Nal səsinə xaraba dəyirmandan cındırından cin hürkən bir məxluq çıxdı. Başı pırtlaşıq, ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü atlıya tərəf tutub min bir oyun çıxarmağa başladı. At hürkdü, atlı bunu gözləmirdi. Özünü yığışdırana qədər gec oldu, yəhər çevrildi, o yerə gəldi, ayağının biri üzəngidən çıxmadı, atın dalınca süründü, qılıncı daşlara dəyib cingildədi, dəbilqəsi daşlara dəydi, diyirlənib çaya düşdü.
Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə sərildi. At da maral gedən səmtə qaçdı.
Məxluq yetirib atlını qaldırmağa çalışdı. O, zarıyırdı. Qoltuqlarının altından yapışıb sürüyüb onu xaraba dəyirmana apardı. Dəyirmanın qurd yeyib deşik-deşik elədiyi palıd qapısı paslanıb yeyilmiş dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü.
– Lələ, Lələ...
Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu Hüseyn Lələ bəyin sifəti idi.
– Salman, nədi bala, öldürmüsən?
– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmişəm. Vəfalı dostu bunu bu günə saldı.
– Axtar ciblərini.
Salman zarıyan adamın ciblərini axtarmağa başladı. Ancaq qılıncı yaman mane olurdu. Əvvəl kəmərini açdı, qılıncı bir tərəfə qoyub, cibindən cingildəyən kisəsini tapıb çıxartdı. Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü. Kisəni də çevirdi.
– Heç nə yoxdur.
– Görürəm, – Hüseyn Lələ bəy arxayın olmaq üçün kisəyə özü də baxdı. Kisə təkqat parçadan tikilmişdi.
– Qoynunu-qoltuğunu gəz.
Axtardılar. Amma istədiklərini tapa bilmədilər. Hüseyn Lələ bəy əyilib qulağını onun sinəsinə qoydu.
– Ölənin nəfəsini güzgüylə öyrənirlər.
– Bu güzgüyə layiq deyil.
Bunu deyib Lələ cibindən xırda qızıl bir kuzəcik çıxartdı, ağzını açdı, onun lopa bığlarını aralayıb burnuna tutdu.
– Bığı bir putdu, ürəyi bir misqal.
Mayenin iyi dəyən kimi onun bədəni çimçəşdi. Üz-gözünü büzüşdürdü. İri gözlərini açdı. İlk gördüyü qabağına çıxıb atını hürküdən Salman oldu.
– Atasından xəbərsiz ləvənd. İndi sənin başını bədənindən ayırım gör ləzzətini. Əlini belinə atdı, amma əlinə qılınc əvəzinə dəyirmanda bitən gicitkan kolu keçdi. Əlini daladı. – Bismillah, deyəsən cin yığıncağına düşmüşəm.
Salman baş barmaqlarını qulaqlarına qoyub, əllərini oynatdı. Özü də atılıb düşdü.
– Ya Zəlixə, ya Məlixə.
Yekəbığın huşu yenə getdi. Lələ bəy Salmana tərəf döndü.
– Oyunbazlıq yeri deyil. Sən çıx yola, mən onu danışdıracağam.
Yenə də kuzəciyi onun burnuna tutdu. Bu dəfə o gözünü açanda başının üstündə gözəl bir sima gördü. Bığının yarısı enində olan qaşlarının altından biri-birinin üstünə minən kirpiklərini qırpdı. Dili topuq vura-vura soruşdu:
– Sən cinsən, ya Ələddinsən?
– Ələddinəm.
– Məndən nə istəyirsən?
Lələ təmkinlə dilləndi:
– İstədiyimi deməsən cin gələcək ha.
– Gəlməsin, gəlməsin, deyərəm.
– Hanı məktub?
Çapar əlini başına atdı. Ancaq əli polad dəbilqəyə deyil, təmiz, ülgüclə qırxılan daz başına dəydi. Barmaqları qana bulaşdı.
– Hanı dəbilqəm?
Lələ dönüb təmkinlə dedi:
– Bunun dəbilqəsini tapıb gətirin.
Salman çayın sahilinə qaçdı. Dəbilqəni tapa bilmədi. Çayaşağı qaçdı. Gördü ki, dəbilqənin şiş ucu suyun içindən çıxıb. Özünü çaya vurub onu götürdü. Çevirib içərisinə baxdı. Orada bir araqçın da varmış. Araqçını çıxartdı, dəbilqəyə içəridən dördqat bükülüb keçirilmiş kağızı götürdü. Açdı, amma bir kəlmə də oxumaq mümkün deyildi.
Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir şey kimi dəyirmanın küncünə atdı.
Lələ kağıza peşman-peşman baxdı. Məzəmmət dolu baxışlarını Salmanın üzündə saxladı. Salman dedi:
– Bu heyvərə papağını başında saxlaya bilmir, buna mən nə eləyim?
Lələ kağızı sərib üzünü çapara çevirdi:
– Məktubda nə yazılmışdı?
– Bilmirəm.
– Hara aparırdın?
– Qalabəyinə.
– Məzmunundan xəbərin yox idi?
– Ağa, çapar eşşək kimi bir şeydi. Sə’di deməli, eşşək nə bilsin yükü kitabdı, ya odun.
Lələ dönüb baxışı ilə Salmanı yanına çağırdı. Salman çatanda onun ətəyindən tutub cırdı, çaparın gözlərini bağladı.
– Ələddin, axı sən ədalətlisən, məni öldürmə. Mən heç, uşaqlarım yazıqdı! Üç arvaddan iyirmi dörd uşağım var, onun iyirmi biri qızdı. Hamısı da körpə-körpə.
– Kimə qulluq eləyirsən?
– Ağqoyunlu padşahlarına.
– Haralısan?
– Təkəli tayfasındanam, qurbanın olum.
– Dinin? Suallarıma tez cavab ver.
– Müsəlmanam.
– Hansı məzhəbə qulluq eləyirsən? – Lələnin səsi çaparın qulağında mis səsi kimi cingildədi. Bu sual çaparı çaşdırdı.
– La ilahə, illəllah, Məhəmmədin rəsul illah.
– Sünnüsən, şiyəsən?
– Ağa, qurbanın olum, öldür məni, ancaq məzhəbimi soruşma. Sən hansınnansansa mən də onnanam.
Çaparın zar-zar ağlamasına bir sual da bəs eləyərdi.
– Məktubda nə yazılmışdı? – Lələ çox tə’kidlə soruşdu.
– Vallah bilmirəm, billah bilmirəm. Bizim çaparbaşı çaparlığa elə adamı götürür ki, əlifbeyi bilməsin.
Lələ görürdü ki, doğrudan çaparın məktubun məzmunundan xəbəri yoxdur. Bəs onda necə öyrənmək olardı? Məktubun məzmunu isə ona hava-su kimi lazım idi.
– Bəs sənə nə tapşırmışdılar?
– Demişdilər ki, aparıb məktubu verərsən, gecə qalıb dincələrsən, səhər cavabını alıb yola düşərsən. Mənə verərsən, hökmdara aparacam.
“Hökmdar” kəlməsini eşidən kimi Lələ onun üstünə əyildi. Əl atıb yaxasından yapışdı.
– Elə belə dedi?
– Qoy fikirləşim, onsuz da çaparbaşı məktubları hökmdara aparır da, dədəsinə-anasına aparmayacaq ha. Düzdü, bir-iki dəfə məni uzaq yerlərə göndərib. Məktub aparıb cavab gətirmişəm. Deyib hökmdar əmridi. Sonra görmüşəm yox, burada hökmdarlıq işi yoxdu. Özünə arvad gətirirmiş. Bəlkə indi də belə bir işdi?
– Sicilləmə oxuma mənə!
‘“Yaxşı, hələ günortadı. Az bir vaxta çapar çatacaqdı qalaya, oradan cavabı alıb gətirəcəkdi. Gecə yarısı, ya səhər özünü yetirəcəkdi Ərdəbilə. Niyə gecə qalada qalmalıydı? Ona yazıqlarımı gəlib? Yox, burada nəsə xoşa gəlməyən bir məsələ var. Məktubda yazılan hökm icra olunmalıymış. İşin icrası üçün qalada qalmağa icazə veriblərmiş. Yoxsa ayrı cür ola bilməz”.
– Sən bu qalaya çoxmu gedib-gəlmisən?
– Beş, ya da altı dəfə.
– Nə var orada?
– Sirri mən sizə necə verim? Axı sonra məni dara çəkərlər. Heç siz də padşah çaparının satqın olmağına razılıq verməzsiniz.
Lələ qımışdı. Əlini onun şişmiş qarnına çırpdı.
– Bu piylə, bu peysərlə hamını aldatsan da, məni aldada bilməzsən. Sən satqınlığa həmişə hazır olmusan, çox sirləri də satmısan. Aldıqların səni belə piyləndirib. İidi də bildiklərini deyəcəksən. Belə deyil?
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу