Maraqlıdır ki, bu naməlum, aydınlaşmaya ehtiyacı olan problemlərlə o, tədqiqat obyektinin yeni istiqamətlərini də gələcək tədqiqatçılar arasında açmış olur. Yəni tədqiqatçılar üçün, az işlənən, elmi həllini hələlik axıra qədər tapmayan məsələləri qabardır və gələcək tədqiqatçılar üçün yeni mövzular və istiqamətlər verir.
Əli Şamilin tədqiqatlarında diqqət çəkən özünəməxsusluqlardan biri də müəllimin problemi bütün təfərrüatları ilə, dərininə və eninə açıb göstərməyə meyilli olmasıdır. Beləki o, istər Triniçdən, istər İsmail Farkadan, istərsə də Nafiyə xanımdan danışanda onları mühitdən və zamandan təcrid etmir. Əksinə qəhrəmanı mühiti və müasirləri ilə birgə təqdim etməyə çalışır. Məsələn, Əhməd Triniçdən bəhs edən alim onun Albaniyadakı uşaqlıq və təhsil mühitini, Türkiyədəki hərbi-ictimai mühitini, Azərbaycanda – Qubadakı Hamazasp (Amazasp) Srvandzyanın törətdiyi qırğınların fonunda erməni vandalizmini, Əhməd Triniçin Azərbaycan Cümhuriyyəti dönəmində ermənilərə münasibətini qabarıq şəkildə verir və sonuncu barədə yazır: “Müsəlman Yardım Alayı”nın zabiti Əhməd Triniç müsəlmanları bolşevik-daşnaq qırğınlarından qorumaq üçün İsmailiyyə binasında keçirilən toplantılarda çıxış edir, xalqı silahlı özünümüdafiə dəstələri yaratmağa çağırır. Erməni-bolşevik dəstələrinə qarşı döyüşən, müsəlmanları qorumağa çalışan Əhməd Triniç mart qırğınından sonra Dərbəndə getməli olur”.
Əli Şamil Nafiə xanımdan və İsmail Farkadan bəhs açanda isə onların ailə mühitlərini, eləcə də idarə və iş üsulları repressiya olan bolşeviklərin məhbəs mühütini təfərrüatlarına vararaq işıqlandırmağa çalışır. Bunlar Əli müəllimə mühit, zaman və şəxsiyyət problemini bütün incəlikləri ilə təqdim etməyə kömək edir.
“ AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabının özünəməxsus xüsusiyyətlərindən biri də əsərin dilinin sadəliyidir. Əli müəllim folklorşünas olduğundan haqlı olaraq terminlərə deyil, xalq ifadə və üslubuna xüsusi önəm vermişdir. Bu əsərin elmliyini azaltmır, əksinə, onu oxunaqlı və anlaşıqlı edir. Bu səbəbdəndir ki, alimin fikir və düşüncələri də aydın və durudur. Hətta deyə bilərik ki, ən mürəkkəb fikir və düşüncə belə Əli Şamilin qələmində sadələşir, sadəlikdə böyüklük, böyüklükdə mükəmməllik və mükəmməllikdə isə müdrüklük qazanır.
Albanların tarixi, mədəniyyəti, adət-ənənələri, məşğuliyyəti, yaşam tərzi, ziyarətgahları, antik teatrları, muzeyləri, tarixi abidələri… Dıraçdakı Kral Əhməd Zoqun qalası, Ortodoks Kilsəsi, Fatih Cami (Fatih Sultan Mehmetin şərəfinə belə adlandırılmışdır), Arxeologiya Muzeyi… barədə verilmiş geniş və müvəssəl məlumatlar əsas verir deyək ki, Əli Şamil “ AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabıyla Albaniya və Azərbaycandakı albanların mükəmməl, eləcə də hərtərəfli portretini yarada bilmişdi.
Cəlal Qasımov F.e.d., professor
Kitabda 20-ci yüzilin hadisələrindən söz edildiyindən həmin dövrdəki terminlərdən geniş istifadə edilmişdir. Lakin bu terminləri xarici ölkələrdə yaşayanlar anlaya bilmədikləri kimi, Sovetlər Birliyinin çöküşündən sonra dünyaya gələn nəsil də anlamır. Məsələn kolxoz, sovxoz, komunxoz və s. sözləri 30–40 il öncə Sovetlər Birliyində yaşayanlar başa düşürdü. Rus dilinin bazasında yaradılmış bu sözləri indi rus gənclərinin çoxu başa düşmür.
Kitabda ən çox işlənən terminlərdən biri KQB-dir. Bu termin 1953-cü ildə yaransa da dünyanın əksər guşələrində Sovetlər Birliyindəki təhlükəsizlik xidmətindən söz açılanda KQB işlədilir. Hansı ki, Bolşeviklər 1917-ci ildə silahlı üsyan yolu ilə hakimiyyəti ələ aldıqdan sonra Xalq Komissarlar Sovetinin sədri Vladimir Ulyanov (Lenin) ümumrusiya səviyyəsində baş verə biləcək antibolşevik çıxışlarına sərt divan tutmaq üçün 1917-ci il dekabrın 20-də Xalq Daxili İşlər Komissarlığının nəzdində Fövqəladə Komissiya yaradılması haqqında əmr imzalamışdı. Fövqaladə səlahiyyətlər verilmiş bu komissiyaya milliyətcə polyak yəhudisi olan Feliks Dzerjinski rəhbər təyin edilmişdi. Təşkilatın adı rus dilində Всероссийская Чрезвычайная Комиссия olduğundan onu qısaldılmış şəkildə ÇK adladırırdılar. Azərbaycan Türkçəsində onun mənası Ümumrusiya Fövqəladə Komissya olsa da xalq onu rus dilindəki qısaldılmış şəkilini işlədirdi.
1922-ci il fevralın 6-da bu təşkilat Государственное Политическое Управление – ГПУ (Dövlət Siyasi İdarəsi), 1923-cü il noyabrın 15-dən Объединенное Государственное Политическое Управление – ОГПУ (Birləşmiş Dövlət Siyasi İdarəsi), 1934-cü ildən Главное управление государственной безопасности – ГУГБ (Dövlət Təhlükəsizliyinin Baş İdarəsi), 1946-cı il martın 15-dən Министерство государственной безопасности СССР – МГБ СССР (SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi), 1953-cü il martın 13-dən Комитет государственной безопасности при Совете Министров СССР (SSRİ Nazirlər Soveti nəzdində Dövlət Təhlükəsizlik Komitəsi), 1978-ci il iyulun 5-dən isə Комитет Государственной Безопасности СССР (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi) adlandırılsa da dünyada daha çox KQB kimi tanınır.
Buna görə təşkilatın adını həmin dövrdə necə işlədilmişdirsə elə deyil, daha geniş yayılmış forması olan KQB kimi yazdım. Bununla yanaşı, kitabda ÇK, NKVD sözlərinə də rast gəlinir. Bunlar da əsasən sitatlarda olduğuna görə onları dəyişmədim.
Albaniya Respublikası Avropanın Güney Doğusunda, İyon və Adriatik dənizlərinin sahilində yerləşir. Bu ölkənin adı miladdan öncə 4-cü yüzillikdən miladın 705-ci ilinədək Qafqazda mövcud olmuş Albaniya ilə oxşar olduğuna görə ikincini fərqləndirmək üçün çox vaxt Qafqaz Albaniyası adlandırırlar.
Elmi əsası olmayan bir fikir də var ki, indiki Albaniyada yaşayan xalqın ulu əcdadları Qafqazdan oraya köçmüşlər. Albaniyaya səfərim zamanı aldığım bilgiyə görə, miladdan öncə dörd mininci illərdəki bir yazıda qeyd olunmuş sözə əsaslanıb belə güman edirlər ki, Albanların ulu babaları Qafqaza köçmüş və burada qurduqları dövləti Albaniya adlandırmışlar. Bizim fikrimizcə, adlar arasındakı bənzərlik söz oxşarlığından başqa bir şey deyil.
Albanlar öz ölkələrini “Şipri”, yəni “Qartallar diyarı”, yerli sakinləri isə “şiptar” adlandırırlar. Araşdırıcıların bir qismi Albaniya toponiminin “illiriya” sözündən formalaşdığını və bunun da “olba” – “kənd” anlamı verdiyini yazır. İlliriya sözü də qədim dövrlərdə Balkan yarımadasının batısına və orada yaşamış xalqa verilmiş addır.
Türklər və Osmanlı dövlətinin tərkibində olan xalqların çoxu, eləcə də Osmanlı imperiyası dağıldıqdan sonra onun ərazisində yaranmış dövlətlərdə yaşayan yaşlı albanlar da özlərini arnavut adlandırırlar. Türkiyəli araşdırıcıların fikrincə, orta yüzillərdə albanlar “illiriyalılar” və “pelasqlar” adının yerinə “arber”, “arbereş”, “arbanoi” sözlərini işlətdiklərindən osmanlılar da onlara arnavut demişlər.
Читать дальше