O dedi:
– Buna ehtiyac yoxdur. Tezliklə qayıdacaqsınız.
Mən başa düşdüm ki, o polis dərsini əzbərləmişdir. Qaçmaq haqqında da əslən fikirləşə bilməzdim. Yəqin ki, o, tək deyildi. Digər tərəfdən mən özümü günahsız hesab edirdim. Buna görə də mənzilə qayıtmaq haqqında israr etməyərək polis ilə birlikdə yola düşdüm. Bu sadə, səssiz-səmirsiz bir dəvət ilə həyatımda yeni dövrün başlamasını hiss etdim və bildim ki, bir daha öz meylimlə könlüm istəyən yerə gedə bilməyəcəyəm. Artıq ixtiyarım başqalarının əlinə keçmişdi. Buna baxmayaraq, bu işin aqibəti haqqında hələlik məlumatım yox idi. Ayağımın altında birdən-birə açılmış uçurumun haraya gedib çıxacağını bilmirdim.
Pəhləvi dövrünün nəzmiyyəsi 14çox təhlükəli bir təşkilat idi. Qatil Mahmudun günahını işgəncə altında öz boynuna almış Əkbər Sallaxın macərası yadımda idi. Hacı Məhəmmədbağır Gülpayqaniyə basılmış dağ və biz yerlərini məhkəmə mövqeyində öz gözümlə görmüşdüm. Ondan zorla iyirmi neçə`nəfəri öldürmək haqqında etiraf alındığını eşitmişdim. Bağşahda 15həyata keçirilən qırğınlar nəzərə sığışmayıb şişirtmə kimi görünsə də, hər halda, həqiqət idi. Azərbaycan və Xorasandakı kütləvi edamları, saysız-hesabsız siyasi şəxslərin yox olmasını heç də əfsanə hesab etmirdim. Yaxın dostum Hicazinin faciəli ölümünü yaddan çıxarmamışdım.
Süpəh xiyabanında Ənzabi arxadan gəlib bizə çatdı. O, cəmiyyətin izdihamından istifadə edərək qabağa keçib, polisi tanıdığını və onun məqsədindən xəbərdar olduğunu müəyyən işarələrlə mənə başa saldı. Polisin gözləri yalnız mənə dikilmişdi. O, mənim qaça biləcəyimdən qorxurdu.
Buna görə də Ənzabinin hərəkət və işarələrinə fikir vermirdi. Biz isə bu vəziyyətdən istifadə edərək Təminat İdarəsinin qapısınadək işarə ilə bir-birimizlə söhbət etdik.
Biz isə bu vəziyyətdən istifadə edərək Təminat İdarəsinin qapısınadək işarə ilə bir-birimizlə söhbət etdik.
Orada isə məcburi olaraq təəssüflü təbəssümlə vidalaşdıq.
Mən bilirdim ki, o, necə olursa-olsun, tutulmaq xəbərimi bizim evə çatdıracaqdır. Buna görə də sakit ürəklə Təminat İdarəsi binasının pillələri ilə yuxarı qalxdım. Orada polis məni kiçik bir otağa apardı.Üç böyük miz və bir sadə qəfəsə ilə bəzədilmiş bu otaqda polis məni gənc bir kişiyə tapşıraraq çıxıb getdi. Sonralar həmin gəncin adının Rüfət Ehtişami olduğunu bildim. Məni gətirən polisi isə bu günədək ikinci dəfə görməmişəm.
İLK İSTİNTAQ
Gün batanadək heç kəs mənimlə danışmadı. Otağın xəlvət olmasını gözləyirdilər. Ehtişami başını aşağı salaraq qarşısına qoyulmuş kağız və qovluqları vərəqləyirdi. O, avtomatik maşın kimi daim hərəkətdə idi. Gedir-gəlir, oturur-qalxır və tez-tez diqqətlə mənə baxırdı. Ehtişami çimçəşdirici gülüşü ilə mənə istehza edirdi. Mən isə fikrə dalmışdım. Bu intizar iki-üç saat çəkdi. Mən büsbütün yorulmuşdum. Gecənin başlaması ilə əlaqədar beynimdə qara düşüncə və xəyallar qüvvətlənirdi. Nəhayət, saat 6 radələrində alçaq boylu və sarıbəniz olan arıq bir kişi özünü şən göstərmək üçün süni təbəssümlə qapıdan içəri girdi. Rüfət işarə ilə məni ona tanıtdırdı. O, salam verdikdən və bir çox səmimi təriflər etdikdən sonra mizin arxasında əyləşərək, mənə də öz qarşısında əyləşməyə icazə verdi. Bizim danışıqlarımıza heç kəs qulaq asmırdı. Həmin şəxs dərhal qiyafəsini ciddiləşdirib, mizin siyirtməsindən bir neçə vərəq rəsmi kağız çıxardaraq adımı, soyadımı, nə işlə məşğul olduğumu soruşdu. Sonra o, artist kimi başını qaldırıb, gözlərini üzümə zillədi. Öz fikrincə istəyirdi ki, gözlərimin içini oxusun. Mən çox çətinliklə gülməyimin qarşısını aldım. Çünki o, sadə bir məsələni sirli bir şəklə salmaq istəyirdi.
İlk vaxtlarda soyuqqanlılıq göstərdim. Lakin sonra yavaş-yavaş əsəbiləşməyə başladım. Öz-özümə deyirdim ki, daha istintaq üçün məzhəkəbazlıq lazım deyildir. Yəqin bu gənc də polis və cinayət işlərindən bəhs edən bəzi romanların təsiri altına düşmüşdür. O, hər şeyə şübhə ilə yanaşır, bütün bu məsələləri öz xəyal və təsəvvürləri ilə həll etmək istəyirdi. Sonralar həmin fikrimin də yalnış olduğunu başa düşdüm. Mənə məlum oldu ki, soy adı Füruzeş olan bu ağa, hətta polis əməllərindən bəhs edən adi yazıları belə oxumamışdır. Onun hərəkətləri düşdüyü alçaq mühitin məhsulu idi. Buna baxmayaraq, o, özünü ədib kimi göstərməyə çalışırdı. Sözarası deyirdi: “Bir şey yazmaq üçün vaxt tapa bilmirəm”.
O, Xuzistandan təzə gəlmişdi. Zahirdə hazırlıqlı adam kimi görünürdü. Lakin hamı onu fırıldaqçı, şarlatan kimi tanıyırdı.
İstintaq mənimlə Əli Şərqinin arasındakı tanışlıq arasındakı tanışlıq üstündə gedirdi. Füruzeş istəyirdi ki, onu adam öldürən, terrorçu, məni isə onu təhrik edən bir adam kimi göstərib, bu yol ilə hər ikimizin edam olunmamız üçün əsas hazırlasın. Şərqini məndən bir həftə qabaq tutmuşdular. Füeuzeş onun günahlarını boynuna aldığını iddia edirdi. Mən dedim ki, bizi üzləşdirin, o, nə desə mən qəbul edərəm.
Bu üzləşdirmə çox gülünc bir vəziyyətdə həyata keçirildi. Məlum oldu ki, hər ikimizi sadə bir anlaşılmazlıq üzündən həbs etmişlər. Buna baxmayaraq, qeyd etdiyimiz ağa öz təsəvvürlərini həqiqi bir hadisə şəklinə salıb böyük məqamda raport vermişdi.
Daha gülünc məsələ bundan ibarət idi ki, cavablarımı oxumadan altına qol çəkməyimi tələb edirdi. O deyirdi: “Adam “Molla Nəqti” kimi nöqtələr üzərində israr etməməlidir. Mən ki, sizə papış tikmək istəmirəm. Burada iki kəlmənin artıq və ya əskik olmasının nə əhəmiyyəti vardır?”
Mən isə bilirdim ki, iş yoxlanılan zaman təqsiri bir kəlmə ilə də sübut etmək olar. Məsələn, “xeyr” əvəzinə “bəli” sözünün yazılmasını götürək. Lakin mənim bütün bu xəyallarım tamamilə yersizdir. Çünki məhkəmədə, hətta Ədliyyədə belə işlər yoxlanılmadı. Yalnız Füruzeşin raportu əsasında hökm çıxarıldı.
Tədqiqat sona çatdıqdan sonra o, ciblərimi axtararaq qoltuğumdan qələmi və kağız parçalarınının hamısını götürdü. Bu, həbsə alınmaq əlaməti idi. Birlikdə otaqdan çıxdıq. Yolda mənə dedi: “Ağa, hamama gedin, tərləməmiş kir çıxmaz”. Mən onun məqsədini başa düşmədim. Müstəntiqin pul umacağını xəyalıma belə gətirə bilmirdim. Lakin o, həmin məsələ üzərində israr edirdi. Ona görə də daha bir addım irəli ataraq aydın şəkildə dedi: “Ağa siz bizə kömək etməlisiniz”. Təəccüblə dedim: “Sizə nə kimi kömək göstərə bilərəm? Mən də sizin kimi azacıq maaş alıram və bununla öz əhli-əyalımı idarə etməliyəm. Mənim pulum haradadı?”
Fikir edirdim ki, bəlkə də o, məni sınamaq istəyir. Yaxud da istəyir ki, həmin vasitə ilə müəyyən sübut əldə etsin. O, təcrübəli və məharətli idi. Mənim mənfi cavabımı eşitdikdə gülüb dedi: “Siz mənim məqsədimi yaxşı başa düşmədiniz. Mən istəyirdim ki, məsələnin üstünün açılmasında bizə yardım edəsiniz”. Bu zaman biz müvəqqəti həbsxananın qapısına çatmışdıq.
İKİ NÖMRƏLİ MÜVƏQQƏTİ HƏBSXANA – BEŞİNCİ OTAQ
Читать дальше