– Oğlumun beş yaşı var, yaman qocalıb, – deyə o, xəfifcə gülümsədi. Onun gülümsəməsi acıqlı sifətini açmaq əvəzinə, bir az da qeyizləndirdi. Sanki o, heç ömründə gülməmişdi. Qadın bir azdan ayağa qalxıb əvvəlki yerinə qayıtdı və əllərini qoynunda çarpazlayaraq, gözlərini bir nöqtəyə dikib qaldı. Sakitcə oturub ona tamaşa edirdim. Gözləyirdim ki, hər şeyi özü danışsın. O isə tələsmirdi. Fikirlərini bir yerə toparlamaq üçün, sanki uzun-uzadı vaxt lazım gəlirdi ona. Nəhayət ki, dilləndi:
– …O günü axşam saat on olardı, həyat yoldaşım canhövüllü evə daxil olub: «Tez ol, yığış, düşmənlər şəhəri tutublar!» dedi. Sonra beşikdə yatmış üç aylıq oğlumuzu da qucağına götürərək, məni tələsdirdi. Bu xəbər nə qədər dəhşətli olsa da, məni qorxutmadı. Ona görə ki, iki ildən artıq idi top və mərmi səslərinə öyrəşmişdik. Bu müddət ərzində şəhərin əli silah tutan kişiləri düşmənlə üz-üzə, göz-gözə səngərlərdə vuruşurdular. Son bir ayda isə şəhərin düşmənlər tərəfindən tutulacağı barədə şaiyələr dolaşmaqdaydı. Ona görə də, ərimin qəfil söylədiyi bu bəd xəbəri, sanki gözləyirmiş kimi sakitcə qarşıladım.
Amma tez yır-yığış etməyə başladım. Ərim məni tələsdirirdi:
– Tez ol, heç nə götürmə, piyada gedəcəyik! – deyirdi.
Kiçik bir bağlama və uşağın geyim əşyalarını götürüb evimizi tərk etdik. Şəhərin cənub istiqamətində döyüşlər gedirdi. Gecənin qaranlğını yarıb keçən mərmilərin uğultusu, az keçməmiş partlayaraq ətrafı lərzəyə salırdı. Hər tərəfdən od-alov yüksəlirdi. İnsanlar şəhərin qərb istiqamətindəki şosse yoluna tərəf axışırdılar. Oradan şəhəri tərk edib, işğal olunmamış ərazilərə çıxmağı zənn edirdilər. Həyat yoldaşım qolumdan tutaraq, məni əks istiqamətə çəkib:
– İndi bu dəqiqə oranı bombalayacaqlar! – dedi.
Doğurdan da, az keçməmiş asfalt yolunun ətrafını güclü top atəşinə tutdular. İnsanlar pərən-pərən olub, ətrafa səpələndilər. Canımda dəhşətli bir vahimə dolaşdı, yavaş-yavaş qorxmağa başlayırdım.
…Yaz yenicə girsə də, hava bərk soyuq idi. Tələsdiyimdən əyinimə qalın paltar geynməmişdim. Bir tərəfdən havanın soyuqluğu, digər tərəfdən də ətrafdakı müdhiş və qorxunc səs-küy, bədənimi əsim-əsim əsdirirdi. Atılan mərmilər dirəkləri aşırdığından, şəhərə gələn elektirik xətti də kəsilmişdi. Buna baxmayaraq, göy üzü aylı-ulduzlu olduğuna görə, ətraf aydınca görünürdü. Ərim bir əliylə oğlumuz Ruslanı tutaraq bağrına basmış, o biri əlində də avtomat silahı qabaqda irəliləyirdi. O elə sürətlə gedirdi ki, mən onun arxasınca, ancaq qaçmalı olurdum. Arada da dönüb mənə təskinlik verərək, canımdakı qorxunu çıxarmağa çalışırdı.
– Qorxma, bu tərəflər sakitlikdir. – deyirdi. – Şəhərin girişindəki körpünü keçsək, daha bizə zaval yoxdur. Bircə ora çatsaydıq, – deyə o, tövşüyə-tövşüyə irəliləyirdi. Oğlumuz bu qaçdı-qovduda sərsəm olmuşdu. Uşaq elə hey qışqırırdı. Onu sakitləşdirmək mümkün olmurdu. Uşağı ərimin qucağından alıb, sinəmə sıxdım. O, bir azca kiridi. Elə bu vaxt camaatın axışdığı şosse yolunun kənarından bərk qışqırıq eşidilməyə başladı. Deyəsən, ora qaçışan insanlar düşmən mühasirəsinə düşmüşdülər. Topların, mərmilərin səsini indi avtomat silahlardan atılan güllələrin səsi əvəz edirdi. Bir yandan da, qadınların, uşaqların səsi aləmi başına götürmüşdü. Biz körpüyə yaxınlaşırdıq. Birdən ərim dayanaraq yerə çökdü və işarə etdi ki, mən də oturum. Uşağı bağrıma basıb dizə çökdüm. Ərimin arxasında olduğum üçün qabaqda nələrin baş verdiyindən xəbərsizdim. O dönüb pıçıltıyla qulağıma dedi:
– Görürsən, körpünün girəcəyində düşmən hərbi maşını dayanıb. Ehtiyatlı ol, uşaq ağlamasın. Özünü də tox tut, qorxma, hər şey yaxşı olacaq. – Sonra məni ürəkləndirmək üçün bir az bərkdən: – Analarını ağlar qoyacam onların! – dedi.
Ərim zabit idi. On il rus ordusunda kapitan rütbəsində xidmət etmişdi. Döyüşlər başlayandan sonra, vətənə dönüb könüllülərdən ibarət partizan dəstəsi yaratmışdı. Bir neçə ay bundan qabaq ona mayor rütbəsi verilmişdi. O, yaxşı atıcı idi, bütün silah növlərindən başı çıxırdı. Düşmənlər onun başına çoxlu pul ayırmışdılar.
Ərim həyacanlıydı, bu yəqin ki, oğlumla mənə görəydi. Uşaq kirimişcə yatırdı. Narahat olub ayılmaması üçün qucağımda onu bir az da rahatladım. Əslində, oğlum çox sakit uşaq idi. Qarnını doyuzdurandan sonra günlərlə yatardı. Bir də ki, üç aylıq uşaqdı da, onun yatmaqdan başqa nə işi ola bilərdi.
Göy üzü tər-təmiz olduğuna görə, körpüdəki hərbi maşın və maşının qarşısında dayanmış əli silahlı iki əsgər aydınca görünürdülər. Ərimin qulağına hərbi maşının qarşısında gördüyüm əsgərləri deyəndə, o, barmağını dodaqlarının üstünə qoyub, mənə susmaq işarəsi verdi. Mən başımı onun kürəyinə dayayaraq, bu qorxulu anın ötüb keçməsini gözləyirdim. Ərim sakit və təmkinli görünməyə çalışırdı. Onun əsl hərbiçi olduğunu indi anlayırdım. Bir azdan o, başını mənə tərəf əyib yavaşca:
– Onlar üç nəfərdir, görürsən? – Biri də maşının içindəymiş.
Mən hərbi maşına tərəf boylandım. Maşının üstündə qoyulmuş pulamyotun arxasında dayanmış hərbiçi, bir azdan sağa, sola yaylım atəşi açmağa başladı. Aramızdakı yüz, yüz əlli metr məsafədən şaqqıldayan pulamyotun səsi, bizim hər üçümüzü diksindirdi. Oğlumuz da qorxaraq yuxudan ayıldı və ayılan kimi də ağlamağa başladı. Mən uşağı sinəmə sıxıb, onu əmizdirməyə başladım. O tezcə də kiridi. Bu vaxt ərim məni silkələyərək, sanki yuxudan ayıldırmış kimi pıçıldadı:
– Körpüyə yaxınlaşmaq lazımdır, yavaş-yavaş arxamca gəl!
O bunu deyib əyilə-əyilə kol-kosun arasıyla aşağı tərəfə endi. Mən də addımbaaddım onun arxasıncı yeriyirdim. Qorxudan uşağı sinəmdən ayırmamışdım. Körpə də, dünyadan xəbərsiz halda qarnını doyurmaqda davam edirdi. Körpüyə yaxınlaşmışdıq, onlarla bizim aramızda otuz-qırx metr məsafə ola, olmayaydı. Ərim avtomat silahını çiynindən aşırıb, düşmən əsgərlərinə tərəf tuşladı. Mən onun nə edəcəyini anlamadığımdan, əlimlə ehmalca çiyninə toxundum. O, başını mənə tərəf çevirib, güclə eşidiləcək səslə:
– Uşağın qulaqlarını möhkəmcə qapa! – dedi.
Ondan nə isə soruşmağın və ya göstəriş verməyin mənasız olduğunu anlayaraq, dediklərinə sözsüz əməl etməliydim. Odur ki, başımdakı yaylığı açıb, əlimdə dürgələdim və möhkəmcə uşağın sifətinə basdım. Özüm də gözlərimi yumaraq, başımı ərimin kürəyinə söykədim. Gözləyirdim ki, elə bu dəqiqə atəş açılacaqdır. Amma atəş açılmadı. Bir müddət beləcə səkdi-səkdidə gözlədim. Niyə görə onun atəş açmadığını anlaya bilmirdim. Eləcə, gözlərim yumulu halda bu dəqiqə atəş səslərindən diksinəcəyimi zənn edirdim. Nəhayət, atəş səsləri eşidildi. Atəş açan ərim yox, düşmənlər idi. Hərbi maşından yenə də sağa-sola güllələr vıyıldayırdı. Ərim, elə bil düşmənlərin atəş açmasını gözləyirmiş, üç dəfə sərrast atəş açdı. Bunu həm avtomatın səsindən, həm də başımın üç dəfə möhkəmcə silkələnməsindən hiss etdim. Ərimin atəş açmasıyla, qarşı tərəfin susması bir an oldu. Mən hələ də gözlərimi yumaraq, əlimdəki yaylığı uşağın üzünə basmaqda davam edirdim. Elə bu vaxt ərim dönərək məni qucaqladı və:
Читать дальше