Həmən o axsam deyesen Xozeyin də hardansa yeyib-içməkdən qayıdırmış və keyfi yaxşıymış (onun böyründə iki qüvvəli adam, cangüdənlər varmış).
- Bu sənsən, əə, artist, gəl bura görüm, qardaş, - o deyib, - deyəsən sən də babatsan. Harda vurmusan bu qədər? - o, böyründəki adamlardan birinə yüngülcə göz eləyib. Mən də vurmuşam, amma görürsən, ayaq üstə dura bilirəm, daha yeddi yana əsmirəm.
Təbii, o anda Nuvariş respublikanın birinci şəxsi ilə tanış deyildi, əgər ki, Birinci ona əl uzadıb: - "Gəl tanış olaq" deməsəydi, o , heç zaman bilməyəcəkdi ki, həmən o kef havalı axşamda Zevin küçəsinin tinində təmasa bağladığı şəxs kim imiş.
- Tanış olaq. - O, adını söylədi - Səni isə mən tanıyıram, artistsən. Teatrda yaxşı rollar oynayırsan. Hə, de görüm hara gedirsən?
Nuvariş dili topuq çala-çala güclə deyə bildi:
- Xı... xı... Xırdalana. Avtobusa minməyə gedirəm.
Uzunsifət adam bir müddət artisti ayaqdan-başa süzdü.
- Yaxşı, di yeri, - o, qorxuya düşmüş adama bir növ əmr elədi: - Gecdir, tərpən, bir də belə nallama.
"Sən yenə də Xırdalanda yaşayırsan?" - sonralar onun Birincinin dilindən eşitdiyi bu sözlər qulaqlarında o qədər diri, o qədər canlı səsləndi ki, indi sanki bu sözləri xəstəxananın dilsiz və kar divarları da eşitdi.
- İndi mən Montin qəsəbəsində yaşayıram, yerdən bir mərtəbə aşağıda - artist köhnə tanışıyla cəsarətlə zarafatlaşdı.
- Sabahdan şəhərin mərkəzində, yerdən on mərtəbə yuxarıda yaşayacaqsan - Birinci zarafata zarafatla cavab verdi.
Həmən axşam Axundovun "Müsyö Jordan" tamaşasının yekununda teatrın bütün yaradıcı kollektivi direktor Mopassan Mirələmovun kabinetinə yığılmışdı. Nuvariş tamaşada dərviş Məstəli şah rolunu oynayırdı və Allahın böyüklüyündən oyun Birincinin xoşuna gəlmişdi. O, dedi "Sən "Ölülər"də Şeyx Əhmədi də yaxşı oynamısan. İki dəfə televizorda baxmışam. Belə rolların sayını çoxalt".
Ehtimal ki, o gün teatr toplaşıb, Xozeyin əvvəlcədən bir neçə işçiyə, o cümlədən xoşbəxtlər sırasında Qreta Minasova olmaq şərti ilə mənzil bölməyə qərar verib. "Burda bir yaşlı əməkdaş da olmalıdı Minasova. O, qadın yenə çalışırmı teatrda?" - formal olaraq Xozeyin direktordan soruşdu. Əslində əla bilir ki, Qreta Minasova heç zaman heç yerə getməyib, elə burada, teatrdadır. Nəyə çağırıldığını kəsdirə bilməyən, direktorun kabinetinə meyit sifətində girən Qreta Sərkisova oradan xoşbəxtcəsinə, sevincdən göz yaşları axıda-axıda çıxır və hey təkrarlayır "Sağ ol, oğlum, çox sağ ol" o vaxt Qreta Sərkisovanın sifətini bürüyən cizgilər indi də artistin gözünün qənşərindədir. Bəlkə də o zaman müşahidə elədiyindən daha canlı, daha aydın görür o sifəti.
Və bir də Saday Sadıqlının acıqlı üzü gəlir gözünün qanbağına, qızarmış gözlər, kin, qəzəb dolu baxışlar.
Nədənsə elə ilk vaxtlardan Birinci ilə onunku alınmadı. Bütün hallarda, Nuvarişin qənaətinə görə təqsiri Xozeyində deyil, Saday Sadıqlının dikbaşlığında, tərsliyində axtarmaq gərəkdir.
"Hamam suyuyla dost tutur. Hərəyə bir ənam verir, başa düşmür ki, insanın varı ləyaqətdir. Xalqın içini dilənçi qutusuna döndərib ki, hamı dilini soxsun dinməz yerinə." Saday Sadıqlı bu sayaq ağır ittihamları hətta direktorun kabinetində də dilə gətirir, çəkinmir heç nədən.
"Bəs sənin nəyə ehtiyacın var, cənab Sadıqlı?" O vaxt şəxsən Birinci məğlub və inamsız səslə Sadaya üz tutanda o, heç özünü toparlaya bilmirdi, hətta elə bil səsi də bir qədər titrəyirdi. "Cənab" kəlməsində isə açıq-aşkar ironiya, bəlkə də lap kin vardı. Əlbəttə, Saday Sadıqlının dünyagörüşü Birinciyə bəlliydi. "Mənim heç nəyə ehtiyacım yoxdu" - Saday Sadıqlı ucadan və təkəbbürlü cavab verdi. Birinci gələn dəqiqə hamı ayağa qalxmışdı, o isə yerindən qımıldanmadı heç. Toplantı başa çatanada bir kimsədən qorxub çəkinmədən: "İşi-gücü qurtaranda camaatla məzələnməyə gəlir. Adamın haqqıdı, onnan belə dövlətin mənzilini elə minnətlə verir, deyirsən bəs dədəsinin malını verir." Səhəri gün teatrda yana-yana danışırdılar ki, əgər Xozeyin təşrif buyuranda Saday Sadıqlı özünü adam balası kimi aparsaydı şəhərin elə bir yerində mənzil alardı ki, elə yerdə yaşamaq heç nazirlərə qismət olmur.
İndi belə yerdə dil insanın başına bəladır demə, görüm necə demirsən.
Oturacağın bir qırağında yumurulanıb yumağa dönən Nuvariş Qarabağlını yuxu aparmışdı, bəlkə də o, həyatının ən dəhşətli yuxusunu görürdü.
Bozumtul, qəribə yer görürdü. Sümüklərini rütubət gəmirirdi. Yer üzündə nə torpaq, nə ağac vardı, heç kim, heç nə yox idi, qara qan gölməçəsindən savayı heç zad görünmürdü yer üzündə. Yumurtadan çıxan, çanağı bərkiməmiş tısbağa balasına bənzər Qreta Sərkisovna elə bil suya sarı dartınırdı, əvəzində qara qan dolu gölməçəyə qərq olurdu. Onun soyulub cıbrığı çıxarılmış ölü, eyni zamanda, dipdiri bədəni elə ikrah doğuran və qorxulu idi ki, dünya binnət olandan hələ heç bir bəni-adəm gözü belə iyrənc məxluq görməmişdi.
Yuxusundakı bu yer Nuvarişin indi yaşadığı binanın asfalt döşənmiş həyəti deyildi, bu yer Xırdalandakı həyətin torpağına oxşayırdı. Və körpə, qığırdaq çanağı, hələ üstəlik daha bir qat dərisi soyulan, su yerinə qan gölməçəsinə sarı dartınan Qreta Sərkisovna sanki ayrı bir yerə yox, ölümə sürünürdü. Ölüm isə asanlıqla ələ keçmir, sanki kimsə onu oğurlayıb, qəsdən haradasa gizləyib. Və ona qovuşmaq mümkün deyil, heç bir vəchlə mümkün deyil. Hərdən o, qana bulaşmış başını qaldırır, donquldanır "Sağ ol, oğlum, çox sağ ol" - deyir və təzədən dözülməz ağrı və əzabla ölümə doğru sürünür... Birdən Nuvariş anladı ki, Qreta Sərkinovna ona tərəf sürünür. Sanki bu dünyanın ən əbədi nemətinə - ölümə qovuşmaq ixtiyarı Nuvarişin ovcundadır. Və Qreta Sərkisovna ölüm fürsətini onun ovcundan qapmaq istəyir ki, canı bu namərd dünyanın zülm-zillətindən biryolluq qurtarsın. Qreta Sərkisovna qan içində sürünə-sürünə yaxınlaşdıqca, Nuvarişi dəhşət və qorxu daha şiddətlə bürüyürdü. Nuvariş bütün gücü ilə ölmək istəyən və bəlkə də əslində ölmək istəməyən bu qarıdan qaçıb uzaqlaşmaq, canını qurtarmaq istəyirdi. Artist qarının meyitindən xilas olmağa çalışsa da, ayağını yerə basa bilmirdi, elə bil bütün bədəni qaldırmaq mümkün olmayan çirkabla dolmuşdu.
Artist elə o dəhşət içində də gözlərini açdı - sevindi - Allaha şükür ki, buradadır, soyuq, rütubətli koridorda. İşıqları da yandırmışdılar. Koridorun o biri başında əməliyyat otağının qapısı taybatay açılmışdı.
Nuvariş Qarabağlı o dəhşətli yuxudan qurtular-qurtulmaz, kabinetinə dönən Doktor Fərzani dərhal başa düşdü ki, o çox pis haldadır, dilini tərpədib söz deməyə də taqəti yoxdur.
Fərzani əməliyyatdan indicə çıxmışdı, əlüzyuyanın qənşərində üzü divara durub əlini sabunlayırdı.
- Keç içəri, əyləş, Mübariz müəllim - o, dedi: - Narahat olma, hər şey qaydasındadır. Dostun palatadadır. Yatır özüyçün. Canı möhkəmdir. Dəmir kimidir. Özaramızdı, qətiyyən alkaşa oxşamır.
Artist bu vəziyyətində heç fərqinə də varmadı doktor onun adına Nuvariş yox, Mübariz söylədi.
Читать дальше