Bulağından su içmişdir şəkərin,
Guşəsində laləzarı necədir?
Dost tutanı, o yad saydı, könlümün
Düşmən olan dostu, yarı necədir?
Gecə-gündüz mən atəşdə yanıram,
Şux mələyin abidarı necədir?
Qan içməkdə yox nöqsanı zərrəcə,
Peşimanmı, söylə, barı, necədir?
Bircə dəfə uf demədi ömründə,
Aşüftəhal, yar qərarı necədir?
Yar qəmindən Yəqub oldu Nizami,
Əsrin Yusif şəhriyarı necədir?
Dilbər, necə bilsən, sənə bənzər nişanım var.
Qəlbim ləbinə, sübhüm isə zülfünə oxşar.
Qalxmaqçın üzənginə dizimdə hanı taqət?
Yox qüvvə cilovdan da tutam, sevgili dildar.
Hicran nə qədər varsa, vəfa ləfzini tutma!
Hicranda gərəkdir ola yar yarə vəfadar?
Hər busənə bir can verirəm, dəyməsə, alma,
Çün istəmərəm xeyrim üçün sən olasan xar.
Səbr eylə dedin, dərdimə döz, gözlə, Nizami!
Məndə hanı səbr etməyə taqət, gör özün, yar!
Sən könlümü almaq da dilərsənmi, a dilbər?
Solsun o böyük eşqinə bəslənmiş əməllər!
Bir xeyli zaman var ki, açılmır o gül ağzın,
Zəhmət çəkərək qırmadı püstən dəxi şəkkər.
Hər kirpiyinə bir pəri məftuni-zəbundur,
Zülfün dağılar, şurə gələr cümlə gözəllər.
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,
Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.
Səhralərə çıxsan, bilirəm, dilbəri-rəna,
Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Əqlə gələcək hər nə ki, divanələrin var,
Ruyindən əgər olsa kənar o qara tellər.
Ruh nuş eləyər, ləli-ləbin badə vərərsə,
Çəng, ney, kaman inlər, göz olar onlara sağər.
Bu hüsnü camal ilə, bu ülvi görünüşlə,
Mümkünsə, bizə lütf eləyib ruyini göstər.
Tainki Nizami kimi hicranzadələr qoy,
Bel bağlayaraq qulluğa, olsun sənə çakər.
Mümkünmüdür məni qurban edəsən?
Dərdlərimi görüb dərman edəsən?
Göz yaşımla islanmadan bədənim
Al qanıma məni qəltan edəsən?
Ürək demə, artıq əldən vermişəm,
Ona çarə özün, canan, edəsən!
Zəif ovam, saxla məni, öldürmə,
Heç dəyərmi məni qurban edəsən?
Göz tikmişəm dodağının şəhdinə,
Ümid var ki, bir gün mehman edəsən.
Bəlkə vurub ləblərinə möhrünü,
Nizamini bir Süleyman edəsən.
Qəm yemə, həqqə inan, fəryada qəmxaran çatar,
Gücsüzün imdadına, bir gün gələr, yaran çatar.
Daimi dövlət dilərsənsə, oyaq qal hər gecə,
Aləm içrə sərvətə bidar olan insan çatar.
Bir hümasənsə əgər, vər xirməni gəl sərçəyə
Sən ki, sağlamsan, əzizim, xəstəyə dərman çatar.
Məst olub müflis, nədən bəs aşiq içmişsə şərab.
Son günü gözlə, gələr, hüşyara da dövran çatar.
Bal yeyən milçəkdir, amma odlanan pərvanədir,
Oğru cib kəsdi, cəzayə doğrular hər an çatar.
Sən qorun oxdan, alovdan, çünki sultan hərbidir,
Bax, şəkər yağmaqdadır, meyl et, sənə ondan çatar.
Ey könül, yoxdursa dostun barigahda, incimə,
Şah çıxırkən ovlağa, səkbanə pay o an çatar.
Ey Nizami, əl götür, ol böylə dövlətdən kənar,
Bəlkə bir başqa diyarda işsizə imkan çatar.
Düşüb eşqinlə bir sevdayə, ey gül!
Apardım sirrimi səhrayə, ey gül!
Sənin tək fitnədən aldım silahı,
Odur düşdü başım qovqayə, ey gül!
Nədəndir səndə zərrə mərhəmət yox
Qəmindir eşqimə bir sayə, ey gül!
Mən aşiqkən, əbəs sən qan tökürsən,
Atırsan aşiqi tənhayə, ey gül!
Məhaldır vəslinə yetmək bu gün ah…
Tikilmişdir gözüm fərdayə, ey gül!
Nizamiyəm, gözümdən gövhərimi
Xərac tək vermişəm dəryayə, ey gül!
Ey nigarım, könlümü çaldın, füsunxan olma gəl!
Sən məni lal eylədin, bəsdir, zəbandan olma gəl!
Sən könül almaqla etdin, qıl nəzər, hər qəlbi şad,
Qorx bu məhrumun canından, qatili-can olma gəl!
İzn ver, ta bir zaman seyr eyləyim gül hüsnünü,
Sanma ki, bir oğruyam, artıq, nigahban olma gəl!
Bağladım bel xidmətində zülfünə bir mur tək
Muri qarət eyləməkdə bir Süleyman olma gəl!
Öylə ki, sürətlə ol sərxoş qayıtdı məclisə,
Badə ver sən bu Nizamiyə, girancan olma gəl!
Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun,
Yaxşı əl tut ki, sitəm, dərdü qəm asan olsun!
Qorxuram ki, verəsən dadimi öz qəlbindən,
Böylə söz, bəs böylə vədə necə payan olsun?
Oxşayıb acizi hər an belə istər dilbər,
Tez cəza hökmü verib, gec də peşiman olsun.
Ey pəri üzlü, Nizami səni gözlər, gəl, gəl,
Gəl, qarışqa evi bir mülki-Süleyman olsun!
Fəxr elə yar ki, barını çəkirəm,
Saf ürəkdən qubarını çəkirəm.
Sərxoşam, bir şərabdır eşqin.
Bu səbəbdən xumarını çəkirəm.
Mən zəlili kənara atma, gülüm,
Səni ağuş baharıma çəkirəm.
Ruzigarım keçirsə cövrinlə,
Ürəyindən o narını çəkirəm.
Qoyma solsun çiçəklənən əməlim,
Hər zaman intizarını çəkirəm.
Bülbüləm mən, Nizami, gülşəndə
Gülümün ahü zarını çəkirəm.
Dinlədi harda könül yarımızın söhbətini.
Əl atıb cırdı həmən paltarını, xələtini.
Laübali kimi məqsəd güdərək satdı özün,
Aldı can nəqdi verib, nazlı, şirin afətini.
Mənə gəl eylə vəfa, söylədim, heç eyləmədin,
Almadın sayə nədən, söylə, ürək söhbətini?
Şadlığın balü pərin böylə neçin sındırdın?
O qanadlarla könül uçdu, tapıb şöhrətini.
Читать дальше