Küləkli, yağışlı bir axşam o, evə elə bir halda gəldi ki, Azadə xanımı dəhşət bürüdü, qışqırmaqdan özünü zorla saxladı, kişini elə bil gölə basmışdılar - təpədən dırnağa cumculuq suyun içində idi. Əyninin paltarı, saçı, çənəsi bəs deyincə islanmışdı. Plaşının ciblərindən su süzülürdü. Şalvarı çamura, palçığa bulaşmışdı, pencəyinin düymələrini, köynəyinin boyunluğunu dartıb qoparmışdılar.
Azadə xanım ağlaya-ağlaya ərini soyundurdu, hamama aparıb isti suyun altına saldı. Sonra bir qədəh konyak verdi, çay gətirdi. Saday bir qədər özünə gələndən sonra sorğu-suala başladı:
- Harda dalaşmısan?
- Dalaşmamışam...
- Bəs onda səni kim bu kökə salıb?
Saday cavab vermədi. Uzun sükutdan sonra elə hönkürdü ki, Azadə xanım soruşmağına peşman oldu.
- Aza, vağzalda cavan bir qadına od vurub yandırdılar! Üstünə benzin töküb diri- diri yandırdılar!
- Kim yandırdı? - Azadə xanım gözünün yaşını silə-silə soruşdu.
- Arvadlar, Aza, küçədə alver eləyən qadınlar. Elə bil adam deyildilər, cin yığınıydı.
- Səni də onlar bu hala saldılar?
Artist heyrətləndi, həqiqətən də o, evə nə vəziyyətdə gəldiyindən xəbərsiz idi.
- Bilmirəm. Heç nə yadıma gəlmir. O əcinnələr erməni qadını yandıran dəqiqə yoxa çıxdılar. Bir də gördüm vağzalda təmtək qalmışam.
Əhvalatın məğzini öyrənəndə Azadə xanımın halı xarablaşdı.
- Gecə yuxuda görürəm ki, bizimkilər məni aradan götürmək üçün bir erməniyə pul verirlər.
- Kim? Kimdir səni öldürtmək istəyən? - Az qala başını itirən Azadə xanım öz səsinə bənzəməyən tamamilə yad səslə qışqırdı.
- Erməniyə pulu bizim hakimiyyətdə olan adamlar verirdilər.
- Bəsdi! Bu ölkədə çoxdan hakimiyyət yoxdur. Olanlar da düşmən dəyirmanına su tökürlər. Səncə, Sumqayıtı cəhənnəm oduna qalayan xalqdı? Yox, əzizim, yox! Bu ya KQB-nin, ya da hakimiyyəti zəbt edən bir qrup mafiozun əməlidir. Dünya dağıla, Saday, inanmaram, kimlərsə azərbaycanlıları belə ağılsız vəhşiliyə təhrik eləsinlər.
- Hansı haqla belə deyirsən? Axı sən Əylisdə olmusan, - artist dərdli gözlərini arvadına zilləyib belə dedi və dərhal da başını uşaq kimi sinəsinə əydi.
- Hə, Əylisdə olmuşam, bilirəm ki, türklər günahsız insanların üstünə vəhşi kimi cumub, onlara divan tutublar. Amma sən elə yerdə olmusan ki, orada ermənilər minlərlə bədbəxt azərbaycanlını yerindən-yurdundan qovublar. Ömründə bir dəfə sən, evsiz-eşiksiz qalan, bu gündən sabaha ümidi olmayan o bədbəxtlərin halına yanmısanmı? Məgər aranı qızışdırıb bu qanı tökənlər onlar haqqında düşünürmü? İndi fərqi yox, qarabağlı, yaxud bakılı ermənilər olsun, ona görə azərbaycanlıya tüpürürlər ki, bizi türk hesab eləyirlər. Bir deyən yoxdur ki, əgər sizi türk qırıbsa, gedin davanızı da türklə eləyin. Erməni boşboğazların harası bizim primitivlərdən artıqdır. Sən niyə bu barədə düşünmürsən, əzizim? Elə bir hala düşmüsən, özün özünü tanımırsan. Bilirsən necə sınıxmısan, əzizim. Özünə yazığın gəlmir, heç olmasa mənə yazığın gəlsin.
- Mən istəyirdim... istəyirdim... Mən ölmək istəyirdim, Aza, - dedi və zorla udqundu.
Azadə xanım anladı ki, əri söz eşidəsi halda deyil, susdu. Saday Sadıqlı tamamilə özünə qapandı. İndi o, nəinki arvadını, həm də dünyanı hiss etmirdi. Azadə xanım ərinin vağzala getməyinin səbəbini indi başa düşdü. Saday bütün gün vağzalda ona görə hərlənib-fırlanıb ki, uşaqlığının "Bakı-Erevan" qatarının qabağında kimisə qarşılasın və yaxud kimisə yola salsın. Eçmiədzinə gedib xristianlığı qəbul eləmək xəyalı ilə dolaşan Saday, doğma Ordubaddan ötüb keçən bu qatarla demək olar ki, hər gün səfərə çıxırdı...
ÜÇÜNCÜ HİSSƏ
Gənc müəllifin pyesində heç vaxt rol almayan Saday Sadıqlı ölkənin keçmiş Xozeyinini öz xalqına qarşı törətmiş olduğu mənəvi-əxlaqi soyqrımda ittiham edir.
Bəlkə də Saday Sadıqlı yenə də yuxusunda doktor Abasəliyevlə Əylisdə keçirdiyi o gözəl yay günlərindən birini görürdü. Ola bilər ki, aktyorun qulağında qayınatasının Mərdəkandan telefondaca dediyi sözlər səslənirdi. Hər halda yuxudan oyandığı həmin səhər Sadaya elə gəldi ki, bütün dünya professor Abasəliyevin cingiltili, gümrah səsiylə dolub. O gümrah, cingiltili səsi yenidən dinləyir, özünü həmişəkindən daha gümrah və sakit hiss edirdi. Sanki doktor Abasəliyevin səsi ona güc verirdi ki, ağrılara dözə bilsin.
1989-cu ilin axırıncı şənbəsi idi. Təqribən saat birdə Azadə xanım işə getdi. O, evdən çıxandan azca sonra telefon zəng çaldı. Təqribən on dəqiqəlik fasilələrlə beş saata yaxın zəng-zəngə calandı, amma Saday dəstəyi qaldırmadı. Telefonun susduğu dəqiqələrdə artistin qulağına süni, şirin dilini işə salan birisinin danışığı gəlir və o anda da Mopassan Mirələmovun siması gözünün qabağında canlanırdı. Teatrın drektoru məşhur Xalq şairinin misralarını deyirdi:
Böyük sənətkara salamlar olsun,
Bu dünya durduqca o da var olsun!
Bir həftədən artıq idi ki, direktor hər gün zəng çalıb salamlaşmağın əvəzinə bu murdar misraları təkrarlayırdı və hər dəfə də Saday Sadıqlı o murdar misraları eşidəndə az qalırdı bütün içalatını qussun.
Nəhayət Sadayın telefonun dəstəyini qaldırmaqdan ayrı bir çarəsi qalmadı. Bu dəfə zəng eləyən Mopassan Mirələmov deyildi, Nuvariş Qarabağlı idi.
- Qardaş, telefonu niyə götürmürsən? - o, sakit, xışıltılı səsiylə soruşdu. - Azı əlli dəfə zəng eləmişəm. Ağlıma yüz fikir gəlir, görəsən nə olub. Bura sənin bir yerlin gəlib, həmkəndlin... Uşqalıq dostun ,Camal!
- Hara gəlib? - Saday elə heyrətlə soruşdu ki, özü öz səsindən diksindi.
- O, burdadı, teatrda. Tez gəl, səni gözləyir. - Nuvariş Qarabağlı azca fasilə verib əlavə elədi: - Mopassan müəllimin kabinetindədi.
Əgər Nuvariş Qarabağlı "Mopassan müəllim" deyirsə, deməli, yüz faiz drektorun kabinetindən zəng çalır. Əks halda başqa cür deməliydi: direktorun özü olmayanda hamı ona Mopoş dayı deyirdi.
- İndi gəlirəm, - Saday Sadıqlı dedi. Di gəl ki, yerindən qalxmağa heyi yox idi. Camal yeddinci sinifdən çobanlara qoşulandan bəri Saday onu bircə dəfə də olsun görməmişdi. Amma həmişə xatırlamışdı. Hələ bu heç, son zamanlar onun başına belə bir fikir gəlmişdi ki, kəndə getsin, gedib çıxa bilmədiyi dağlara qalxsın, Camalı axtarıb tapsın, axır ondan soruşsun ki, həmən gün Haykanuş kilsənin həyətində Camalın başını sabunlayıb yuyanda həqiqətənmi dünya hansısa məxmər kimi yumşaq sarımtıl-narıncı rəngdəydi, yoxsa yalnız Sadaya elə görünüb. Amma indi Camalla görüşmək üçün gerçək imkan yarandığı bir vaxtda ondan belə bir sözü soruşmaq əməlli-başlı ağır bir yük idi. Nəhayət, o, evdən çıxıb taksiyə minəndən sonra qəfil ağlına belə bir fikir gəldi ki, Camalın Bakıya gəlmək məsələsi, sadəcə, uydurmadır, diribaş Mopassan Mirələmovun növbəti kələyidir. Axı nə vaxtdan bəri direktor hansı yolla olur-olsun onu aldadıb teatra gətirmək, günlərlə telefonda təriflədiyi pyesi Sadaya oxutmaq istəyirdi. Ola bilər ki, Mopoş əsərdəki baş rolun məhz Saday üçün yazıldığını uydurmurdu. Başqa bir ehtimal həqiqətə daha yaxındı: bəlkə də heç zaman ruhdan düşməyən, işgüzar, uzaqgörən direktor baş rolu Saday Sadıqlı oynayacağı təqdirdə meyit kimi döşəli qalan teatrın ayağa duracağını hədəfə alırdı. Onun xasiyyəti belə idi: kəsməsə yapışdığını buraxmazdı. Əgər o, bilsəydi ki, Sadayın haçansa Camal adında uşaqlıq dostu olub, heç bir çətinlik çəkmədən bunu hətta artistin özündən öyrənər və ömürlük yadında saxlayardı. İndi isə ortada olan həqiqət belə idi: O, taksidəydi və o uzaq illərdən, o uzaq yerdən təşrif buyuran Camalla görüşmək indiki halda onun üçün elə də böyük əhəmiyyət kəsb eləmirdi.
Читать дальше