Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük ziyafət salonunda təşkil edilmişdi.
Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda İlyas bəy pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki kəmərindən zərif xəncər sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi.
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız belə geyinmək imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas bəy” deyərək, köhnə milli adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ əlini sıxdı.
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı yırğaladım.
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus müəllimlərinin ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb Bakının yaxınlığında bir cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən yayınmaq istəyirdisə, o saat o, sinif nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər verirdi ki, cüzamxanadan bir xəstə şəhərə qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa çıxmış olduğunu da əlavə edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir. Sinif müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar cüzamxanaya salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi.
Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin ağlına belə gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir cüzamxana olub-olmadığını soruşsun.
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və bayram ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko, böyük bir əda ilə salonun küncündə oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və dərin bir ehtiramla ona baş əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman tələbələrinin tərcüməçiliyini mən edərdim. Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca danışarkən elə ilk cümlələrində rus əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus ləhcələrinin də bilirdim.
Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım idi. Yəni samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl səslənmirdi, amma son dərəcə nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd boylarınadək inkişaf eləyən ruslaşdırma siyasətinin yayılmış olmasından sevinirdi.
- Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim.
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi?
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum.
- Nə olub ki?
- O cüzəmxana məsələsini deyirəm.
- Cüzəmxanaya nə olub axı?
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanada qaçıb şəhərə doğru yürüşə keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək lazım gəlmişdi. Xəstələr iki kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od vurub yandırmışdılar. Bu dəhşətli bir əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq yoxdur. Çürümüş ətləri bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş xəstələr şəhər darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək yandırırdılar.
Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə başladı. Bəlkə də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu başqa bir yerə keçirtsinlər.
O, boğunuq bir səslə:
- ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada insanlar yüksək dərəcədə intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər vacib olduğunu başa düşürlər.
Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması barədə nitqini dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif tələbələri indi gərək özləri yeni bir nömrə uyduraydılar. Birdən mən soruşdum:
Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində oxuyur.
Nə-əə!
Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il qalmışdı. O, on altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə məktəbə gəlirdi. Məmməd Heydərin oğlunun doqquz yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil olmuşdu. Xoşbəxt ata, bu həqiqəti hər şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı.
Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə yaxınlaşdı və günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım. Verməsən riyaziyyat misallarını başqasının dəftərindən köçürtdüyünü anama deyəcəyəm”.
Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış, sonra ata olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu uyğun bir anda müdirə söyləməmizi bizdən xahiş etmişdi.
Müdirimiz yenə soruşdu:
- Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var?
- Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm adamı olmasını arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş vüsət alır.
Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda, eyni məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü. Lakin heç bir qərara gələ bilmədi.
Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan tərəfə çəkdi, sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin əlindən tutub onları salona gətirdi. Kor musiqiçilər əl-ələ tutub salonun bir küncündəki xalının üstündə oturdular. Əllərindəki nadir musiqi alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi.
Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası ilə əlini qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik çökdü. Bu dəfə korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da qəzəlxan sakit bir səslə, oxumağa başladı:
“Bir İran xəncəri kimisən,
Parlayan yaqut dodaqların
Türk Sultanı olaydım, nikah bağlayardım sənə,
İncilər hörərdim, qulac-qulac saçlarına
Və öpər, öpərdim topuqlarını
QIZIL TASDA gətirərdim,
Читать дальше