İki gündən sonra qardaşım İbrahim atın birini – minik atını götürüb kəndə qayıtdı. Gəldiyimiz yollarda dağın zirvələri qarla örtülü idi. Ordan gəlmək mümkün deyildi. Biz, anam, atam, Almurad, bir də mən yaylaqda qaldıq. Almurad balaca olduğu üçün anam onu yuxudan oyatmırdı. Mən anama kömək edib inəkləri sağırdıq. Sonra onları aparıb örüşə ötürüb gəlirdim. Sonra da buzovları başqa səmtə aparıb ötürüb qayıdırdım. Otlaqlar çox uzaq deyildi. Hər tərəf çəmənlik otlağıdır. Yaxından da çay axırdı. Yağlı dərənin bu yurd yerinə iki çay arası deyilirdi. Çayın biri Şabadın gölündən, biri isə Yağlı dərədən gəlib burada bir-birinə qovuşurdu.
Biz iyun ayının iyirmidən sentyabrın birinə kimi yaylaq həyatı keçirdik. Mən hər tezdən durub tay-tuşlarımla meşəyə gedib bir bağlama quru odun yığıb gətirirdik. Meşə çox uzaq deyildi, 2 km olardı. Gətirəndən sonra çörək yeyib zuzu oyunu oynayardıq. Bu oyunun qaydası belə idi. Hər uşağın əlində bir ağac olurdu. Ona tulazma, çomaq deyilirdi. Uşaqlar iki komanda olurdu. Komandanın biri ağacın birini 25–30 metr uzaqda dik basdırardı. O birisi komanda o ağacı yıxmaq üçün tulazmanı atırdı. O çomağı yerə yıxan komanda bir nəfər zuzu deyib bir nəfəsə yığıb gətirsə, udmuş komanda uduzmuş komandanı hərəsi birini minib 100 metr aparıb gətiridi. Bu minvalla uşaqlıq vaxtımızı keçirirdik. Bəzi vaxtlar atların yarışını keçirirdik. Hərə öz atını minib iki-iki çapdırırdıq. O yarışda qocalar, balaca uşaqlar da tamaşaya çıxıb baxırdılar. Uşaqlardan biri atdan yıxılıb qolu çıxdı. Ondan sonra at minib yarış keçirməyi qadağan elədilər.
Yaxınlıqda ermənilərin qoyun yamacı var idi. Çoxlu çoban itləri var idi. Çobanlar örüşə gedəndən sonra uşaqlar bir yerdə gedib binada gözətçi itləri boğuşdurur, ləzzət alırdıq. İt boğuşduranda Almuradı da aparırdım. Beləliklə, yaylaqda uşaqlıq həyatımızı başa vururduq. Artıq iyun-iyul ayları geridə qalmışdı. Dağın zirvəsində olan qar əriyib getmişdi. Yağlı dərə yolu açılmışdı. Urmus Yağlı dərəsinə aşırımdan gedib-gələn var idi. Bir dəfə dayım gəlib bizə baş çəkib getmişdi. At ilə Kələkidən ora bir günlük yoldur. Gəldiyimiz yoldan çox yaxın idi. Dayım qayıdanda anam dedi ki, İbrahimi yolla gəlsin. Sentyabr ayı yaxınlaşır, ağır yükləri aparmaq lazımdır (pendir motalları, yağ, şor motalını). İkinci dəfə gələndə Muradı da apar, məktəb açılır.
Bir neçə gündən sonra İbrahim atı ilə gəldi, yağ, pendir, şor motallarını iki ata yükləyib apardı. Aşırıma kimi atamız ötürüb qayıtdı. Bir həftədən sonra yenə də gəldi. Avqustun axırı idi. Bu dəfə yenə də ağır olan yükləri atlara yükləyib inəyin birini, altı dənə də erkək toğlu, bir dənə də keçi qabağımıza qatıb sübh tezdən yola düşdük. Anam bizi çayın yuxarısına kimi yola saldı. Almurad yatmışdı, onu yuxudan oyatmadıq. Biz sağ-salamat gəlib saat 8-də Kələkiyə çatdıq.
Danışığa görə, sentyabrın axırına kimi atamız qoyunları başqa çobanlara təhvil verib öz qoyunlarımızı ayırıb dağ yolu ilə gəlməli idi. Elə də oldu. Anamgil sentyabrın axırında sağ-salamat gəlib çıxdılar. İki ay dincələndən sonra dayım atamızı kolxozun baş çobanı təyin etdi. Kolxoz qoyunu qışlaqda saxlanırdı. Öz qoyunlarımızı kənd çobanına qoşmuşduq. O otarırdı. Bu qayda ilə 1937-ci ili başa vurduq. Əziz oxucular, mənim yaddaşımda olan, yadımda qalan bunlar idi. Bunu da yaddaş dəftərinə yazıb sizə təqdim edirəm. İndi də 1938-ci ilin yaddaşımı, yadda qalanları yazmağa başlayıram. Allah hamınıza kömək olsun, mənə də. Amin.
1938-ci ilin günlərinin qış aylarını sağ-salamat başa vurduq. Qoyun-malımız da qışı yaxşı çıxardı. Novruz bayramımızı da şənliklə başa vurduq. Baharın bu il tez gəlməsi, qoyun-quzunun qışdan salamat çıxması, maldarçıları – qoyunçuları daha da ruhlandırdı. Eləcə də kolxoz, ferma işçilərini, kolxoz heyət idarəsi atamızı da, fermaçıları da mükafatlandırdı. Baş çobana 50 manat pul mükafat verdilər. O da atamız Qədirqulu kişiydi.
May ayı qurtarmaq üzrəydi. İyun ayı addım-addım irəliləyirdi. Maldarçıların yaylağa hazırlıq işləri başlayırdı, biz də bu il ata-baba yaylağına yox, yaxındakı yaylağa Xəlil yurduna köçəcəyik. Atamız kolxozun baş çobanı, dayım da kolxoz sədriydi.
İyun ayı girmişdi. Ayın 15-də yaylağa çıxacaqdıq. Bu yaylaq ata-baba yaylağından çox-çox yaxın idi. 4–5 saat yol gedirdin. Ayın 15-də birinci yaylağa ferma işçilərinin, sağıcıların, çobanların, naxırçıların ailəsini köçürürdülər. Ona görə də bizim ailə həmişəki kimi birinci getməliydi. Dayım qardaşımı çağırıb atını verib dedi ki, anangili sabah apar yaylağa. Yükləri də bir kolxozçuya tapşırıb dedi ki, bacımgilin yüklərini apar Xəlil yurduna.
Ayın 16-ı oldu (iyun ayının). Yaylağa aparmaq üçün hər şeyi axşamdan hazırladıq. At hazır idi. Qapıda anam atı minib Almuradı da qucağına alıb yola düşdü. Qardaşım İbrahimlə mən də kolxozçu Murad kişi ilə qatırları yükləyib anamgilin arxasınca getdik. Mal-qaramızı kolxozun mal-qarası ilə yola salmışdıq. Günorta vaxtı Xəlil yurduna çatdıq. Bu il baharın tez gəlməyi Xəlil yurdunu dörd bir tərəfdən yaşıllığa qərq etmişdi. Yurd yerindən aşağı hər yer – taxıl zəmiləri göm-göy idi. Yuxarı hissəsi dağların, dərin dərələrin içi qarla örtülü idi. Qoyun-quzu, mal-qara otların içində görünmürdü. Gələn yurdçular, obaçılar, çobanlar «Xəlil yurdunu bu ilki kimi gözəl, göyçək, otlu-çiçəkli görməmişik» deyirdilər. Nə isə. Bu yurdda bu il xeyirli-bərəkətli bir iş baş verəcək. Hər şey var, bolluqdur.
Hərə öz köhnə yurduna, yerinə yüklərini düşürdülər. İbrahim tez alaçığın çubuqlarını gətirdi. Kolxozçu Murad kişi gələndə yoldan kənarda kolxoz yerindən çubuqları qırıb qatıra yükləmişdi. Yurd yerinin otunu təmizləyib çubuqları bir-bir yerə taxıb uc-uca bağlayıb keçələri (qəlibləri) üstə atıb, çətənlərin yanlarına çəkib bağladıq. Artıq alaçıq hazır kimi idi. Anam və Almurad su dalınca getmişdilər. Xəlil yurdunun suyu sağ tərəfdəki arxdan gəlir. Arxın suyu 1,5 km Qaşqar deyilən yurd yerindən gəlir. Arx hazır olmadığı üçün arxda su yox idi. Xəlil yurdunun sol tərəfində Vəlinin dərəsi deyilən yerdən gəlir. Anamgil o dərədən su gətirməyə getmişdilər. Suyu gətirib tez çay qoydu. Su gətirdiyi yerdən yığdığı otlardan çay dəmlədi. Alaçığın döşəməsinə palazı açıb üstünə süfrə açıb dəmlədiyi çaydan hərəmizə bir stəkan verib dedi ki, həmişə çay içirsiniz, indi ot çayı için, bu çay həm ətirli, tamlı, həm də dərmandır. Ağzınızın tamını dəyişin. Yeyib-içib durub hərə öz işinə getdi. Qardaşım və Murad kişi atı, qatırları minib kəndə getdilər. Keçən gün gələnlər gəlib bizim alaçığın qabağına salamlaşıb anama sağ-salamat bu alaçıqda can sağlığı arzuladılar. «Xoşbəxt olasan quda» deyib gedirdilər. Mən işimi bildiyim üçün obanın yan tərəflərini (alaçığın) axarını qazıb düzəltdim. Yəni yağış yağsa, su bu axardan (xəndək) axıb getsin. Alaçığın içərisinə su getməsin. Gün batan vaxt inəklərimiz, buzovlarımız, kolxoz mal-qarası ilə bir yerdə gəlib çıxdı. Gedib inəkləri gətirib buzovları ayırıb inəkləri ağıla salıb bağladım ki, alaçığımızı tanıyıb həmişə qapımıza gəlsin. İki-üç gündən sonra inəkləri bağlamayacağıq. Özləri gələcək.
Читать дальше