Qurban Səid - Əli və Nino
Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq açırdıq. “Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.
Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi.
Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək üçün böyük zəka tələb olunurdu.
Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi:
“Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə Məmməd Heydərin də üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına əsasən Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: “Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çıx qabağa. De görüm fikrini əsaslandıra bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı vəziyyətindən dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları anda, mən əlimi qaldırıb dedim ki:
- Cənab professor, mən də Asiyada qalmaq istərdim?
- Əli xan Cavanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını qabağa uzadıb, onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: -Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?”
- Bəli, ona görə ki, Asiyanı sevirəm.
- Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə olmusanmı? Misal üçün Tehranda?
- Bəli olmuşam? Keçən yaz oradaydım?
- Yaxşı, elə isə orada heç Avropa mədəniyyətinin böyük nailiyyətlərindən birini gördünmü? Məsələn avtomobil gördünmü?
- Bəli gördüm, özü də lap böyüyünü. Yəni otuz nəfərdən artıq adam tutan avtobusları gördüm. Bu avtobuslar şəhər içində işləmirlər. Onlar ancaq bir şəhərdən o biri şəhərə işləyirlər.
- Bu dəfə o gördüklərin avtobusdur, avtomobil deyil. Onları da İranda dəmiryolu olmadığı üçün istifadə edirlər. Buna “geri qalmışıq” deyərlər. Otur yerinə, Şirvanşir.
Sinifdəki otuz müsəlmanın keyflərinə toxunan yox idi. Onların mənə yönəlmiş baxışlarından nə düşündükləri bəlliydi. Professor Sanin əsəbiləşmədi. Ona tələbələrini əsl avropalı kimi yetişdirmək vəzifəsi tapşırılmışdı.
Professor sanin birdən birə soruşdu:
- Yaxşı, sizlərdən Berlinə gedən olubmu?
Sektant Maykov əlini qaldırdı və kiçik yaşlarında Berlində olduğunu söylədi. Orada yeraltından dəmir yolu keçirdi. O, çox gurultulu bir tunel stansiyasını və anasının ona hazırladığı qaxac donuz əti ilə çörəyi yaxşı xatırlayırdı. Onun xatırladığı biz müsəlman tələbələrini yaman qəzəbləndirmişdi. Qaxac donuz ətinin xatırlanması tələbələrdən Seyid Mustafanın ürəyini bulandırdı və hətta onun sinifdən çıxmasına icazə verildi. Bununla da Bakının coğrafi durumu haqqında mübahisə də bu şəkildə sona yetdi.
Zəng çalındı. Professor Sanin yüngülcə nəfəs aldı və sinfidən çıxdı. Biz qırx tələbə də onun arxasınca sinfi tərk etdik. Bu böyük tənəffüs idi. Böyük tənəffüsdə üç görüləsi tədbirimiz var idi: tədbirlərdən biri həyətə qaçıb qonşuluqdakı realnı məktəbin tələbələrinin uniformalarındakı düymələrin və kokardlarının qızılı olduqları üçün onları döyməkdən ibarət idi. Çünki, bizim uniformalarımızın düymələri və kokardları gümüşü idi. İkinci tədbir, azərbaycanlıların Azəri dilində bərkdən danışmaqlarından ibarət idi. Çünki ruslar Azəri dilini bilmədiklərinə görə, o dildə danışmağı məktəbdə qadağan etmişdilər. Üçüncü tədbir isə küçənin o biri tayına keçib müqəddəs kraliça Tamara qız litseyinə getməkdən ibarət idi.
Bu dəfə mən qız litseyinə getməyi qərara aldım.
Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç bağçada gəzişirdilər. Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib gəzişirdi. Nino dünyanın ən gözəl qızlarından biri idi.
Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə mübahisəmi qızlara söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun ucundan yerə baxıb, dedi:
- Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada yaşasaydıq mən gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü görməzdin.
Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının qərarsız tikilmiş coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim.
Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa etdim, dənizə baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada salıb fikrə daldım.
İçimə bir kədər çökmüşdü.
Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona sadağa verdim, əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki, iyrənərək əlimi çəkdim. Bir az sonra isə zavallını təhqir etmiş olduğumu düşündüm. Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk edib onu axtardım. Lakin onu tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim.
Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə yeni bir müdir təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu halda, yeni müdir ikidə bir yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı.
Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı verdiyi üçün allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki erməni və bir rus tələbə gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan biri oxumağı buraxıb on altı yaşında evlənmiş, digəri isə məktəb tətili zamanı qan davasının qurbanı olmuşdu.
Читать дальше