Burana muzeyindən ayrılarkən qaça-qaça gələn bir gənc avtobusa çıxdı və mənim adımı, soyadımı çəkərək salona göz gəzdirdi. Mən əlimi qaldıranda yaxınlaşıb vizit kartı verdi. Dedi ki, direktorumuz xahiş edir, ona məktub yazasınız. Sizinlə məsləhətləşməli bəzi məsələlər var.
Buranadan ayrılıb Karakola doğru yola çıxırıq. Karakol həm Isık göl vilayətinin, həm də onun tərkibindəki Ak-Suu rayonunun mərkəzidir. Vilayət Isık göl hövzəsini əhatə edir. Sahəsi 43,1 min kvadrat kilometr, əhalisi 500 min nəfərə yaxındır. Bu, o deməkdir ki, vilayətin ərazisi Ermənistan Respublikasının ərazisindən 13,357 min kv.km. çoxdur.
Əhalisinin sayına görə Qırğızıstanın Oş və Calalabad vilayətlərindən geri qalsa da, ərazisi Narin vilayətindən sonra ikinci yeri tutur. Vilayətə Isık göl, Tüp, Tong, Yedi-Öküz və Ak-Suu rayonları daxildir. Ölkənin dəmiryolu isə Isık gölün sahilindəki Balıqçı qəsəbəsinədək uzanır.
Qırğızıstanla Qazaxıstanın sərhəddini müəyyənləşdirən Çuy çayının kənarı ilə üzü yoxuşa gedirik. Dağlar bol sulu çayı sıxaraq dar bir yataqla axmağa məcbur edib. Isık gölə 5–6 kilometr qalmış Çuy çayı görünməz olur. Çuy çayı başlanğıcını Tərs Ala Too (too dağ anlamındadır. Biz həmin sözü rus dilindən aldığımızdan tau şəklində yazırıq) dağlarındakı buzlaqlardan alır. Suyu nə qədər bol olsa da, suvarmada istifadə edildiyindən və Mumqum səhrasının qumluqlarında batdığından keçmişlərdə olduğu kimi, duzlu Akjaykın gölünə çata bilmir.
Bizim yolumuz çay yuxarı deyil, sola, gölün kənarındakı Balıqçı qəsəbəsinə doğrudur. Qəsəbədə yol ikiyə ayrılır. Biri gölün güneyi, o biri isə gölün quzeyi ilə gedir. Gölün quzeyindəki yol dağların güneyində olduğundan daha işləkdir. Göyçə gölünün sahilindəki yollar da belədir. Yəni qışda nə qədər qar-boran olsa da, hava sakitləşən kimi gün vurub əridir, yollar açılır. Quzey yolu isə qışda həmişə donuşluq olur. Gərək oranı tez-tez qardan-buzdan təmizləyəsən.
Güneydən Küngöy Ala Too, quzeydən Təskey Ala Too dağları ilə əhatələnən Isık gölü Güney Amerikadakı Titikaka gölündən sonra dünyanın ən böyük dağ gölü sayılır. Tektonik çuxurda yerləşən gölün uzunluğu 182, eni 60 kilometr, sahil boyu isə 988 kilometrə yaxındır. Gölün orta dərinliyi 278 metr, ən dərin yeri isə 668 metrdir. Mahmud Kaşğarlı "Divani lüğat-it- türk" əsərində Barsgan (gölün güney sahilində Barskon qəsəbəsi var) gölünün uzunluğunun 30 fərsəx, eninin 10 fərsəx olduğunu yazır. Bu günü ölçmə cihazlarının olmadığı bir zamanda onun yazdığının günümüzün ölçüləri ilə üst-üstə düşməsinə heyrətlənməmək olmur.
Göyçə gölü ilə Isık göl bir-birinə oxşasa da, aralarındakı dəniz səviyyəsindən 300 metr fərq ətraf təbiətə, bitki örtüyünə də təsir göstərir. Hər iki gölün ətrafındakı çəmənlər stadionların yaşıl örtüyünü xatırlatsa da, Isık gölün sahili boyu uzanan yolun kənarında qovaq, qarağac, başqa ağac və kollar var. Onların arxasındakı alma, armud, gavalı bağları gölün beş-on metrliyindən dağların yamacınadək uzanıb gedir. Burada qara gavalı oktyabrda yetişir. Məhsul o qədər boldur ki, salxım kimi sallanır və az qalır ki, ağacların budaqlarını sındırsın.
Gölün güney sahilləri dərin, quzey sahilləri isə dayazdır. Ona görə də istirahət yerlərinin, sanatoriyaların, çimərliklərin əksəriyyəti quzey sahillərdədir. Buranı, adətən, keçmiş SSRİ-nin Antalyası adlandırırlar. Amma Antalyadakı otellər, xidmət hara, buradakılar hara?! Sovetlər Birliyi dağıldıqdan buradakı istirahət mərkəzləri, sanatoriyalar da baxımsız qalıb. Xarici ölkələrə gedib oradakı xidməti görən adamlar qiymətləri ucuz olsa belə, buraya gəlmək istəmirlər. Məcbur qalıb yeni, müasir tələblərə cavab verən binalar tikməyə başlayıblar. Xaricdən yatırımçılar, iş adamları dəvət ediblər. Beləcə Isık gölü sahillərindəki dincəlmə yerlərində, sanatoriyalarda bir canlanma yaranmağa başlayıb.
Qırğızlar Isık gölü "Kırğızıstan bermeti (incisi)" adlandırır və müqəddəs sayırlar. Ruslar gələnə kimi qırğız, qazax, uyğur və başqa xalqlar burada çimmirmişlər. Xalq arasında Isık gölün müqəddəs olması haqqında əfsanələr dolaşır. Həmin əfsanələrin birində deyilir: "Bir zamanlar başı qarlı dağlarda su sonası kimi gözəl bir qız yaşayırmış. O, həm gözəl, həm də ağıllıymış. Dünyanın dörd bir yanından ona elçilər gəlirmiş. Günlərin bir günü Doğudan Ulan, Batıdan isə San Taş adlı iki oğlan qıza elçi gəlir. Görənlər, tanıyanlar bu oğlanların ağlına, bacarığına, igidliyinə heyran qalırlar. Qız onlardan birini o birindən seçə bilmir. Çıxış yolu tapa bilmədiyindən ağlamağa başlayır. Göz yaşları o qədər axır ki, dağların arasında göl yaranır. Qız özü isə göz yaşından yaranan göldə boğulur.
Qızı sevən, ona qovuşmağa gələn oğlanlar bu xəbəri eşidib evlərinə dönürlər. Lakin qızın ölümündə günahı Ulan San Taşda, o isə Ulanda görür. Qızın ayrılığına tab gətirməyib onlar da yelə çevrilirlər. Hərdən aşiq olduqları qızın yaşadığı yerə gəlirlər. Onlar gölün üzərində qarşılaşanda tufan qopur, ətrafı qar-boran bürüyür. Qırğızlar həmin vaxtdan Doğudan əsən yelə Ulan, Batı küləyinə isə San Taş deyirlər.
Çolpan Ata şəhərinin Ruh Orda-Ruh Mərkəzindən Isık gölün görünüşü. Soldan: Muxtar Kazımoğlu, Osman Baş, Əli Şamil
Ümumdünya tufanından bəhs edənlərin bir çoxu Nuhun gəmisinin Ağrıdağda quruya çıxdığını yazır. Buna əsaslanıb Nuhun oğlu Yafesin də Ağrıdağ ətrafında dövlət qurduğu fikrini söyləyirlər. Rus alimi V.Bartold isə hicri 520-ci (miladi 1126-cı ilə aid olan) "Mucmil al-tavarix via al-kişaş" əsərini nəşrə hazırlayarkən ona yazdığı izahlarda qeyd edir ki, Isık göl kənarında bir dağ var… Türk (Yafesin oğlu) orada yaşadı… Bir gecə dağın başında bir od gördü… O dağa Anduk Art adını verdi…
Gölün suyu az duzlu olsa da, olduqca təmiz və şəffafdır. Mütəxəssislər deyirlər ki, gölün 60 metr dərinliyində üzən balığı görmək olur.
Xəzər dənizi neçə ildən bir gah qabarıb sahillərini su altında qoyub, gah da geri çəkildiyi kimi, Isık gölündə də belə qabarma və çəkilmələr olub. Amma Xəzərlə Isık gölün eyni vaxtdamı, yoxsa fərqli zamanlardamı qabarıb çəkildiyi haqqında bilgimiz yoxdur. Arxeoloqlar Isık gölün sularının 5-10 metr dərinliyində 2500 il öncələrin tikinti qalıqlarını aşkara çıxarmışlar. Günümüzədək gəlib çatmış sualtı tikililər burada böyük və zəngin bir şəhər olduğunu göstərir.
Su altındakı 500 metr uzunluğundakı divar qalıqlarının çevrəsindən arxeoloqlar çoxlu ox ucları, pullar, qulplu bürünc qablar, xəncərlər, baltalar və başqa əşyalar tapmışlar. Onlar Əmir Teymurun bir zaman Isık gölün sahilində olan sarayının qalıqlarını da su altında tapdıqlarını yazırlar.
Ornekdən Almatıya gedən yol
Ornek qəsəbəsini keçəndə TİKA-nın Qırğızıstan ofisinin əməkdaşı Ağılbay sağa – dağlara doğru ayrılan asfalt yolu göstərərək: "Bu yol düz Qırğızıstan sərhəddinə kimi gedir. Dağlara dirənib durur. Oradan 5–6 kilometrlik bir tunel vurulsa, Almatıya maşınla 35–40 dəqiqəyə getmək olar. Yayda adamlar atla, dəvə ilə dağları aşıb Almatıya gedirmişlər. Elə ki payız gəldi, qar yağdı, may ayına kimi o yolla getmək mümkün olmur.
Читать дальше