Məhəmməd Hadi: “El fəryadı”
Hürriyət ilə millət edər kəsbi-məali,
Hürriyyət ilə mülkün olur qiyməti ali,
Avropalı hürriyyət ilə tapdı kəmali,
Əlbəttə əsarətlə olur məhv əhali,
Hürriyyətü sərbəstlik imrani-vətəndir.
Azadə gərək şəxs, süxən, fikrlə xamə,
Hər kəs gələ hürriyət ilə şövqə, xüramə.
Ta kim, ola insan qədəməndaz məramə,
Sərbəstlik ilə olunur mülk idamə,
Gər qalsa qüyudatdə, viran vərəndir.
Hər kəs həqi-məşruinə sahib gərək olsun,
Qayətdə ədalətli qəvanin qoyulsun,
Ən faidəli qaidələr cari olunsun,
Mizani-ədalət və müsavat qurulsun,
Mizani-ədalət demək imrani-vətəndir.
Fasid olub əlhəqq vətənin abühəvası,
Hürriyyət ilə qabil olur üssi-əsası,
Bişübhə pozulmuş bunun əvvəlki binası,
Meydanə qoyulsa yeni qanuni-əsasi,
Qanuni-əsasi isə dərmani vətəndir.
Sövq etmək üçün milləti şəhrahi-fünunə,
Minlərcə əhali olub ağişteyi-xunə,
Diqqətli nəzər qıl, bunu həml etmə cünunə,
Boş laf uran kəslərə olsun bu nümunə,
Bunlar şühədayi-rəhi-canani-vətəndir.
Zülm atəşi hər yanə saçır dudeyi-zülmət,
Biçarə vətən sanki olub məhşəri-şərrət,
Səhrayi-bəladə gəzir avarə rəiyyət,
Övladını bəslərmi belə madəri-şəfqət?
Bu zillətə, bu möhnətə giryan vətəndir.
XX əsr romantik poeziyamızın ən güclü nümayəndələrindən birisi olan M.Hadi 1906-cı ildə bolşevik qəzeti “Təkamül”də çap etdirdiyi bu şeirinə “El fəryadı” kimi mənalı bir ad seçib. Hadi yaradıcılığında Tənzimatdan sonrakı Osmanlı ədəbiyyatının təsiri güclüdür. Xüsusən “El fəryadı” şeirində türk poeziyasında vətən mövzulu siyasi lirikanın ilk örnəyini yaradan Namiq Kamalın “Amalımız, əfkarımız iqbali-vətəndir, Sərhəddimizə qalə bizim xaki-bədəndir” misraları ilə başlayan “Vətən şərqisi” əsərinin təsiri açıq-aydındır.
“El fəryadı” adından göründüyü kimi Hadinin şəxsi fəryadının, fərdi azadlıq istəyinin deyil, elin, millətin arzusu və onun bədii ifadəsidir. Şeirin ilk üç bəndi təntənəli üslubda, mədh pafosu ilə yazılmışdır. Şair hürriyəti (azadlığı) təriflədiyi üçün məzmuna uyğun bir üslub seçmişdir. Birinci bənddə şair hürriyyətin insana, millətə, vətənə nələr verə biləcəyini göstərir, Avropanın inkişafını misal gətirir. Bu bənddə “hürriyyət” sözünün dörd dəfə işlədilməsi, üç dəfə isə misra başında gəlməsi şairin azadlıq haqqında düşüncələrini qabarıq ifadə etmək istəyinə uyğundur. İkinci bənddə azadlıq və sərbəstliyin gərəkliliyi əsaslandırılır, onların yoxluğunun vətənin viran qalmasına səbəb olduğu göstərilir. Üçüncü bənddə vətənin xoşbəxtliyi üçün ədalət, bərabərlik, qaydaların lazım olduğu elan olunur. Dördüncü bənddə isə biçarə vətənin düşdüyü bəlalardan qurtulmasının, əski çağlardakı möhtəşəmliyinə geri dönüşünün hürriyyətə sahib olması, qanuna əsaslanması ilə mümkün olacağı bildirilir. Beşinci bənddə mübarizənin boş bir şey olduğunu söyləyənlərə azadlıq uğrunda minlərlə şəhid olmuş insan nümunə gətirilir. Sonuncu bənddə isə vətən və millətin hansı bəlalara, zillət və möhnətlərə giriftar olduğu təsvir edilir. Şeirin ilk üç bəndi arzu olunanların, sonrakı üç bəndi isə gerçək olanların bədii ifadəsidir. Bütövlükdə şeirin ideya-məzmunundan anlaşıldığına görə, müəllif ictimai-siyasi azadlığı bütün arzu və ümidlərinin mərkəzinə qoyur, vətənin dərdlərinin dərmanını onun azadlığında görür.
Şeir əsasən bu dəyərlər üzərində qurulumuşdur: hürriyyət, azadlıq, sərbəstlik, qanun, ədalət, vətən, millət! Şeirin “hürriyət” sözü ilə başlaması da çox mənalıdır. Hürriyyət və əsarət qarşılaşdırmaları şairə fikirlərini ifadə etmək üçün imkan yaradır. Təbii ki, bu qarşılaşdırmada Hadi hürriyyətin tərəfindədir. Şair açıq şəkildə bildirir ki, hürriyyətin, azadlığın, sərbəstliyin və qanunun olmadığı bir yerdə millətin varlığı, vətənin xoşbəxtliyi də olmayacaqdır. İnsan toplumu yalnız bu dəyərlərə sahib olandan sonra millət kimi varlığını qoruyub saxlaya bilər, vətən qanunla, ədalətlə idarə olunduqda xoşbəxt ola bilər. Hadinin “hürriyyət” (azadlıq) anlayışına bu qədər önəm verməsi təsadufi deyil. Bu bir tərəfdən türkün xarakteri ilə bağlıdır. Şeirin yazıldığı dövrdə belə bir fikir yayğın idi ki, türk əsarət sevməz, azad yaşamaq, azadlığa sevgi onun xarakterindən irəli gəlir. Burada şairin türk tarixindən gələn bir ənənəyə bağlılığı özünü göstərməkdədir. Şeirin sonrakı misralarında da buna açıq-aydın işarələr vardır. Digər tərəfdən “hürriyyət”ə bu dərəcədə vurğunluğu Hadinin müasirliyindən, ölkənin, millətin düşdüyü vəziyyətdən çıxış yollarına baxışından irəli gəlirdi. Şair görürdü ki, millətə azadlıq verilməyincə o daha da geri gedir, istibdadın əlində qəhr olur. Hürriyyət anlayışına belə yüksək qiymət yalnız Hadinin, romantiklərimizin yaradıcılığı ilə məhdudlaşıb qalmır, hətta tənqidi realizmin zirvəsi sayılan Sabir yaradıcılığında da özünü göstərirdi. Sabirin məşhur misralarını xatırlayaq:
Kim ki insanı sevər, aşiqi-hürriyyət olur,
Bəli, insanlıq olan yerdə də hürriyyət olur.
Təkcə bu şeirdə deyil, ümumən Hadi yaradıcılığında azadlıq (hürriyyət) bütün mübarizələrin mənası, hər cür səadətin əsası, yaradıcısı kimi dərk, təsvir və tərənnüm olunur. Hadinin siyasi azadlığa verdiyi qiymət təkcə onun dünyagörüşünün və yaradıcılığının müsbət cəhəti olaraq qalmır, həm də o dövrün qabaqcıl sənətkarlarının inqilabi ideyaları nə dərəcədə mənimsədiyini göstərir.
Ədəbiyyatda yenilik həvəskarı və iddiasında olan Hadi bu şeirində mövzu, məzmun və ideya baxımından yenilik gətirsə də, formaca klassik şeir qaydalarından, təsvir və ifadə vasitələrindən çox da kənara çıxa bilməmişdir. Şeirin dili klassik ədəbiyyatdan gələn tərkiblərlə (şəhrahi-fünunə, ağişteyi-xunə, məhşəri-şərrət və s.), o zaman geniş əhali tərəfindən anlaşılmayan ərəb-fars sözləri ilə doludur. Bunun bir səbəbi də şairin sənətdə seçdiyi üslub və istiqamətlə bağlıdır. Bəzi hallarda Hadinin öz ilhamını zorladığı da aşkar görünür. “Qoyulsa yeni qanuni-əsasi” misrasını sonrakı misra ilə bağlamaqda şair çətinlik çəkmişdir.
Klassik şeirin müxəmməs (beşlik) formasında yazılmış şeirdə Hadi bir az ənənədən kənara çıxmışdır. Belə ki, birinci bənd klassik poetikada olduğu kimi aaaaa şəklində deyil, bbbba şəklində qafiyələnmişdir. Qələminin hələ yenicə püxtələşdiyi dövrə təsadüf edən bu şeir qafiyə sistemi baxımından çox da mükəmməl hesab edilməz. Üçüncü və dördüncü bəndlərdə qafiyələrin söz köklərindən təşkil olunmaması (olsun, qoyulsun, olunsun, qurulsun; həvası, əsası, binası, əsasi) bəndlərdəki ritm və ahəng gözəlliyinə xələl gətirmişdir. Müqayisə üçün digər bəndlərin qafiyə düzümünə baxaq: məali, ali, kəmali, əhali / xamə, xüramə, məramə, idamə / fünunə, xunə, cünunə, nümunə / zülmət, şərrət, rəiyyət, şəfqət. Burada qafiyə söz köklərindən yaradılmışdır. İkinci və altıncı bəndlərdə isə qafiyə pozuntusuna rast gəlirik. Digər bəndlərin sonuncu misrasındakı qafiyələrlə (imrani, dərmani, canani) ikinci və altıncı bəndin son misralarındakı qafiyələrdə (viran, giryan) qüsur var. Hətta birinci və üçüncü bəndlərin son misralarındakı imrani-vətəndir qafiyəsi təkrarlanmışdır.
Читать дальше