Mütaliədən ayırdığıma görə əsəbiləşəcəyini zənn edirdim. Əksinə, ona uzatdığım kağızdan gözünü çəkmədən: – Bu ki, bizim yanımızdadır? İki-üç dayanacaq mərkəzə sarı, Qorki küçəsinin tini… Gələndə düz qabağından keçdik… Səhər gedərik, taparıq dostunu… – deyib, qımışdı.
– Sağ ol, qardaş, – deyə təşəkkür etdim.
– Dəyməz, canım, – deyib mətbəxə keçdi. – Gəlsənə bir qəhvə dəmləyim içək, həə? – soruşub, dilucu əlavə etdi. – Bəlkə sən… çay istəyirsən? Problem deyil… çay…
Bizim kimi çaya meyilli deyil, qəhvə həvəskarı olduğunu başa düşdüm.
– Yoox… – tələsik cavab verdim. – Sən nə içsən…
Yəqin bu cavabı da gözləyirdi:
– Həə, deməli qəhvə. Təmiz türksayağı…
Bunu elə təmtəraqla vurğuladı ki!
Dediyinə görə, yaxın dostu Dmitri Mərakeşdən xüsusən onunçun gətirdiyi üyüdülmüş “arabika” dan iki çay qaşığı “turka” ya tökdükdən sonra üstünə soyuq su alıb dəmə qoydu.İstanbulda bir qəhvəçi əsl türk qəhvəsini necə dəmləməyin sirrini ona öyrədəndən sonra bu ləzzəti duya-duya, “turka” nın armuduya bənzər belinin divarları boyunca qara köpuyün qalxacağı anı intizarla gözləməkdən başqa mətbəxdən heç bir ləzzət almırdı. Mədət bir də məzəylə deyirdi ki, yataq otağından sonra qadınların tükənməyən fantaziyalarıyla baş-başa qalmaqları üçün düşünülmüş ən mükəmməl guşə – mətbəxdir. Bu guşədə kişilərə yer yoxdur!
Arıq, bir az da bəstə boylu bu insanda həyata olan sevgi nə qədərmiş!. Moskvadakı məşquliyyətini bilməsəm də yanından uzaqlaşmağa imkan vermədiyindən, görüşdüyü, zəngləşdiyi iş adamlarının çox sanballı və sayılıb-seçilən insanlar olduğunu hiss etmişdim. Gündəlik işgüzar görüşlərinin bol olduğuna baxmayaraq mənə vaxt ayırması, diqqət yetirməsi, evdə tam sərbəstliyim üçün (bəlkə də qafqazlı qısqanclığından) Svetlananı anasıgilə göndərməsi, top vursan dağılmaz mənzilinin ehtiyat açarını mənə verməsi Məryəmin rəfiqəsinə olan etibardan irəli gəlirdi. Tanış oilduğumuz iki gündə təkcə qəzet oxuyanda laqeyid insan təsüratı yaradan Mədətin qırx-qırx bir yaşlarında olmasına baxmayaraq saçlarına düşmüş dən bakenbardlarında və nazik bığlarında daha qabarıq görünürdü. Gülümsəyəndə parlaq, qonur gözləri alacalanırdı.
İki fincan qəhvəylə qonaq otağına daxil olub birini mənim qarşıma qoydu. Özü də fincandan bir qurtum alaraq “bəh-bəh” lə ust-üstə yığılmış iri döşəklərin üstündə oturub dostum barədə danışmağımı xahiş elədi.
…bu kabusun əlində hər an “ehtiyatsızlıq” dan açıla bilən “Kalaşnikov” u varsa…
…Moskvada keçirilən yay Olimpiya oyunlarının başlanma ərəfəsində “N” saylı hərbi – təlim hissəsindən çavuş rütbəsiylə Macarıstana göndərilmək əmri aldıq. Yeni qurğuların sirrlərinə bələd olmağımıza altı ay vaxt bəs etmişdi. Yoldaşlarımızdan çoxunu Almaniyaya, Polşaya təyin etmişdilər. Macarıstana dörd nəfər: baş çavuş Valeryanov, çavuşlardan mən, Andrey Sokolov və Stepan Drazdov uçmalıydıq. Amma nədənsə hərbi aerodromda hamımızı bir təyyarəyə mindirdilər. Hamımız çaş-baş qalmışdıq. Bizə heç nə demədiklərindən fikirləşdik ki, qənaət məqsədiylə yəqin birinci Polşaya gedənləri, sonra bizi və “alman” ları düşürdəcəklər. Allah bilir nə qədər uçduq. Ağır yuk təyyarəsinin gurultusu səhər işıqlananda kəsdi. Təyyarənin qapısı açılar-aşılmaz onsuz da boğanağ bürümüş salona ərimiş qətran qoxulu isti hava hücum edəndə başa düşdük ki, alp çəmənlikləri əvəzinə qızmar günəşin təşnəsində qovrulan səhralıq və getdikcə göy qübbəsinə ucalan bomboz dağlar silsiləsinin qoynundayıq. Yerimizdəcə donub qalmışdıq. Qulaqlarımız tutulmuşdu. Bir yandan da yuxusuzluq və aclıq bizi haldan salmışdı. İlk öncə səyyar mətbəxə gətirdilər… (Sonralar… ya dizimiz, ya da daş-kəsək üstündə yeməyə öyrəşəndə bu biyöndəm mətbəxi şah sarayı kimi yada salacaqdıq.)
Bir neçə ay harada olduğumuzu hərbi sirr kimi gizlətsələrdə Əfqanıstanda başlayan müharibədən xəbərdar idik:” deməli bizi ölülərin yerini doldurmaq üçün gətiriblər!”
Burada tank əleyhinə kadrlara ehtiyac yox idi, çünki əfqanlar dağlarda, qayalıqlarda daha peşəkar döyüşürdülər. Biz səhərdən axşama kimi hərbi təlim keçir, bir neçə saat çadırda, bəzən özümüz qazdığımız birnəfərlik səngərdə, bəzən də eləcə daş, qaya kölgəsində yuxumuzu alırdıq. Çox vaxt nəinki yuyunmağa, hətta içməyə belə su tapılmırdı. Kir basmış bədənimiz qaşınmaqdan qartmaq bağlamışdı; formamızla dərimizin rəngi bu ilan mələyən səhraların rəngiylə eyniləşdi. Sovet hərbi hissələrində ipə-sapa yatmayan gizirlər, rütbələri aşağı salınmış, xidmətdən bezmiş nə qədər mayor, polkovnik var, hamısını seçib göndərmişdilər bu ölüm düşərgəsinə. Onsuz da “bəxti gətirməyənlər” siyahısında olan bu zabitlərin itirəcəyi heç nə yox idi, ona görə də acıqlarını bizdən alırdı it uşağı…
…Çalışırdım söhbətim onu yormasın. Amma maraqla qulaq asdığını görsəm də nəzakət xətrinə aradabir “səni yormuram ki? “ deyə soruşurdum. Mədət “məmuniyyətlə dinləyirəm “ deyib döşəkçələrin üstündə yerini rahatlayırdı…
…Mənim Andreylə dostluğum hələ “uçebka” nın ilk günlərində başlamışdı. Karantin dövründə onu yerliləri – moskviçlər xırd-xəşil eləmişdilər. Andrey onsuz da çəlimsiz uşaq idi, elə bil xəstəydi. Onu döyməyə nə vardı ki! Hə, sən demə Andreyin atası Moskvada çox yüksək vəzifədəymiş. Mən bunu sonralar bildim. Təsadüfə bir bax, Andreyin atası Almaniyaya təyinat almış Qlebin atasını böyük fırıldaqçılığa görə həbs etdiribmiş. Əsgərliyə bir çağırılmaları da, bir yerə düşmələri də çox müəmmalıydı. Sanki qurama iş idi – intiqam almaq, sakitləşmək üçün yaradılmış məqammış… Biz Macarıstana “düşəndə”, onun adının başqa siyahıda olduğunu eşidən dostumun necə sevindiyinin şahidiydim… Bu sevinc yük təyyarəsinin yerə endiyi vaxta qədər uzandı. Xeyli vaxt bu qədər təsadüfün bir araya gəlməsində hansısa mif, sirr axtarırdım. Sonra başa düşdüm ki, yox, bu təsadüf də deyilmiş, bu Tanrının qismət imiş!
Yumru sifətinə yaraşan nazik burnuna, çəlimsiz, sümüklü qollarına, incə barmaqlarına baxanda orta boylu Andreyi, şıltaq məmur uşağından çox imkansız fəhlə ailəsindən çıxmış, təzəcə yataq xəstəliyindən qalxmış insana bənzədərdin.İlk günlər diqqətimdən kənarda olan bu oğlanı o gecə, kazarmanın tualetində al-qan içində görəndə onun məndən imdad diləyən acizanə gözlərində yığılmış kədəri hələ də unuda bilmirəm…
Növbətçinin xəbəri olmalıydı. Gecə Andreylə kimin və ya kimlərin ayaqyoluna girdiyini öyrənib Qlebi, Timofeyi oyatdım. Hamı mənim idmaçı olduğumdan xəbərdar idi, lakin, gücümü heç kəsə “göstərməmişdim”-bunu yekəxanalıq sanırdım. Sən demə, hər yerdə olduğu kimi burda da gərək güc göstərib tanınasan, yoxsa batdın…
Birinci, çarpayıda xoruldayan serjantı duyuq salmamaq üçün yuxulu-yuxulu gözlərini ovuşduran Timaya “suşilka” da gözləyəcəm deyə pıçıldayanda, əvvəlcə heç nə başa düşmədi, sonra özünü sındırmadan durub geyinməyə başladı. Qlebin rəngi isə ölü rəngindəydi. Yarıqaranlıq kazarmada iki dümsükdən sonra gözlərini açıb damarları gərilmiş sifətimi görəndə dik durdu, üst paltarını belə geyinmədi; qorxmuşdu yaman!
Читать дальше