GENERAL
POLAD HƏŞİMOV
XATİRƏLƏRDƏ
“Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı
General Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.
General Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərib. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmiş, ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır.
Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
HƏYAT QƏDƏR DƏYƏRLİ ÖLÜM
ön söz əvəzi
Filosof şair Hüseyn Cavidin “Həyat var ki, ölüm qədər kədərli, Ölüm var ki, həyatdan da dəyərli” misraları sanki beynimə həkk olunub. Dəfələrlə oxuduğuma, səsləndirdiyimə baxmayaraq, məndən içəridə olan mən bu fəlsəfi mənalara pafosdan kənar və gerçəklik kimi baxmırıdı. Düşünürdüm ki, axı bu necə ola bilər: sadəcə nəzəriyyədir, ya da ilk səslənişdə xoşa gələn aforizm. Lakin bu günlərdə yaşadığımız böyük bir acı mənə bunu təcrübədə göstərdi. Bir insan dünyasını dəyişir və bir millətin ruhu oyanır, dirçəlir, varlığını sübut edən gücə qovuşur. Bu cür ölüm çox həyatdan dəyərli və işıqlıdır. Bəli, ağır fikirdir, kiminsə ölümünə “dəyərli” demək. Amma bir insan milləti, dövləti üçün şəhid olursa və bu ölümün nələrə qadir olduğunu gözlərinlə görürsənsə, o zaman yüksək ideallarla yaşayan Hüseyn Cavidin nə demək istədiyinin fərqinə varırsan. Məgər bu ölüm satqınların, xainlərin həyatından çox-çox dəyərli, çox-çox ucada deyilmi!? Şəhid General Polad Həşimov 45 illik həyatı boyu yaşamında nə qədər səssiz, sakit və faydalı olmuşdusa, xainləri qorxudan bu ölüm daha uca oldu.
General Polad Həşimov… Artıq bu ad bizim üçün əfsanədir, dillər əzbəridir. Son 30 ildə Azərbaycan milli ruhunu özünə qaytaran bir zirvədir. Birinci Qarabağ Müharibəsindəki miskin məğlubiyyətimiz bizə çox pis təsir edib. Biz nə qədər gurlasaq da, özümüzdən danışsaq da, yadımıza Xocalıda, Qaradağda vətəndaşlarımızın başına gətirilənlər düşəndə əzilmişlik psixologiyası qara çiskin kimi üstmüzə çökür və susuruq. Lakin bu 30 ildə Generalın şəhid olması üçüncü hadisə oldu ki, bizə bizi anlatdı, kim olduğumuzu sübut etdi. Biri Milli Qəhrəman Mübariz İbrahimovun şücaəti, biri Aprel döyüşləri, biri də iyul ayında Generalmızın şəhid olması. Mübariz İbrahimov düşmənin içərilərinə girərək partizanlıq etdi, təkbaşına qisas aldı, Aprel döyüşlərindəsə ordumuz ərazilərimizi geri qaytardı. Lakin İyul hadisələri – əsgərlərimizin, mayorumuzun, palkovnikimizin, Generalımızın şəhid olması bizə başqa mətləbləri andırdı. Bir millət olaraq özümüzə inamımız artdı, əmin olduq ki, ən yüksək çinli məmur belə, Vətən üçün yaşayır, döyüşür, canını fəda edə bilir. Generalın ön cəbhədə əsgərləri ilə döyüşüb şəhid olması, bu millətin içindəki səsi ucaltdı. O səs ki qısa zamanda dünyaya yayıldı, 50 milyonluq Azərbaycan xalqını dövlətinin ətrafında birləşdirdi.
14 iyul 2020-ci il… Sanki 1990-cı il idi… Əsrlərdir azadlığımızı zəbt edən ruslara, Sovet İmperiyasına qarşı azadlıq savaşına qalxmışdıq. 10 minlərlə insanın heç bir təşkilatçı olmadan, qisas hissi ilə birləşməsi, “Ali baş komandan, əmr et, Qarabağa gedək!” şüarları dünyaya bir daha sübut etdi ki, bu qisası yerdə qoymayacağıq!
Bundan sonra bizim də borcumuz cənab Generalı xatirələrdə yaşatmaq, gələcək nəsillərə öyrətməkdir. Çünki Generalımız Polad Həşimov şəhid olan kimi, onun haqqında o qədər statuslar yazıldı, o qədər xatirələr danışıldı ki, biz sadəcə bir hərbçi, bir general itirdiyimizin yox, bir qayğıkeş ata, bir mərhəmətli müəllim, bir şəxsiyyət, bir İNSAN itirdiyimizi anladıq.
Bir-neçə ildir ki, tanınmış şəxslər, ictimai-siyasi xadimlərin həyatı ilə bağlı “Xatirə ədəbiyyatı” adı altında silsilə kitablar nəşr edirik. İyul hadisələrini özündə cəmləşdirən, şəhidlərimizin xatirələrini əbədiləşdirmək məqsədi ilə bu kitabı nəşr edib oxuculara hədiyyə etmək istədik. Ürəyimdən keçən arzumu yazandan sonra, onlarla insan bu işdə yardım etməyə, dəstək verməyə hazır olduqlarını bildirdilər. Bu, sadəcə könül işi idi, hər kəs könüllü, ürəklə yardım etmək niyyətini bildirdi. Fikrimizi məktub vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də bildirdik və lazımi dəstəyi aldıq.
Generalımızın ailəsi, dostları, silahdaşları, əsgərlərinin xatirələri, düşüncələri yer olan bu kitab, ümid edirəm ki, gənclərə töhfəmiz olar. Bəzilərinin hazır xatirlərini, bəzilərini isə müsahibə farmatında hazırladıq. Mənim üçün ən çətin görüş – Generalın 11-ci sinifdə oxuyan qızı ilə söhbətimiz oldu. Çünki uşaqla necə və nədən söhbət edəcəyimizi planlaşdıra bilmirdim. Amma ayaqüstü söhbətimizdə sanki bu gənc mənə dərs verdi. “Niyə belə həyəcanlısan, niyə narahatsan!” deyirdi hər cümləsində, o qədər mətin, o qədər güclü, o qədər sərbəst, o qədər müdrik duruşu vardı ki… Söhbətimizin hər anında ürəyimdə “Atasının balasıdır” deyirdim.
Və budur, artıq dediyimiz kimi, kitab hazırdır və sizin əlinizdədir. Oxuduqca qürur göz yaşlarınız sizi böyüdəcək, böyüdükcə özünüzü, kimliyinizi tanıyacaqsınız.
Kitabın ərsəyə gəlməsində dəstəyi olan hər kəsə minnətdarlığımı bildirir, gücümüzə güc qatdıqları üçün hamısını bağrıma basıram!
Kitabı tərtib edən və layihə rəhbəri:
filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq
POLAD HƏŞİMOV
XATİRƏLƏRDƏ
Həşimov Polad İsrayıl oğlu
Həşimov Polad İsrayıl oğlu 1975-ci il yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.
1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1995-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib.
1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.
2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub.
2017-ci ilin aprel ayından Şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.
Читать дальше