Bəlkə də, qorxu deyilən o müdhiş varlıq canımda yox idi. Ərimin bu sözlərindən sonra, doğurdan da, qorxmağa başladım. Necə də qorxmayaydım, məgər bizi isti ocağımızdan çöllərə salan, elə bu qorxu hissi deyildimi? Əgər qorxu hissi canımızda dolaşmasaydı, elə ev-eşiyimizdə qaxılıb qalardıq da… Amma necə olsa, ərim yanımdaydı, döyüşçüydü, əlisilahlıydı. Canımdakı qorxunu özümdən uzaqlaşdırmaq üçün ona arxayın olmalıydım. Əlinin sir-sifətində isə zərrə qədər də olsun qorxu hissi görünmürdü. Yəni doğurdanmı, doyüşçülərin hamısı belə olur? – düşündüm. Nə olursa olsun, bu qan-qadanın xatasız sovuşub, keçməsini arzulayırdım. Bilirdim ki, bu dəqiqələrdə Əli lap cəngavər olsa da belə, mən və körpəmiz onun əl-ayağına sarmaşıq kimi sarınmışıq. Bəlkə o tək olsaydı çoxdan öz qərarını verərdi.
Əli bir an da olsun gözlərini düşmənlərdən ayırmadan, onların hər bir hərəkətini izləyirdi. Elə bu vaxt xəyalımıza gəlməyən bir hadisə baş verdi. Əsgərlərdən biri çiynindəki silahını aşırıb yanındakı yoldaşlarının birinə verdi və yolun üstünə adlayıb, komaya tərəf qaçmağa başladı. Həmin anda hiss etdik ki, əsgəri komaya tərəf qaçmağa vadar edən, onun komadan ayaqyolu kimi istifadə etmək istəyidir. Çünki o, qaça-qaça belindəki qayışını açırdı.
– Əclafın bu işi hardan çıxdı? – deyə, Əli mızıldandı.
Əsgər isə biz tərəfə qaçmaqda davam edirdi. Onunla bizim aramızda yüz metrdən də az bir məsafə qalmışdı. Ərim ehmalca əlini çiynimə qoyub dedi:
– Səidə, uşağı da götür keç mənim arxama. Qoy, o əclaf girsin komaya, onun əcəli elə burda çatıbdır.
O elə arxayın danışırdı ki, elə bil komaya tərəf gələn düşmən əsgəri yox, itdən-pişikdən bir şey idi. – Nə olsun əlində silahı yoxdur, bəs o yolda dayanan əsgərləri Əli görmürdümü? – deyə fikirləşdim. Hər halda ağlım bir şey kəsmirdi. Ancaq onu bilirdim ki, Əli düşmən əsgərini komada diri də tutsa, onu öldürsə də, bu hadisə bizimçün yaxşı qurtarmayacaqdır. Bilmirəm, nədənsə ürəyimə belə danmışdı.
Düşmən əsgəri bizim on addımlığımızdaydı. Komanın taxta qapısının təpiklə vurulub açılmasıyla, ərimin əsgərin alnına avtomatın qundağıyla güclü zərbə endirməsi bir anda oldu. Bu elə tez və gözlənilməz baş verdi ki, mən özümə gəlməyə macal tapmamış, əsgərin yerdə çabaladığını gördüm. O, elə bircə dəfə “O-yyy!..” – deyib, ərimin ayaqları altına yıxıldı. Əsgər başı kəsilmiş toyuq kimi yerdə çabalayırdı. Alnından axan qan sir-sifətini görünməz hala salmışdı. Bir azdan onun nəfəsi tamam kəsildi. Əli avtomatın lüləsiylə onun taqətsiz bədənini dürtmələyərək:
– Canınız elə bu deyilmiş, ay əclaflar, nə xoruzlanırsınız?
Qan məni tutmuşdu, ürəyim bulanırdı. Özümü saxlaya bilməyib, komanın küncünə qusdum. Ərim çiynimə toxunub məni sakitləşdirməyə çalışdı:
– Keçib gedər, – dedi, – özünü bir az tox tut.
Bu hadisənin üstündən bir qədər vaxt ötdü. Aşağıdan səslər eşidirdik. Əsgərlərdən biri üzünü komaya tərəf tutaraq:
– Qurqen!.. Qurqen!.. – deyə, qışqırırdı.
Bir qədər də keçdi, bu dəfə onlardan biri avtomat silahdan komanın üstündən atəş açdı. Ətrafdakılar bərkdən gülüşdülər. Beləcə bir az da keçdi. Bu dəfə atəş səsləri çoxaldı. İndi onların hamısı komanın yan-yörəsinə atəş açırdılar. Komadan heç bir səs-səmirin eşidilmədiyini görəndə, onlardan biri iti addımlarla bizə tərəf gəlməyə başladı. Bu bayaqkı hadisənin oxşarı olmayacaqdı, – fikirləşdim. Çünki əsgərin əlində silah vardı. Düşüncəmdə yanılmamışdım, əsgər komaya yaxınlaşarkən sürətini azaldıb, silahını çiynindən aşırdı. Sanki o, baş vermiş hadisədən duyuq düşmüş kimi ehtiyatla davranırdı. Komaya tərəf pişik kimi pusa-pusa gəlməsindən onun nə qədər hiyləgər olduğu bilinirdi. Dönüb Əliyə baxdım. Onun bu dəfə hansı qərar çıxaracağı məni maraqlandırırdı. O da, elə bil mənim ürəyimdən keçənləri duyurmuş kimi:
– Deyəsən, onların hamısını ölüm girələyir, – dedi və dizə çöküb avtomat silahını sinəsinə sıxdı. Əsgər komanın bir neçə addımlığında dayanıb, içəri girməyə ehtiyat edirdi. Əslində onun qorxduğunu aydınca sezmək olurdu.
Düşmən əsgəri titrək səslə:
– Ey Qurqen! – deyə səsləndi. Qorxduğu səsinin titrəyişidən də hiss olunurdu. Səs gəlmədiyi tərzdə, əvvəlcə komanın üstündən, sonra da dəmir örtüyünə bir neçə güllə boşaltdı.
Səsə qucağımdakı uşaq diksinib ağladı. Əli dönüb bir mənə, bir də qucağımda ağlayan oğlumuza baxdı, sonra astaca:
– Başqa çarəmiz yoxdur! – deyib, yalnız bircə güllə ilə əsgəri vurub yerə sərdi. Diqqətlə onun hərəkətlərini izlədiyimə görə, güllənin düşmən əsgərinin alnının ortasından necə dəydiyini də, öz gözlərimlə gördüm. Əsgərin heç bir səs çıxartmadan arxası üstə yerə aşması gözlərimin qabağında oldu. Əli bir an da gözləmədən yoldakı əsgərlərə də atəş açmağa başladı. Bu dəfə o, avtomat silahını sinəsinə basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular. Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü avtomatlardan da istifadə edərək atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi. Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. Deyirəm axı, koma təpənin üstündə olduğu üçün əliçi kimi aydınca görünürdü. Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Gözlərimi açanda, Əlini qan içində çabalayan gördüm, sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı.
Özümü itirdiyim üçün donub yerimdəcə qalmışdım, nə edəcəyimi bilmirdim. Əli isə sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.
Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi. Sifəti ağappaq idi. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralandığını göstərirdi. Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı, lakin bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı, amma dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü.
Читать дальше