Səni sevmək üçün gəldim dünyaya
Şeirlər
Vahid Çəmənli
© Vahid Çəmənli, 2020
ISBN 978-5-4498-4622-8
Создано в интеллектуальной издательской системе Ridero
Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm
Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramovaminnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.
Mən səninlə fəxr edirəm, əziz dostum!
Yolçusuz yolların yolçusu
Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.
Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.
Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.
Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.
Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.
Vahidəm, fəryadım döndü ağıya,
Kim verdi fürsəti acgöz yağıya?
Cənnət məkanımı verib dığaya
Səhrada komalar tikirəm indi.
və ya
Əhvalın necədi, ay tənham, təkim?
Yolçusuz yollarım,
Dağılan səkim.
Sənin həsrətini nə qədər çəkim?
Yağının əlində əsir Ağdamım.
Vahidin bayrağa sevgisi də özünəməxsusdur:
Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəyimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.
Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…
Əlindən qum kimi süzülüb axdı,
Hesabı qum qədər olan günlərin…
Ağrısı, acısı canını yaxdı,
Vədəsiz açılıb solan günlərin.
Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.
«Gəlir» şeirində yazır:
…Söyüdlər üstümə sallayıb çətri.
Məst edir nanənin, yarpızın ətri,
Sinəmdə çağlayır nəğmənin sətri,
Ağ vərəq üstünə şirin söz gəlir.
Vahid, içimdədi harayım, hayım…
Yanır, külə dönür məhəbbət payım.
Qayğımı çəkməyə yox əmim, dayım,
Nə Sakit yetişir, nə Çingiz gəlir.
İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.
Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.
Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri – 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.
İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.
Rəfail Tağızadə Şair-publisist
El anası anaların anası Hürİzad xalam
Böyük ürəyi vardı desəm, dilini, gözlərini, əllərini, dizlərini incidərəm;
O dil ki, «can» deməkdən yorulmazdı. O dil ki, həmişə haqqa şəhadət verərdi. Yanında bir adam haqqında qeybət edə bilməzdin. Sözünü ağzında yarımçıq qoyar, səni dediklərinə peşiman edərdi.
O gözlər ki, hamıya sevgi ilə baxardı. Gülən gözləri vardı. İçində nə qədər dərdi olsa da, qapıdan girəni gülə-gülə qarşılayardı. Yeddi arxa dönənindən hal-əhval tutmayınca rahat olmazdı. Bir stəkan su da olsa, içirməyincə əl çəkməzdi.
O əllər ki, nəvazişlə tumarlayardı saçlarını, boy-buxununu, fərq qoymazdı qohumusan ya yeddi bu yana yadsan. Yaşının dolu çağında iki odun arasında qaldı. Bir bacısının balaları Çəmənlidə, bir bacısının balaları da Bərdədə, Böyük Qəcər kəndində anadan-atadan yetim qaldılar. Nə qədər əziyyətlər çəkdi, nə qədər əzablara dözdü… Gecə-gündüz kolxoz tarlalarında kətmən vurdu, bir sürü yetimi ayaq üstə qoymaq üçün əlləşdi.
O dizlər ki, heç vaxt, hətta son nəfəsinə qədər taqətdən düşmədi.
El anası idi. Özünün övladı olmadığına ğörə hamını öz övladı hesab edirdi.
Hərbi xidmətdən dönəndə taksini qapısına sürdürmədim. Dedim, yaşlı qadındı, hardadı onda pul-para hər yoldan ötənə verə. Buna görə məni o ki var danladı. Mən ölmüşəm, -dedi, mən sənin anan deyiləmmi? Ürəkli ol, bala!.. Allah, Allah, bu zərif vücud dağ idi, nə idi, söykədik kürəyimizi, yıxılmadıq, ayaqlar altında qalmadıq.
Читать дальше