Amma Qarabağ gözəlindən səs çıxmırdı. Xacə isə sözlərini doğrayıb tökürdü.
– Əgər desən ki, Hindistan padşahının boynundakı lə’li mənə gətirməlisən, gətirər. Necə gətirər? Qoşun yığar, bütün xəzinəsini xərcləyər, minlərlə cavanı qurban verər, amma gətirər. Zəmanənin sahibləri niyə bu qədər torpaqları alır, ölkələri tutur? Niyə? Məleykələrin sözü yerə düşməsin deyə. Hər ölkənin də öz gözəlləri var. Hərəmxanalar da xəzinə kimidir. Orada ən qiymətli daşlara bərabər gözəllər saxlanır. Düzdür, səni heç vaxt hərəmxanaya qoymayacaqlar. Baxmayaraq ki, sən bir çox şah hərəmlərindən gözəlsən, amma əslin, nəcabətin yoxdu. Amma istəsən ki, hökmdar Qarabağı dünyanın cənnət dilbər guşəsinə çevirsin, bax, bunu eləyər. Qohumlarını, qardaşlarını ehtiyacdan qurtarar.Sultan əlində bu işlər nədi ki? Heç nə.
Qarabağ gözəlindən səs-ün çıxmırdı. Ancaq deyəsən çox ağlamışdı. İndi içini çəkirdi.
– Bu günahkar qocanın günahından keçin. Onu deyim ki, məleykənin ağlamasının səbəbini başa düşürəm. Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.
Bu vaxt nəsə ağır bir şey xacə Mənsimin başına dəyib xalçanın üstünə düşdü. Onun gözlərinin qabağı qaranlıq çaldı. Gözləri bir neçə an görmədisə də əlini sürtüb başına dəyib düşən əşyanı axtardı. Ağrıdan dini-imanı yansa da, fikrindən gələn o oldu ki, bunun muştuluğu hamının verdiyi muştuluqdan qiymətlidir.
Xacə yerdəki “muştuluğu” tapıb götürdü. Bu, Qarabağ gözəlinin ona tulladığı bürünc şamdan idi...
Səlcuqəşahbəyim oğlunu Abı otağa yola salıb qotazlı mitəkkənin üstündəki uzunsov, Şirvanşah möhürlü, ətirli məktubu götürüb höccələyə-höccələyə oxudu. Şirvanşah Fərrux Yasar yazmışdı ki, Şeyx Heydər Şirvanı istila elədi. Mən Gülüstan qalasında gizlənmişəm. Əgər o, böyük hökmdarın tapşırığı ilə gəlibsə, onda bunu açıq deyəydiniz, mən qalaların, şəhərlərin açarlarını qızıl nimçədə göndərəydim. Onsuz da, Şirvan sizə xərac verməyə hazırdı: Şeyx Heydər sizdən xəbərsiz Şamaxını tutub.
Burada taxta çıxmaq niyyətindədirsə, bu ayrı məsələ, onda elə Təbrizin də taxtını ona vermək lazım gələcək. Bu tezliklə bu boyda səltənəti bir şeyxin fitnəsinə qurban vermək isə ağıllı iş olmazdı.
Səlcuqəşahbəyim bundan sonra kürəkəninin əlindən zəncir çeynəməyə başladı. O, oğlu taxta keçəndən Sara xatunun yerişini getmək istəyir, hər işə qarışırdı.
– Bütün günahlar bizim qızımızdadı. Arvad necə olsa ərinin fikrini bilər. Bilsə də bizə xəbər verməyib. Ərini qardaşlarının üstünə qaldırır. Uzun Həsənin əziyyətlə qurduğu səltənəti dərvişlərə sədəqə vermək istəyir. Şah arvadı olmaq arzusuna düşüb. Arzun gözündə qalar, inşallah. Yaxşı deyiblər də, özgədən adama övlad olmaz. Tərsa qızından olan gəlib bizə canmı yandıracaqdı?
Sultan Yaqub qızın adını anasından soruşub Abı otağa getmişdi. İçəri girdi. Onu görüb ayağa qalxan qız elə bil yerdə, torpaqda yaranmamışdı, göydən enmişdi. Tanrı özü onu mələklərin arasından arayıb-axtarıb tapmış, öz adına layiq olanını seçib göndərmişdi onun hüzuruna.
Sultan Yaqub hər iki əlini göyə qaldırdı.
– Ey ulu tanrı, səndən nə qədər razıyam. Cənnəti mənə bu dünyada bəxş elədin. O dünyada cəhənnəm oduna yandırsan da səndən razıyam.
İri, qara gözləri hürkək-hürkək baxırdı. Sifəti, döşlərinin ayrıldığı yerə qədər sinəsi, əlləri elə bil ağ süd rəngli mərmərdən yonulmuşdu. Mərmər nədi? Yox, onun mərmərə heç bir bənzəyişi yox idi. Onu fil sümüyündən yonmuşdular. Bu məxluqu bəşər övladı belə kamil, belə zərif yona bilməzdi. Tanrı bütün işlərini bir kənara qoyub özü onu xoş saatda yaratmışdı. Bir anda onun arvadlarının ikisi də gözündən düşdü. Gövhərtac balacaboy idi. Səsi kişi səsinə oxşayırdı. Şirvanşahın bacısı isə bunun yanında qarayanız göründü. Düzdü, əvvəllər nə Gövhərtacın səsinə və boyuna, nə də Şirvanşah bacısının yanağının qarayanız rənginə fikir verməmişdi.
O, gözələ yaxınlaşdı. Xeyli baxdı. Boğazı sürahi kimi qalxırdı, boynunun yanlarından saçları sallanıb döşlərinin qabarıqlığını daha da aydınlaşdırırdı. Əlini kisəyə salıb xeyli daş-qaş çıxarıb onun başına səpdi. Qız onların heç birinə fikir vermədi. Daş-qaş xalının üstündə bərq vurdu. O, tutaş kipriklərini tərpətmədi də. Sultan Yaqub əlini uzadıb ona toxundurdu.
– Sən bəşərsənmi?
O, yenə dinmədi.
Sultan əl atıb onun qızıl işləməli, yüngül donunu parçalamaq, onun bütün gözəlliyini aşkara çıxarmaq istədi. Amma qız kənara çəkildi. Hardansa bir qəmə çıxartdı.
– Yaxın gəlmə. Gəlsən özümü öldürəcəm.
O, quruyub qaldı.
– Necə?
– Mənə əl vurmayın, hökmdar.
Sultan Yaqub geri çəkildi. Dayanıb ona tamaşa eləməyə başladı. O, hələ də özünə gələ bilməmişdi. Geri çəkildi ki, birdən bu xəyal, bu əfsanə, bu nağıl yoxa çıxa bilər. Şirin yuxu kimi əriyib gedər. Amma hökmdarlıq qüruruna da toxundu. Hələ heç kəs onun qarşısında “yox” kəlməsini işlətməmişdi.
– Sultana təslim olmaq istəmirsən?
– Mən indiyə qədər azad bir quş olmuşam. Mən qızıl qəfəsə təslim olmaq istəmirəm.
Qızın səsindəki məlahət də onu əfsunladı.
– Sən həm də ağıllı gözəliymişsən.
– Tanrıdan bir narazılığım varsa o da baxtımın qara yazılmasıdır.
– Qara bəxt. Sultan sarayına, sultan ağuşuna düşmək ağ bəxtdir.
– Kimin üçün ağdısa, mənin üçün qaradı.
– Ey gözəl, mən səni başa düşdüm. Cariyyə kimi saraya gətirilən belə mələyin bəxtindən inciməyə haqqı var. Amma mən çox ədalətli hökmdaram. Sənin bəxtini ağartmaq da mənim əlimdədir. Sən yalnız Sultan hərəmxanasına layiqsən. Belə gözələ çalınan toyun səsi Çini-Maçinə getməlidir. Sənə elə bir toy çaldıracağam ki, bütün görənlər heyrətə gəlsin. Səni Ağqoyunlu tacının ən iri cəvahirinə çevirəcəyəm. Şərtlərini de.
Qarabağ gözəli dinmədi.
– Şərtlərini de.
– Mənim bir şərtim var.
– Buyur.
– Məni buraxın, öz elimizə qayıdım.
– Bu saraylar, bu səltənət, o xəzinə hamısı sənindir. Ondan özgə şərtin varsa buyur. Sən yalnız mənim kimi hökmdara layiqsən. Tanrı bizim kəbinimizi göylərdə kəsib. Toyunu Sultanbudda, öz elinin içində başlayıb, Təbrizdə qurtaracağam.
O, sözlərini deyib Abı otaqdan çıxdı. Uçmağa qanadları yox idi. Amma uçurdu, yerimirdi. Özünü anasına yetirdi. Onun əllərini tutub öpməyə başladı. Səlcuqəşahbəyim təəccüblə oğluna baxdı.
– Nə olub?
– Sən məleykələr padşahını göylərdən endirmisən.
Səlcuqəşahbəyim gördü ki, oğlu qıza necə vurulubsa özünü-sözünü bilmir.
– Sən hökmdarsan, bunu yadından heç vaxt çıxartma.
– Allah olsam, allahlığımı da unudardım.
– Ağlını başına yığ. O, kasıb bir ilxıçının qızıdır.
– Mən o ilxıçını vəzir, əmir, sipəhsalar eləyərəm. Bu qız mənim tacımın ən qiymətli daşına dönməlidir. Toya hazırlıq görülsün.
Hikkəsindən Səlcuqəşahbəyimin az qalırdı bağrı çatlasın. Ləngər vura-vura oğluna tərəf getdi. Qapını kəsib onu çıxmağa qoymadı.
Читать дальше