Beləliklə, o, qarşısında qalaqlanmış, xırdalıqlarla dolu yetmiş illik həyatı tikə-tikə edib orada ötəri bədbəxtlikləri və sübutu olan xoşbəxtlikləri görəcək, taleyin fantaziyası ilə zənginləşdirərək istədiyi kimi göstərə biləcəkdir… Çünki Morfe hər şeyi çılpaq şəkildə qoymuş, aydın göstərmişdir. Heç kimdən heç nə gizlətməmişdir. Özü də mahir övliyadır.
Bu, məxfi saxlanılmış bəzi şərhləri başa düşməyə imkan verir və şərait yaradır. Şərhlər isə bəzən ətraflı olur və hər tərəfə səpələnmiş müəmmaların başa düşülməsi üçün səbəbə çevrilir; Çünki özü başa düşüləndir, bəşəridir: axı həyatın – ömrün süqutuna doğru insan daha çox naqqala çevrilir. Bir qədər sonra isə gözünə keçmişdən başqa heç nə görünmür. Bu gün mövcud olmayan bir şeyə çevrilir.
İndi mənim də həyatımın kart oynanan yerlərə tez-tez baş çəkməkdən və orada qəddar, qaçılmaz reallığı bir müddətlik də olsa aldadıb çaşdırmağa cəhd etməkdən başqa heç bir cazibədarlığı qalmayıb.
Vaxtımın qalan hissəsinə gəlincə, oxucu burada mənim yaşadığım sönük və yeknəsəq günlərdən başqa heç nə tapmayacaq. Heç bir hədəf onun gözünə görünməyəcəkdir. Ola bilsin, kart oynanılan salonlarda qadınlar üstünlük təşkil etdiyi üçün yaranacaq təəssürata öz təsirini göstərəcək, hətta hansısa psixoanalitikin peşəkar baxışlarını bir çox xırdalıqlara cəlb edərək özünə aludə edəcək, şirnikləşdirəcəkdir… Niyə də olmasın? Amma həyatımın bu hissəsi mövcud olan şeyləri nə sıxışdırıb “kənara atır”, nə də maneələri yox edir. Uzaqbaşı, yatmaq ərəfəsində haqqında danışdığım bu cinsdən “əvəz çıxmaq üçün” və öz ruhumu sakitləşdirmək xatirinə istifadə edildiyini anlayacaqdır.
Burada bir şeyi xüsusi olaraq qeyd etməliyik ki, hansısa kişinin ədəbazlığı indiyə qədər təhtəlşüur və instinktiv formada açıqdan-açığa “qadın ətəyi”nə aludə olubsa, artıq şüurlu surətdə onu saxlamaq üçün çoxdan çətin olar.
Siyasi təbəələrə gəlincə, mənim yeniyetmə çağlarımdan belə xəyallara tez-tez baş vurduğumu, elə o zamandan da siyasətlə məşğul olmağa başladığımı göstərmək kifayət edər; bu isə həyatımın ən təhlükəli vaxtlarına aiddir. Haqqında danışdığım siyasət olmasaydı, həyat mənim üçün həddindən artıq səmərəsiz keçərdi.
Ancaq öz aləmimdə həmin ”xəyallara” sitayiş etməyimin başqa bir izahı da var. Siyasət bizim ailədə qədimdən qalma bir rola sahibdir. Hətta demək olar ki, həyatımızda qabaqcadan cızılmış, planlaşdırılmış, yaxud sözsüz-şübhəsiz göstərişlərlə dolu olan gecə seansları hazırlanırdı.
Elə ki səhər yuxudan oyandıq, xəyalən arzuladığımız ehtiyat azuqəni anamızın hazırladığını görər, hər kəs ədəblə davranaraq vaxtı boşa itirmədən hərəkət edərdi. Son dərəcə vacib olan hallarda anamız həddindən artıq incə şəkildə bunu bizə xəbər verər, amma yenə də hər birimizə həmişəki kimi qayğı ilə yanaşardı; Vacib hallar isə atamızın ciddi vəziyyətlərə düşməsi, məsələn, səyahətə hazırlaşması, toya, nişana qatılması, alqı–satqı işi, kimisə işə gətirmək-aparmaq, yaxud işdən azad olunması və s. idi. Belə nadir hallarda atamız ehtiyacımızı təmin etmək üçün başqa cür hərəkət etməli olardı. Onda anamız da maneələri dəf etmək üçün başqa çarə, başqa yollar axtarıb tapmağa çalışardı. Bəzən atamızı hansısa yoldan çəkindirmək üçün çabaladığını, gözlərinin qarşısındakı süni əlamətləri uzaqlaşdırdığını da görərdik… Atamız güclü, diribaş, qorxmaz, cəsarətli kişi kimi, Allahın qarşısında tale ilə, onun buyurduqları ilə barışar, bunu öz arzu və istəyi ilə edər, səbirli davranmağa çalışardı.
Ailənin üzvlərinə və xidmətçisinə adətən gecə vaxtlarında Morfe tərəfindən deyilmiş nə qədər ziyanlı fikirlər var idi ki, boşa çıxmışdır.
Bizim xəyallarımız üçün ən qorxulu elementlər bunlar idi: od, alov, toy, dişin çəkilməsi və s. Eyni zamanda su, at, səfillik, gecə vaxtı baş tutmuş nişanlanmalar da bu sıradandı…
Bununla belə, demək olar ki, mənim istəklərimi maddi cəhətdən təmin etmək, onları həyata keçirtmək üçün imkan, şərait yaratmaq, onların qayğısına qalıb, yüksəklərə qaldırmaq lazım idi. Amma qayğılardan biri mənim fikirləşdiyim bu məsələyə həmişəlik olaraq zərbə endirdi.
Təxminən dörd yaşım olardı. Günlərin bir günü gecə yuxuda gördüm ki, bağımızla qonşu bağ arasındakı çəpərin üstündən qəfil bir alov peyda oldu. Səhərisi gün, obaşdandan yuxumda gördüyüm həmin yerdə Mirzə Süleymanın başı göründü; o, ailəmizin dostu, mömin bir adam idi… Dueldə öldürülən dayımızın faciəvi ölüm xəbərini bizə çatdırmağa gəlmişdi.
Həmin gündən etibarən mən xəyallarımı tamamilə başqa vasitələrlə həyata keçirməyə başladım; yəqin ki, imkan yaransa, bunun haqqında da sizə danışacağam. Bununla belə, 1940-cı ilin iyununda əsil telepatiya 1olan bir hadisə haqqında yeni bir xəbər yayıldı.
Kütləvi qaçhaqaçın qırğın çağında mən quru torpağın üstündə yatdığım yerdə baş verənləri gördüm. Yəni haqqında danışılan o telepat adam bədəninin sağ tərəfindən yaranan ağrılardan gileylənərək həbsxana çarpayılarının birinin üstündə uzanmışdı… Bədəni şəffaf idi, kədərli görünürdü…
Bu, xətərli bir gün idi. Mən bunu bir aydan sonra öyrəndim – tarix eyni tarix idi…
Deməli, mənim bu hadisəni hansı səbəbdən izlədiyim aydın olur. Bu, sevimli varlıqlarla birgə keçirilən yeganə inam dolu anlar idi ki, sizə bir çox şeyi rəhmsizcəsinə qadağan edirdi.
Mən spiritizmə 2inanmıram: təbiətcə olduqca skeptikəm 3. Hər gecə yuxu görürəm və hər zaman mürgülü oluram. Gördüyüm yuxular arasında sizə yalnız qarmaqarışıq olmayanları danışıram ki, təsəvvürünüzdə çaşqınlıq yaranmasın. Danışdıqlarım özümə aydın olan yuxulardır. Onları olduğu kimi qeyd edirəm. Yəni stenoqrafiya üsulu ilə və toxunmadan, heç bir şey artırıb-əskiltmədən yazıram.
Oxucu, bilin ki, bütün hallarda və vəziyyətlərdə yuxuların əleyhinə getmək düzgün deyil, çünki onların içində həqiqət üstünlük təşkil edir.
Yanvar, 1948
Le I
Mən kanal və çay boyunca uzanan kənd yoluyla gedirəm. Yolun hər iki tərəfində boy verən ağaclar eyni hündürlükdədirlər. Budaqları sağa doğru əyilib. Onların altıyla addımlayıram. Çoxlu fındıq yığacağıma ümid edirdim, ancaq burada yalnız gavalı var. Monruj (Qırmızı dağ – Ş.Z.) adlı kəndə çatıram. Elə bu vaxt yağış yağmağa başlayır, daldalanmaq üçün yerim yoxdur. Balaca bir oğlan uşağı məni öz evinə dəvət edir. Bilirəm ki, onu mənim dalımca bayaqdan divarın çat yerindən məni izləyən bacısı göndərib. Bu balaca uşaqla yuxarı – evlərinə qalxmağı çox istəyirəm, ancaq onun bər-bəzəkli bir göyərçin damında yaşadığını görürəm. Geri qayıdır və başqa yola keçirəm.
Açıqlıqda yerləşən şəhərkənarı bir evdə yaşayan D.T.-nin evinə (yaşadığı qonşu ölkənin 10-12 il bundan əvvəl dünyasını dəyişmiş adlı-sanlı bir xadimi) çatıram. Küçədə alay komandiri, polkovnik K.N. və mənim iş yoldaşım C.-ni görürəm. Hər ikisi bürüncəklidir və başlarında təpəsi yumru şlyapa var. İlin bu vaxtlarında onlara adətən baş çəkmədiyimi qəfildən xatırlayaraq, məni səsləyirlər; yayınmaq istəyirəm, ancaq artıq gecdir, görürlər və mənə doğru gəlirlər.
Читать дальше