– Can şirin şeydi, Ələddin qardaş. Söz var, desəm öldürərlər, deməsəm ölləm. Hərə öz kefində, damağında, mənə nə gəlib. Dəvəni qatarla yeyirlər. O qədər əhli-əyalı saxlamaq elə bilirsən asandı? Səndən nə gizlədim, görürəm hal əhlisən. Vaxt olub məktubu bir dəfə oxumağa bir torba qızıl almışam. Nə olub ey, məktubdu da. Yemillər, içmillər. Oxuyurlar, qaytarıllar özümə, mən də qızılımı alıb balalarımı dolandırıram. İtin dişi, motalın dərisi, yırtsa nə yaxşı, yırtmasa nə yaxşı.
– Bu məktubu yolda bir adama oxutdurmusan?
– Yox, müştərisi olmayıb. Hər məktubun öz xiridarı olur. Bunun da xiridarı sizsiniz. Baxtınız yoxdu, neyləyək? Belə oldu da.
Çapar uzandığı yerdən tərpənmirdi. Yeri rahat, qısqısı güclü idi.
Lələ ayağa qalxıb gəzindi.
“Rəhmətlik Heydər düz deyirdi. Dağılır, tar-mar olur. Ağqoyunluların sonudur. Əgər bir ölkənin padşahından tutmuş çaparına qədər naqis işlərə qurşanıbsa, Allah özü də göydən ensə onu xilas eləyə bilməz”.
– Hə, çapar, de görək bu qalada nə gizlədiblər ki, hökmdarın özündən də möhkəm qoruyurlar?
– Bilmirsən? Hardan biləcəksən? Goru nurla dolsun, Uzun Həsənin əlinə güclü xəzinələr keçmişdi. O xəzinələrin hər biri yetmiş dəvədən ibarət yeddi karvanla daşıyıb gətirmişdi bu qalaya. Həmin xəzinəni gizlətməyə yetmiş usta gətirdilər. Hardasa onları gizlətdilər, üstünü hörüb suvadılar. Sonra ustaları da, dəvəçiləri də, lap dəvələrin özlərini də qayadan atdılar ki, sir batsın. Xəzinənin yerini, şəklini, açarını gətirib verdilər hökmdara. Sirri bilən yeddi adam qalmışdı, onları da o söz. İndi ağqoyunluların nəyi varsa, oradadı.
Çapar danışdıqca Lələ qımışa-qımışa gəzişirdi. Onun danışdığı əfsanəyə gülürdü.
– Uzun Həsən də həmin sirri tək sənə danışdı, hə? Sən o qədər də səfeh deyilmişsən. Burada məni barmağına dolayırsan. Mənə düzünü danışmasan, başını hansı arvadına göndərək? Ürəyi yananın yerini deyərsən, sənin bu boyda kəlləni qabağına qoyanda heç olmasa gözündən yaş gəlsin. Başını sənin kimi bığıburma bir kişi ilə göndərəcəm.
– Yox, başına dönüm. Atım istəkli arvadımı yaxşı tanıyır. Başını dünyanın o başından buraxsan, onun yanına gedir. – Birdən-birə dəyişdi. – Yox, yox. Mən sirrə görə baş verən kişilərdən deyiləm. Bir də ki, çapar bilməyən sirrə qurd düşər.
– Onda məktubu ver.
İsmayıl Səkinənin “Ruhani” havasını çaldığı vaxtdan fikirləşirdi. “Bəs niyə hava qoşublar, söz yoxdur. Havada o soyulan şairin dərdi, əziyyəti var. Ancaq elə bil dilini açıb bir kəlmə danışmaq istəməyib?” Bu sirri soruşub öyrənməyə məqam gözləyirdi. Amma hamı fikirli, hamı qayğılı, hamı dərdli idi. Uşaqlığı ilə o da başa düşürdü ki, bu qaladan kənarda qanlı-qadalı hadisələr baş verir, onların da hamısı bu hücrədəki üç qardaş, bir ana ilə bağlıdır. Onların öz dərdləri də elə “Ruhani” havasına oxşayırdı. Dərd, qəm, ələm vardı, amma onu uca səslə, hamının başa düşdüyü dildə deyən yox idi. Bəlkə də elə belə olmalıydı.
Aləmşahbəyim özünə paltar tikirdi. Əynindəki üzülmüşdü. Qara parçanı açıb biçəndə Sultanəli anasının üstünü kəsdi.
– Təzədən qara libasa bürünmək istəyirsən?
– Əynimdəki üzülüb, qadan alım.
– Sən o qatilə görə bu qaranı dəyişirsən? Atamıza görə geydiyin üzülüb düşdü, indi onun qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini başlayırsan?
Aləmşahbəyim əldə dayanmayıb sürüşən, su kimi axan qara ipəyi bir tərəfə atdı. Qalxıb oğlunu qucaqladı, aparıb pəncərənin qabağında, yanında oturtdu. Başını sığalladı.
– Başa düş, oğlum, mən qara libası heç vaxt soyunası deyiləm. Mənim əynimə biçilən baxtıma da biçilib. Köhnəldikcə təzəsini tikəcəm. Ürəkdəki dərd-kədər, yas köhnəlmir, ona dözməyən bu ipək parçadı.
Sultanəli anasının sözlərindan razı qalmadı. Qaş-qabağı yerlə gedirdi.
– Sən qara paltarı soyunmalısan!
– Niyə, ay oğul?
– Düşmənlərimizin gözü qabağında yaslı, dərdli ola bilmərik. Onsuz da mən də bilirəm, sən də bilirsən ki, taleyimiz tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, gözdağı verək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək daha yaxşıdır.
İsmayıl da gəldi. Anası onu uzaqlaşdırmaq istədi.
Sultanəli qoymadı. Çəkib yanında oturtdu. Amma susdular.
İsmayıl pəncərədən baxırdı.
– Qardaş, pəncərədən düşüb qaça bilmərik?
– Yox, bu mümkün deyil.
Pəncərəyə bir əlvan kəpənək qondu. Ağ qanadların ortasında yumru narıncı xalın dövrəsinə qara haşiyə çəkilmişdi. O, paslı dəmirin üstünə qonsa da o tərəf – bu tərəfə aşırdı. Mehin qarşısında düz, dik dayanmağa gücü yox idi. Oradan uçub hücrəyə girdi. İsmayıl qaçıb onu tutdu. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı. O, barmaqları arasında elə bil qabığı soyulmuş iydə tutmuşdu.
– Öldürmə, – deyə Sultanəli kəpənəyə baxdı. – İnsan xoşladığı canlıları tumarlayır. Amma kəpənək tumardan ölə bilər.
– Öldürmərəm, saxlayacam.
– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan.
– Kəpənəkdən də dustaq olar?
– Saxlasan olar.
İsmayıl pəncərəyə yaxınlaşdı, ovcunu açdı, bu kiçik əlin ortasından kəpənək qanadlarını qoşaladı, açıb-yumdu, titrədi və uçdu. Kəklikotu ətri gələn qalaya tərəf uçub getdi. Ovcunda tozu, yumşaqlığının təması və ürək kimi döyünən bədəninin istiliyi qaldı.
Salman qanlı köynəyi atın boynuna bağladı. Dəbilqəni xurcuna atdılar, suda islanıb pozulmuş məktubu da dəbilqənin içərisindəki yerinə qoydular.
– Bəs qılıncı nə eləyək? – deyə Salman Hüseyn Lələ bəydən soruşdu.
– Onu saxla, lazım olar.
Ata bir qamçı vurdu, at götürüldü.
– Lələ, bu köynəyi onun üç arvadından hansı götürəcək?
– Köynək böyük arvadındı. Onun üçün hamıdan artıq yanacaq. Dəbilqə ortancıl arvadındır. Hələ yaxşı tanımayıb. “İgid ərim, qəhrəman kişim vay” deyib ağlayacaq, gözünün qorasını sıxacaq. O ki qaldı ata, o da çatır kiçik arvada. Ağlayıb doyandan sonra gözləri ər axtaracaq. Ər də gərək atlı olsun. Atsız kişiyə də razı olar. Dul arvadın da atı yüyrək olar.
Salman zoğal torbasını götürüb cibinə qoydu.
– Heyif bu zoğaldan. Belə “igidin” qanından qat-qat qiymətliydi.
O, torbadakı zoğalı əzib çaparın köynəyini “qana” bulamışdı.
Hüseyn Lələ bəy çətinliklə də olsa öyrənmişdi ki, onun dostu Şeyx Heydərin uşaqlarını bu qalada saxlayırlar. Xaraba dəyirmanı içəridən düzəltdirmiş, gecə-gündüz burada keşik çəkirdi. Gəlib-gedənləri gözdən qoymur, onları xilas etmək üçün məqam gözləyirdi. Sultan Yaqubun yerinə oğlu Bəysunqur keçəndən sonra çaparların gətirib-apardıqları məktubları oxumağa, hökmdarın dustaqlar barəsindəki fikrini öyrənməyə çalışırdı. Qalaya hücum eləmək mümkün deyildi. Dustaqları e’dam eləyə bilərdilər. Neçə il idi ki, bu yerlərdən əl çəkmirdi, amma hələ elə bir iş görə bilməmişdi.
Çaparı çox sıxışdırmış, görmüşdü ki, o canını qurtarmaq üçün hər dəfə bir yalan uydurur. İnandı ki, o heç nə bilmir. Onun izini itirmək istədi. Atını yola saldılar. Özünə isə köhnə cır-cındır geyindirib qaladan aşağıdakı lağımın ağzına gətirdilər. Buraxsalar, o qayıdıb xaraba dəyirmanın sirrini aça bilərdi. Bundan əlavə də burada ayrı işlər görürdülər. Qaladan aşağı enən lağımın ağzını tapmışdılar. Onun çox hissəsi dolmuşdu, indi onu təmizləyib qalaya yol axtarırdılar.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу