Sultanəli ağacın bir tərəfini şamın oduna tutdu. Ağac alışdı, çırthaçırtla yanmağa başladı. Məsih Mirzə heç nə başa düşmədi.
– Yanır?
– Yanır.
– Niyə yanır? Biz baxanda bunun ki, içərisində alov yox idi. Amma oda verən kimi alışdı və öz-özünə yanmağa başladı. Demək alovla aşinalıq onun bətnində idi. Nə qədər alova tutmasan o batin idi və yanmayacaqdı.
– Batindəki həmişə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı.
– O baxır batinə, oradakı sirrin xasiyyətinə. Bizdən həmişə şübhələnirlər. Qorxurlar ki, hökmdar olmaq fikrindəyik. Sən də indi bu barədə düşünürdün. Amma onu bilmirlər ki, biz hökmdarıq. Öz batini fikrimizin hökmdarı. Biz əbədi bir yolun yolçusuyuq, beş günlük şahlıq səviyyəsinə enmərik. Ona görə bizim sövdamız baş tuta bilməz. Anam sizə “yox” cavabı verdi. Mən ondan bundan artıq cavab gözləmirdim. Öz qardaşının qanına qəltan olunmasına fitva verib sizinlə razılığa gəlsəydi, mən öz doğma anamdan ömürlük inciyərdim.
Sultanəli bu sözləri deyib ayağa qalxdı. Bu o demək idi ki, mən səninlə söhbəti qurtardım.
Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı və yenidən oturmaq istədi. Amma gec idi, özünü itirdiyi də hamıya aydın olmuşdu. Bu körpə uşaqla ağıl mübarizəsində məğlub olmuşdu. O, yerişini də itirdi. O, buraya hökmdar olmaq fikri ilə ayaq basmışdı, sanki tacqoyma mərasiminə gəlir, cəvahiratla bəzənən tacı onun başına bacısı qoymalı idi, amma həmin tacı bacısı oğlu onun başına çırpmışdı.
Keçib qılıncını götürdü. Hücrədən çıxmaq üçün qapıya getdi. Amma qapıya çatmamış dayanıb geriyə döndü və bacısına baxdı.
– Bacı, seçdiyim yolda sənə, sənin qohumlarına arxalanmaq istədim. Görünür qismət deyilmiş. Nə olar, özümə bu qılıncla yol açaram. Buna gücüm çatar. Amma bundan sonra məndən inciməyin.
– Yenə də qılınc, yenə də qan. Ey tanrı, sən bu ana-bacıları niyə yaradırdın? Onların nə günahı vardı?!
O vaxtdan xeyli keçmişdi. Nə Sultan Yaqubdan, nə də Məsih Mirzədən bir xəbər çıxmamışdı. Günlər isə bir-birindən üzücü gəlib keçirdi. Səkinə Aləmşahbəyimin qızılı saçları arasında ağ tüklər görmüşdü. Özünə deməmişdi. Bir kisə xınası vardı. İsladıb gətirmişdi.
– Atam-anam, saçlarına xına qoyum? Aləmşahbəyim hirslənməzdi, özündən çıxmazdı. Heç vaxt Səkinənin üstünə səsini qaldırmamışdı. Ona yazığı gəlirdi. Onun xına söhbətindən sonra özünü saxlaya bilmədi. İçində ilan zəhəri rəngində xına olan üstü yazılı mis camı alıb divara çırpdı. Qab daşa dəyib cingildədi, xına divara yayıldı. Qab isə divar dibi ilə diyirlənib qapının yanında dayandı. Səkinə quruyub qaldı. Nə pis iş görmüşdü ki, onu belə təhqir eləmişdilər? Amma nə səsini çıxartdı, nə incidi, nə də gözünü qaldırıb ona baxdı. Gedib qabı götürdü, əski gətirib divardakı xınanı təmizlədi. Aləmşahbəyim də bu müddətdə peşman oldu.
– Səkinə, mənə xına yaraşır?
Səkinə onun hirsinin səbəbini indi başa düşdü. Onun qabağında çökdü. Əllərindən öpdü.
– Keç günahımdan, atam-anam. Gözəl-göyçəksən, məleykə kimisən, istəmirəm bu gözəlliyinə bir xal düşsün.
Aləmşahbəyim gedib barmaqlığın qabağındakı güzgünü götürdü. Xırdaca, qızıl çərçivəli güzkü idi. Bunu əri rum tacirlərindan bir at qiymətinə almışdı. Əsil Venedikt güzgüsü idi. Güzgüdə onun zənəxdanı, soluxmuş ağ qızılgül ləçəklərinin biri-birinə söykənməyinə oxşayan dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaşının üstündəki xal görünüb ötdü. Qızılı saçlarının ayrıcına çatanda güzgünü bir yerdə saxladı. Orada bir neçə tük ağarmışdı.
– Heydər qayıtdı, Səkinə.
– Nə dedin, atam-anam?
– Heydər qayıtdı deyirəm.
– Necə qayıtdı?
– Saçımın ağıyla qayıtdı gəldi Heydər.
Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubun qəflə-qatırı Araz qırağı yolla Beyləqan tərəfə yol almışdı. Qabaqda Sultanın seçmə mühafizə dəstəsinin geyimli-kecimli, bığıburma süvariləri gedirdi. Aralıqda Sultan Yaqub günün altında bərq vura-vura atını yorğa yerişlə sürürdü. Onlardan arxada Venedikt zər parçaları ilə bəzənən kəcavədə Qarabağ gözəlini oturtmuşdular. Səlcuqəşahbəyim xatun da ayrı bir kəcavədə gedirdi O, oğlunu nə qədər eləsə də bu toy fikrindən yayındıra bilməmişdi. Müxtəlif bəhanələrlə illər boyu toyu saxlasa da Sultan Yaqub öz dediyinin üstündə dayanmışdı.
Arxada müxtəlif yüklər daşıyan qırx dəvə zınqırovlarını səsləndirə-səsləndirə gəlirdi.
Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmışdılar. Yağışlardan sonra bu geniş düzəndə ot cücərmiş, xırda ağ çiçəklər də açmışdı. Alaçıqların yanında körpə qumral quzular oynaşır, göz işlədikcə uzanan düzdə sürülər otlayırdı.
Toyun günü ölkənin bütün əyalətlərinə xəbər verilmişdi. Hər yerdə şənliklər düzəltmək üçün mə’murlar qapı-qapı gəzib şallaq gücünə muştuluq vergisi yığırdılar.
Toyun olacağı Sultanbudda Gürcüstandan, Şirvan mahalından, qonşu ölkələrin çoxundan qonaqlar də’vət edilmişdi. Şirvanşah Fərrux Yasarın gəlməyinə ümid az olsa da, hər halda oğlanlarından birini böyük hədiyyələrlə göndərəcəkdi.
Qafilə Beyləqan şəhərinin xərabələrinə az qalmış düzdə dayandı. Fərraşlar əvvəl Sultanın qızıl qübbəli çadırını qurdular.
Qarabağ gözəli kəcavədən düşən kimi öz doğma düzlərini gördü. Yetirib yerdən bir ovuc yovşan qopardı. Burnuna yaxınlaşdırdı:
– Oxxay, bütün müşk-ənbərlərdən bu gözəldir, – dedi.
Sultan Yaqub dayanıb heyranlıqla ona baxırdı:
– Ey gözəllər gözəli, sənin vətəninə gəlmişik. İndi özünü necə hiss eləyirsən?
– Çox gözəl, hökmdar. İndi bir at verələr, yatam yalına, düşəm ceyranların dalınca, onda görərsiniz analar necə qızlar doğub.
– Ceyran? O ceyranın neçəsini desən mən ovlayıb gətirərəm. O, vəzirinə göstəriş verdi. Ova çıxacağını dedi. Bir anda onun atını, kəməndini, oxunu, silah və əbləsələrini hazır elədilər. Sultan Yaqub sıçrayıb atın yəhərinə qalxmağı ilə götürülməyi bir oldu. Vəziri, əmirsipəhsaları da yanında idi. Süleyman Bicanoğlu da özünü xəstəliyə vurub gəlməmişdi. Yoxsa o da ovda iştirak eləyərdi.
Ceyranı çox gözləməli olmadılar. Təpəni aşan kimi bir sürü ceyran at ayaqlarının səsinə sıçrayıb qalxdı. Sultan Yaqub atını onların üstünə sürdü. Sürü dağıldı. O, bir ceyranın dalınca atını səyirtdi. Qaç-qov başladı. Onun əyanları xeyli arxada qalmışdılar. Sultan Yaqubun altındakı atın burun pərələri irilmişdi. O, atası Uzun Həsənin atının balalarından idi. Yorğa yerişli, qaçışda misilsiz, döyüşdə çevik və dözümlü idi. O, ceyrana çox yaxınlaşmışdı. Artıq kəməndini də hazırlamışdı. Bir az da yaxınlaşsa kəmənd gözləri irilmiş ceyrana çatacaqdı. Bir az da yaxınlaşdı. Dırnaqları parıldayan nazik ayaqlı, gözəl ceyran bayaq iri sıçrayışlarla tullanırdısa, artıq gücdən düşmüşdü. O, kəməndi əlində dəstələyib tullamaq istəyirdi ki, ilxının qabağı açıldı. Sultan Yaqubun atı ayaq saxladı. Ceyran uzaqlaşdı, ilxı onunla şikarının arasından keçirdi. Sultanın qanı sifətinə vurdu. Bu vaxt ə’yan-əşrəf də yaxınlaşdı. İlxı keçib gedəndən sonra arıq bir yabını çılpaq minən ilxıçını Sultan Yaqub yanına çağırdı.
Читать дальше
Конец ознакомительного отрывка
Купить книгу