– Mənim şikarımı niyə korladın?
İlxıçı paltarlarından, hökmlü danışmaqlarından böyük adamlar olduğunu görüb yabıdan aşırılıb düşdü.
– Ağa, bu dünyada şikarı korlamayan bir adam tapsan, bu yabını muştuluq verərəm, – dedi.
– Bu zırramanın cəzasını verin.
– Cəza nədi, ay başına dönüm. Mən nə biləydim sən burada ov eləyirsən, ilxını o tərəfdən sürəydim. Ovcumu iyləmişdim ki?!
Fərraşlar onu götürüb üz üstə yerə atdılar. Kişi isə qışqırdı.
– İlxı gedib itər, sonra Şükür bəyin əlindən qurtara bilməzsiniz ha. Mən cəhənnəm, özünüzə yazığınız gəlsin. Sultan Yaqub güldü.
– Şükür bəy belə zəhmli, zərli-zorlu adamdı?
İlxıçı qalxıb oturdu.
– Onun var-dövləti məndə olsa, elə mən də zərli-zorlu olaram da.
– Var-dövlətdən nəyi var?
– Sən soruş ki, nəyi yoxdu. Bir ilxısı budu, beş sürü qoyundu, nə qədər malı, çobanlarının elə mən bilən əlli iti var. Ay başına dönüm, de məni buraxsınlar, ilxı itər, Şükür bəy mənim dərimə saman təpər. Onda gərək mən də sizi axtarıb tapam heyfimi çıxam.
– Fərraş, buna əlli çubuq.
Fərraşlar onun bez köynəyini cırıb əynindən çıxartdılar. Biri ayaqlarının üstündə oturdu, ikisi qamçılarını qaldırıb onun kürəyini şallaqlamağa başladılar.
Vəzir Zəkəriyyə Keçəçi atını Sultan Yaqubun yanına sürdü. Pıçıltı ilə dedi:
– Sultani-əzəm, biz toya gəlmişik. Bu kişini döydürməyin xəbəri Qarabağa yayılsa yaxşı düşməyəcək.
Bu fikir onun da ağlına batdı. Şallaq dəydikcə, kişi qışqırır, deyirdi:
– Üstümü unlu görüb adımı dəyirmançı qoymusunuz. Vallah, elə adamlarım var ki, üstlərinə şikayətə getsəm, hamınızı zəncirə vurdurar. Vəzir işarə verdi, fərraşlar əl saxladılar.
– Kimdi, a kişi sənin adamların? Yə’ni burdakılardan da böyükdü?
Kişi kinayə ilə güldü.
– Buradakılara bax ey. Mənim adamlarım Təbrizdədi, lap o “səkkiz behişt” sarayında.
– Kimdi saraydakı qohumun? Qapıçıdı, qulamdı, aşbazdı, mehtərdi, nədi?
Kişi qalxdı, ayaqlarını fərraşın ayaqları altından çıxartdı. Onun üstünə çəmkirdi də.
– Üstümdə elə oturmusan ki, elə bil nənən salan döşəkdi. – Yenə üzünü vəzirə tutdu.
Mənim özümə baxmayın. Mən qulama, qapıçıya adam demərəm. Sarayda bir kişi var, o da sultandı, padşahdı.
Sultan Yaqubun rəngi ağardı.
– Padşahı görmüsən? – deyə ondan soruşdu.
– Bəlkə də. Ancaq yadımda deyil. Mən Uzun Həsən Cənnət məkanı görmüşəm.
– Harda?
– Harda, harda. Yoldaşım, dostum, tayım-tuşum deyildi ha. Malatyada, osmanlılarnan vuruşmada. Uğurlu Məhəmməd də yadımdadı.
– Sən vuruşmusan da?
O, köynəyinin cındırlarını dartıb əynindən çıxardı. Sağ döşündə dərin çapıq yeri vardı.
– Bu da mənim şahidim. – O fərraşın üstünə qışqırdı.
– Görmürsən kişilərlə söhbət eləyirəm, o ilxı dağıldı. Qaç onları bəri qaytar. – Fərraş nə edəcəyini bilmədi. O yenə də vəzirə döndü. – Belə.
– Yaxşı, sən demədin ki, sənin qohumun sarayda kimdi?
– Sultan Yaqub.
– Necə?
– Bəli. İnanmazsınız.
– Necə qohumundu?
– Necə,necə. Sultanın qayınatasıyam.
Onların hamısı bir-birinin üzünə baxdılar. Sultan Yaqub atdan düşdü. Yer yarılsa o yerə girərdi. İndi bu ilxıçı kişidən üzürmü istəməliydi? Bilmirdi nə eləsin.
– Adın nədi?
– Cahangir.
– Cahangir bəy.
Kişini gülmək tutdu.
– Başına dönüm, məni ələ salmayın. Görürəm ki, alicənab adamlarsınız. Günah məndə oldu ki, sənin şikarını əlindən çıxartdım. Əvəzində də mənə bir-iki şallaq vurdular. Hər şey qurtardı getdi. Daha məni ələ niyə salırsan? Mən hara, bəy hara. İlxıçı babayam, o ilxıdan bir çöpüklü qulun itsə, gərək alaçığımı, palımı-paltarımı da satıb verəm. Amma yalan da demirəm, Sultan Yaqub mənim kürəkənimdi. Ancaq qapıma elçi göndərməyib, toy eləyib qızımı aparmayıb. Anasının xoşuna gəlib qız, götürüb aparıb. Bundan sonra yüz il yaşasam da nə mən qızımı görə bilərəm, nə də o məni. Kasıb kasıbdısa gərək arvadı da, qızı da kifir olsun, heç kimin də gözü düşməsin. Yoxsa bax beləcə götürüb gedirlər, qalırsan başına döyə-döyə. Bəynən bostan əkən kasıbın çiynində bitər o bostanın tağı.
– Mən düz deyirəm. Sən Cahangir bəysən, özün də ilxıçı deyil, əmiraxursan. Vəzir, Cahangir bəyin vəzifəsini ona başa salarsan. Cahangir bəyin libasını gətirin.
Cahankir kişi elə bil ayıldı.
– Ay başına dönüm, axı sən kimsən?
– Mən Ağqoyunlu hökmdarı Sultan Yaqub.
Cahangir kişi onun ayaqlarına düşdü.
– Başına dönüm, artıq-əskik danışmışam, keç günahımdan.
– Qalx ayağa. Hər şey keçib getdi. Gəlmişəm Sultanbudda sənin qızına elə toy çaldıram ki, səsi bütün ölkələrə düşsün.
Cahangir əllərini göyə qaldırdı. Allahına dua elədi. Amma birdən yadına nə düşdüsə dönüb ilxıya baxdı. İlxı uzaqlaşırdı, O, əlini dodaqlarına qoyub fit çaldı. Ayğır fiti eşidəndə ilxını döndərib onlara tərəf gətirdi. Sonra Sultan Yaqubun narazı baxışını görüb dedi:
– Başına dönüm, Şükür bəy pis adamdı. İlxısı itsə harda olsam, məndə heyif qoymaz.
– Şükür bəy oldu sənin kiçiyin. İstəyirsən elə eləyim, o gəlib sənin üzəngini tutan olsun. Başına nə oyun istə– yirsən gətir, bütün heyflərini ondan çıx.
Bir azdan fərraşlar libas gətirdilər. Cahangir kişini çəkib apardılar, kolların arxasında geydirib gətirdilər. Bayaqkı ilxıçı Cahangirdən əsər-əlamət qalmamışdı.
Onlar ceyran ovlamamış düşərgəyə qayıtdılar. Vəzir onu qızı olan ağ, qızıl qübbəli çadıra apardı. Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara xatunla Şeyx Heydəri qəbul eləmişdi. Sonradan qənimət almışdılar. Cahangir kişi elə bil yuxu görürdü. Çadıra girəndə mavi paltarlı bir gözəl gördü. Geyimdən yox, gözlərindən tanıdı qızını.
– Ay mənim itkin balam.
– Dədə...
Ata-bala qucaqlaşdı. Neçə ilin həsrətliləri biri-birilərinə qovuşdular. Qız atasının əllərini öpürdü, o kobud əllər göz yaşlarından islanmışdı.
– Anam necədi?
– Yaxşıdı, qurbanın olum. Çox şükür, çox şükür, bizim də baxtımız varmış.
– Sən də şükür eləyirsən, dədə? Səni də yola gətirdilər.
– Sus. Eşidəllər, yaxşı düşməz.
– Eşitsinlər də. Comərd necədi?
– Kəs. Bunun Comərdinə bax. İtin başını qoydular xonçaya diyirlənib düşdü. Sən o boyda hökmdarın arvadı olacaqsan. Sənə belə təmtəraqla toy çaldırır, sən də atdan yıxılıb hüt-hütünü əldən qoymursan.
– Neynirəm ey o qızıl teşti, içinə qan qusam. Ömrümün axırına kimi nə səni görəcəm, nə anamı, nə də qardaş-bacılarımı.
Cahankir kişi əllərini qızıl işləməli, qan rəngli libasına çəkdi.
– Mən də sənin yanında olacam. İndi mən Cahangir bəyəm. Qoşunun əmiraxuru. Bütün at axurlarının böyüyü. Təbriz yanında da beş para kəndimiz olacaq.
Səlcuqəşahbəyim onların söhbətinə çadırın arxasından qulaq asırdı.
Comərd adını eşidəndə alt dodağının üstündəki xalı dişlərinin arasına alıb gəmirməyə başladı. “Yaxşı. Demək bu ilxıçı qızını hökmdara təslim olmağa qoymayan Comərddi. Mən onun tədbirini tökərəm”.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу