Həmin mübarizəyə başlamaq təşəbbüsü isə kilsə xadimi Fransisko atadan gəlir (Yeri gəlmişkən, bir neçə əsərində Şekspir ümumən kilsə xadimlərini müsbət planda işləmişdir).
Qeronun xoşbəxtliyi uğrunda mübarizəyə qoşulanlar arasında ən orijinal təsir bağışlayan isə onun əmisi qızı Beatriçedir. Beatriçe də gözəl və ağıllı qızdır, o da kiməsə könül verib ailə qurmaq istəyir.
Lakin söhbət qohumu və rəfiqəsi Qeronun təmiz adından gedəndə Beatriçe öz taleyini unudur, bütün fəaliyyətini başqasının xoşbəxtliyinə yönəldir.
Beatriçe zərif bir qızdır; o, Qeroya şer atan prins Klavdionu heç cür bağışlaya bilmir və öz sevdiyi Benediktdən xahiş, sonra isə tələb edir ki, Klavdionu öldürsün. Bu, fədakar zərif qızın necə qəlb sahibi olduğunu sübut edir; o, Qeronun səadəti naminə həm öz taleyini, həm də sevdiyi oğlanın taleyini zərbə altında qoymaqdan belə çəkinmir.
Bu kitabda oxuculara təqdim edilən “Fırtına” pyesi isə Şekspir yaradıcılığının son dövrünün məhsuludur.
Təxminən iyirmi iki illik yaradıcılığı müddətində V.Şekspirin dünyaya, cəmiyyətə, ətrafda gedən proseslərə münasibəti üç köklü dəyişikliyə uğramışdır. Birinci nikbin əhval haqqında yuxarıda söz açılmışdı.
İllər keçdikcə Şekspir düşündüyündən də böyük şöhrət qazanırdı. Artıq XVI əsrin axırlarında o, həm tanınmış şair, həm dramaturq, həm də aktyor idi. Hətta heç bir bədii əsər yazmasaydı belə, o vaxtın İngiltərəsinin ən şöhrətli teatrı sayılan “Dünya teatrı”nın (“Globe Theatre”) payçılarından biri kimi dolanışığını təmin etmişdi. Bir sözlə, artıq onun kifayət qədər şöhrəti, maddi imkanı var idi. O, kral sarayının ən ehtiramlı qonaqlarından sayılırdı.
Lakin hər arzusuna çatan Şekspir özünü xoşbəxt hiss edə bilmirdi. Əsrin sonlarında o, başa düşmüşdü ki, özünü heç vaxt xoşbəxt sana bilməyəcək. Şekspirin yeni inancına görə, ümumən bədbəxt olan cəmiyyətdə ayrı-ayrı fərdlərin xoşbəxtliyi mümkün deyildir. Gəldiyi bu acı qənaət sanki Şekspirin bütün daxili aləmini sarsıtmış, altını üstünə çevirmişdi — onun nikbin əhvalının yerini bədbinlik tutmuşdu.
O, ən məşhur faciələrini də elə, həmin bədbin əhvalın təsiri altında qələmə almışdır. 1609 —12-ci illərdə isə V.Şekspir mövcud reallıqdan uzaqda dayanmağa çalışmış, daha çox romantik düşüncə tərzinə meyllənmişdir. Artıq həyatın eybəcərliklərini real qüvvələrin gücü ilə deyişməyin mümükünsüzlüyü qənaətinə gələn, sanki bəşər övladının ədalətindən əlini üzən Şekspir nicat yollarını göylərdə, ruhlarda, mifik qüvvələrdə axtarırdı. “Fırtına” romantik pyesi məhz həmin yaradıcılıq dövrünün məhsuludur.
Bu əsər haradasa “Hamlet” faciəsini xatırladır. Hakimiyyət ehtirası altında ən doğma adamına qəsd etmək! Burada da qardaş qardaşa qənim kəsilmişdir. Bu əsər vasitəsilə Şekspir öz oxucusuna təlqin edir ki, dünyada hər şeyin hesabı gedir və ehtiyac yarananda mifik — romantik qüvvələr ədalətin bərpa edilməsində aparıcı rol oynayırlar.
“Fırtına” pyesi xeyrin təntənəsi və qalibiyyəti ilə başa çatsa belə, əsərin bir amalı da edilmiş pisliklərin intiqamını almamaq, pisliyin, xəyanətin fövqündə dayanmağı bacarmaqdır. Prospero obrazı məhz bu insani keyfiyyətlərin daşıyıcısıdır.
Pyesin təlqin etdiyi digər bir məqam isə harada olmasından asılı olmayaraq insanın öz insani simasını itirməməsidir. Uzaq adada yaşamağa məcbur edilmiş Prospero və onun qızı Miranda öz insani keyfiyyətlərini nəinki itirmir, əksinə, fırtınanın bu adaya atdığı insanlardan mənən daha ucada dayanmağı bacarırlar.
Ümumilikdə götürüldükdə isə V.Şekspir yaradıcılığının son dövründə özünə az oxşayır. O, artıq əsərləri ilə dünyanın gərdişini dəyişməyə qadir olmadığım dərk etmişdi. Ona görə də təəccüblü deyil ki,
52 illik ömrünün son dörd ilini doğma Stratford qəsəbəsində keçirən Şekspir bir dənə də olsun bədii əsər yazmamışdır! 48 yaşında qəflətən qələmini yerə qoymuş V.Şekspir müəmması bu gün də davam edir…
Əmin olmaq istərdik ki, ingilis şairi və dramaturqunun hələ ki dilimizə orijinaldan tərcümə olunmamış digər əsərləri də yaxın zamanlarda Azərbaycan oxucularının görüşünə gələcəkdir.
Zeydulla Ağayev
S i r e n — qadın adıdır.