Türkmənistanın paytaxtı Aşqabad yaxınlığındakı Anauda aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan və 9000 il öncəyə aid olan qədim mədəniyyət Sibirin güneyində təşəkkül tapan öntürk etnosunun güneyə doğru hərəkət edərək burda ilkin qədim mədəniyyətin əsasını qoyduqları haqqındakı bir sıra tezisləri təsdiq etməkdədir.
Klyosovun və digər genetika uzmanların genetik araşdırmaları və müasir arxeoloji tədqiqatlar nəticəsində əldə edilən elmi dəlillər yüz il öncə Avropa linqvistlərinin, tarixçilərinin və etnoloqlarının Turanlı Ön Türklərin ilkin vətənləri və onların mərhələlərlə yer üzünə yayılaraq müxtəlif ərazilərdə bəşəriyyətin ilkin mədəniyyət mərkəzlərinin meydana gətirdikləri haqqındakı fikirlərini təsdiq etməkdədir.
A.Klyosovun genetik araşdırmalarına görə buz dövrünün sona çatması ilə Ural-Altay bölgəsindən ayrılaraq güneydoğu istiqamətində hərəkət edən öntürklər Orta Asiyada e.q. 9000-8000-ci illərə aid Türkmənistandakı Anau mədəniyyətini və e.q. 5500-3000-ci illəri əhatə edən Özbəkistandakı Kelteminar mədəniyyətini meydana gətirmişlər.
Yuxarıdakı şərhlərdən də göründüyü kimi Ön türklər bir etnos kimi təşəkkül tapdıqları və tarixçilərin 1-ci Turan adlandırdıqları Cənubi Sibirdən tarixin sonrakı dönəmlərində güneyə doğru Aral dənizi, Amudərya və Sırdərya çaylarının iqlimi daha əlverişli və yaşayış üçün daha münasib vadilərinə yayılaraq burda ilkin bəşər mədəniyyətinin rüşüymlərini yaratmış, ilkin şəhər mədəniyyətinin, əkinçiliyin əsasını qoymuş və heyvanların əhliləşdirilməsinə nail olmuşlar.
Mərkəzi Asiyanın bu əzəmətli Turan ölkəsinin sakinləri sonradan malik olduqları mədəniyyət ünsürlərini, əkinçilik vərdişlərini, heyvan bəsləmə və metalçılıq səriştəsini özləri ilə köçlərə məruz qalaraq məskunlaşdıqları yeni ərazilərə daşıyaraq orda yeni mədəniyyətlərin təşəkkül tapmasına səbəb olmuşlar.
Bəşəriyyətin indiyə qədər aşkar edilmiş ən qədim şəhər mədəniyyəti tarixi Turan ərazisi olan Türkmənistanda 1904-08-ci illərdə Amerikanın Nyu Hempşir Universitetindən İtalyan mənşəli arxeoloq R.Pumpelli tərəfindən araşdırılaraq öyrənilmiş Aşqabadın 8 km. Anau ərazisindəki şəhər mədəniyyətidir. Anau adını fars dilində Abe-nav (Yeni su) və ya “yeni yer” kimi izah edib onun kökünü iranlılara bağlamağa çalışsalar da, bu yaşayış məskəninin adı qədim zamanlardan türkcə Ana öy (ana ev) şəklində mövcud olmuşdur. Anau Türkmənistanın güneyində mövcud olmuş ən böyük qədim iqtisadiyyat, mədəniyyət və ticarət mərkəzi olaraq şəhərin və onun ətrafında məskunlaşmış əhali tərəfindən “Ana ev” adlandırılmışdır.
Pumpellinin irəli sürdüyü “Oasis teori”, yəni “Vadi nəzəriyyəsi”nə görə tarix öncəsi ilk uyqarlıqlar məhz münbit torpaqların, rütubətin və bol suyun mövcud olduğu böyük çayların vadilərində yaranmışdır.
Avropanın və Asiyanın quzey ərazilərini əhatə edən buz qatlarının əriməsi nəticəsində əmələ gələn sel suları böyük çaylar şəklində guneyə doğru axaraq Batıda Mesopotamiya adlanan Zaqros dağları ilə Aralıq dənizi arası ərziləri, doğuda isə Turan ovalığı adlanan əraziləri öz suları ilə doyuraraq yüz illər ərzində davam edən proses nəticəsində bol rütubətə malik əkinçilik üçün əlverişli bərəkətli-münbit torpaqlara çevrilməsinə şərait yaratmışdılar. Nəticədə tarix öncəsi adlanan çağda bir-birindən uzaq məsafədə yerləşən bu iki ərazi bəşər uyqarlığının iki önəmli mərkəzlərinə çevrilmişlər. Lakin mövcud əlverişli şərait ilkin uyqarlığın ilk öncə Amudərya və Sırdərya çaylarının vadilərində yerləşən Turan vadisində yaranmasına səbəb olmuşdur.
Anau və onun ətrafında yerləşən qədim arxeoloji mədəniyyətlər də, məhz Amudərya və Sırdərya kimi nəhəng çayların suvardığı geniş vadiləri əhatə edən Turan ovalığında yerləşirdi.
R.Pumpelli Anau arxeoloji mədəniyyətinin tarixi ilə əlaqədar yazırdı: “Anau qazıntılarında aşkar etdiyimiz mədəni qatlar insan tarixinin 10 min il öncəki dövrünü əhatə edirdi. Anau vadisi coğrafi landşaft baxımından 10 min il ərzində sabit qalmışdı və xarabaların yerləşdiyi ətrafdakı torpaqlarda da əkinçilik fəaliyyəti davam edirdi“. (Pumpelly R., 1908, Səh. 320)
Pumpellinin nəzəriyyəsinə görə bəşəriyyətin ilkin mədəniyyətinin beşiyi Turandır. Bəşər mədəniyyətinin ilk rüşeymi məhz Amudərya və Sırdərya vadilərində yerləşən Turan ovalığında yaranmış və bu mədəniyyətin daşıyıcıları olan ilk mədəni insanlar çeşidli səbəblər üzündən öz yerlərini tərk edərək müxtəlif ərazilərdə məskunlaşmış, onların bir qolu da Mesopotamiyaya gedərək orda yerləşmiş və burda möhtəşəm Sumer mədəniyyətinin əsasını qoymuşlar.
Əkinçiliyin, sənətkarlığın və heyvanların əhliləşdirilməsinin əsası Anauda qoyulararaq inkişaf etdirildiyi bir dövrdə yer kürəsinin digər ərazilərində insanlar hələ ibtidai ovçuluq və yığıcılığın hakim olduğu ibtidai icma qruluşu dövrünü yaşamaqda davam edirdilər. Turan ovalığında aşkar edilmiş qədim arxeoloji mədəniyyət təkcə Anau ilə məhdudlaşmır, 2000-ci ilin başlanğıcında Amerika arxeoloqları Pensilvaniyanın arxeologiya və antropologiya muzeyinin professoru Frederik Hibertin rəhbərliyi altında və Rus arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Anauda və Türkistanın çeşidli bölgələrində, o cümlədən Türkmənistanın və Özbəkistanın müxtəlif ərazilərində Anau mədəniyyətinin davamı olan və e.q. 6000-4000-cü minilliklərə aid bir çox qədim yaşayış məskənləri aşkar edilmişdir. Arxeoloqlar Anauda üzərində yazı işarələri olan və təxminən e.q. 2300-ci ilə aid olan olan çox dəyərli bir möhür aşkar etmişlər.
Lakin həmin yazı nə Mesopotamiya, nə Misir və Çin yazılarına bənzəməməkdədir. Burdan belə bir nəticə hasil olur ki, Anauda yüksək inkişafa malik müstəqil bir uyqarlıq mövcud olmuşdur.
Pumpelli Anauda aşkar edilən müxtəlif dövrlərə aid at qalıqlarına əsasən atın məhz Anauda və ya onun ətrafındakı ərazidə əhliləşdirildiyi fikrini irəli sürmüşdür. Anauda tapılan möhürün üzərində Sumer ərazisindəki kimi Öküz başını təsvir edən üçbucağın üzərində iki qısa xətli idioqram əks olunmuşdur. Anau əhalisinin istifadə etdikləri əkinçilik və heyvandarlıq forması Mesopotamiyada olanla eyniyyət təşkil edirdi. Saxsı qabların forması və üzərindəki naxışlar da Sumer mədəniyyətinə xas xüsusiyyətlərə malik idi. Bütün bunlar Anau şəhər dövləti ilə Sumer arasında sıx bağlılığın mövcudluğunu sübut edirdi. Anaunun sakinləri Sumerdə olduğu kimi çayların istiqamətini dəyişdirərək mürəkkəb suvarma kanalları şəbəkəsi yaratmaqla əkinçilik mədəniyyətinin yüksək inkişafına nail olmuşdular.
Divarlarının uzunluğu 92 metrdən 152 metrə qədər olan bir-birindən yüz metr aralı çoxsaylı monumental binalarda yüzlərlə insanın yerləşə biləcəyi çoxsaylı otaqlar mövcud olmuşdur. Anau bütövlükdə böyük bir şəhər kompleksindən ibarət idi.
Pumpellinin gəldiyi nəticəyə görə Anau tayfalarının bir qismi quraqlıq səbəbi ilə batıya doğru köçləri zamanı əkinçiliklə məşğul olanlarla birlikdə əhliləşdirdikləri heyvan növlərini, o cümlədən öküzü e.q. 6000 mininci ildə Ön Asiyaya ordan Misirə və Afrikaya, Qafqaz üzərindən isə Avropaya apararaq orda yayılmışdır. O Çin xronologiyasına əsaslanaraq Anauluların Hindistana və Doğu Asiyaya e.q 3468-ci ildə köçlərə məruz qaldıqlarını yazır. (Pumpelly, 1908, Səh. 440)
Читать дальше