Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi həyatının başlanğıcı idi.
Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada, kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb bircə gün də Səməddən ayrılmadı. Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun təlimatçılar otağında məskən saldı, “sezonun işinə nəzarət üçün kolxoza təhkim edilən” Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin yanında dayandı, sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında, kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı bu “quruculuq illərində” sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında əməlli-başlı səddə çevrildi.
2
Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka” 19yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir… Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların 20, xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin 21üç para kəndində, o cümlədən burda, Qonaqlıda da alverçiliyə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən 22qalmırdı. Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxs dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqi-təbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtki “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbiristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.
İş o yerə çatmışdı ki, əmisinin şoferi – “quşburun” Müslüm “Bircə bala”ya ilk bahar nemətləri – “təzə, duzsuz pendir”, “nəhrə yağı” aparıb yataqxanada Səmədin sifətini görəndə qorxuya düşdü: “Bıyy! Xəstəsən-nədi, ay Səmi?!” Səməd bu vaxta qədər necə qapalı gəzib-dolanmışdısa, orda, işgəncələrdən bezmiş kimi, bir az açılışmalı oldu: “Qəbiristanda Çax-çux o cür, əmimin ayağına yıxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!” – dedi. Heç yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş “Sestra” çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə bircə kəlmə: “Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək”, -dedi.
Əmma keçmədi “patalogiya”. Çünki bunun həqiqi adı “şübhə” idi.
Yalnız şübhə?
Başqa nə vardı?
Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün cəmaat arasında o vaxtki söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb yalvarmağı da ondandı ki, “KQB Xudiyev”ə agentlik eləmişdi, Şeyx qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri barədə KQB-yə yaxşı-yaman yazıb, “kişiləri çək-çevirə salmışdı”, xüsusən o kişmiş əhvalatı ilə “sədr Mədədi hövsələdən çıxartmışdı”, Mədəd də “maşını sürənməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi”. Belə çıxırdı ki, bu müsibətdə Çax-çux Xalıqın birgə günahı vardı, o da “KQB Xudiyev”ə agentlik eləməyi idi?
Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!
Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi. Çünki Səmədə görə Çax-çux Xalıq daha böyük günah sahibi idi: cinayət işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün təfərrüatına qədər görürdü.
O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut, şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq, cinayətkarlarla – qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək; çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib, nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb lazımi yerə təhvil versin, cəzasına çatdırsın.
Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də əvvəlki Səməd deyildi. Vaxtilə Qudalılara qan udduran “Dəli Səməd” üzünü şeyx əmilərinin qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində “cəhənnəm kürəsi” gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib “bəlkə qəsb işidi” dediyi halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər əmi – Lüt Cəfərlə birgə o da təkrar edib “qəsd işi yoxdu” demişdi? Sultan əminin də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!
Читать дальше