Haykanuş, həmişə olduğu kimi kilisənin girişində dayanıb varlığını unudaraq dua eləyirdi. Bax elə bu anda yer üzündə hələ indiyəcən görünməmiş möcüzə baş verdi, erməni dilində bircə kəlmə bilməyən Saday Haykanuşun lap astadan, az qala özü-özünə pıçıldadığı hər kəlməsinin mənasını ana dilindəki kimi eşitdi. Bəlkə o yuxu görürdü? Bəlkə bu yuxu deyildi, böyük yaradanın göy üzündən göndərdiyi ilahi qüdrət idi ki, hər bir yaradılan bəndə heç olmasa ömründə bir dəfə belə bir qismətə ürcah olur. Maraqlıdır, görəsən, həmişə dünyaya daş gözlərlə baxan qadın həqiqətənmi daşdandır və yaxud o daş olduğunu, daşdan düzəldiyini unudub və qəfil xoş bir təbəssümlə Sadayın üzünə gülümsəyir. Hələ bu harasıdır. Bir anda o başı çalmalı arvadın qucağındakı uşaq da canlanır, boynunu ora-bura əyir bapbalaca əllərini, xırda ayaqlarını hərəkətə gətirir. Saday gözləri ilə açıq-aydın görürdü ki, körpə göz qapaqlarını qaldırır və hətta kiminsə üzünə gülüb göz vurur. Bu nə deməkdi, ey böyük yaradan, axı onun gözləri elə həmən anda həm də Camalın gözləri deyildimi? Yaxşı deyək qarabasmadır, yuxudur, görkəzmədir. Bəs yaxşı onda kilsənin yaxınlığında yaşayan Taytax Çimnazın, ortancıl və əcaz qızı Cinni Səkinənin "Baxın, ay camaat! Sarı Saday erməni kimi xaç çevirir"- deyən səsi hardan gəlirdi? Bu Çimnazın həmən başdanxarab qızı idi ki, Allah qoymasa haqq aşığı olmuşdu, özü kimi çirkin bir bayatı qoşub boğazı cırıla-cırıla oxuyurdu:
Erməni, ay erməni...
Dağa-daşa dırmanır
Dalından buynuz çıxıb
Yox əlacı, dərmanı...
Hələ o qeyri-adi İlahi işıq!
Haykanuş erməni dilində oxuyan duaların Sadaya əyan olduğu, ömründə ilk dəfə qeyri-ixtiyarı xaç çevirdiyi gün həmişəki kimi kilsənin günbəzinə, dağların dikinə sarımtıl-narıncı işıq səpələnmişdi - Sanki o işıq Allahın nəzəri idi, məbədin içini nurlandırırdı. Necə olur axı bu? Saday Sadıqlı kilsəni, eyni zamanda onun özünün qəlbini dolduran qeyri-adi dərəcədə parlaq işığı bir daha heç zaman, heç harda görmədi. Amma bununla belə heç vəchlə inanmaq istəmirdi ki, Əylisin işığı bambaşqadı, dünyanın işığı bambaşqa. Onun Əylisdə gördüyü nur, o işıq yalnız Əylisdədir, Əylisə məxsusdur, daha heç yerdə yoxdur. Axı bu ola bilməz. Axı Əylisin yuxarı başının eni nədir, uzunu nədir: altı-yeddi kilometr ola, ya olmaya. Bəs bu bir əlcə yerin işıq hikməti nədir görəsən? Amma yox, əgər haçansa insanlar bu bir əlcə torpaqda on iki kilisə tikiblərsə, o kilisələrin yan - yörəsində cənnət bağı salıblarsa, ola bilməz ki, onların işığından buralarda ilişib qalmasın, əks halda Allah insanın nəyinə lazımdı?
Görəsən həmin gün bütün Əylisi bürüyən sarımtıl-narıncı işığı Sadaydan başqa bir kimsə də görübmü? Necə olub ki, elə o gün kilsənin həyətindəcə ilahi işıq barədə kimdənsə nəsə soruşmaq ağlına gəlməyib. İndi, Bakıda bu barədə uzaqbaşı Babaşdan soruşa bilər. Amma necə? Amma hansı Babaşdan? İndi günü bu gün də Babaş Ziyadovdan o nur, o işiq barədə soruşmaq "jek" müdirindən Allahın ünvanını soruşmaq qədər mənasız bir işdir.
Həmin yay Bomba Babaş Haykanuşun Erevandan təşrif buyuran nəvəsi - Lüsikin dərdindən Məcnuna dönüb çöllərə düşdü. Elə miskin foks qalmadı icad eləməsin. Ən uca ağacların təpəsinə çıxıb ordan özünü yerə tulladı, xoruz kimi banladı, qarğa təki qarıldadı, ya da kolluqda gizlənib kəklik səsi çıxartdı. Gah quzuya, gah qurda döndü. Elə olurdu gün ərzində bir neçə dəfə əlləri üstündə təpəsi aşağı kilsənin başına dolanırdı. "Es kes surumen! Es kes Surumem!" - deyə gah hasarın üstündən, gah da kilisənin damından qışqırır, öz sonsuz sevgisini Lüsikə erməni dilində çatdırdığına görə çox xoşbəxt olurdu. Di gəl, arıq və nənəsi kimi əsmər bənizli Lüsik onun bütün bu oyunbazlığına səbirlə dözürdü: O, nəinki Babaşa az da olsa diqqət göstərmir, əslinə qalanda heç onu görmürdü. Ətrafda heç nəyi, heç kimi hiss etməyən Lüsikin bütün vaxtı gün ərzində kilsənin həyətində rənglərə və fırçaya sərf olunurdu.
Təbii ki, Haykanuş qarı yay günlərini kənddə keçirən nəvəsini gözdən qoymur, ən azı gündə bir yol kilsəyə baş çəkəndə termosda nəvəsinə çay, qazanda isti yemək gətirirdi. Lüsik ona Babaşın əməlləri barədə heç nə demirdi. Amma Haykanuş özü hardansa eşidib-duydu, məsələdən agah olanda Ziyadovların evinə gəlib oğlanın babasına şikayət elədi. Bundan sonra Babaş guya özünü yığışdırdı. Heç demə həngamə irəlidə imiş. Bu məsələ də həmin yay tətili zamanı ortalığa çıxdı. Günlərin birində kəndə xəbər yayıldı ki, bəs kimsə gecə Haykanuşun hasarından aşıb hər limon ağacından bir dənə limon qopardıb. Əlbəttə, bu gerçəkli oğurluq sayıla bilməz, sadəcə kimsə hansı səbəbdənsə ev sahibəsinə işarə verirmiş. Haykanuş hamıdan çox Babaşdan sübhələnsə də heç kimə şikayətlənmədi. Bundan iki gün sonra yenə kimsə Haykanuşun həyətinə keçib paltar ipinin üstündən Lüsikin tursikini aparar. Birisi gün səhəri onların çoxillik və sarsılmaz dostluğunun sonu yetişdi və onların hamısının parlaq işıqlı uşaqlığına yekə bir nöqtə qoyuldu. Məscidin qarşısında, adətən Əylis uşaqlarının oynadığı meydançada Saday heç özü də dərk edə bilmədi ki, hansı ürəklə kəndin ən güclü oğlanlarından sayılan Babaşa möhtəşəm bir zərbə endirdi və bir zərbədən Babaşın yerə sərələnməyinə əməlli-başlı heyrət elədi. Sonra tursiki Babaşın əlindən dartıb aldı, yuxarı qaldırıb havada yellədə-yellədə uşaqlara göstərdi, var səsi ilə qışqırdı:
- Uşaqlar, ay uşaqlar, bu tursik Lüsikin deyil, Babaşın bacısı Rasimənindir! Rasimənin tursiyini kimə verim? Satıram, gəlin, alın!
Bu əhvalatdan sonra bir sinifdə oxusalar da danışmadılar, heç salamlaşmadılar da. Sonra guya ki, barışdılar. Amma aralarındakı soyuqluq həmişəlik qaldı. Hətta Bakıya oxumağa gələndən sonra da biri-birini axtarıb aramadılar. Sonralar Saday kimdənsə eşitdi ki, Babaş Komsomolun Mərkəzi Komitəsinə düzəlib, işləri də xod gedir. Hər dəfə onun yeni təyinatı barəsində eşidəndə Saday istər-istəməz kilsəni, Lüsiki, Haykanuşun limonlarını, məscidin qarşısındakı meydançanı, Babaşı, Lüsikin havada yellənən tursiyini xatırlayırdı.
O biri gün Haykanuş Lüsiki Ordubad vağzalından qatara əyləşdirib Erevana göndərdi. Lüsik həmin vaxtdan sonra bir də heç vaxt Əylisə gəlmədi.
Əylisdə ikinci məşhur və görkəmli erməni qadın hamının Anıx deyə çağırdığı Aniko idi. O, qoçaq qadındı, qürurlu və hökmlü. Allah saxlamış hər şeydən xəbərdar idi. Arıçıya arıçılıqdan, ipəkçiyə ipəkçilikdən məsləhətlər verirdi, tibbi təhsili olmasa da kəndin canı ağrıyanlarını, naxoşlarını sağaldırdı. İlahi, görəsən, qadında bu boyda həvəs və güc hardandı? Aniko 1919-cu ilin dəhşətli payız günü türk əsgərlərinin kəndin erməni əhalisini güllənin qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hər tərəfdə qanın su yerinə axıb gölləndiyi fəlakətin canlı şahidlərindən biriydi və onun valideynləri, qardaşaları, bacıları həmin basqında milçək kimi qırılmışdılar. Bütün Əylis camaatı bilirdi ki, qaçıb təndirdə gizlənən Aniko o vaxt təsadüfən salamat qalmışdı. Üç-dörd gün orada ac-susuz girələnən qızı Mirzə Vahabın anası Zöhrə arvad tapıb təndirdən çıxarmışdı. İstanbulda təhsil alan, o zamankı Əylisin ən savadlı müsəlmanı sayılan Mirzə Vahab, doktor Abasəliyevin dediyinə görə, təqribən otuz yaşlarında imiş. Mirzə Vahab uşağı evində gizləyib, böyüdüb və sonra əlbəttə, zor gücünə özünə arvad eləyib. Bunun əvəzi olaraq Anikonun özündən iyirmi yaş böyük ərinə göstərdiyi ehtiram, qayğıkeşlik Allahın möcüzəsi deyil, bəs nədir? O, əri haqqında hər zaman fəxrlə danışır, savadlı, xeyirxah, düzgün insan olduğunu söyləyirdi. Adı dilindən düşməyən Mirzə Vahabdan Aniko iki oğlan, iki qız doğdu.
Читать дальше