Şeirin söz xəzinəsi də onun yeniliyindən xəbər verir. Şeirdə 6 dəfə “hürriyyət”, 2 dəfə “sərbəstlik”, 8 dəfə “vətən”, 2 dəfə “mülk”, 2 dəfə “millət”, toplum, xalq mənasında 2 dəfə “əhali”, insan bildirən “şəxs”, “hər kəs””, “rəiyyət” sözləri işlənmişdir. Sözlərin belə təkrarlanması heç də şairin söz ehtiyatının azlığı ilə izah olunmamalıdır. 3-cü bənddə misraların sonunun arzu şəklində bildirilməsi / olsun, qoyulsun, olunsun, qurulsun / məhz romantizmin tələbindən irəli gələrək şairin gələcəyə ümidlə baxdığını göstərir!
Şeirin kompozisiyasında bir qüsur da görünməkdədir. Burada bitkin bir kompozisiya axtarmaq lazımsız bir işdir. Görünür bu səbəbdən, sanki “şeir bitməyib” fikri oxucuya hakim kəsilir. Diqqət edilərsə, doğrudan da şeirdə sonluq, son vurğu yoxdur. Belə görünür ki, qafiyə tükənməsə, şeiri sonsuza qədər davam etdirmək olarmış.
Bu qüsurlarına baxmayaraq, “El fəryadı” şeiri həm Hadi yaradıcılığında, həm də XX əsr poeziyamızda mühüm yer tutur. Şair azadlıq probleminin bədii əksində rəmzlərdən, aşiq-məşuq münasibətlərinin ənənəvi obrazlarına yeni məzmun aşılamaq cəhdlərindən yan keçmiş, poetik dildə siyasi terminlərdən (“həqi-məşru”, “qanuni-əsasi”, “mizani-ədalət”, “müsavat” və s.) uğurla yararlanaraq siyasi-vətəndaşlıq lirikasına məxsus olan açıq üsyankar və publisist bir üsluba müraciət etmişdir. “El fəryadı” şeirində Hadinin azadlıq düşüncələri romantik bir üslubda, coşğun, hissiyyatlı bir poetik dillə ifadəsini tapmışdır.
Abbas Səhhət: “Tərcümeyi-halım, yaxud hululu”
Eşq zənciri qırıldı, yol açın,
Ey uşaqlar, hululu gəldi, qaçın.
Od saçır ağzı, vucudu alışır,
Od tutar kim ona bir dəm yanaşır.
Məğzi bir saiqə, bir vulkandır,
Könlü niyran, əməli xüsrandır.
Uçurumlar, qayalar məskənidir,
Qanlı, müdhiş qayalar məmənidir.
Daldığı fikri dərin dəryalar,
Düşdüyü eşqi çətin sövdalar,
Qəlbi qan, halı yaman, xanəxərab,
Göz yaşı içdiyi su, bağrı kəbab.
Satdığı cinsi böyük niyyətlər,
Aldığı nəfi fəna töhmətlər.
Fikri ali, bədəni xarü zəlil,
Adı Səhhətkən, özü xəstə, əlil.
Qanlı əllərlə tıxanmış nəfəsi,
Bağırır, çıxmayır amma ki, səsi.
Çırpınır, bəlkə qurtarsın özünü,
Dinləyənlər eşidərlər sözünü:
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
Məsləkim tərcümeyi-halımdır.
Lütfi-həq qayeyi-amalımdır.
XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Abbas Səhhətin bu şeiri yazıldığı dövrün (1912) mühüm bir problemini şeirin mövzusuna çevirmişdir. “Şair və zaman”, “şair və mühit”, “şair və xalq” münasibətləri, şairin zamanında düzgün anlaşılmaması, mühit, xalq tərəfindən rədd edilməsi romantiklərin yaradıcılığında şair şəxsiyyətini əsərin qəhrəmanına çevirən silsilə şeirlərin ortaya çıxmasına səbəb olmuşdur. Başqa sözlə, şairlər arzuladıqları, mühitə qarşı qoymaq istədikləri romantik qəhrəman olaraq öz şair “mən”lərini təsvir edirdilər. A.Səhhətin haqqında danışacağımız şeiri də bu tipli şeirlərin parlaq örnəyi və XX əsrin əvvələrində “şair-zaman”, “şair-mühit”, “şair-xalq” qarşıdurmalarını əks etdirən bir əsərdir.
Kiçik bir araşdırma.Şeirin adına diqqət edək: “Tərcümeyi-halım, yaxud hululu”. Əsərin adı oxucuya avtobioqrafik səciyyəli bir məzmun vəd etsə də, burada tərcümeyi-hala məxsus çılpaq sənəd faktları, fəaliyyət məlumatları yoxdur. Tərcumeyi-hal sərlövhəsi altında şair şeirin qəhrəmanının zahiri görkəmini, yaşam məkanını, daxili dünyasını, düşüncələrini ifadə etmişdir. Şeirin başlığındakı “hululu” (bu adı bəzən “hülülü”, “hololo” şəklində də oxuyublar) sözü şeirin obyekti haqqında qarışıqlıq yaratsa da, əsərə fərqli bir kompozisiya verməklə bərabər, elə başlanğıcdaca şairlə hululu arasındakı bağlılığa işarə edir. Kompozisiya haqqında bir az sonra danışacağımızı nəzərə alıb, “hululu” sözünün şeirdə nə məqsədlə işlədildiyini araşdırmağa çalışaq. A.Səhhət əsərlərinin tərtibçisi və tədqiqatçısı akademik K.Talıbzadə bu sözün izahatında yazır: “Hululu – “hüluli” sözünün xalq danışıq dilində işlənmiş şəklidir. Hüluliyyə orta əsrlərdə və XIX əsrdə Şərqdə mütərəqqi cəhətləri olan ictimai-fəlsəfi cərəyan olmuşdur”. Bu qiymətli məlumata baxmayaraq, hörmətli ədəbiyyatşünasımız şeirin qəhrəmanının nədən “hululu” adlandırılmasını izah etməmişdir. Şair nə səbəbdən uşaqları “hululu” ilə qorxutmaq istəmişdir? “Hululu” ilə qorxu arasında hansı bağlılıq olmuşdur? Düşünmək olar ki, şair o dövrdə islam dünyasının sükunətini pozan bu təriqətin adını çəkməklə onun kimi qələm sahiblərinin qaragüruh tərəfindən necə qarşılandığını göstərmək istəmişdir. Bu, sadəcə, bir mülahizə ola bilər. Lakin araşdırma zamanı diqqətimizi çəkən bir fakt başqa şərhə də meydan açır. Belə ki, Doktor Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) 2001-ci ildə Tehranda hazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin Ərdəbilinin (Şah İsmayıl Xətainin ulu babası) “Qara məcmuə” kitabında “Qaçın” adlı iki misralıq bir şeirinə rast gəldik:
Eşq zəncirini üzdü, yol açın,
Ey uşaqlar! Ululu gəldi, qaçın!
Kitabın sonunda verilən lüğətdə Ululunun “al arvadı, hululu” olduğu bildirilir. Şeyx Səfiəddininin bu şeiri ilə Səhhətin tanış olub olmadığı barədə əlimizdə məlumat yoxdur. Ancaq “Tərcümeyi-halım…” şerinin ilk iki misrası ilə Şeyx Səfiəddinin beyti arasındakı eynilik göz qabağındadır. Səhhətin şerində də “hululu”nun məhz “al arvadı” olduğu daha ağlabatandır. Analar övladlarını Al (Hal) arvadı ilə qorxudardılar. Çünki xalq inancına görə Al (Hal) arvadı həm də yeni doğulmuş uşaqların ciyəri ilə bəslənirmiş. Al arvadı görkəmcə qorxunc, gözləri qanlı, uzun dırnaqlı, uzun boylu imiş. Türk xalqlarının inancında Al pisliyi, yandırmağı, aldatmağı, hiyləni ifadə edən anlayışdır. Al sözündə atəş anlamının olduğunu da nəzərə alsaq, Səhhətin təsvir etdiyi Hululu ilə Al arvadının arasındakı bənzəyişləri görə bilərik.
Od saçır ağzı, vucudu alışır,
Od tutar kim ona bir dəm yanaşır.
Məğzi bir saiqə, bir vulkandır…
Şeirin mövzusu və ideyası.Şeirdə qəhrəmanın həm zahiri görünüşü, həm də daxili dünyası təsvir edilmişdir. İlk iki misra qəhrəmanın varlığı, gəlişi ilə bağlı xəbərdarlıqdır. “Eşq zəncirinin qırılması” təsəvvürdə “məcnun” (dəli) obrazı ilə assosiasiya olunur. Eşq zəncirini qıranın dəli olması artıq bizə klassik eşq poeziyasından bəllidir. İkinci misrada “hülulu” adının çəkilməsi vəziyyəti daha da dramatikləşdirir, qorxu hissini daha da artırır. Gələnin qorxulu bir varlıq olması yığcam şəkildə təqdim edilmişdir. Sonrakı iki misra şeirin obyektinin zahiri təsviri ilə bağlıdır. Şairin təsvirində qəhrəmanın (hululunun) görkəmi belədir: ağzından od saçılır, bədəni alovlanır. Zahiri görkəm qorxuncdur. “Hululu”nun zahiri görünüşünün – bədheybət olmasının, ətrafa dəhşət saçmasının təsviri Səhhətin izləmək istədiyi məqsədə, vermək istədiyi mənaya tam uyğundur. Məqsəd isə təbii ki, heç də uşaqları qorxutmaq yox, mühitin, zamanın, xalqın şairə münasibətini ifadə etmək, qəhrəmanın öz dövründə necə qəbul edilməsini göstərməkdir.
Читать дальше