Yaşlanan qadınlar mənim içimdə bir kədər doğurur. Nədənsə, qocalmağı qadınlara yaraşdıra bilmirəm. Qocalan qadınlar mənə susuz səhranı andırır. Bu səhrada gül – çiçək bitmir, bu səhra yolçuları cəzb eləmir, onlar başlarını aşağı salıb, bu susuz səhranı sürətlə ötüb keçməyə çalışırlar.
Anamın yavaş – yavaş qocaldığını görmək ağır dərd idi. Amma, yazıq qocalmağa imkan tapmadı. İndi düşünürəm ki, kaş qocalaydı, kaş saçları bəm – bəyaz olana qədər yaşayaydı, kaş gözləri ağı qaradan seçməyənə qədər yaşayaydı. Mən, onun dayağı olardım, mən onun əlləri, qolları olardım, mən onun zəifləmiş ayaqları olardım, mən onun nurunu itirmiş gözləri olardım…
Dünən bacım rayondan gəlmişdi. Baxıram üzünə, qocalmağa macal tapmayan anamın cizgilərini görürəm. Həmənki qırışmış alın, həmənki yorğun əllər, həmənki solğun bəniz, zamanın naxış saldığı həmənki üz…
Allah, Allah, zaman bizim başımıza nə oyun açır.
Qirx iki ildir, onu görmürəm. Dünən yuxuma girmişdi. Heç dəyişməmişdi. Həmişəki kimi gənc, həmişəki kimi gözəl…
Əllərindən tutdum:
– «Gözlərimə inana bilmirəm, bəs deyirlər sən qocalmısan?»
– «Mən həmən adamam, özümü elə hiss edirəm ki, elə bil on beş yaşındayam. Amma insanlar mənim içimdəki məni görmürlər».
– «Hə, hə, sən doğrudan da heç dəyişməmisən. Həmin isti əllər, həmin şux baxışlar, həmin gözəl camal…»
– «Mən sənin içindəki əbədibahar sevgi ilə yaşayıram. Mən sənin ürəyindəyəm. Mən sənin ürəyindəki mənəm.»
– «Görəsən, səni dünya gözü ilə görmək mənə qismət olacaqmı?»
– «Nəyinə lazımdı məni görmək? Məni görüb kədərlənməkmi istəyirsən? Lazım deyil. Sənin ürəyindəki mən, sənə daha əzizdi.»
Bütün bunları niyə danışıram? Doğrudanmı, mən də qocalıram?
Bakı ş. 18.06.2016
(lirik lövhə)
Səma buludlu olsa da, ondörd gecəlik Ayın ətrafı aydınlıq idi. Amma Ay sürətlə bir topa qara buludlara doğru qaçırdı. Bir azdan Ayın üzünü qara buludlar örtəcəkdi. Fürsəti qaçırmaq olmazdı. Pıçıltı ilə salam verdim.
– Salam, Ay!
– Salam! – Ay gülümsəyərək mənə pıçıltı ilə cavab verdi.
– Sən ucadasan, yanından hər tərəf görünür, de görüm, indi Yerdə nə baş verir?
– Sakitlikdir, hər şey yaxşıdır, hər şey gözəldir.
– Sən nə danışırsan? Demək istəyirsən ki, Yerdə sakitlikdir? Demək istəyirsən ki, bu dəqiqə Yerdə qan tökülmür, meşələr yanmır, insanlar ağlamır, heç kim yalan danışmır, qonşu qonşuya xəyanət eləmir, bütün uşaqların qarnı toxdur? Əzizim, sən mənimlə zarafatmı edirsən?
– Bilirsən, – Ay bir anlığa qaçmağını dayandırıb mənə baxdı, – Buradan insanların öz başlarına açdığı oyunlar o qədər kiçik, mənasız görünür ki, heç o barədə danışmaq belə istəmirəm.
– Bilirsən, Ay, sən də Yerdən çox gözəl görünürsən. Par – par parıldayırsan, amma özün susuz, havasız…
– Özgələrin dərdini çəkmək kimə lazımdır? Nə olsun ki? Gör Yerdə nə qədər ac, susuz insanlar var… Kim onların qeydinə qalır ki? Kimin onlara canı yanır ki? Hər kəs öz kefindədir!
– Yaxşı, de görüm sabah Yerdə vəziyyət necə olacaq, heç olmasa sabah Yerdə əmin – amanlıq olacaqmı?
– Həmişə necə idisə, sabah da elə olacaq…
Ay bu sözləri deyib, bir topa qara buludların arasına girdi.
Bu dünyadan bİR Asİf Səfərov keçdİ
Asif Səfərov
(Unudulmaz el sənətkarı, gözəl muğam ifaçısı Bərdə camaatının ağsaqqalı Asif Səfərovun xatirəsinə)
Bir Asif vardı bu dünyada… Tanrı ondan heç nəyi əsirgəməmişdi. Gözəl qədd – qamət, gözəl camal vermişdi. Həmişə üzündə xoş bir təbəssüm olardı. Onu görəndə insanın könlü açılardı. Asifin ürəyinin dərinnliklərindən qopub gələn xoş avaz da, qəlbində çiçəkləyib gözlərinə dolan ilahi təbəssüm də elə bil bir Allah vergisi idi, özü də, səsi də səni ofsunlayar göylərin hüdudsuz maviliklərinə qədər ucaldardı.
Onu lap çoxdan, hələ subay bir oğlan olduğu dövrdən tanıyırdım. Evləri Səriyyə xalamgilin evlərinə bitişik idi. Asifin atası, xalamın həyat yoldaşı, el ağsaqqalı İdris dayı ilə doğma xalaoğlu idi. Bu qohumluq bu iki ailənin qanına, canına işləmişdi. Elə bir gün olmazdı ki, Asif öz doğmalarına baş çəkməsin, onlardan hal – əhval tutmasın. Bəri başdan deyim ki, bu gün Asiflə İdris dayı həyatda olmasalar da, onların övladları uzun illərdi ki, bu iki ailə arasında olan mehribançılığı sevə – sevə davam etdirirlər.
Qarabağ toylarının yaraşığı idi Asif…
Hərtərəfli el xanəndəsi idi. Onun iştirak etdiyi toylar xalqımızın həqiqi toy mədəniyyətinin yüksək bir səviyyədə olduğunu göstərərdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.