Bir sabah oğlu on iki yaşına çatanda Fərid Fərzani arvadına qəti fikirini dedi: "Bu, qanundu, Peyğənbərin buyuruğudu. Mənim onu pozmağa ixtiyarım yoxdu". "Məgər sizin peyğənbər Allahdan ağıllıdır?" - sevimli arvadından bu cavabı eşidəndə hirsindən başını divara çırpmaq həddinə çatdı.
Bax elə həmin günün səhəri arvadı işə, qızı məktəbə gedəndən sonra oğlundan iltimas elədi ki, Peyğənbər tərəfindən müsəlmanın Allah qarşısında ilk borcu kimi qeyd edilən sünnət ayinini yerinə yetirmək üçün atasına razılıq versin. Kimin ağlına gələr ki, belə bir təcrübəli cərrahın elədiyi sadə əməliyyat sonda fəsadla nəticələnəcək? Ancaq ya qorxudan, ya tamam ayrı səbəbdən axşama yaxın oğlunun qızdırması qırxa qalxdı. İşdən qayıdan, oğlunu bu halda görən ana taqətdən düşdü, dili batdı. O, ərinə bir kəlmə demədən, uşağın qızdırmasını salmaq üçün heç bir cəhd göstərmədən hamamxanaya girib qapını arxadan kilitlədi və uzun müddət bağlı qapı arxasından gələn hönkürtü və hıçqıraq səsi kəsilmək bilmədi.
Heç demə, rus qadınlarının məhəbbəti asanlıqla nifrətə dönə bilirmiş. Baxmayaraq ki, yaralı oğlan səhər tezdən yataqdan qalxıb evin içində heç nə olmamış kimi rahatca gəzişməyə başladı, bununla belə arvadı Fərzanidən ömürlük aralandı. O, tezliklə məhkəməyə gedib boşandı, şəhərin mərkəzindəki üçotaqlını müxtəlif rayonlarda iki dənə ikiotaqlıya çevirdi. Bir neçə il ailəsiz qalan Fərid Fərzani 1986-cı ildə mənzilini bakılı rusla dəyişib Bakıya köçdü və elə ilk gündəncə bağışlanılmaz səhvə yol verdiyini anladı. İndi Fərzaninin oğlu 20 yaşındadır. O, atasının yadında nə az, nə çox, eləcə on iki yaşında qalıb. Oğlunun günahsız, çaşqın gözlərini uzun müddət unuda bilmədi, ürəyini göynətdi. Ən dəhşətlisi də bu idi ki, əvvəldən axıra çınqırını çıxarmayan oğlan əməliyyat bitən anda atasına elə nifrətlə baxdı ki, o cürə baxmağı unutmaq mümkünsüz idi. O baxmaq ayrı bir baxmaq idi və Fərzaniyə deyirdi ki, sənin bu hərəkətin ömür billah bağışlanmayacaq. Doktor günahının nə olduğun çox-çox sonralar anladı. Anladı ki, o yaşda uşağın düşüncəsinə görə heç bir fərqi yox idi ki, onun şeyinin ucundan bir tikə pülük kəsilib, yoxsa əl barmaqlarından biri, Moskva kimi bir şəhərdə böyüyüb on iki yaşa çatan oğlan atanın hansı haqla doğma balasına qarşı belə vəhşilik elədiyini sadəcə ağlına yerləşdirə bilmirdi. O səhər doktor canı-qanı qədər istədiyi əziz və sevimli oğlunun gözlərindən oxudu ki, o bu uşaq üçün tamamilə yaddır. O, bu yadlığın, oğlunun gözündə əbədi yurd salan nifrətin nə zamansa əriyib itəcəyinə inamında, əlbəttə, yanılırdı. Bu nifrətin qarşısında duruş gərirmək, onu aradan qaldırmaq atanın gücündə deyildi, oğul tərəfdən isə iynənin ucu qədər bağışlama cəhdi yox idi. Doktor Fərzaninin Bakıda yaşadığı müddət ərzində qızı iki dəfə yanına gəlmişdi. İndi də heç olmasa həftədə bir yol telefon açırdı, səhhətiylə maraqlanır, necə yaşadığını soruşurdu.
Hə, oğlu doktor Fərzaninin zəif yeriydi. Artistin söhbəti, çox güman onun ürəyinin o zəif tellərinin tərpətmiş, yarasının qaysağını qoparmış, köhnə dərdini təzələmişdi. O xasiyyətinə yad olan sirli bədbinliyə qapılmışdı və indi də görünür bütün bu üzüntülərdən xilas olmağa can atırdı.
- Hə, o anadangəlmə Don Kixotdur! - Fərzani süni bir fərəhlə dedi. - Don Kixot - bax bu rol onun boyuna biçilib. Qoy sağalıb yataqdan qalxsın bunu ona deyecəyəm. Necə bilirsən, xətrinə deyməz,
Artist heyrət içində doktora baxdı, çünki "Don Kixot"un Saday Sadıqlının ən sevimli əsəri olduğunu bilirdi.
- Deyərsiniz, niyə də yox - həyacanlanmış artist siqaret çıxarmaq üçün yenidən əlin cibinə dürtdü. - O, "Don Kixot"u yüz dəfə oxuyub. Servantes sevdiyi yazıçıdır. Bizimkilərdən ən çox Mirzə Fətəli Axundova dəyər verir. Həyatda isə pərəstiş elədiyi qayınatasıdı, doktor Abasəliyev, bir də həmkəndlisi erməni qızı Haykanuş, onun barəsində həmişə məhəbbətlə danışır. - Nuvariş Qarabağlı bütün bunları birnəfəsə üyüdüb tökəndən sonra əlini cibindən çıxarıb, bir anlıq doktora baxdı.
Doktor Fərzani "Don Kixot"u iki dəfə oxumuşdu, Mirzə Fətəli Axundov barədə nələrisə bilirdi, amma erməni Haykanuşu, şübhəsiz, yerli-dibli tanımırdı. Doktor Abasəliyevlə isə lap yaxın tanış idi. Onunla Moskvada, Lelinqradda, Praqada, Varşavada... keçirilən tibb simpoziumlarında dəfələrlə görüşmüşdü.
- Doktor Abasəliyevin qızı harda işləyir?
- Əvvəllər Leçkomissiyada idi. Təzəlikcə Neftçilər prospektində diş klinikası açılıb, Azadə xanım orada işləyir. - Artist saata baxdı, - İndi işdə olmaz, çox güman artıq evdədir.
- Axı sən deyirdin belə günlərdə Mərdəkana, atasının yanına gedir.
- Hə, gedir... - birdən artistin fikiri aydınlaşdı. - Deyən bu gün bazardı, hə, doktor? Məndə bayaqdan çək-çevir eləyirəm Azadə xanımı tapıb bütün bunların hamısını ona danışım. Bu əla oldu, doktor. Qoy Azadə xanım heç nədən şübhələnməsin. Allah qoysa sabah huşu üstünə gələr, Azadə xanım da ərini görəndə halı pis olmaz. Onlar biri-birilərini möhkəm sevirlər. Uşağın da əvəzinə bir-birinə mehr salıblar. - Danışa-danışa gözünün qrağıynan stola nəzər saldı. - İcazə verirsiniz buranı yığışdırım?
- Narahat olma, sənlik deyil. - Doktor yarımçıq qrafini soyuducuya qoydu.
Səndə Azadə xanımın nömrəsi var?
- İşininki yoxdur, ev telefonunu bilirəm.
- Yaz ver mənə. Yəqin doktor Abasəliyevin bağında da telefon var.
- Var, amma mən onun nömrəsini bilmirəm.
Doktor Fərzani əlini artistə uzatdı.
- Di get, gecəni necə lazımdır, dincəl. Mənim hələ innən belə xeyli işim var.
- Doktor! - Nuvariş Qarabağlı dilləndi və elə qəmli baxdı, sanki Fərzani onun sonra nə deyəcəyini sözsüz də anlamağa borcluydu.
- Palataya gedə bilmərik, - bildirdi. - Mənası yoxdur. Sən nayran olma. Hər şey qaydasındadır. Əla otaq ayırmışam, görəndə bəyənəcəksən. Televizoru, telefonu - palata deyil, xan sarayıdır. - Doktor artistin indicə verdiyi telefon nömrəsi yazılmış kağıza baxdı. - Ailəsi ilə əlaqə saxlayaram, - əlavə elədi. - Sən heç nədən narahat olma.
1989-cu ilin soyuq dekabr gecəsi idi. Nuvariş Qarabağlını evə getməyin dəhşətli qorxusu bürümüşdü. Bu qorxu içindəki köməksizlik və çıxılmazlıq duyğusundan qaynaqlanırdı. Kaş yenidən bir az əvvəl ayrıldığı xəstəxanaya qayıtmaq iqtidarında olaydı, yalvarıb-yaxaraydı, çox yox, tək bircə gecəliyinə xəstəxana çarpayısında, ən şəraitsiz palatada daldalana biləydi. Xəstəxanadan aralanandan dərhal sonra o, tənhalığı az qala fiziki ağrı qədər hiss eləyir, doktor Fərzani ilə birgə keçirdiyi gecə, daha əlinin heç zaman çatmayacağı unudulmaz təəssüratların təsiri altında yanıb yaxılırdı.
Doktor Fərzani Saday Sadıqlının yanında qalmağı əməliyyat zamanı ona assistentlik eləyən yetmiş yaşlı çoxillik iş təcrübəsinə malik Münəvvər xanıma həvalə eləmişdi. Uzun ömrünün əlli ildən çoxunu əhalinin can sağlığına həsr edən Münəvvər xanımı burada Mira xanımı kimi tanıyırdılar. Birinci Mira xanım deyirdi. O ki qaldı Fərzaniyə - öz işinin ustası olan təcrübəli tibb bacısını konkret məqamdakı ovqatına münasib tərzdə çağırırdı. Məsələn, əhvalının adi vaxtında ona eləcə Münəvvər, yaxud sestra deyirdi. Kefinin kök vaxtında isə travmatoloji cərrahiyyə bölümünün əvəzsiz əməkdaşı onun üçün Minaşa idi. Bu sayaq müraciət Münəvvər xanımı hər dəfə xoşbəxt eləyirdi.
Читать дальше