Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qiyabi dinləyicisi olub, Hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
Xidmət etdiyi dövrdə bir çox mükafatlara və təltiflərə layiq görülüb. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin24.06.2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə”, 25.06.2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları, 24.06.2014-cü il tarixli əmri ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 19.04.2016-cı il tarixli əmri ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləriilə təltif olunub.
Polad Həşimov həmçinin, Azərbaycan Respublikası Müdafiə nazirininmüvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” (1991-2001) yubiley medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Həşimov Polad İsrayıl oğluna “general-mayor”hərbi rütbəsi verilib.
2020-ci ilin iyul ayının 14-ü Tovuz istiqamətində gedən döyüşlər vaxtı qəhrəmancasına şəhid olub.
Ailəli olub, 3 övladı var.
Xidməti Xasiyyətnamə
“Verilir, 02.01.1975-ci ildə Qəbələ rayonu Vəndam kəndində anadan olmuş, azərbaycanlı, evli, ali hərbi təhsilli, 01.08.1992-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan Həşimov Polad İsrayıl oğluna.
P.Həşimov xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, savadlı, işgüzar və tələbkar bir zabit kimi göstərib. O, hərbi hissə komandirinin müavini kimi şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı, tərbiyəsi, hərbi intizamı və mənəvi vəziyyəti, daxili qayda-qanuna riayət edilməsi, silahların, döyüş texnikalarının qorunub saxlanması və döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyib. Verilən bütün əmr və tapşırıqları dəqiq və vaxtında yerinə yetirib, mühüm əhəmiyyət kəsb edən tapşırıqları nəzərə alaraq hərbi hissələrin döyüş qabiliyyətinin yüksədilməsi üçün öyrətmə prosesinin məqsədyönlüyünə nail olmasını təşkil edib. Zabit və gizirlərlə məşğələlərin keçirilməsini təşkil edib. İşgüzar, bacarıqlı və savadlı bir zabit kimi öz vəzifəsinin öhdəsindən gəlib. İşinə məsuliyyətlə yanaşıb, daim öz üzərində çalışıb. Tabeliyində olanlara qarşı tələbkar, eyni zamanda qayğıkeş olub.
Həşimov Polad İsrayıl oğlu 1-5 aprel 2016-cı il tarixlərdə Talış istiqamətində gedən döyüş əməliyyatlarında tabeliyinə verilmiş bölmələrin yüksək hərbi peşəkarlıqla idarə olunmasını təşkil edərək, düşmənin mövqelərinə sarsıdıcı zərbə vurmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi üçün fədakarlıq və igidlik göstərmiş və nəticədə düşmənin əsas müdafiə mövqelərinin ələ keçirilməsinə nail olmuşdur. Bununla da o, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmişdir.
Hərbi libası sevib, onu tələblərə uyğun daşıyıb, xidmətə münasibəti müsbət olub, təşəbbüskar və vətənpərvər olub.
Fiziki cəhətdən sağlam, mənəvi cəhətdən saf olub.
Dövlət sirrini qorumağı bacarıb.”
“HƏM ANAM, HƏM ATAMSAN”
Səmayə Həşimova
Polad Həşimovun anası
– Bir ana olaraq Poladın uşaqlığını necə xatırlayırsınız?
– Polad doğulanda çox fikirləşdik ki, adını nə qoyaq. Axırda babası dedi ki, onun adını Polad qoyuram. Altı aylıq olanda biz Poladı da götürüb gəldik Sumqayıta. Burada mən işə gedirdim, buna görə onu bağçaya qoymuşdum. Bir gün işdən gələndə Poladın bağça müəllimi dedi ki, razılıq verirsinizsə, şəkil çəkdirəcəyik: uşaqların qabağına oyuncaqlar qoyulacaq, kim hansını seçsə, onunla şəkil çəkdirəcək. Mən də razılaşdım. Sonra gəlib dedilər ki, Polad əlinə oyuncaq silah aldı, şəklini silahla çəkdik. Müəllimi dedi ki, siz görəcəksiz, bu ona gələcəkdə də təsir edəcək. Özüm də bunu hiss edirdim: biz mağazaya gedəndə Polad həmişə silah oyuncaqların üstünə qaçırdı.
Bayaq onun bağça müəllimi gəlmişdi bura. Poladın həmin şəklini görüb dedi ki: “Polad necə də dəcəl uşaq idi?! Onu həyətə düşürəndə bir yerdə dayanmırdı, ora-bura qaçırdı, çox hərəkətli idi”.
Amma dəcəllikləri şirin dəcəlliklər idi. İnsana xoş gəlirdi. Lap körpəliyində, hələ bizim kənddə bir adət vardı – körpəni bələyirdik, sarıyırdıq. Ayaqlarını sarğının altında saxlamaq mümkün olmurdu. Bələyirdim, sonra gəlib görürdüm ki, ayaqları ilə çəkib çıxarıb. Çox maraqlı, insana xoş gələn dəcəllikləri var idi onun.
– Kaprizləri nə idi?
– Bayağı hərəkətləri sevmirdi, toyda oynamağı xoşlamırdı. Hətta öz toyunda belə, qolunu qaldırıb oynamadı.
Məsələn, işləyən vaxtlarında evə gəlirdi. Hər dəfə qapıdan çıxanda arxasınca bir stəkan su atırdım. Deyirdi ki, ana, sən köhnə adətlərlə məşğul olursan… Bu sözləri ciddi şəkildə deyib, gedirdi. İki pillə düşdükdən sonra geri dönüb soruşurdu: “Küsmədin ki?” Deyirdim: “Yox, küsmədim”. Gəlirdi, boynumun arxasından əlini qoyurdu və deyirdi: “Sən küsməzsən, sən mənim həm anam, həm atamsan”. Düzdür, bu sözləri böyüyəndən sonra deyirdi, ancaq uşaq vaxtı… Nə deyim sənə, ay Polad?!
– Onun əsgərlərə hədsiz qayğı göstərməsi artıq əfsanəyə çevrilib. Sizcə, Poladın belə olmasının səbəbi nə idi?
– Deyirdi, ana, sən məni istəyirsən? Deyirdim, hə, dünyalar qədər. O da deyirdi ki, ora gələn əsgərlərin də valideynləri onları o qədər istəyir, bizə arxayın olub göndərirlər. Əsgərlərinə bir şey olanda, hansısa xəstələnəndə Polad özünü pis hiss edirdi. Evə gələndə qohumlarımız haqqında soruşurdu. Kiminsə kasıb olduğunu eşitməsi ona qəribə təsir edirdi.
Bir dəfə mən Daşkəsəndə olanda onun əsgərləri qışa tədarük üçün odun kəsirdilər. Mən onlara çay vermək istəyirdim, bilirdim ki, əslində, qaydalara görə, belə şey etmək olmaz. Yenə də çay süzüb gətirdim, əsgərlərə verdim. Onların başında duran adama tapşırdım ki, mənim çay verməyimi heç kimə deməsin, bilməsinlər. O da gedib Polada demişdi ki, anan da elə özün kimidir, əsgərlərə qayğı göstərir, ürəyi yanır.
– Hansı yeməkləri sevirdi?
– Dovğanı, yarpaq dolmasını və aşı (plov). Bizim tərəflərdə aşı xüsusi üsulla bişirirlər – şabalıdı-filan çox olur. Polad onu hədsiz sevirdi. Hətta ad da qoymuşdu – “Ana aşı” deyirdi ona.
Читать дальше