Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz hamar damlarından işıq saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi zolaqlı çadra örtmüş, ayaqlarına da şap-şup edən ev başmaqları geymiş bir qadın yanımdan keçdi. Çadranın altından qadının uzun dimdik burnu görünürdü. Dimdik burun məni izləyirmiş kimi mən tərəfə yönəldi. Tez başımı yan tərəfə çevirdim. Bu anda mənim üzərimə qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab örtmürdü və onun burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə qoymayacayam.
Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında.
Nino Kipiani... bu nə gözəl gürcü adı idi. Avropanın adət və ənənələrini sevən alicənab valideynləri olan Nino! Ninonun ağappaq gözəl sifətindəki uzun qara kiprikləri altında iri, gülər, qığılcım saçan Qafqazlı gözləri var idi. Belə xoş və şən gözlər yalnız gürcü qızlarında olur. Nazik, hilal qaşlı Ninonun profili həzrəti Məryəmin profilini xatırladırdı. Bu oxşatmalar mənə xoş gəlirdi. Ancaq bu cür qadınlar o qəribə və anlaşılmaz dünyanın simvolu olan həzrəti Məryəmə bənzədilə bilərdi.
Geniş çöllərdən əsmiş küləklərin gətirdiyi göz qamaşdıran qumlarla örtülmüş qubernator bağına diqqətlə baxdım. Gözlərimi yumdum. Birdən yanımda şən bir gülüş səsi eşitdim:
“Allah, Allah! Siz Romeoya baxın! Culyettasını gözləyərkən yuxuya gedib!”
Yerimdən sıçradım. Nino düz yanımda dayanmışdı. Əynində müqəddəs Tamara qız litseyinin mavi rəngdə uniforması var idi. Nino şərqlilərin xoşuna gəlməyəcək qədər arıq və incə idi. Amma məndəki incə duyğuları oyadan da elə onun bu qüsuru idi. Onun on yeddi yaşı var idi və mən onu ilk dəfə Nikolay küçəsindən litseyə getdiyi birinci gündən tanıyırdım.
Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par parıldayırdı: “Deməli, axır ki, imtahanı verdin, hə? Sənə görə bir az narahat idim”.
Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, qəlbində tanrı qorxusu olan Allah həmişə kömək edir”.
Nino gülə-gülə: “Bir ildən sonra sənin də mənim üçün Tanrı rolu oynamağın gərək olacaq. İstəyirəm ki, bizim imtahanlar başlayanda partamın altında gizlənib riyaziyyatdan verilən sualların cavablarını mənə pıçıldayasan”.
Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı Nino böyük tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin arasındakı yolu qaçaraq bizim tərəfə gəldi və məni öz siniflərinə dartıb apardı. Mən dərs boyunca onun partasının altında çömbəlib, müəllimin riyaziyyatdan soruşduğu sualların cavablarını kitaba baxıb Ninoya pıçıldayırdım. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman olaraq qalmışdım.
- Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb təbabəti əmimin xanımına yardım edib, amma Zeynəb xanımda heç bir əlamət görünmür. Buna baxmayaraq əmim göstərilən yardımın köməyinə böyük ümidlər bəsləyir – dedim.
- Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi.
- Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, tozdan və yadların pis baxışlarından qoruyur.
Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı.
- Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın başqasının xoşuna gəlmək istəyərsə nə olar?
- Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq kürək, yarıya kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə vəd edir. Çünki qadını belə vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir. Kişini belə arzulardan “qorumaq” üçün isə qadın çadra örtməlidir.
Nino mənə təəccüblə baxa-baxa qaldı.
- Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə şeylərdən danışarlarmı?
- Zənn etmirəm.
- Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını sıxdı.
Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun gözlərinə düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı. Mən onu biçimsiz bir şəkildə onu xeyli öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı. İkimiz də susub alaqaranlığı seyr edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi olaraq ayağa qalxdıq.
Əl-ələ verib Qubernator bağını tərk etdik.
Bağdan çıxarkən Nino dilləndi:
- Hər halda, mən də gərək çadra geyəydim.
O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə qədər ötürdüm. Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini tutdum: “Nino, bu yay nə edəcəksən?” dedim.
- Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə, sən də gərək oraya gedəsən.
- Çox yaxşı, belə isə yayda Şuşada görüşərik:
- Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, niyə səndən bu qədər xoşum gəlir.
Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti qurumuş bir kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü qadınları çox gözəldirlər, xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə öpmək yaramaz. Çünki ətrafdan bunu görən olur”.
Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son dərəcə şeytan olmaqlarını bilirdim.
Sonra atamı görməyə getdim.
- Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin. Səndən istəyəcəyimin birincisini artıq bilirəm – dedim.
Bu yay Qarabağa getmək istəyirəm.
Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı.
[1] Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran.
[2] “Allahdan başqa Rəb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də Allahın canişinidir”.
Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra bir gün zəlzələlərin biri onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq bir talehin ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada məkkəyə də həccə gedib hacı olmuş və orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı onun namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, ondan sonra da bir yorğun kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi oğlu isə özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi.
Читать дальше