25.09.2018
Dedim, gəlim görüşünə keçən yay,
Vaxt uzandı payızacan, ay Əhməd.
Duman sardı Üştübünün yolların,
Çəkilərmi bu yazacan, ay Əhməd?
Durnalardan söz yolladım, aldınmı?
Alıb da, heç məni yada saldınmı?
Düzünü de, kövrəldinmi, doldunmu?
Oxuyunca ta sonacan, ay Əhməd.
Üştübünə vurulubdur gözlərim,
Bir gəzəydim o dağları, düzləri…
Şair babam Nəbatinin izləri,
Qalar axır zamanacan, ay Əhməd.
Çəmənli də, Üştübün də Vətəndi,
Əlim çatan, ünüm yetən Vətəndi.
Bir ürəkdi, bir candı, bir bədəndi,
O tayından bu tayacan, ay Əhməd!
İtirmişəm illərimin sayını…
Nola Vahid, keçəm Araz çayını,
Görəm sənin dağ vüqarlı boyunu.
Həmdəm ola canıma can, ay Əhməd!
Bakı.
03.10..2018
Müəllim ömrümü başa vurmuşam,
Aşığ ömrü axır, saz üstündəyəm.
Heç kəsdən minnətim yoxdu hələlik
Şükür Allaha ki, öz üstümdəyəm.
Başıma dünyanın dərdini yığdım,
Axır yıxdı məni, üz üstündəyiəm.
Yalvara-yalvara qalmışam Haqqa,
Axşamdan səhərə diz üstündəyəm.
Qafiləm, dünyanın oyunlarından,
Bir haray ummuram qoyunlarından…
Günahı asılıb boyunlarından,
Baxıram, yanıram köz üstündəyəm.
Ərz etdim halımı o Əhli – hala,
Bəlkə barmağımı batıra bala…
O da saldı məni yüz qeylü – qala,
Məcnun tək sərgərdan, düz üstündəyəm.
Bahardan xəzana keçdi altı ay,
Yaz nə vaxt tükəndi, nə vaxt ötdü yay?
Fələk deyir mənə saydığını say,
Nə qədər sayıram yüz üstündəyəm.
Ay Vahid, bu qədər sızladın, bəsdi.
Görmürsən, vaxt- vədə qapını kəsdi?
Xəzan küləkləri içimə əsdi,
Büzüşdüm, elə bil buz üstündəyəm!
05.10..2018
Yenə axşam düşür qoca dağlara,
Günəşdən əlimi üzürəm, aşıq.
Amma ümidim var gələn sabaha,
Zülmətdə nurunu sezirəm, aşıq!
Açılmır nə sazın, nə sözün baxtı,
İndi müğənnilər zəbt edib taxtı…
Sözlərin nur kimi qəlbimə axdı,
Elə bil, göylərdə süzürəm, aşıq.
Sən haqqı nahaqqa verməzsən heç vaxt,
Sənətin yolunda gedirsən sərvaxt.
Yollara çıxmazsan vaxtsız, baxtabaxt,
Mən səni şam ilə gəzirəm, aşıq.
Hünərdi əldə saz girmək meydana,
Qoşma, təcnis demək mərdi – mərdana…
Sənin tək aşığı doğmaz hər ana,
Demə, yoruluram, bezirəm, aşıq.
Vahidin qələmi itidir hələ,
Bağlayıb könlünü şerə, qəzələ.
Allahın yolunda cani-dil ilə,
Mən də hər çətinə dözürəm, aşıq.
27.10.2018
Sən hara gedirsən ay keçən günüm,
Söndürüb içimdə alovu-odu,
Ömrümünn üstündən mey içən günüm,
Nəyim var fəxr edəm, olanım budu.
Varmış bu dünyanın min xeyri, şəri,
Gah ağa elədi, gah da sərsəri…
Qatdı cərgəsinə köç edənlərin,
Qalan izlərimi yağışlar yudu.
Nur səpdi çəmənə qara buludlar,
Su içib canlandı saralan otlar.
Bəs niyə Vahidin dizini qatlar,
Boyuma boy verməz, su həmən sudu.
07.10..2018
Zaman tələ qurur insan oğluna,
Heyif, tələsinə çox bədbaxt düşür.
Kimə yaraşıqlı boy-buxun verir,
Kimin qismətinə qızıl taxt düşür.
Zaman uşaq kimi tovlayır bizi,
Qaçırıq, ovçu tək qovlayır bizi,
Bir gün bir bərədə ovlayır bizi,
Girinə ya qafil, ya sərvaxt düşür.
Ay Vahid, zamanla çək – çevir etmə,
Gününü baha sat, ucuza getmə…
Bülbül tək sızlama, çox qəmgin ötmə,
Könlü şad olana gözəl baxt düşür…
11.10..2018
Adİl Şükürova həsr edİrəm
Xəbər gəldi, bahar dönüb dağlara,
Gül bülbülə, bülbül gülə qarışıb.
Xoş sədalar bürüyübdü hər yanı,
Şirin sözlər şirin dilə qarışıb.
Ogul gördüm vallah Sizi hünərdə,
Ad qoydunuz neçə kənddə, şəhərdə…
Bu xəbərdən cuşa gəlib Tərtər də,
Coşqun sellər coşqun selə qarşııb.
Kəlbəcərin şir ürəkli şir oğlu,
Soylu, köklü, səsi, sözü gur oğlu,
Cəsarətdə, nəciblikdə bir oğlu,
Dağ vüqarı düz əmələ qarışıb!
Şan – şöhrətdi elimizə bu zəfər,
Qəlbimizə sevinc doldu Göy qədər…
Yetirəcək yəqin sizə bir səhər,
Təbrikimiz əsən yelə qarışıb.
11.10.,2018
Bakı.
Aşiqi məst edər ülfət, meyə nə hacət olur?
Mey olan yerdə könül, meyçiyə itaət olur.
Qədərindən də əzizdir mənə hikmət dolu söz,
Söz əgər qəlbə yatırsa, ürəyim rahət olur.
Dürlü söz axtarıram dəryada ya düzdə ola,
Gəzərəm, baxmaram, billahi neçə saət olur…
Qoyma əğyarı gələ, könlünü bərbad eliyə,
Əğyarın qəlbi qara, gördüyü iş qarət olur.
Bu da bir sirri-xudadır, iki qəlb olsa yaxın,
Vahida, dadlı, şirin söhbət olur, ülfət olur.
12.10..2018
Üştübün kəndi
«Qalibi insanə bir ruhi rəvandır Üştübün» (1)
Daima tazə tərdir, tər növcavandır Üştübün.
Zövqü, səfası ayrıdır, əhdə vəfası ayrıdır,
Tutub cənnətdə məkan, cənnətməkandır Üştübün.
Rumidən Şamə qədər hər kişi ondan danışır,
Adı dillərdə olan Azərbaycandır Üştübün.
Canım Nəbati babam uyuyur gül qucağında,
Gül gülə həmdəm olub, güllü cahandır Üştübün.
Qədəmin olar mübarək, Vahida, etsən ziyarət,
Adına, həm özünə sohrətdir, sandir Üştübün…
1.Misra Seyid Əbülqasim Nəbatinindir
16.10..2018
Könül, qəm eləmə payız yetİşdİ…
Könül, qəm eləmə payız yetişdi,
Yaşıl yarpaqları soldurub gedər…
Süzər gül qoxulu şirin şərbəti,
Büllur badələri doldurub gedər
Читать дальше