– Sonra. Bir hava da çal.
Səkinə utana-utana sazı sinəsinə götürdü. Təzanəni gəzdirib havanın kələfinin ucunu tapan kimi özü də dəyişildi. Elə bil heç kimin görmədiyi yerdə əlləri işləyib dünyanın ən iri düyünlərindən birini açmağa çalışır. Bu anda hər şey yaddan çıxır. Sazın simlərindən qopan hava gah adamı yandırıb-yaxır, gah qanadlandırır, gah mə’yus eləyirdi.
O, çalıb qurtarandan sonra İsmayıl soruşdu:
– Səkinə xala, bu havanın adı nədi?
– Ruhani.
– Niyə ruhanidi?
– Atam-anam, nə bilim. Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi Allah rəhmət eləsin. Deyərdik kimə? Deyərdi şairə. Öz qəzəllərinə, sözlərinə görə onun dərisini soyublar. O, hürufani olub. Aşıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoşublar:
– Şair Seyyid İmadəddin Nəsimi, – deyə Sultanəli dilləndi.
– Nəsimi? O, kimdi? – deyə İsmayıl Sultanəliyə yazıq-yazıq baxdı.
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu.
– Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar.
– Niyə axı? Onun günahı nə olub?
– Sonra bilərsən. O, hürufi şairdi.
– Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı.
– Bir-iki kəlməylə başa düşmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan. Əvvəl özümüzü öyrən, sonra.
– Biz kimik?
– Sufi.
– Sufi nədir? – İsmayılın bu sualından sonra anası onun qolundan tutub qalxızdı, çənəsindən yuxarı qaldırdı.
– Nə görürsən?
– Səqf.
– Nədəndi o səqf?
– Daşdan. – İsmayıl təəccüblə anasına cavab verirdi.
– Necə daşdan?
– Kobud.
– Bura nədi?
– Qala.
– Bax, sufilik də budu. Zindandı, zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.
Söhbətləri burada bitdi.
Öz hücrələrinə keçdilər. Sultanəli şamları yandırdı. Amma anası görürdü ki, şamı yandıranda əlləri əsir. Amma heç nə soruşmadı. Bilirdi ki, bayaq İsmayıla dediyi söz onun xətrinə dəyib. Anası olduğuna görə cavab verməyib. İbrahim də tutulmuşdu. O, böyük qardaşından iki yaş kiçik idi. Amma hamıdan hirsli, əsəbiydi. Əsəbiliyinin də səbəbi dilinin tutulmağı idi. Danışmaq istədiyi yerdə, dilinə söz gəlmir, o qızarır, pörtür, dili-dodağı əsirdi.
Qapı döyüldü. Sultanəli getmək istədi, amma anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi ki, bəla birdən-birə onun oğlanlarına gəlsin, özünü qabağa verirdi. Keçən illərdə qapıda onu görən silahlı-əbləsəli bir fərraş özünü saxlaya bilməyib çöhrəsi açıq bu qadının gözəlliyinə görə bircə kəlmə demişdi:
– Fətəbərəkallah!
Onun bu kəlməsini eşidib saraya xəbər vermişdilər. Üstündən xeyli keçəndən sonra həmin fərraşı Ərdəbilin mərkəzi meydanında e’dam eləmişdilər. E’lan eləmişdilər ki, o əsilzadə ailələrindən birinin qadınının sifətinə baxıb.
Bu dəfə də özü getdi. Bilirdi ki, qardaşının fitvası ilə oğlanları böyüdükcə bir-bir gedəcək. Odur ki, gecələr də yuxusu ərşə çəkilir. Ərinin xəncərini başının altında saxlayırdı. Yad səsi eşidən kimi, Səkinə də oyanırdı.
İndi qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər dayanmışdı. Aləmşahbəyim geri çəkildi.
– Sən kimsən?
– Bacı, qardaşını tanıya bilmədin? Aləmşahbəyim diqqətlə baxdı. Məsih Mirzə idi. Aləmşahbəyim onu sancdı.
– Günah bacıda deyil. Qardaş bacının dar günündə görünməyəndən sonra onu necə tanıyasan?
Məsih Mirzə içəri girdi.
– Bacımı, onun balalarını bu gündə görüncə gözlərim kor olaydı – deyib silahlarını çıxartdı. Sultanəlinin yanında dayanan qardaşları da onun kimi, indi sifətini gördükləri dayılarına kinli-kinli baxırdı. – Sizin yanınıza gəlmək olurmu bəyəm. Taxt-tac Yaqubun gözlərini tutub, heç nə görmür. Bura girmək üçün nə qədər vaxtdı əlləşirəm. Əbih Sultan olmasaydı, bura yol tapa bilməyəcəkdim.
Aləmşahbəyim qardaşının gəlişindən sevinsə də, həm də bərk narahat oldu. Aşkardır ki, o bacısını elə-belə görməyə gəlməyib. “Yox, yəqin ki, uşaqlarla işi yoxdur. Nəsə başqa məqsədi var. Əbih Sultanla birləşibsə, bu ayrı məsələdi.”
O, bardaş qurub oturdu.
– Səndən nə yaxşı, qardaş?
– Gəlmişəm də. Dedim, görüm necəsiniz.
– Belə də, günümüz xoş, dövranımız çağ.
Məsih Mirzə hal-əhval tutandan sonra uşaqlara baxdı. Sonra da bacısına dedi:
– Səninlə ikilikdə sözüm var.
– Yaxşı, Sultanəli, keçin o birisi hücrəyə. – Onlar çox könülsüz getdilər. – Hə, eşidirəm, səni, – deyə qardaşının qılıncını kəmər qarışıq cingildədə-cingildədə aparıb pəncərənin qabağından asdı. Məsih Mirzə bardaş qurmuşdu, dizlərinin kündələri şam işığında qızarırdı. Qırmızı atlasdan şalvar geymişdi. Üstünə isə başı kölgə salmışdı. Əllərini də uzadıb dizlərinin üstünə qoymuşdu, iri barmaqları yerdən çıxarılan ağacın rişələri kimi görünürdü.
– Bacı, dərdini təzələsəm də deməliyəm ki, Şeyxin ölümünə fitva verən adamı tapmışam. Üləma Fəzlüllah ibn Rüzbahan Hünəci Yaqubu başdan-beyindən çıxarıb. O, Yaquba, bir də Osmanlı Sultanı Bəyazidə məktublar yazıb. Yazıb ki, Şeyx Cüneyd kimi Şeyx Heydər də ürfan və ruhaniyyət yolu ilə getmək əvəzinə, ölkə və vilayətlər ələ keçirmək istəyirlər. O, üsyanlar başçısıdı, sufi nəsəbdi, xəyanətkardır. Qardaşımız da bu murdar fitnəkara inandı. Ağılsız tərpəndi. Tək sənin yox, həm də öz xətrinə belə iş görməməli idi. Çünki Şeyx Səfinin qurduğu binanı uçurmaq fikrinə düşən ağılsız adamdır. Onun ziyarətinə Hinddən, Çindən, Rumdan, Sərəndibdən, [2] İndiki Şri-Lanka.
Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər. Səfiyyəddinin oğlu Sədrəddinə Məlik Əşrəf Çobaninin gücü çatmadı. Cəlayirlər də ona heç nə edə bilmədilər. Belə adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırdı. İndi ölkənin yarıdan çoxu ona lə’nət oxuyur.
– İndi məndən nə istəyirsən? – Aləmşahbəyim qardaşının baltanı hara çaldığını yaxşı başa düşürdü. Amma fikrini açıq söyləməyini istəyirdi.
– Düzü, səninlə tamam başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.
– Buyur.
– Səni və balalarını bu müsibətdən qurtarmaq üçün bircə yol var. – Məsih Mirzə susdu. Bacısı da dinməyib onun təklifini gözləyirdi. Qardaşı da fikrini deməyə görünür çətinlik çəkirdi. Amma sözünü dedi. – Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadı altına alar.
– Demək mənə elçiliyə gəlmisən, qardaş?
– Elçiliyə yox. Fikrini aramağa. Görüm nə deyirsən?
– Qüdrətli adam da yəqin ki, Əbih Sultandı, elə deyilmi?
– Hardan bildin? Əbih Sultan doğrudan qüdrətlidir. Ölkənin dirəklərindən biridir.
– O dirək qardaşının laxlamış səltənətini saxlasın da. – Aləmşahbəyim elə hirslənmişdi ki, qardaşı olmasa, o divardakı qılıncı onun köksünə sancardı. Amma özünü ələ almaq üçün bütün iradəsini cəm eləmişdi. “İndi də bu taxt həvəsinə düşüb. Ona görə qardaşını da yay kirişi ilə boğmağa, bacısını da kiminsə ağuşuna atmağa hazırdı”.
Читать дальше