İndi tibblə vidalaşan doktor Abasəliyev az qala tələbəlik illərindən müxtəlif mənbələrdən Əylisin tarixi ilə əlaqədar qarışıq məlumatlarla dərindən tanış idi. Elə bu səbəbdən də çətinlik çəkmədən diaqnoz qoydu: «Depressiv-maniyak sindiromu» - dedi, sözünün həqiqiliyinə özü də inanan kimi oldu və dərhal da sonrasını zarafata saldı: - Nədi, bəlkə Katalikosu sünnət eləməyə gedir? Qoy getsin, mane olma. Uzaq başı Vuraqırdacan gedə biləcək. - Sonra isə mövzunu tamam dəyişdi, gənclik şövqü ilə yeni əyləncəsi barədə söz açdı. - Aza, dünən axsam o vaxtlarda yaşamış erməni tacirinin gündəliklər kitabını tapmışam. Həmin erməni savadsız imiş, amma yaxşı tacir olub. Kitabı yazmaqda məqsədi də bu olub ki, ondan sora gələnlər ticarət eləməyin əsas qaydalarını bilsinlər. Aza, bu adam Əylisin dəhşət vurğunu imiş. Məəttəl qalıram, Əylis niyə erməniyə bu qədər doğmadı? Onun nəyinə lazım idi çaqqalların və ilanların yaşadığı, daşı, qayası tarlasından və suyundan milyon dəfə çox olan bu yerdə cənnət xülyasına düşmək? Məgər dünyada erməniyə yer azlığıdır? Heç bilmirəm nəyə görə Eçmiədzin bu qədər məşhurlaşıb. Bir-iki dəfə olmuşam orda. Amma indi qoca vaxtımda başa düşürəm ki, Allahın evi Əylisdir! Eçmiədzin Əylisin yanında ağzından süd iyi gələn uşaqdır. Eçmiədzin katalikosundan Sadaya müəllim çıxmaz. Qoy ora getsin, həqiqi müəllimin hüzuruna: - Abasəliyev zarafatla əlavə elədi.
- Eh, sən də, papa! Hər şeyi zarafata salırsan, - Azadə xanım bir az incik səslə dedi. - O, hər bir Bakı ermənisinin halına elə yanır, guya onları qorumaq təkcə bunun borcudur. Erməni onun üçün canından əzizdir. Guya onlar mələkdirlər, göydən uçub gəliblər, biz isə cəlladıq, onların qanını içirik. Məəttəl qalmalı işdi, təkcə o zamanın Əylis ermənilərini deyil, burdakıların da ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan üstün tutur. Öz gözü ilə heç vaxt görməsə də Əylisdə türklərin ermənilərə qarşı törətdiyi qətliamı unuda bilmir. Papa, onun belə olmağının baiskarı sənsən.
- Elə deyil, qızım, bu məsələyə mənim heç bir qarışacağım yoxdur. O, anadangəlmə düzgün, vicdanlı, insaflı adamdır. İş onda deyil, indiki ermənilər necədir, əsas məsələ budur ki, biz necəyik. Sadayın keçmişdəki və ya indiki erməniylə nə işi. Onu düşündürən bizim millətimizdir. Sən ki bilirsən o, yağışdan sonra çıxan göbələk kimi dünyanın harasına desən səpələnmiş millətini necə sevir, elə buna görə də taxtabaş qara-qışqırıqçılardan fərqlənir. - Doktor uzun müddət susdu. Sonra hər ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban səslə danışmağa başladı. - Sən "Leyli və Məcnun"u oxumusan. Yadındadı, Məcnunun ata tərəfinin qoşunu qəti qələbə üçün Leylinin qohum-əqrabasının üstünə cumanda o nə oyun durquzur? Dava nəyin üstündə idi? Dava onun üstündə idi ki, valideynləri öz qızlarını ayrı qəbilədən olan dəliyə vermək istəmirdilər. Leylinin dərdindən dəli-divanə olan Məcnun neynədi, həlledici məqamda düşmən tərəfə adlayıb özününkülərə qarşı vuruşdu. Çünki ortada həqiqi sevgi vardı. Həqiqi sevgi sərhəd tanımır. Bu sayaq yalnız qadını və vətəni sevmək olar. Sevgi təmiz güzgü kimidi, qızım, orada yalnız xeyirxahlıq və mərhəmət əks olunur. Əsl sevgi həyatda qazanılmır, onu Allah əta edir. Bizim Məcnunun da dərdi bax bu idi. Yaxşı ki, qızım, belə xəstəliyin əlacı hələ tapılmayıb, - doktor Abasəliyev indiki vəziyyətdə çarəsizliyini ifadə edən qəhər dolu səslə susdu.
Elə onda da doktor Abasəliyev telefondaca qızına Əylis haqqında bir saatacan uzun nitq irad elədi. Amma o telefon söhbəti Azadə xanımı nəinki toxtatdı, əskinə daha bərk təlaşlandırdı, ona elə gəldi ki, bütün kişilər tədricən olan ağıllarını da itirirlər.
"Bu bizim Vəng kilsəsidir - eynən Eçmiədzindəkinin oxşarı". Bu sözləri bir zaman Abasəliyev Vəng kilsəsinin həyətində kürəkəninə demişdi (Vəng - kilsənin azərbaycanca adıdır. Məbəd bizim eranın I əsrində apostol Varfolomey tərəfindən tikilib. Kilsənin inşa olunduğu məhəllə Vəng adlanır). Məsələnin qəribəliyi var, artist haradan bilərdi və nə təhər olur ki, Eçmiədzinə gedən saysız-hesabsız yollardan biri Vəng kilsəsindən keçir? Kim nə deyir desin, artıq o, Vuraqırda oxşayan, əzablı pilləkənlərdən, eniş-yoxuşdan ibarət daş dünyadan addımbaaddım, bitdə-bitdə keçmişdi. Aman Allah, bu ki, Vəng kilsəsinin eynidir.
Günəşin sarımtıl, bənövşəyi şəfəqləri qollu-budaqlı ağcaqovaq, gilas ağaclarının çətirləri arasından süzülərək kilsənin daşdan yonulmuş günbəzinin tən ortasına düşür, oradan isə əks olunaraq, rəngini dəyişmədən, gurluğunu azaltmadan dağların ən uca nöqtələrinə ələnirdi.
Saday Sadıqlı bir dəfə günəşin gah yanlardan saçaraq ağac çətirləri arasından keçən, gah kilsə günbəzində, gah da dağların ən uca zirvəsində hava kimi, ruh kimi dolaşan şəfəqlərini Allahın təbəssümü, böyük yaradanın nəzərləri adlandırmışdı. Bunu Allah özü də çoxdan bilirdi. Axı başqa necə ola bilər ki, Saday Sadıqlı huşsuz halda Bakı xəstəxanalarından birində döşəli qala və həm də elə o huşsuz, can hayında ikən Əylisdə Vəng kilsəsini görə, o kilsənin günbəzində od tutub yanan gün işığını, həyəti, bağları, gilas ağaclarının qalxıb göylərə meydan oxumağını görə.
Yayın əvvəlləri idi. 1952-ci ilin iyun ayı. Pişpişə ağacları gül açmışdı. İydənin, yasəmənin, akasiyanın çiçəkləri salxım-salxım olub budaqlardan sallanırdı. Üstəlik, Əylisdə Anıx adlandırılan, əsilində Aniko kilsəsinin qarşısındakı da müxtəlif növ topa-topa əlvan gül-çiçəklər əkmişdi. Kilsənin qonşuluğunda, Allahın evini odun, ot-ələf ambarına çevirən Mirəli kişinin həyətində sarı ləçəklərini təzə-təzə açmağa başlayan günabaxanlar bu cənnət məkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya, bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içində alışıb yanan günbəz qarlı dağlar qədər, dünyanın hüdudsuzluğu və gözəlliyi qədər möhtəşəm imiş. Rəssam Lüsi, Haykanuşun on üç-on dord yaşlı nəvəsi yenə də məbədin - Vəng kilsəsinin həyətində idi. O yay Lüsi ilk dəfə Yerevandan Əylisə tətilə gəlmişdi, ilk gündən başalayaraq səhərdən axşamacan kilsənin həyətindən aralanmamışdı. Eyni kilsənin rəsmini neçə dəfə çəkmək olar, İlahi? Bəlkə kilsə məsələnin gözə görünən tərəfidi? Bəlkə o səhərlər və axşam üstü yuxarıda, günbəzdə nur saçan Allah təbəssümünü görür və inanır ki, onu fırça ilə kağıza köçürmək olar? Yoxsa daha hansı səbəbə görə səhərdən axşama eyni mənzərəni çəkir, çəkir. Bəlkə də o, məbədin Ezmiədzindəkinin tam oxşarı olduğunu həmən vaxtlar bilirmiş? Sadayın bütün bunları başa düşməyi sonranın işi idi. Hələ onda Saday gələcək qayınatasının adını da bilmirdi.
Doktor Abasəliyevin uzun illərdən sonra qızı ilə birlikdə orada peyda olması Əylisin həyatında böyük hadisə sayılmışdı : 60-cı illərin əvəlləri idi, Saday inistitutda oxuyurdu. Nə zamansa Zülfünün atası Hacı Həsən İranda, İraqda, Anadoluda tacirlik eləmişdi, Əylisdə isə onun şəxsi torpağı, təsərrüftı, mal-qarası və digər mülkiyyəti vardı. Erməni-azərbaycanlı davasının başlamasından İsfahanda xəbər tutan Hacı Həsən geri dönüb topdağıtmaz əmlakından çəkidə yüngül, vəzində ağır nəyi vardısa toplayıb ömürlük Bakıya üz tutdu. Uzun illərdən sonra doktor Abasəliyev Əylisə gələndə onların müsəlman məhəlləsindəki ikimərtəbəli evi demək olar ki, dağılmışdı. Xoşbəxtlikdən istisna hal kimi birinci mərtəbədə iki otaq salamat qalmışdı. Doktor Abasəliyev həmən otaqlardan birinə əl gəzdirib qızıyla orada yaşamağa başladı, eyni zamanda həyətin başında özü üçün qabağı dəhlizili balaca bir otaq da düzüb-qoşdu. Həmkəndlilərinin aktiv köməyi bəhrə verdi, heç bir ay ötməmiş inşaat işləri başa çatdı, hətta hələ o vaxtacan əylislilərdən bir kimsəyə qismət olmayan əlçatmaz arzu da yerinə yetdi: evin damını şiferlə örtdülər. Doktor Abasəliyev yeni mənzilin tikintisi ilə bahəm istirahətindən də qalmırdı. O, hər səhər xeyli aralıdakı Vəng kilsəsində başa çatan gəzintiyə çıxırdı. Uzun ziyarət yolunun axır başında, kilsənin həyətində qaynayıb axan bulağın göz yaşı kimi təmiz suyun üz-gözünə vurdu, ovcunu qoşa açıb, doyunca içir, sonra da o saf sudan evə aparmaq üçün Bakıdan gətirdiyi termusa doldururdu. Abasəliyev soyadına Əylisdə böyük ehtiram vardı. Bu hörmət-izzəti Abasəliyev hər adımbaşı hiss edirdi və təbii ki, buna görə çox məmnun olurdu. Ona bəslənən ehtiram və hörmət kənddə keçirdiyi həmən yay günlərində də doktora ləzzət verir, canına sarı yağ kimi yayılır, Əylis camaatı ilə doğma kəndin yetirib bitirdiyi məşhur, qənimət adam arasında sıx ünsiyyət yaranırdı.
Читать дальше