Yaşar Bünyad
Iblis busəsi
İnsan öz silahlarından özünə allah yaratmışdır;
silahı qalib gəldikdə, özü məğlub olur.
Rabindranat Taqor
Hərə bir nemətə uyub, yoxsa hamı peyğəmbər olardı ki…
…Göy üzü qıpqırmızı köz düşmüş təndir kimi alışıb yanır. Aşağıda – göz işlədikcə hüdudsuz, mavi bir sonsuzluq. Dağılıb parçalanmış buludlar kimi yumşaq ağ duman seyrəldikcə, qarşıdakı məchulluğun aydın siması gecə vaxtı qalın meşədə azmış nabələd adamın üzünə açılırırmış kimi, hər şey yenidən doğulur elə bil – saf, billur cazibəsini saxlamaq üçün… Onun əfsanəvi pıçıltısını eşidir, göydən şığıyan, heç də bu yerlərə xas olmayan cəhənnəm istisini özünə yaxın buraxmayıb sifətimə toxunan yumşaq havanın şirin tamını duyur, qəlbimi riqqətə gətirən bu qəribə nemətə sarı can atır, var-gücümlə onun sehirli ətrini, sərinliyini ciyərimə doldururam. Heç vaxt, heç vaxt ona bu qədər yaxın olacağıma, əlim toxunacaq qədər, lap ovucumun içi kimi yaxından duyacağıma inanmazdım. Həmişə ondan uzaq qaçarkən, ancaq yuxularımda cismimə mərhəm olan varlığın bu qədər möhtəşəm olduğuna da bəlkə heyrət etməzdim.
Gözlərimə bağlanmış yaylıq açılandan sonra, heç fikirləşmədən anladığım bircə şey oldu: lap az çəkəcək, ani, bir göz qırpımında qanadları qırılmış göyərçin kimi müvazinətimi itirib fırlana-fırlana ona doğru uçacam. O, lap uşaq çağlarımdan cılız varlığımda qəddarcasına, qoyduğu çalın-çarpaz izi yaddaşımdan əbədi silmək üçün məni öz müdhiş qoynuna alacaq. Onunla təkbətək, üz-üzə durmuşam. Hələ çoxmu duracam?..
Ta yeddi yaşıma kimi – dünyada atamdan savayı güclü bir varlığın mövcudluğuna şübhə edərkən – onun belə güclü, amansız olduğuna inanmazdım. (Hələ dünya öz gizli, təhlükəli, iyrənc sifətlərini mənim üzümə açmayıbmış.) Və məni vahiməyə salan da onun müştəbeh amansızlığıydı – ölüm deyildi!
Amma o gün – ən çox sevindiyim gün ki atam qonşumuz Həsənalı əmiylə mənim ad günümdə balıq basdırması bişirmək üçün geçə ovuna çıxmışdılar – onun amansızlığına əmin oldum. Mənim üçün fərqi olmasa da, öz sevimli, “yeddi qurbanlıq “ oğlunu ona bəxş edən anamın ürəyindən keçdiyi üçün, “bu əziz gündə süfrəmizdə mütləq balıq bastırması olmalıdır!“ – deyib getmişdi. Kaş ki, anam demişkən: ” Heç bir istəyimə məhəl qoymyaydı, getməyəydi.” O ki dedi, qurtardı. Sözünün sahibiydi. Bir az da tərs idi dədəm, həm də mərd kişiydi.
Eşitdiyimdən, atam onun ürəyindən keçən, dilinin ucundan çıxan hər nə olsaydı, heç düşünmədən yerinə yetirərdi. Təkcə anamın yox aa, elə nənəmin, mənim də. Bir dəfə, qışın oğlan çağında nənəm deyib ki, ürəyim yaman qarpız istəyir, olsaydı, vallahi-billahi, lap onunu yeyərdim. Zahılar kimi qarpızın iyi burnuma dəyir… Arvad kəlməsini bitirməmiş – sözü havada qalır yazıq dədəm bunu eşidəndə – üz tutur Sabirabada, əskərlik dostu Qafarın doqqazına ki, Qafar, məni öldür, day əliboş geri göndərmə, bilmirəm nə olan şeydi, anam qarpıza “yerikləyir”… Qafar da, elə bil belə hallarla tez-tez rastlaşdığından, dostunun qəfil, hövlnak gəlişinə təəccüblənmir, “ayə, bu yaşda nə yerikləmək, zahı-zad döyülki arvad?”, deyib mırtdaşmır da, novruza saxladığı üç qarpızdan birini verir dədəmə… Vallah, qulaq günahkarıyam, anamdan eşitmişəm ki, arvad təkbaşına o qarpızı elə acgözlüklə yeyibmiş, heç bir balaca dilimin də saxlamayıb, fikirləşməyib ki, evdə uşaq da var, özü də öğlan uşağı, birdən nəfsi düşər, tamahı çəkər, daa nə bilim harası şişər… Düzdü, yeyib qurtarandan sonra onun ağzına dirənmiş gözlərimizi görəndə çox pis olubmuş, hətta “qarnıma şiş girəydi “ deyib kövrəlibmiş də.
Hələ bu nədi ki… yağışlı-palçıqlı havada – aranda olanlar bilər, ilin-ayın o vədəsində ki, şoran torpaq lilliyib saqqıza dönür, qaloş, rezin çəkmə zığlaşıb palçıqdan qopmur, zulum-bəla addım atırsan, “asvalt” sözünü eşidib üzünə həsrət qalan kəndçilərimiz eşiyə çıxmağa həvəssiz, hövsələsiz olanda dədəm bir kisə buğdanı üyütmək üçün, payi-piyada Kamandar dayının dəyirmanına aparıb yağış kəsən kimi. İndi deyəcəksən, burda nə var ki, balam, bir kisə buğdadı, at belinə, apar da?!. Düzdü, dədəmi görənlər bilir, o bir kisə nədi, lap iki kisə buğdanı da kürəyində aparardı, heç “uf” da deməzdi! Bu yerlərin lıqqa-palçığını görməyən adama asan gələr. Dəyirman da kənddən iki kilometr aralıda, yağış da, elə bil dünyanın axırıdı, hikkəylə töküb suyunu göydən… Əvvəlcə atam qonşunun eşşəyini götürür ki, heç olmazsa, buğda kisəsini onun belinə yükləsin. Yükləyir də, ancaq nə illah eləyir eşşək palçıqda yerimir ki, yerimir. Qonşu ha söyür, ha çırpır, eşşək dirəndiyi yerdən tərpənmir. (Bədbaxt heyvan gördüyünü görüb aranın zığında, onu da arada anlamaq gərək. Eşşək olanda nə olar, bəs adamın insafı-murivvəti?)
Hə, dədəm yağışın altında, palçığın, löhmənin içiylə getdiyi kimi də, dəyirmanda üyütdüyü bir kisə unla qayıdır kəndə. (Nənəmin dediyindən, o, bir həftə yorğan-döşəkdən qalxmayıb, nə var, nə var, Güldəstə arvadın doqqazından keçəndə dədə-babadan ağız tamı olan qara buğda unundan bişən təndir çörəyinin iyi dəyib anamın burnuna.) Bax, ona görə də atam toxumluq üçün saxladığı bir kisə buğdanı dəyirmanda üyüdüb ki, arvad şışməsin!.. Pis-yaxşı, mənim atam belə olub…
Yaxşı yadımdadır: gecənin bir yarısına qədər nənəm, anam və mən təlaş içində, bir kəlmə də danışmadan, əllərimiz dizimizin üstündə oturub qapının nə vaxt açılacağını, atamın bir səbət balıqla necə sevincək içəri girəcəyini gözləmişdik. Həmişə balıq ovuna gedərdi, amma bu qədər yubandığını heç vaxt görməmişdik deyə ürəyimizdən qara qanlar axırdı… Buna gözləmək deməzdim vallah, bu cür müsibətli, dəhşətli, ürəkçəkici saatları heç kəsin ömrünə yazmasın yaradan! Nənəm ah-uf elədikcə anam yerindəcə qovrulur, əllərini dizlərinə sürtə-sürtə bütün bədənini oturduğu yerdə də o yan-bu yana yırğalayır, tanrıya yalvarırdı. Özü də o qədər astadan sızıldayıb yalvarırdı, onun səsini məndən və nənəmdən başqa kimsə eşitmirdi, bəs tanrı necə eşidəcəkdi? Birdən fikirləşdim ki, anam da, nənəm də əlbəttə məndən çox bilir, hələ ki, atamın öldüsü-qaldısı bilinmir, yəqin ona görə yavaşcadan yanıb-yaxılır, elə tanrıya da astadan xitab edirdilər ki, lənət şeytana, – şeytanın qulağı həmişə səsdədi – eşidər, bəndələrinin naşükür olduğunu, onun yazdığına üsyan etdiyini çatdırar tanrıya, o da əsəbiləşər, doğrudan öldürər atamı. Mənə belə gəlirdi…
Sonra Həsənalı əminin də arvad-uşağı təşviş və həyacan içində bizə gəldilər. Beləcə səhəri birgə diri gözlü açdıq, a töbə, bir adamın da cınqırı çıxmadı sübhə qədər, çünki hamımız içimizdə göynəyirdik. Elə bil ürəyimizə nəsə dammışdısa da, ürək eləyib içimizdəki fəryadı bayıra çıxarmağa cürət etmirdik. Yaşlılar belə məqamlarda səbrini basar, “dünyanın işlərin bilmək olmaz” deyib allahdan möcüzə gözləyərdilər.
Читать дальше