Və Səməd bir daha atasını görmədi.
* * *
Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı. Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan çəkəndə nə isə demək istəyib. Əmma ”dili yoxuymuş” daha. Sultan əmi xəbər tutub gələndə isə “meyit soyuyubmuş”.
Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq əvəzinə elə hey köksünü ötürürmüş. “Yaran nə dərindi, dadaş?!-deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki: -Niyə danışmırsınız, belə dümdüz yerdə maşın niyə aşıb, necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür partlayıb-dağılıb?!”
Sultan əmiyə heç kim heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun “zaklyuçeniya” 15sından sonra aydın olub ki, “Sudüşən yerlə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub”.
Bütün bunları Səməd hamıdan sonra bildi. Atasının köhnə yoldaşı, Qonaqlının partkomu Cəfər əmi – Lüt Cəfər elə onu orda – kabinetdə, oddan qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin başdaşlarının şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.
– Qalx, oğlum… Bədbəxtlik olub… Atan avariyaya düşüb, – dedi.
Sonra qoluna girib, “uzun, arası kəsilməyən siqnal”dan “zaklyuçeniye”yə qədər, hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə, tez-tez: “Qəsd işi yoxdu, qəsd işi yoxdu”,– deyə-deyə onu hadisə yerinə apardı. Bu vaxt nə maşın orda idi, nə meyit, nə cəmaat. Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığmışdılar ki, “qanı tapdalayan olmasın”. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə çapıb, hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basmışdılar: “Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il”.
Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi – Lüt Cəfərin qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.
İçərisi sökülüb gəlib boğazına tıxanmışdı, boğazından qaynar qurğuşun qalxıb dəhşətli ağrı ilə başına-beyninə, gözlərinin çuxurlarına dolurdu, bir şey görməyə qoymurdu. Bu vəziyyətdə hardansa, lap yaxından ayaq səsləri eşitdi. Atasının çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən o yanda xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O an da alov buza döndü… Bu nə deməkdi?! Sağ idi atası?! Səməd titrəyə-titrəyə, güc-bəla ilə gözlərini açdı. Ağacların qaraltıları arasında, kimsəsizlikdə heç nə görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.
Kitelin sağ-solunda Qonaqlının qəlyanlı qocalarından Çürük Aşıqla Xızr Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.
Müharibə illərində, gecəli-gündüzlü, aramsız işlərdə yorulub taqətdən düşəndə, hərdən Sultan əmi belə zülmət içində qardaşının qapısında səslənərdi: “A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq, yoxsa bir-birimizin üzünü görmək üçün bir işartı tapaq?” Sədr Mədəd katib qardaşından yaşca böyük – ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi, ya neft tapıb lampanı yandırardı, ya da ocaq qalayardı ki, “doğrudan da, heç olmasa gecələr bir-birimizin üzünü görək”. Neft tapılana və ya ocaq qalanana qədər Sultan əmi onu – Səmədi çağırıb “dizinin dibində” oturdardı, nə qədər üzgün düşsə də gümrah danışardı: “Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan, nə olacaqsan?” Bu onun hər dəfə təkrar elədiyi daimi sual idi. Səmədin cavabı da daimi idi: “Partiya məktəbində oxuyacam 16, Sultan Əmirli olacam”. Əmisi ləzzətlə şaqqanaq çəkərdi: “Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı, qardaşoğlu. De görüm, ağzıyın qatığını necə siləcəksən?” Bu sualın da cavabı çoxdan hazırdı: “Əmimin nəzarəti altında, ikiillik ali-orta institutun tarix fakültəsini qurtaracam. Sonra yenə əmimin nəzarəti altında, əmimin öz yanındaca təlimatçı olacam. Azı üç-dörd il işləyib, bişib-bərkiyəcəm. Sonra elə əmimin özündəncə xasiyyətnamə alacam, o xasiyyətnaməynən ağzımın qatığını silib, girəcəm partiya məktəbinə…” Sultan əmi də, Səməd özü də, atası da yaxşı bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də axırda Sultan əmi mütləq kövrələrdi: “ İki qardaşın bircə balasısan sən, qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!..” Dədənnən məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o Çax-Çux Xalıqın-filanın dilində bir kəlmə var: “xəzinə”. Bizdədi o xəzinə, bircə bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm. Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına qıfıl vurmalıdı ha, bircə balam, – və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr, nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: – “Varlığımı sənin yolunda qoyacam, bircə balam!”
Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola bilərdi. Əmma… Əmma… Bu nə idi belə – Sultan əmi yoxa çıxdı! Sultan əmi əvəzində tamam başqa bir adamın yad, yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin dediyi sözlər də yad idi:
–Meyitin üzünü açma… Xahişimiz bircə budu səndən, açma meyitin üzünü… qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik. Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən…
Nəyi? Həmin “sağ gicgahında” dərin yaranı?..
Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın “NKVD Gülənov” dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında nəhəng qarnını irəli verib, qıpqırmızı damarları görünən alma gözləri və dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət yalnız görkəmə görə deyildi, “NKVD Gülənov” açıq-açığına “Əmirlilərə düşmənəm!” – deyən adamın – lopa qara bığlı ikən “ağsaqqal” sayılan Qudalı Rəhimin ən yaxın dostu, deyilənə görə, hətta qohumu idi və üstəlik, Əmirliləri “daprosa” – istintaqa çəkənlərdən sayılırdı; atasının danışdığı “dapros” əhvalatı əvvəllər də ordan-burdan qulağına dəysə də, “ərköyün sədr oğlu” buna, demək olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü döndərib getdi.
Читать дальше