Hər əməliyyatdan sonra kabinetinə qayıdıb iki qədəh araq içmək doktor Fərzaninin dəyişməz adəti idi. Əməliyyat var, yoxdur bunun fərqinə varmadan cərrah axşamüstləri öz kabinetinə çəkilir, müəyyən müddət xəstəxana həyatından tam təcrid olurdu. Sizə də məlum olan bu günü saymasaq həmişə tək içirdi. Elə buna görə də tibb bacısı bərk narahat olmuşdu: bir tərəfdən ona görə ki, doktor hər günkü normanı aşa bilər, digər tərəfdən də qısqanırdı, axı bu neçə il ərzində cərrah məhz bu kabinetdə sevincini də, kədərini də onunla bölüşürdü, bir yerdə dərdləşirdilər.
Onu ən çox qorxuya salan məsələlərdən biri də bu idi: doktor Fərzani xəstəni nomenklatura üçün nəzərdə tutulan palatada yerləşdirmişdi. Belə bir hal yalnız baş həkimin qərarı ilə ola bilərdi: bəlkə də heç lazımi göstəriş, razılıq olmayıb.
- Bu da mən, Minaşa! - Əyni ağ xalatlı doktor Fərzani palataya girib qocaman tibb bacısını salamladı. Bu sayaq salamlama həmişə olduğu kimi Münəvvər xanımın ürəyinə sarı yağ kimi yayıldı. Görünür, Moskvadan Maşa zəng çalıb, - belə düşünməyə qadının haqqı vardı, axı çox vədə qızının zəngindən sonra doktor Fərzaninin çiçəyi çırtlayır, kefi kökəlirdi.
- Hə, bizim artistimizin hələ də bu işıqlı dünyaya qayıtmaq fikri yoxdur? -
Doktor xəstənin nəbzini yoxlayıb soruşdu. - Onun ürəyi, Minaşa, ürəyi... bədənində sağ-islahat qalmayıb, di gəl ürəyi saat kimi işləyir.
- Eh, Fərid Qasanoviç, siz bilirsiniz, mən onun necə vaxtlarını görmüşəm?! -
- Tibb bacısı həyəcan və qəm içində dilləndi. - Vaxt var idi onu səhnədə görmək üçün camaat dəstə-dəstə axışırdı. Siz Aydını oynayanda görsəydiniz. O qədər qəşəng oynayırdı, hətta kişilər dözməyib ağlayırdılar. - Doluxsunmuş tibb bacısı göz yaşlarını zorla saxlayırdı. - Görürsünüz, sifəti nur saçır, elə-belə işıq deyil, çəkdiyi əzabların odudu, üzünə çıxıb. Oturmuşam yanında, baxmaq istəyirəm üzünə, baxa bilmirəm.
- Hə, möhkəm kişidi, - doktor razılaşdı, xəstənin yatağından aralandı, bir müddət pəncərənin qabağında dayandı. Sonra qayıdıb Münəvvər xanımın böyründəki kresloda əyləşdi.
- Ancaq, doktor, - tibb bacısı asta səslə dedi, - gərək siz baş həkimə heç olmasa nəzakət xatirinə təzə xəstəni bu palataya yerləşdirməyinizi deyəydiniz.
- Dedim bu barədə - doktor həvəssiz cavab verdi, kreslodan qalxdı, yenə pəncərəyə yaxınlaşdı.
Elə bil tibb bacısının üstündən dağ götürüldü. O, ayağa qalxıb qapıya tərəf tələsdi.
- Mən getdim kabinetinizi yığışdırmağa - dedi, qapıdan çıxarkən bir də palataya sarı boylandı, - sizə çayı bura gətirim?
- Gətir. Amma baş həkimdən icazə almağı unutma.
Tibb bacısı gedəndən sonra doktor təkrarən pəncərənin qarşısına keçdi. Bu adət - gecələr pəncərə önündə dayanıb bomboş küçəyə baxmaq şakəri son macallarda peyda olmuşdu. Qəribədir, gör neçə aydır, Bakı küçələrində nəinki gecə, hətta gündüzlər də tək, yaxud qoşa gedən adamlar gözə dəymir. İndi adamlar sürü olublar, kütlə olublar. Ağzına gələni danışmaq hakimiyyəti, qışqırmaq, mədh etmək ixtiyarı kütləyə məxsusdur. Ən qəribəsi də bu idi ki, bu qışqıran, mədh eləyən adamların dilindən qopan sözün sayı yarımvəhşi insanların ov mərasimlərində işlətdikləri sözün sayından çox deyildi.
Azadlıq!
İstefa!
Qarabağ!
Son vaxtlar bu adamlar bəsit lüğət tərkibini daha üç kəlmə ilə zənginləşdirmişdilər.
Ermənisən!
Ölməlisən!
Vəssalam!
- Vəssalam! Vəssalam! - Doktor Fərzani öz-özünə danışıb pəncərədən aralandı.
Və bu vaxt o, bir damla göz yaşının işıldaq iz sala-sala xəstənin saralmış sifətindən boğazına tərəf süzüldüyünü gördü.
İKİNCİ HİSSƏ
Ey yerin-göyün hakimi, mərhəmətini əsirgəmə,mənə düzünü de,
Əylis məni yaradıb, yoxsa mən Əylisi yaratmışam?..
İlahi, bu yer nə yerdi belə!
Yəni doğrudanmı dünya deyilən şey çayların əyri qırağından baş alıb sıldırımlı dağların təpəsinə dikələn nərdivandı? Əylisdimi bura ? Necə olur görəsən ensiz dar dərə bircə göz qırpımında qəfil genişlənir, genişlənir, dünya boyda olur. Doğrudanmı Əylis bu qədər böyüyüb? Yoxsa burdakı bütün daşları toplayaraq ucalara gedən bir nərdivan qurub ki, oradan baxanda balaca, əl içi boyda Əylis dərəsi yox, göz işlədikcə genələn bütün dünya görünsün. Bu necə məkandı, İlahi!
Bəlkə bu dağlar vavilion Allahının Mesapotomiyadakı Daş darvazasıdır. Bəlkə Akropoldur? Bəlkə bu batıq-çıxıqlar, pilləkənlar göy üzündəki Parfenona açılır? Və nədən, nə üçün onun qövüsvari pilləkənləri Dionis teatrının daş oturacaqlarını xatırladır? Bəlkə də Əylisin yuxarı hissəsindəki Vuraqırd adlanan daş dünyaya Ahəng demək daha düz olardı. (Vuraqird ermənicə Vardakert toponiminin təhrif olunmuş şəkilidir. Vardakert kilsəsi ( Müqəddəs Xristofor kilsəsi) Əylisin ən qəlbi yerindədir). Amma hələ belə demək tezdir. Çünki Saday Sadıqlının durduğu daş pilləkəndən Vuraqirdın daş kilsələrinin bircəsi də görünmürdü. Axı o, bu ecazkar, İlahi məkanına məhz ahəng dalınca gəlmişdi, artist onu görürdü, əgər o ilahi ahəngdarlıq olmasaydı bundan sonra gediləsi yol da mənasını itirərdi.
Artist can atdığı o uzaq məkana qovuşmaq üçün bu daş pillələrlə üzüyuxarı hələ çox dırmaşmalıydı : di gəl, ayaqlarının heyi azalmışdı, əlləri sözünə baxmırdı, başındakı ağırlıq vucudunu çəkib aparmağa imkan vermirdi. Artist heç olmasa bircə pilləkəni də qalxmağa can atırdı, amma dərhal qüvvəsini itirirdi. Bax onda Saday soyuq kələkötür daş çıxıntının üstünə uzandı, bir az özünə gəldi, yenidən qırmızı bişmiş kərpicdən hörülən, hələ də görünməyən kilsəyə doğru hərəkət etməyə başladı. Elə ki, o bir qədər irəliləyirdi, qəribədir həmən an arxada qoyduğu dikdir yeni başdan irəli sürüşürdü. Dərə boyunca axan çay qırağından başlayıb göyün üzünə qədər yüksələn pilləkənlərin daş dünyası zəlzələdən titrəyir, o titrəyən, yellənən daş dünyanın müsafiri Saday Sadıqlı yadına sala bilmirdi ki, haradadır, nə axtarır? Yoxluğun və məkansızlığın dəhşətli qorxusu içində batıb boğulurdu.
Artist belə dünyaya huşunu itirəndən sonra düşmüşdü.
Həmin gün səhər saat on bir, on iki radələrində evdən çıxıb Parapet tərəfə gedirdi. Hansısa sirli bir qüvvə yenə də Saday Sadıqlının düşüncəsinə hakim kəsilmişdi mübhəm bir qüvvə onu Eçmiədzinə dartırdı. Saday Sadıqlı heç vaxt Eçmidzində olmamışdı. Ancaq axır macallar, az qala hər gecə yuxuda nahamar daşların, qayaların arası ilə ona tərəf gedirdi və yuxusundakı bu çətin yol Vuraqırda aparan, kitablarda oxuduğu, videolarda gördüyü daş pilləkənlərə dirənir, ilişib qalırdı. Eçmiədzinə yollanmaq, törətdikləri əmələ görə müsəlmanların bağışlanılmasını diləmək niyyəti Saday Sadıqlının ürəyində Sumqayıt hadisələrindən sonra, gecələrin birində baş qaldırmışdı. Sonralar Saday Sadıqlı ayırd eləyə bilmirdi: bu fikir onun ağlına yuxuda yoxsa gerçəkli həyatda gəlib. Ancaq həmin səhər o, yuxudan qıvraq oyandı, yuyundu, iştahla səhər yeməyi yedi, ləzzətlə çay içdi və hətta bu səmavi ideyanın məğzini sevimli arvadına danışmaqdan özünü saxlaya bilmədi. Son zamanlar ərinin pisxoloji durumundan rəndicə düşən Azadə xanım həmən gün işdə canını qoymağa yer tapmadı, axşam isə Mərdəkana zəng çalıb baş verənlərin hamısını atasına nağıl elədi.
Читать дальше