Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsəb bir insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə, doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!
Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların yaxaları zərlə işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz başı açıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı başlamışdı. Tələbələrin hamısı rus pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız ikisi dövlət kilsəsinə mənsub idi.
Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri qızılı xaç tutan keşiş duaya başladı. Buxurun [1] iyi salonu bürüdü. Müəllimlərlə dövlət kilsəsinə mənsub olan iki tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin zərif musiqisi ilə söylənən kəlmələr qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu sözlərə neçə dəfə qulaq asmışıq. Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar ikinci Nikolay Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda səyahət edənlərə, bilicilərə və iztirab çəkənlərə, din car və Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban verən bütün döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...”
Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı qartallı gerbin altında Bizans ikonasına bənzər böyük qızılı çərçivədə çar həzrətlərinin portreti asılmışdı. Çarın sifəti uzunsov, saçları sarışın idi və o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun döşündəki medal və ordenlərinin sayı-hesabı yox idi. Səkkiz il ərzində onun medal və ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər dəfə də medal və orden çoxluğu nəticəsində onların sayını çaşdırmışam.
Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. Amma sonralar çariçanın portreti divardan çıxarılmışdı. Çünki ölkənin bəzi müsəlmanları çariçanın portretində onun yaxası xeyli açıq olmasından narazı qalıb uşaqlarını məktəbə buraxmaqdan imtina etmişdilər.
Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox həyəcanlı bir gün idi. Bu həyəcanlı gündə mən də özümü qeyri-adi şəkildə aparırdım. O böyük günü ləyaqətlə başa vurmaq naminə mən də səhər tezdən hazırlıq işləri görməyə başlamışdım. Sübh açılan kimi özümə söz vermişdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Lakin evdəkilər yatdıqları üçün bu mümkün olmadı. Sonra da məktəbə gedərkən imtahandan arxayın olmaq üçün yolda qabağımdan keçən hər bir dilənçiyə sadağa verirdim. O qədər həyəcanlı idim ki, dilənçilərin birinə beş qəpik əvəzinə bütöv bir manatlıq verdim. Dilənçi ağız dolusu mənə təşəkkür edəndə, ona qürurla dedim: “Mənə təşəkkür etmə, Allaha şükür elə ki, o məni belə comərdliyə sövq elədi”.
Bu qədər dindarın duasından sonra hər halda imtahandan kəsilmək qeyri mümkün idi.
Dua sona yetdi. Biz növbəyə duraraq imtahan komissiyasının masasına yaxınlaşdıq. Uzun masanın arxasında yan-yana oturmuş imtahan komissiyasının üzvləri qap-qara saqqallı, sərt baxışlı və qızıl rəngli ziyafət uniforması geymiş müəllimlərdən ibarət idi. Bütün bu mərasim həyəcan doğururdu, baxmayaraq ki, ruslar imtahanda müsəlmanları çox nadir hallarda kəsərdilər. çünki biz müsəlmanların çoxlu dostu var idi: dostlarımız da əli xəncərli və tapançalı aslan kimi güclü gənclər idilər. Müəllimlər də bunu çox yaxşı bilirdilər. Tələbələr müəllimlərdən qorxduqları qədər, onlar da tələbələrindən qorxurdular. Müəllimlərin çoxu, Bakıya təyinat almaqlarını Allahın bir cəzası hesab edirdilər. Çünki, müəllimlərə qaranlıq küçələrdə hücum edilməsi və onların sıxışdırılıb döyülmələri adi bir hal idi. nəticədə isə döyənlər naməlum qalırdılar. Belə hadisələrdən sonra da müəllimlər təyinatla başqa yerlərə göndərilirdilər.
Bu səbəbdən də tələbə Əli xan Şirvanşir imtahanda riyaziyyat dərslərinin cavablarını açıq-aydın parta yoldaşı Metalnikovun dəftərindən köçürürdü. İmtahanda iştirak edən komissiya üzvləri başlarını o biri tərəfə çevirərək özlərini görməməzliyə vururdular. Yalnız bir dəfə mən riyaziyyat dərslərinin cavablarını köçürərkən müəllim mənə yaxınlaşıb pıçıltı ilə dedi: “Bu qədər göz görə-görə köçürtmə olar? Şirvanşir. Axı burada biz tək deyilik!”.
Beləcə yazılı riyaziyyat imtahanını verdim. İmtahandan çıxdıqdan sonra sevinə-sevinə Nikolay küçəsindən yavaş-yavaş aşağı endim.
Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi sualların mövzusu möhürlü bir paket içində Tiflisdən gəlirdi. Həmin gün imtahan salonunda gimnaziyanın müdiri paketin möhürünü qoparıb təntənəli surətdə imtahanın mövzusunu elan etdi: “Türgenevin əsərlərində ideal rus qadın ruhunu təcəssüm etdirən qadın obrazları”.
Bu asan mövzu idi. Necə istəsəydim elə də yaza bilərdim. Amma gərək rus qadınlarını tərifləyəydim, bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi. Amma fizikadan biliyimin yetərsiz olduğundan köçürtmə kimi sınaqdan çıxmış “Sənət” köməyimə çatdı. Fizika baryerini də aşdım. Bundan sonra imtahan komissiyası tələbələrə bir günlük istirahət verdi.
Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək etməzdi. Şifahi imtahanda tələbə suallara öz başına cavab verməlidir. İmtahandan keçə bilmək üçün asan suallara, çox söyləməklə cavablar verməkdən başqa çarə yox idi.
Birinci şifahi imtahan din dərsindən idi. Din dərsi müəllimimiz gimnaziya Mollası bütün ili arxa planda qalırdı. Lakin bu gün o masanın arxasında oturmuşdu. Onun əynində ipək kimi titrəyən geniş cübbəsi və peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşağı var idi. Mollanın tələbələrə qarşı ürəyi çox yumşaq idi. O, məndən ancaq gəlməyi-şəhadəti soruşdu və mən cəsarətlə bir şiə kimi: la ilahə illəllah Məhəmmədən Rəsulullah Əliyyələnvəliyullah. [2] - deyəndən sonra, din müəllimimiz mənə ən yüksək qiymət verib buraxdı.
Kəlməyi-şəhadətdəki bu son sözlər ən vacib sözlər idi, çünki şiələri sünni məzhəb mənsublarından ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, əgər sünni qardaşlar doğru yoldan ayrılmış olsalar da, yenə cənab-i Allahın sünnilərə qarşı mərhəmətini onların üzərindən çəkməmişdir. Mollamız çox geniş fikirli adam idi.
Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini götürdüm. Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun Gəncədə qələbəsi”. Bu sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə yaxınlığındakı döyüşdə ruslar, Bakıda knyaz Sisianişvilinin başını kəsən Hüseynqulu xana kömək eyləmiş olan babam görkəmli cəngavər İbrahim xan Şirvanşirə hücum edərək onu xaincəsinə öldürmüşlərdi.
Читать дальше