn dəstə böyük də ola bilər. Onların öhdəsindən gəlmək lazımdı. Adamların da çoxu lağımda işləyir. Allahın izniylə mənə heç nə olmaz, inşallah. Yüyəni burax, vaxt keçir. Salamat qal.
Lələ boşalmış yüyəni onun boşalmış əllərindən çıxartdı, atını dabanları ilə məhmizlədi.
Dostu Heydərin uşaqlarının dustaq olmasında özünü də günahkar sayırdı. Heç ağlına gəlməzdi ki, onun ölümündən sonra qaynı Sultan Yaqub bacısı ilə uşaqlarına düşmən kimi baxar.
Şirvandan Ərdəbilə qayıdandan sonra şəhərin kənarında Ülkər onların əllərindən çıxmış, sahibini axtarırmış kimi özünü şəhərin dar küçələrinə atıb evə qədər gəlmiş, ayaqlarını yerə döyərək kişnəmişdi. O, çatanda görmüşdü ki, evin ətrafında hökmdarın fərraşları qaynaşır. İçəri keçə bilməmişdi. Söz yayılmışdı ki, Sultan Yaqub bacısını uşaqları ilə “səkkiz behişt” sarayına, öz yanına aparır.
Həmin günlərdə Heydərin müridlərini, onun yaxın dostlarını axtarır, tutur, gizlində öldürürdülər. Hüseyn Lələ bəy də gizlənməli, bir müddət gözdən yayınmalı olmuşdu. Sonra isə xəbər gəlmişdi. Xəbər gəlmişdi ki, onları saraya yox, həbsə salıblar. Üstündən nə qədər keçəndən sonra yerlərini də öyrənə bilmişdi.
Yavaş-yavaş o, adamlarını toplamış, qalanın yanında pusqu düzəltmişdi. Amma hələ heç bir iş görə bilməmişdi.
Onun ən yaxın dostu, Şirvanda şir kimi vuruşan Dədə bəy bu yaxınlıqda, obada olmalı idi. Hüseyn Lələ bəy onu görməyə gedirdi. Bu illər ərzində onu narahat eləməmiş, gördüyü işlərə qoşmamışdı. Çünki Dədə bəyin gizli işlə arası yox idi, onun dostluğu da, düşmənliyi də açıq-aşkar idi.
– Dayan!
Yolun üstünə əyilən budağın arasından eşidildi bu səs. Sonra da yarğanda bitib çaya tərəf əyilən ağacdan başı qırmızı çalmalı bir nəfər tullanıb yabının cilovundan yapışdı. Onun yoldaşı isə yuxarıda oturub əlindəki oxu hazır tutmuşdu.
Lələ başa düşdü ki, soyğunçuların əlinə düşüb. “Qəribə yerdə axşamladıq. Günah özümdədi, mən niyə silahlı, yaraqlı, erkək at belində gəlmirdim ki, belə bir işə də düşməyəydim”. O, oxunu sazlayıb onu nişan alana baxdı.
– Sənə əbam lazımdırsa, daha onu oxla niyə deşirsən?
Başı qırmızı çalmalı, rəngi yanıb paxır atmış misə dönən adam atın yüyənindən yapışmışdı və kəmərindəki qırmaqdan keçi buynuzundan sapı olan bıçağını çıxartmışdı. Bilmək olmurdu o atın yüyənini kəsmək istəyir, yoxsa atlını... Saqqal basmış, sir-sifəti pırtlaşmış, boyun-boğazı kir bağlamışdı.
– Düş atdan.
Lələ aşırılıb atdan düşdü:
– Bu qoca bir yabıdı. Onu bazarda uzunqulaq qiymətinə də almazlar.
– Mən sataram, – deyə yabının dodaqlarını aralayıb dişlərinə baxdı.
Lələ deyirdi:
– Heç kim almaz, xasiyyəti də pisdi.
– Xasiyyəti necədi? – Dişlərə baxandan sonra ağlı bir şey kəsmədi. Dişlərinin hamısı yeyilib qurtarmışdı..
– Seyid atı necə olar? Kimi görsə dayanır. Onu minib nə qovmaq olar, nə qaçmaq.
– Seyid atı? Sən seyidsən?
– Seyidəm, imam, peyğəmbər övladıyam.
– Mən isə Ağqoyunlu hökmdarıyam – deyə əlini xurcuna salıb nəsə çıxartdı, gördü çörəkdi, gəvələməyə başladı.
– Bir az qoyunum var, mən də onun hökmdarıyam. Seyid kimdi mənim yanımda?
Hüseyn Lələ bəy gördü ki, yox, lap nadanlara rast gəlib, bunlardan yaxa qurtarmaq müşkül işdi. Onları sorğu-suala tutmaq üçün əvvəl sifətlərinə baxdı (Ox tuşlayan da düşüb gəlmişdi). Öyrənmək istəyirdi ki, görsün, sifətdən hansı daha yaxşı adama oxşayır. Yenə də oxu oxqabına qoyan, yayı çiyninə keçirən yekəpər adamı gözü aldı.
– Müsəlmansınız?
– Müsəlman çörək yemir?
– Niyə yemir, yeyir.
– Onda nə soruşursan? – Qırmızı çalmalı çəmkirdi. – Sən Seyidsən. Peyğəmbər əlehsalamın əli sənin başının üstündədi, hər yerdən cəddinə nəzir gəlir. Tər tökməmiş, əziyyət çəkməmiş rahat çörək yeyirsən. Mənim babam peyğəmbərin qohumu olmayıb deyin, mən acından ölməliyəm?
Onun bu mülahizəsi Hüseyn Lələ bəyin xoşuna gəldi. Əl atıb qoltuğundakı cibindən pul kisəsini də çıxarıb onlara verdi.
– Götürün. Doğru sözə nə deyəsən? At da sizin, pul da sizin, sonra nə istəyirsiniz?
– Sonra, sonra da səni o dünyadakı qohumlarının yanına göndərərik ki, cəddini köməyə çağırıb bizim tikəmizi haram eləməyəsən.
Hüseyn Lələ bəy göz gəzdirdi gördü ki, boydan, candan onlarla bacara bilməyəcək. Silahı yox idi. Yenə yanında bir xəncər götürsə onları şil-küt eləyərdi. Yenə də səbr, yenə də təmkin lazım gəlirdi.
– Məni öldürməyin, sizə heç bir xeyri yoxdu. Hər şeyi sizə özüm bağışlayıram. Cəddimi də çağırıram ki, babam peyğəmbər sizin işinizin rəvac tapması üçün xəlluq aləmdən iltimas eləsin. Yox, əgər məni öldürmək fikriniz varsa, onda aparın bu dağın o tərəfində bir oba var, ora. Tanıyırsınız?
– Tanıdıq, tanımadıq, bunun bir xeyri olacaq bizə?
– Olacaq. O obada bir bəy var. Sünnüdü. Seyidləri satın alır. Yaxşı pul verib alır, onların cəzasını özü verir.
Qırmızı çalmalı yoldaşına baxdı, o da razılıqla başını tərpətdi.
– Mən də eşitmişəm deyəsən. O, bir-iki Şeyx Heydər müridini də yaxşı pula alıb. Bir adama bir qoyun verib.
Qırmızı çalmalı soruşdu:
– Seyid bahadı, mürid?
– Seyid, – deyə Hüseyn Lələ bəy dilləndi. – Şeyx Heydər özü seyidiydi. Onun müridlərini alan, gör seyidə nə verər ey.
– Yaxşı, getdik.
Dağın quzeyi meşəlik idi. Güneyində isə otlaqlar başlayırdı. Gah bu dikdirdə, gah da o birində hündür tayalar vurulmuşdu. Bu döşlər dərələrlə doğranmışdı. O dərələr yuxarı qalxdıqca bir yerdə düyünlənirdi. Bu düyün isə dağın başındakı hündür qaya, qayanın ətrafında geniş çınqıllıq idi.
Qayanın dibindən bir neçə dəyirmanı işlədən bulaqlar qaynayırdı. Gur bulağın başından qalxan cığır yastanadakı alaçıqların yanına qalxırdı. Dörd alaçıq qara keçədən, iki alaçıq ağ keçədən qurulmuşdu. Ağ alaçığın qara naxışları, qara alaçığın ağ naxışları vardı. Böyük bir alaçıq isə onlardan yuxarıdakı yastananı tutmuşdu. Həm də keçədən deyil, xalça-palazdan idi. Uzaqdan bəzədilmiş gəlinə oxşayırdı. Qırmızı, abı, yaşıl naxışlar payız nəfəsi dəyən, otu quruyub bozaran, sarı rəngindən xəfif bir fona çevrilən təbiətin döşündə gecikmiş gül dəstəsini xatırladırdı.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу