Yoxdur mətaimiz ki, ola yarə layiqi,
Dərviş ikən nə həzrəti-sultanə göndərim?
Yanmış sinəmdə yoxdu birər arpa danəsi.
Viranədir bu kənd, ona mən nə göndərim?
Bayram yetişdi, xəstə bu canımla bir deyin,
Bilməm nə qurban ol şahə, qurbanə göndərim?
Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
Yaxşı əməl deyə nəyi mizanə göndərim?
Soruşdun halımı, məmnunəm, ey dost!
Ciyər parə, ürək pürxunəm, ey dost!
Gəl aşiqlik sözün məndən kənar et.
Sən ol Leyli, ki mən Məcnunəm, ey dost!
Əlindən eylərəm fəryad, fəryad,
Bu fəryadla günü əfzunəm, ey dost!
Sevənlərlə, eşitdim, mehribansan,
Mən onlardan məgər birunəm, ey dost!?
Yıxılsan, söylədin imdadə gəlləm,
Yetiş ki, indi mən dilxunəm, ey dost!
Nizami şer ilə dil açdı, heyhat,
Səni heç tutmayır əfsunum, ey dost!
Canımı aldın, əcəb karin var.
Qeyri bir yerdə də bazarın var?
Çoxdur aşiqlərin, ey nazlı pəri,
Məndən olmaz, belə bidarin var.
Gül üzündə o siyah zülfünlə
Yar bəla adlı, bəla yarın var.
Vəslə çatdır bu Nizamini, gözəl,
Nə əcəb, aşiqi-dildarın var!
Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?
Özün qəlbimdəsən, nəqşən olur birun, nədəndir?
Bu dünyadə mənim ancaq yeganə istəyim var,
Bəşər bir qəlbə sahibdir, belə şəbxun, nədəndir?
Fəzayi-eşqdə pərvaz bərabər etmişik biz,
Sənin mehrin gödək, eşqim mənim əfzun, nədəndir?
Tutardın dost məni əvvəl, nədən mehri unutdun,
Bu düşmənlik nədən doğdu, kənar oldun, nədəndir?
Şəfa qıldım bütün naçar ürəklər harda varsa,
Nizamiyə çatıb növbət, cəfa qıldın, nədəndir?
Cavanlıq etmişəm, ey yar, canan!
Salıb qəlbimdə yurd, bazar, canan!
Sənin şəkkər saçan ləlin umar hey.
Axıb göz yaşlarım çağlar, canan!
Verib boş vədələr çox-çox, rəvamı,
Az-az aldın ömür nə var, canan!
Nədir mişkin telin od rəngli üzdə,
Məni etmiş belə bizar, canan?!
Töküb qan-yaş gözümdən sübhədək mən,
Dolandım, hey öpüb divar, canan!
Fəqan, ey mərdlər, fəryad, fəryad,
Nədir o nərgizi-xunxar, canan!
Qönçə kimi min dərdə könül doldu cəfandan.
Ömr ötdü, xəbər yox, niyə bəs, əhdü vəfandan?
Sən dərdi, qəmi hey mənə vərmək diləyirsən,
Mənsə, ürəyi bəxş edirəm eşqinə, canan.
Xəstə gözümün çarəsini sordum ürəkdən,
Göstərdi ayaq tozlarını dərdimə dərman.
Yüz köynəyi yırtdım ki, çatam vəslinə, dilbər.
Bəlkə mənə köynək olasan, ey məhi-taban!
Sidq ilə sənə həmdü səna etdi Nizami,
Bəs, sən yenə də qətlinə fərman yazacaqsan?
Ey gözəl afətlərə sultan olan!
Qoyma baxa hüsnünə düşman olan!
Mən deyiləmmi bütün əzam ilə,
Bir tükünə min dəfə qurban olan?
Miskinəm, ox atma zəif sinəmə,
Zərbənə dözməz belə nalan olan.
İçdin ürək qanımı sən mey kimi,
Oldum adı qəlb evi talan olan.
Qoy yıxılıb payını öpsün barı,
İndiyədək sevgisi pünhan olan.
Kül üzünü görməyə yox cürətim,
Qaşı kaman, kirpiyi peykan olan.
Aşiqi-sadiqsə hamı, doğrudur,
Yoxdu Nizami kimi şükran olan.
Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan.
Məzlumların naləsinə adət edibsən,
Bəs naləmə meyl eyləmədin, sevgili canan?!
Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,
Dil vərməmək adətdi gözəllərdə binadan.
Söylə, bu Nizami necə səbr etsin, əzizim,
Eşqində qərarsız qalacaq, ey məhi-taban!
Könlüm evi xarab olub, dilbəri-cansitan hanı?
Oğru xəzinə yardı bəs qorxulu pasiban hanı?
Qafilə getdi, cərgədən mən necə qalmışam geri,
Cəld miniyim deyin hanı, arxalı sarıban hanı?
Mən gecəni sabahədək dost qapısında yatmışam,
Yolçu isəm payım hanı, yoxsa ki, üstüxan hanı?
Toplamısan, Nizami, bol ruzini bu cahanda sən,
Bəs o cahan üçün nəyim var, elə bir əyan hanı?
Baxsan cəmali-yarə, bir laləzar görərsən,
Ruxsari-yar önündə gülzarı xar görərsən,
Axtarma gül çəməndə, açmaz niqab qönçə,
Çün hüsni-yar önündə hər güldə xar görərsən.
Bir busə istəsən gər, sən ləli-yaridən bil,
Oxlar səni o, könlün al qan olar, görərsən.
Bir ömrdür qəmindən qəlbim qərarsız olmuş,
Keçsə yüz il də böylə, sən bu qərar görərsən.
Hərgah Nizami tək kim xudkamlığı unutsa,
Vəslə irib olar şad ol qəmküsar, görərsən.
Gül camalın gülə dedi: — Dur, pərdə sal üzündən,
Güllər zünnar bağlamışdır yanağından, üzündən.
Görürəm ki, qan örtmüşdür niqabını qönçənin,
Xəcalətdən bürünüb ki, görməyəsən bəlkə sən.
Qulac-qulac saçlarının açılanda mətai,
Bənövşələr köçmək üçün yük bağladı bilirsən.
O ərğivan camalının bir işarə etməsi
Yasəməni lal eylədi, susən qaldı sözündən.
Əgər dava edirsənsə gülə söylə hökmünü
Çünki nərgiz xumar olmuş, yuxu yağır gözündən.
Nizamilə çox əlləşdi bülbül, etsin rəqabət
Bu qəzəli eşidərkən susdu, getdi özündən.
Əziz elçi, könül yarı necədir?
Mən bimarın o nigarı necədir?
Gözəlliyi, məlahəti qalırmı?
Nə eyləyir, işi, karı necədir?
Söylə, əmlik ahumuzun nərgizi
Sünbülləri, çəmənzarı necədir?
Читать дальше