Atın məhz Turandakı Anauda əhliləşdirilməsi və dünyanın digər bolgələrinə burdan yayılması Mesopotamiyadakı mixi yazı mətnlərində də işarələr var. Bu mətnlərdə at “şərqdən gələn heyvan” adlandırılır. Turanın bəşər uyqarlığının mərkəzi olduğu və bəşər tarixində oynadığı önəmli rol böyük bilim adamları tərəfindən elmi dəlillərlə sübut olunmuşdur.
Əbülfəz Elçibəy də türklərin ana yurdu Turanın bəşər tarixində oynadığı möhtəşəm rolu dəyərləndirərək yazır: “Çağdaş tarixçilik hərtərəfli araşdırmalardan sonra belə bir sonuca gəlmişdir ki, ən qədim mədəni insan məskəni Ceyhun və Seyhun (Amudərya və Sırdərya çaylarının hövzəsi), Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Buna görə də bir vaxtlar “Tarix Sumerdən başlayır” dediyimiz halda, indi “Tarix Turandan başlayır” deməyi tarix elmi bizdən tələb edir.”(Ebülfez Elçibey, 1998, Səh. 16)
Görkəmli türk bilim adamı Yusif Ziya Özər dövrünün arxeoloji, linqvistik və etnoloji dəlillərinə əsaslanaraq Mərkəzi Asiyanın bəşər mədəniyyətinin ilk beşiyi olduğu haqqında tezis irəli sürmüşdür. Anauda, Honanda və Kansuda aşkar edilən arxeoloji abidələrin tədqiqi göstərir ki, neolit dövrünün daş mədəniyyəti Sibirdə və Orta Asiyada meydana çıxmış və inkişaf nəticəsində metal mədəniyyətinə çevrilərək bütün dünyaya yayılmışdır. (Yusif Ziya Özer, 1932, Səh. 6)
V.Koppers də Anauda bol-bol aşkar olunan at qalıqlarına görə bu mədəniyyətin türklərə məxsus ola biləcəyi qənaətinə gəlmişdir. V.Koppers vətənləri Mərkəzi Asiyada olan öntürklərin atın ilk əhliləşdirilənlər və bununla əlaqədar olaraq atlı çoban mədəniyyətinin yaradılcıları olduqlarını yazır.
O köçəri heyvan bəsləmə mədəniyyətinin əsasının İç Asiyada proto türklər tərəfindən qoyulduğunun gerçək fikrir kimi müdafiə edir. IV minilliyin sonlarına doğru İran yaylasında yaşayıb bilavasitə Elamla yaxın münasibətdə olan və atdan istifadə edən tayfaların türk olduqları yəqindir. Onun fikrinə görə Hind-Avropalılar iddia edildiyinin əksinə olaraq bu kültürün yaradıcıları deyil, ilk alıcılarıdırlar. Atın ilk əhliləşdirilməsi və bununla əlaqədar atlı çoban mədəniyyətinin yaradılması da Türklərə bağlanmaqdadır. Ata və ümumən çoban mədəniyyətinin əsas ünsürlərinə sahib olmağı Hind-Avropalılar qədim türklərə borcludurlar. (Koppers W., Türklər C. I, 2002, Səh. 468)
Z.V.Toqan Anau mədəniyyəti haqqında yazır ki: “Bura o dövrdəki Ön Asiyanın Sumer və Sus, güney Asiyada Hindistanın Sind çayı hövzəsindəki Mahonco-Daro və Xarappa, Uzaq Şərqdə Çinin Yuanq-şao və Mancuriyada mövcud olmuş mədəniyyətlər üçün ilk başlanğıc, mərkəz və ocaq rolunu oynamışdır”. (Z.V.Togan, 1981, Səh. 7)
Anaunun ətrafındakı ərazilərdə ən qədim zamanlardan etibarən əkinçiliklə məşğul olunmuşdur. Qazıntılar zamanı şəhərdəki mədəni təbəqələrdən müxtəlif əkinçilik məhsulları və alətləri aşkar edilmiçdir. Anauda aşkar edilmiş eradan qabaq 5000-ci ilə aid ən qədim buğda və digər taxıl məhsulları bu şəhərdəki “Ağ buğda” muzeyində saxlanmaqdadır. Bu tapıntılar Anau və ətraf ərazilərdə heyvandarlıq, əkinçilik və sənətkarlıqdan ibarət bir-birini tamamlayan vahid təsərrüfat sisteminin mövcudluğunu sübut edir.
Türkistanın müxtəlif ərazilərində tarixi ardıcıllıq baxımdan bir-birini əvəz edən digər qədim arxeoloji mədəniyyətlər də aşkar edilmişdir. Anauda üzərində mixi yazını xatırladan işarələr olan möhür üzük və üzərində öküz, digər heyvanlar və tanrı təsvirləri olan üzüklər aşkar edilmişdir.
Anau daxil omaqla qədim Turan ərazisində mövcud olan Kelteminar, Namazqa, Botay, Ceyhun və s. arxeoloji mədəniyyətlərini Avropa alimləri ümumi adla Okus uyqarlığı adlandırırlar.
Pumpelli Turan dövlətinin paytaxtı hesab olunan Səmərqənd şəhəri yaxınlığındakı qədim Əfrasiyab şəhəri qalıqlarında da qazıntı işləri aparmışdır. O araşdırmalar nəticəsində belə nəticəyə gəlmişdir ki, çox qədim dövrə aid olan bu şəhərin əsası iddia edildiyi kimi Makedoniyalı İsgəndər tərəfindən deyil, tarixi ənənəyə uyğun olaraq məhz Əfrasiyabın özü tərəfindən qoyulmuşdur. (Pumpelly, Səh. 320)
Anauda arxeoloji mədəniyyətinin türklərin tarixi üçün ən böyük əhəmiyyəti orda aşkar edilən qafa taslarının monqoloid irqə aid olmadığıdır. Bu kəllə sümükləri türklərin ən mühüm antropoloji özəlliklərini təşkil edən dolixokefal və Aralıq dənizi tipidir. Ön Asiyada aşkar edilən qədim insanlara məxsus qafa tasları da yumrubaş braxikefal samilərdən fərqli olaraq dolixokefaldırlar. (Pumpelly, Səh. 446)
Anauda aşkar edilən 10000-9000 il öncəyə aid yüksək inkişafa malik şəhər və əkinçilik arxeoloji mədəniyyətinin aşkar edilməsi bəşər mədəniyyətinin əsasının Turanda qoyulduğu haqqında XVIII–XIX əsr və daha sonrakı dövrdə Rauilson, Oppert, Hinks, Hommel, Q.Maspero, E.Aykşadt, C.Ferqusson və digər böyük assuroloq və tarixçilərin tezislərini təsdiq etməkdədir. Turan adı skeptik düşüncə sahibi bəzi bilim adamlarının guman etdiyi kimi yalnız əfsanələr şəklində tarixin yaddaşına həkk olunmuş xəyal məhsulu deyil. Tarixi toponimlər həmin ərazidə yaşamış xalqların tarixi yaddaşının silinməz izlərini daşımaqdadır. Turan adı bu gün də Turan ölkəsinin qədim sakinlərinin varisləri olan Türküstanın müasir türklərdən ibarət əhalisi tərəfindən Turan ovalığı adı ilə mövcuddur və ümumdünya coğrafi xəritələrində bu adla tanınmaqdadır.
Anau arxeoloji mədəniyyəti turanlı öntürklərin yalnız köçəri vəhşi tayfalardan ibarət olduğu haqqında formalaşmış qərəzli təəsəvvürləri alt üst etdiyindən sovet dövründə aparılan arxeoloji araşdırmalara və müasir dövrdə qərb bilim adamlarının apardıqları araşdırılmalara əsaslanaraq bu arxeoloji mədəniyyətin tarixini daha gec dövrlərə aid etməyə təşəbbüslər göstərilir, onun gerçək tarixini saxtalaşdırmağa çalışırlar. Lakin Pumpellinin bu arxeoloji mədəniyyətin 10-cu və 9-cu minilliyə aid olduğu haqqındakı təkzibedilməz faktlara söykənərək gəldiyi sonuc bir çox bilim adamları tərəfindən təsdiq olunmaqdadır.
Anau mədəniyyəti arilərin tarix səhnəsinə qədəm qoymalarından çox öncəki dövrə aid olub hər hansı bir ari izi daşımadığından avropasentrizm nəzəriyyəsini rəhbər tutan müasir tarixçilər öz əsərlərində bu arxeoloji mədəniyyətə istinad etməkdən və onu xatırlamaqdan qaçınaraq diqqətdən kənarda tuturlar.
Hindistan sanskrit ədəbiyyatının araşdırıcısı Alman bilim adamı Herman Brunhofer e.q. 1500-1200-ci illərə aid edilən Hind dastanı Riqvedada Pəncab vilayətini işğal edən və özlərini Naqa/Nahisa adlandıran Turvaşa-Yakşu, Anava, Dahyu, Puru və Şiqnu adlı beş turanlı tayfadan bəhs olunduğunu yazır. Anav tayfasının kralı Krunqa adlanır və bu ad Şahnamədə Kurenq şəklində ifadə olunmuşdur. Brunhofer Kuranq adının Riqvedaların ruhuna uyğun olmadığını yazır, yəni onu hind-ari mənşəli hesab etmir. Anava ilə yanaşı adları çəkilən Turvaşa, Yadu, Dahyu və digər tayfalar da türklərdir. Roma coğrafiyaçısı İsidor Xeraks Anavanın İranın şərqində yerləşdiyini yazır. (Brunnhofer Hermann. 1889, Səh. 31–32)
Bəzi müəlliflər Kuranq adının əslində Turanq olduğunu yazırlar.
Читать дальше