Səhər tezdən bütün kənd onları axtarmaq üçün dəli Kürün lilli sularıyla əlbəyaxa oldu. Kür aldığı canları geri vermək istəmirdi. Üzə bilənlər suda axtarış edir, sahil boyu düzülən arvad-uşaq möcüzə gözləyirmiş kimi gözlərini dəli Kürün sularına dikmişdi. Heç bir möcüzə baş vermədi, çünki bu yerlərdə dədə-babadan möcüzə olmayıb.
Sədrimiz Moskvaya sərgiyə getdiyindən yeri görünürdü kişinin, bütün kənd yığışıb hərənin qulpundan nə çıxdı, pul topladı, Bakıdan gələn dalğıclara verdi. O gündən düz üç gün ötüşdü, amma dalğıcların əziyyəti fayda vermirdi. Ağsaqqallardan biri gileylənirdi ki, Qəşəmin ölən günüdü e, burda olsaydı bircə günə tapdırardı meyidləri. Düz də deyirdi, vallah, bütün göstəricilər üzrə rüspublikada birinci olan kolxozumuzun sədrini hamı tanıdığından indiyəcən onun bir sözünü iki eləyən olmuyub. Bircə zənglə ən çətin məsələləri də həll eləmək iqtidarındaydı Qəşəm kişi, özü də pulsuz-parasız. Camaat da bilir də nə danışır, çünki, Qəşəmin gücünə bələddilər…
Nə isə, sədrin Moskvada olmağı çox işləri ləngidirdi. Bir yandan da bu pul yığmaq məsələsi camaatı hövsələdən çıxarmışdı. Yalan-doğru, kolxozun aqronomu Kifayət də “ dalğıclar pula görə vaxtı uzadırlar; əvvəlcə meyidin yerini bəlləyirlər, sonra günəmuzd haqq aldıqlarına görə uzadırlar axtarışı” – demişdi. Bilmirəm, Kifayət, yəqin nəsə bilirdi, ona görə belə danışırdı, amma sonda dalğıclar camaatın yığdığına qane olub axtarışı davam etdilər. Bir yandan bu camaatı da qınamaq olmaz e, qara camaat neyləsin, ya aqronom, ya da işıq pulu yığan olsun, fərq etməz-qoltuğunda papkası olan hər adama inanır…
Həsənalının meyidini dörd gündən sonra kolxozun nasos stansiyasının bir kilometrliyindən tapa bildilər; yazığın sir-sifəti, qarnı şişmiş, gömgöy göyərmiş, tanınmaz olmuşdu. Bizi oradan uzaqlaşdırdılar ki, bu müsibəti görüb qorxmayaq. Nənəm Allaha yalvarırdı ki, oğlunun da ölüsü tapılacaqsa, elə Həsənalınınkı kimi tapılsın, təki, ələ nəsə gəlsin balamnan… Amma, ha nalə qopardı, ha Allaha yalvardı, səsi çatmadı qurban olduğuma! Atamın meyidi indi də, ya Kürün qara bulanıq sularında uyuyur, ya da ac balıqlara yem olub. (Ta Bakıya gələnəcən balıq ətini yeməzdim. Hər balıq dədəmin potensiyal qatili kimi görünürdü gözümə, balıq yox, özümü sanki onun ətini yeyirəmmiş kimi hiss edirdim.)
Bax, o vaxtdan, çayın sahilində oturar, dizlərimi bərk-bərk qucaqlayaraq həsədlə, heç nə olmayıbmış kimi Kürdə atılıb-düşən həmyaşıdlarıma baxar, hərdən paxıllıq da edərdim. Ehh, sonralarsa, “onların da atalarını su udsaydı, yəqin mənim kimi qorxardılar ” deyə özümə təskinlik verərdim. Axı mən də onlar kimi çayın şıltaq dalğalararını yarmaq, lilli suyun düz dibinə kimi baş vurmaq, bəlkə də o müdhiş axının qucağına girib izi-tozu bilinməyən atamı axtarmaq üçün uzaqlara, lap Xəzərin dərinliyinə üzmək istərdim. Amma ürək eləyib bir dəfə də suya girməzdim. Qorxutmuşdu su məni – insafsızcasına can almağıyla qorxutmuşdu.
Bu ilk, acı sarsıntı anbaan məni izləyərkən, üzülməmək üçünmü, yoxsa, atamın ölümündə özünü günahkar hiss etdiyini anama unutdurmaq üçünmü doğum günümü də atamla birgə Kürdə dəfn etdim və həmən dəhşətli gün yaddaşımda ancaq atamın ölüm günü kimi həkk oldu…
… Od saçan narıncı atəşi güzgü kimi əks etdirən, həm həyat verən, həm də ölüm gətirən dupduru su! Su imiş bu hüdudsuz ənginlik. Həyatımda qorxduğum, yuxularımda da mənə aman verməyən, bəlkə də yeganə bir şey vardısa, o da su idi. Lap uşaqlığımdan varlığımı məngənə kimi sıxan, ən əziz adamımı əlimdən aldığı kimi gözümün də odunu alan su!
Müdhiş, soyuq ləpələr alışıb yanan qıpqırmızı təndirin odunu bağrına basıb söndürmək istəyir. Sanki dünyada göydən asılan körpünün məhəccərindən, məndən və ətrafımı ağuşuna almış sudan özgə heç nə yoxmuş.
Güclu axın qıvrıla-qıvrıla körpünün nəhəng dayaqlarına çırpınaraq irəliləyir. Aşağı baxdıqca məni özünə çəkən dəlisov çayda rəqs edən günəşin şüaları gözlərimi qamaşdırır. Diksinirəm. Geri çəkilmək istəyi daha güclüdür. Geriyə isə daha yol yoxdur. Geridə, bircə göstərişlə öz nişangahını darmadağın etməyi adət etmiş Kalaşnikov avtomatının kürəyimə dirənmiş lüləsi var və onun hər an açıla biləcəyi mənə yaxşı məlum idi. Təsəvvürümdə canlandıra biləcəyim ən dəhşətli an özü gəlib məni tapmışdı.İndi, həyatımda birinci dəfəydi üzməyi bacarmadığıma görə özümə nifrət edirdim!
Bu da son! Heçdən başlayan, heçə dönən əzablı bir yolun sonu… Mənə elə gəldi ki, keçənlər hamısı mənasız bir yuxuymuş – nəfəsimi kəsən dalğa bir kabus kimi məni qırmızı, qara, boz daşlara çırpdığı andan əl çəkməyib məndən. Gerçəklərimlə qarmaqarışıq salıb məni yuxularım. Bir anlığa hansının yuxu, hansının gerçək olduğunu fikirləşdim – Aliyənin saf sevgisi, ecazkar Marqo, axmaqlığımdan yarımçıq qalmış təhsilim, anamın nakam ölümü, Əfqanıstan, lənətə gəlmiş müharibə, Rasimin xəyanəti, törətdiyim cinayət, Moskva… Mümkün qədər qaçdığım, qaçdıqcasa da addımbaşı məni izləyən, gözümə mələk kimi görünüb iblisə çevrilən, məni özümdən alan, dəli ehtirasına qul eyləyən qadınlar… axı yuxu ola bilməzdi, ola bilməzdi!..
Doğulan bir gün ölür. Necə yaşadığından asılı olmayaraq heç kəs özünə ölüm arzulamır. Arzulamaz! Ölümün öz vaxtı, öz məqamı var.İstər qoca ol, istər cavan, əgər ölməlisənsə bundan qaça bilməzsən. Kim bilir ki, o nə vaxt tutacaq xirtdəyindən? Ölüm özü gəlir, səssiz-səmirsiz. Mən bədbaxt isə neçə illərdi öz axmaq ölümümü axtarırammış; tələsə-tələsə, öz ayağımla ona doğru qaçır, vüsalına çatmış pərvanə kimi onun alovunda çırpınırammış?!
Əvvəllər yuxu-zad görməzdim. Axı uşaq idim, görürdümsə də, yadımda qalmirdı, yuxu olduğunu anlamırdım. Bəlkə də gündüzlər yaşandıqlarımın eyni, təkrarı olduğundan buna əhəmiyyət vermirdim. Amma, atamı itirəndən sonra, tez-tez eyni yuxunu görərdim. Görərdim ki, kəndimizin qırağındakı “Şeytan dərəsi” deyilən böyük yarğan günü-gündən uçub böyüdüyündən camaat əlinə keçən daş-kəsəyi gətirib ora atır ki, yarğan dolsun. Nədənsə qorxurdu camaat, qorxurdu ki, bu yarğana boş yerə “şeytan quyusu” demirlər, əgər bu yarğan böyüsə, çatları dərinləşsə gedib yerin o biri üzünə çıxacaq və dünya dağılacaq… İllər ötdükcə, yüzlərlə, minlərlə insan bura daş tökür – yarğan dolmur ki, dolmur. Yarğan nə boyda olarmış?! Mən yol qırağından tapdığım yastı, qırmızı daşları gücüm çatdıqca uzağa atıram. Bir… iki… beş… on… Birdən ayağım sürüşüb dığırlanıram yarğanın düz otrasına. Huşumu itirirəm. Handan-hana özümə gəlib gözümü açanda, səs eşidirəm. Daşların altından piqqıltı gəlir: pıqq… pıqq… Bir azdan möcüzə baş verir. Hərçəndi, biz tərəflərdə heç vaxt möcüzə olmur, amma bu yuxudu – yuxuda olar. Qırmızı, qara, boz daş parçalarının arasıyla göz yaşı kimi su fəvvarə vurur. Kəndə xəbər vermək üçün qalxıb qaçmaq istəyəndə fəvvarə burulğan sayağı, yox, Güllü xalagilin çəpərindəki sarmaşıq var ha, bax onun təki qıvrılıb məni qoynuna alır, bir də görürəm e… günəşlə üz-üzəyəm. Və birdən, uğultu qopur, sanki yer-göy silkələnir, adamı vahiməyə salan burulğan yenidən məni ağuşuna alıb geriyə dönür, var gücüylə yarğanın dibindəki daşlara çırpır…
Читать дальше