Bəli, atacan, sən anamı və bizi Leylinin qanlı mizraqlarına tapşırıb getdin. İnsanları məhkum edən, bəşəriyyətə üz qarası olan belə bir quruluşda yetim böyüməyin qorxuncluğunu sən heç bir zaman görə bilmədin və bilməzdin də, çünki sən yoxdun o vaxt bu dünyada.
Atacan, sən şəhid olduğun gündən neçə-neçə illər sonra da mən bu sətirləri yazarkən gözyaşlarım ixtiyarsız olaraq axır. Ürəyim elə doludur ki, uşaqlığımdan, səni itirdiyim gündən bəri bircə dəfə olsa belə həyatımda sevincli gün axtardım. Ürəyimdə “adam bu qədər dərdə dözə biməz” – deyirəm, amma yenə də illərin bitməz-tükənməz ağrı-acısını, hətta bir günün kecici sevincini də taleyin hökmü kimi qəbul edirəm. Bəli, əziz ata, əlvan güllərin, min bir rəngli çiçəklərin, ucsuz-bucaqsız meşələrin, zümrüd yaylaqların, qarlı və dumanlı dağların, şır-şır axan, cənnət suyu misalı şəfalı bulaqların və ağla gələn hər cür zənginliklərin diyarı olan Azərbaycanımıza “vətənim” deyərək könüldən bağlanmışdın… deyərdi anam. Amma əfsus ki, uca tanrının yurdumuza bəxş etdiyi bütün gözəlliklər iki yüz ilə yaxındır ki, əsirdir, heç gülü də əsarətə məhkum etmək olarmı?
Ata, Məcnun kimi vurğunu olduğun güllər ölkəsi olan yurdunun azad olması üçün sən həyatının sonuna qədər qeyrətlə mübarizə apardın və bunu bacardın da. İgid vətən qəhrəmanlarının qanı bahasına yurdumuzun gözlərinə ucalan üç rəngli şanlı bayrağımıza “azadlıq uğrunda canından keçən igidlərin əsəridir” – dedin. Fəqət 1918-ci il mayın 27-də yenidən 10 min şəhid verərək itirməyimiz nə qədər də ağırdır. O mənfur gecədən 15 gün sonra sən ölümə gedərkən “ Azərbaycan yenə də bir vaxt azad olacaq” dediyini xatırlayırsanmı, ata? Ancaq, atacan, mən yaxşı xatırlayıram. O gün ölümün qorxuncluğunu elə hiss edirdim ki, ürək dağlayan hiçqırıqlarla ayaqlarına, bir az sonra isə mübarək vücuduna sarılaraq “ölmə, atacan!”-deyərək bütün günü ağladım və hələ də ağlayıram.
Bəli, atacan, o gün Leninin ölüm yağdıran güllələri və rusların qanlı mizraqları qarşısında sənin, şanlı vətən qəhrəmanının odlu bir ürəklə ölümə meydan oxuduğunu bugünkü kimi xatırlayıram. Sonra isə gur səsinin bütün şirinliyi ilə “ balalarım, gözyaşı tökməyin. Bəşəriyyətə üz qarası olan düşmənimizin qarşısında alçalmayın. Allahın hökmü belə imiş”-deyərək qorxudan tir-tir titrəyən balalarının yanaqlarından öpüb, səni çox sevən cəsur, mərd və dəyanətli anamın saçlarını oxşarkən “səni və balalarımı Allaha əmanət edirəm” – dedin. Düşmənin üzünə lənətlər yağdıraraq “Yaşasın azadlıq!… Yaşasın Azərbaycan!” – deyərək yeri-göyü titrədən gur səsilə nərə çəkib şəhidlik mərtəbəsinə qalxdın.
Əziz ata, qadir Allah səndən və o gün səninlə birlikdə şəhid olan qəhrəmanlardan rəhmətini əsirgəməsin. (Amin).
Yaşadığı illər boyu mübarək cəsədinin önündə hörmətlə baş əyən oğlunu bağışla, ata. Bəlkə də sənin vətən üçün etdiklərinin heç birini mən edə bilməyəcəm, lakin mən də özümü sənin “azad insan” və “azad vətən” yolunu seçdim. Bu müqəddəs amal uğrunda sənin kimi həyatda hər şeyimi və yenə sənin kimi övladlarımı, ailəmi, qardaşlarımı və sevimli anamı belə Leninin qızıl cəhənnəmindən buraxaraq, heç bir insan ağlına sığa bilməyəcək qədər ağrı-acılara və zülmlərə qatlandım.
Sevimli atam, lütfən azadlıq eşqilə, azad vətən eşqilə ölümlərin belə ən qorxuncunu gözünə alan oğlunu “sən nə etdiyini düşündünmü? Düşmənin pəncəsindən qaçmaqla həyatda yaxın-uzaq nə qədər günahsız qohum-əqrəbamızın 10 il Sibir deyilən cəhənnəmdə ölümlə pəncə-pəncə gəlməsinə səbəb oldun” – deyərək məni qınama. Çünki mən insan qəlbinin, insan idealının ən yüksək zirvəsi olan azadlıq arzusuna sarılmaqla vətənimə daha faydalı olaram inamına elə möhkəm inanmışdım ki, nə həyatımı, nə də öz qanımdan, öz canımdan olanların həyatını düşünməmişdim. Bəli, bəlkə də bir çoxları bu hərəkətimin yanlış olduğunu söyləyərək məni təqsirləndirəcək, lakin mən “ey azadlıq, sənin yolunda miliyonlarla adam ölmədimi?” –deyib bəşəriyyət tarixinin ölümsüz həqiqətlərinin illərcə mənliyimdə yaşadaraq bu yolu, daha doğrusu, əziz atam, sənin seçdiyin yolu seçdim və bu yolda başıma gəlməyən fəlakət qalmadı.
Ata, indi lütfən bir dəqiqə məni dinlə, sənə səslənirəm.
Atama səslənirəm
Mən Məmməd Altunbay, azadlığından məhrum bir ölkədə doğulmuşam. Orada azadlğın, müstəqilliyin həqiqi mənasının nə olduğunu mənə öyrətmədilər. Yaşadığım cəmiyyətdə insanlar həmişə bir-birindən qorxur, 24 saat ərzində kimin kimi satacağını düşünürdü. Hamımız qorxusuz yaşamaq arzusunda idik. İkimizi vulkan kimi təlatümə gətirən bu hislər günün birində orada yaşayan insanların çörək və su ehtiyacı qədər əziz bir şeyə çevrildi.
Hamımız bu bulaqdan su içdik. Biz azadlıq aşiqi, müstəqillik və xoşbəxtliyə susamış insanlar Stalin diktatorluğunun o qorxunc rejiminə boyun əyə bilməzdik. Ardı-arası kəsilməyən iftiralar, təhdidlər, bitib-tükənməyən zülm və işgəncə üsulları bir-birinin əvəz edirdi. Orada müstəqillikdən söz açan kəsləri gecə içən yatağından götrüb ya sürgün edir, ya da güllə yağışı altında ölümün qucağına atırdılar.
O vaxt çox kiçikdim. Lakin sənin və dayımın güllələndiyiniz o dəhşətli günləri heç cür unuda bilmirəm. O gün neçə-neçə azadlıq mücahidi səninlə bərabər güləlləndi. Arvadlarını və uşaqlarını da onlarla birlikdə öldürdülər. Ogünkü azadlıq qəhrəmanlarımızın indi məzarı belə məlum deyil. Çünki, ata, orada adamlar məhkəməsiz, kütləvi halda güllələnirdi. Orada edamsız və sürgünsüz günümüz yoxdu, ata. Nəhayət, Bir gün ölümün astanasından adlayaraq özümü ana vətən Türkiyədə azad insanların yaşadığı müstəqilliyin qucağında gördüm. Lakin bu o qədər də asan başa gəlmədi. Məqsədə çatmaq yolunda zindanlarda zəncirlərə vuruldum. Saysız-hesabsız işgəncənin ağrı-acısını çəkdim. Bütün təhlükə və çətinliklərə baxmayaraq qüvvəmi daxilimdə odlanan azadlıq məşəlindən aldım və bu məşəl mənə müstəqillik və azadlıq yolunda işıq oldu.
Müstəqillik üçün yaşadım. Yaşadım ki, iyrənc və qorxunu Lenin rejiminin iç üzünü azad dünyanın azad insanlarına göstərim, ata Bəli, ata bu gün sənə səslənərkən ölümündən neçə il sonra Leninin bayrağı altında yaşayan türk yurdlarını qarış-qarış gəzmişdim. Gördüyüm və hiss etdiyim pərişanlıq, bəşəriyyətə üz qarası və dizə qədər səfalət tablosundan başqa bir şey deyildi. Bu səfillər dünyasının gözüyaşlı insanları ilə aylarla birlikdə yaşadığım üçün özümü onların bir parçası kimi görüb və deyirəm: “mən azadlıq aşiqi, azərbaycanlı, mən şimali qafqazlı, mən türküstanlı, mən urallı, krımlıyam” və bu səslənməni eyni zamanda səninlə birlikdə şəhid olan aslan ürəkli vətən övladlarının və azadlıq yolunda şəhid olan bütün dostlarımızın və adsız qəhrəmanlarımızın əziz ruhuna ithaf edirəm.
Bəli, atacan, bu qədər acı və bu qədər insanlıqdan kənar zülmlərdən sonra buz kimi zindanlarda ölümü gözlədim. “Öldürmək istəmədiyini Allah öldürməz” – deyiblər. Mən buna inanıram. Çünki mən də qadir Allahın bir lütfü sayəsində üç dəfə ölümdən qurtarmışam, lakin yenə də sənin etdiklərinin mində birini edə bilməmişəm. Düzdür, bu gün sənin ömrün boyu arzuladığın, lakin hç vaxt görə bilmədiyin, azad insan kimi yaşamadığın azad dünyada, daha doğrusu, ana vətənim Türkiyənin müşfiq qoynunda yaşayır və bu torpaqlarda da dərdlərimə, ağrı və acılarıma, azad insan kimi yaşamaq təşnəsinə şərik olan son dərəcə anlayışlı, nəcib və azadlıq aşiqi vətənpərvər insanlarla bərabərəm, lakin inan, atacan, qəlbimin iztirabı heç vaxt sakitləşmir, ruhum müdhiş bir əzab içindədir. Çünki ata və oğul vətənimiz azərbaycan uğrunda apardığımız azadlıq mübarizəsi heyf ki, sənin iyrəndiyin, nifrət etdiyin və “bəşəriyyətə üz qarası” – deyərək lənətlədiyin, Leninin əsgər və yoldaşları tərəfindən orta əsrin yonulmamış xunxar zehniyəti ilə həm gəmirilir, həm də əsarət zəncirində saxlanılır.
Читать дальше