Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu da endirirdi, sağa qaçıb sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir mismar işıltısı gördü.
Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə: “Açma!” deyirdi:
– Açma, bircə bala, açma…
Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi də Gülənovun sözlərini təkrar etdi:
– Qəsd işi yoxdu, – dedi. – Xeyli susub bir də: – Qəsd işi
yoxdu, – dedi.
Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi – Lüt Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.
O tapıntı ata həniri idi.
Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. “Yetdiyinə yetib, yetmədiyinə bir daş atmağının”, “hoppanmağının”, “qaynamağının” da elə o hənirdən olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı. Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox, Qonaqlıda buna “oxranma” deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb, axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar. Bütün günü “yasli”də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən qoşa əllə yapışıb titrəyən “yasli” uşaqları belə oxranırdılar. Dərd içində tapdığı xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimisə oxrandırdı. Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı, şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.
Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə, gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə başladı.
Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.
Sonra birdən hərəkətə gəldilər.
Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə belində, Sura Əmirlinin başdaşı aylı-ulduzlu 17qəbri ilə yanaşı qazılmış qəbirin yanında yerə endirdilər.
Qəlyanlı qocalardan biri – Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar – Çürük Aşıq, Təftiş Abbas, Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə “erməni mollası” ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini qaldırıb, orda – gizlində nə isə vacib iş başladılar.
Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx əmilərinin oğul-uşaqları da, “vaxtı çatanda partbiletin arasında gəzdirmək” üçün pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də – hamı və hər şey ancaq Sultan əmidən ibarət idi.
Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.
Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. “Ağla bircə bala, ağla”, – demişdi. “Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram, mənim əvəzimdə də ağla”, – demişdi. Qəlyanlı qocalar cərgələnib bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində “pravitelstvennaya teleqramma”nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında cəmi üç kəlmə qaldı: “ Prekratite bezobraziye. Stalin” 18.
Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o “Mirqəzəb”in özünün, yoxsa “o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlinin çək-çevirə salan”ların üstünə? Bu sual Səmədin beyninə tük kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün varlığına o üç kəlmədən bircəsi hakim oldu- “Stalin”.
Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban, qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. “Pers adında bədxah”ın, “Xudiyev dəstəsi”nin, doğrudan da, “bezobraziye”nin barəsində söz deməyən bircə adam qaldı ki, o da “bezobraziyenin qurbanı olan” sədrin oğlu idi. Qəbiristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan yerdə “Mirqəzəb” kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, “bezobraziye” nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura Əmirlinin qəbrinin böyründə qazılmış qəbir də taxtın üstündə yuxuya gedib qalan Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb yenə “qonaq yeri”ndə – kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan, kişmişi dağıdan maşını görəcək.
Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:
– Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa… bu gözəl, bu igid kişinin barəsində hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən! Bağışlayammırsan, öldür! Atamız rəhbərimiz Stalinin bu cür teleqramından sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..
Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə yaxa-yaxa ağlayırdı.
–Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! – deyirdi. – Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! – deyirdi.
Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu Sultan əmidən araladı.
–Çıx get, çıx get! – dedi.
Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb, atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.
Читать дальше