Doktor Abasəliyev pul çıxarıb Qulunun cibinə basdı. O, susdu və təəccüblə uzun-uzadı doktor Abasəliyevə baxdı.
- Nədir, Qulu. Tanımadın məni? - doktor soruşdu. Pessimis Qulu bir qədər fikirləşdi və birdən doktorun çiyninə vurub dedi:
- Zülfü deyilsən? Böyründəki yoldaşını isə o saat tanıdım, uşaq olanda bütün günü boş-boşuna aralıqda veyillənirdi. - Bu dəfə Qulu doktorun çiynini bir az da bərk dürtmələdi - Bəri bax, Zülfü, sən hara, bura hara?
- Gəldim, baxım görüm sən öz cinlərinlə necə yola gedirsən - deyə doktor Abasəliyev cavab verdi və ehmalca Sadaya göz vurdu. Hə, Pessimis, yenə onlar sənə nə pıçıldayırlar? Gecə gəlirlər, yoxsa gündüzlər də qır-saqqız olub yaxandan əl çəkmirlər?
- Söz tapdı danışmağa, - Qulu rəncidə oldu - adını da doxtur qoyub.
- Deməli cinlərlə dostluğu pozmusan? De görüm bu il həyətdə bir şey əkə bildin?
- Əlbəttə əkmişəm, elə şey olar? - Pessimis Qulu uca səslə dilləndi və tez də söhbəti dəyişdi. - Heç denən bu alçaqlar qoyurlar ki, əkdiyimizdən bir şey ələ gələ?
- Deyirsən, cinləri yanından qovmusan, hə?
- Belə yerdə cin durmaz! Buranın adamları cindən dəhşətlidir. - Pessimis Qulu darvazanı təpiklə itələyib açdı - Budur, özün bax, əclaflar həyətə gələn suyu zəhərlədilər, nə ki ağac var quruyub.
Saday həyətə göz gəzdirdi: əsasən ərik, orda-burda gilənar, armud, fındıq, şaftalı ağaclarıydı. Gilas ağacına məmələri dizinəcən sallanan keçi bağlanmışdı. Divarın dibində əkilən zirinc kollarının dibində bir neçə toyuq və cücə eşənək atırdı. Həyətə heç nə əkilməmişdi. Heç bir ağac-zad da qurumamışdı.
Onlar Qulunun darvazasından çıxanda:
- Sən ki bilirsən, cavan oğlan, bu çoxdanın dəlisidi - Abasəliyev dedi. Onlar daş döşənmiş dar yolla üzü aşağı gedəndə yan-yörədəki evlərə nəzər sala-sala Sadaya gözlənilməz, qorxulu və qəribə əhvalat danışdı.
- Cavan oğlan, sənə bir söhbət eləmək istəyirəm, amma qorxuram mənim özümü də dəli sayasan. Həqiqətən də Əylisdə çoxlu cin var. Cin deyəndə mən ruhları nəzərdə tuturam. Heç bilirsən Qulunun evində hansı ruh yaşayır? Bir vaxt burada Minas adında çəpgöz daşyonan yaşayırdı. Çox kilsənin daşını bu nəslin ustaları yonub hazırlayıblar. Minas ömrü boyu daşla əlləşib: məzar daşı, dəyirman daşı yonub, yola döşənən daş çəkicləyib, belə-belə işlərdən çox görüb. Dəli Qulunun babası Abdulla da eynən nəvəsi kimi tənbəlin, yekəbaşın biriydi. Bazarda araba dartırdı,daha doğrusu, çaydan çayxanaya su daşıyır, qazandığı qəpik-quruşun başına elə oradaca daş salırdı. Gərək ki, belə bir hadisə baş verib: elə ki, Ədif bəy Əylisdəki erməniləri qırmaq əmri verir, bu çaqqal Abdulla qorxusuz-hürküsüz şirə dönür. Özünü salır məhləyə, balta götürüb cumur Minasın evinə. Minas həyətdə sakitcə oturub daş yonurmuş. Hiyləgər Abdulla əvvəl Minasın başını kəsir, sonra onun arvadına, yazıq tifillərinə də aman vermir. İndi, əzizim, ədalət naminə özün de, bu Qulu Minasın evində aydan-arı, sudan duru yaşaya bilərmi? Allah haqqı, yaşaya bilməz! Minasın əzablı ruhu heç vaxt ona dinclik verməz. Allah o qədər unutqan deyil ki, belə alçaqlığı bağışlasın.
Görünür Vuraqırdın mistik mənzərəsi doktor Abasəliyevi də bərk təsirləndirmişdi. O tez-tez addımlarına ara verir, ayaqları altında küçəyə döşənən, min illərin sürtüb hamarladığı çay daşlarına nəzər salırdı. Dağıdılmış qədim evlərə sonsuz heyrət içində baxır, gözünü həyətlərdən, ağaclardan ayıra bilmirdi. Ola bilsin ki, məhz həmin gün, Pessimis Qulu ilə söhbətdən sonra, məhz çoxillik qənaətləri pisxoloqu təhrik eləmişdi ki, beynində közərən çək-çevirlərinin səbəbini aydınlaşdıra bilsin. O əsəbi halda, həm də anlaşılmaz qəribə bir səslə dedi,- Erməni evi zəbt eləyən hər bir əylisli ailəsində pisxi xəstə var - dedi. - Mən bunu sənə həkim kimi deyirəm. O evlərdə dinclik görən kimsə varmi? Əgər tərəddüd eləyirsən, Vuraqurddan aşağıdakı evləri bircə-bircə sayaq. Götürək Daş kilsənin yanında Mırıq Müzəffərin evini. Heç kim deyə bilməz ki, özünün, yaxud arvadının başı yerində deyil, normal adamdılar. Çünki onların doğulduğu və böyüdüyü ev basqınlar zamanı ələ keçirilməyib. Amma onların uşaqlarına fikir ver, hamısı pisixi xəstədir. Kəmağıllılığın klassik forması göz qabağındadır. Bir vaxtlar xəstəxanamızda Müzəffərin iki qızını müalicə eləmişəm. Necə lazımdır elə, kefin isləyən kimi müalicə eləmişəm. Ola bilsin, sən o qızları elə indicə küçədə, bulaq başında görəsən. Elə bil xəstə quzudular. Bir adama salam verməzlər, kimsə ilə kəlmə kəsməzlər. Çünki tutulduqları azar sağalmazdır. Məncə, bu xəstəlik deyil, cəzadır. Günaha görə Allahın insanlara verdiyi cəzadır... Mırıq Müzəffərdən azca aşağıda Qaban Qurbanın evidir. Görürsənmi, nəvəsi nə kökdədir? Dırmaşır hasara, ordan gəlib gedənin başına daş yağdırır. Bax hələ talanlar zamanı zəbt edilən evlərin günü-güzaranı necədir? Götür Bəyaz qocanın oğlu Qafili - üzdən ağıllı-başlı adamdır. Əslində isə başdan xarabdır. Ona ayrı nə ad verim ki, qarşılaşanda məni yalan olmasın bir saat çənəsinin altına salıb qara atın belinə qalxan Məhəmmədin Sina dağına - Allahla görüşə yollanmasından danışır. Yaxşı, xəstə-xüstəni qoyaq bir qırağa. Sağlam, ya qeyri sağlam olsun, bu boyda Əylisdə bir nəfər tapmazsan ki, o zaman erməniyə nahaq qan uddurub, indi isə qulağı dincdir. Özün qulağınla eşidirsən - Məxsəti Aleksin (erməni, Yerusəlimdə İsus məbədinin nümayəndəsi) evinə soxulan Qəzənfər hər axşam balalarıyla döyüşdədir, qışqırır onların üstünə, hədələyir, söyür... O qardaşlar isə hər an bir-birinin boğazını quş boğazı kimi üzməyə hazırdı. Budur bax, valideyinlərin günahı ucbatından övladlar hansı zülümü ayaqlayırlar. Ayaq altına salıb tapdaladığımız ruhlar imkan vermirlər ki, bu fani dünyada rahat yaşayaq. Qəssab Məhəmməd küçənin tam ortasında Keşiş Mkrtçın qızını xançalla doğradı. Məhəmmədin ahıl vaxtını görmədim,amma Bakıya gəlib-gedənlər deyirdi ki, o it olub hürürmüş, gözləri tutulub, sonra da iflic olub, ağzı əyilib durub qulağının dibində. Hələ bu nədir ki, oğraşın qarnını ishal doğrayıb, deyirlər ayaq yoluna girib gücənəndə dalından çıxan gurultu Zəngəzura çatırmış. İndi hamı onun adı gələndə burnunu tutub qəbrinə tüpürür. Bir sözlə, cavan oğlan, inanmıram ki, bu yerlərə bir də xoş gün qismət ola. Görürəm ki, heç indiki əylislilər də buna inanmırlar. Qulunun evindən azca arallanandan dərhal sonra doktor Abasəliyev ilk alaqapını araladı, həyətə girdilər. Ev sahibi Nubar eyvanda oturub yun didir, dodağının altında öz-özüylə nəsə mırtdanırdı.
- Keçin içəri, keçin - deyə onları salamladı - xoş gəlmisiniz. Gün hardan çıxdı, doktor, biz də yada düşdük. Deyirlər bir aydır burdasan, üzünü ilk dəfə görürəm.
Doktor Abasəliyev:
- Taxsır kimdədir? Heç ayağını evdən bayıra qoyursan ki, camaat da səni görə bilsin - dedi və həyətə göz gəzdirdi. - Göz dəyməsin, həyət-bacan gülür. Deyəsən, sudan korluğun yoxdur.
- Allah hər kəsə ürəyincə versin, Zülfü qardaş. Hələ ki, qapı-bacaya baxmağa taqətim var. Mudaramız sudur, şükür bu il kəsildiyi olmayıb, irəlikindən də bol gəlib. Bu saat samavarı alışdırım, bir qəsəng çay verim sizə.
Читать дальше